Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-2817/2024 27.05.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Atakişiyev Atakişi Nizami oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı alimentin məbləğinin dəyişdirilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı alimentin məbləğinin dəyişdirilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Sumqayıt şəhər Məhkəməsinin 2(060)-3562/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarını dəyişdirərək, Cavabdeh hər ay hər uşağa görə 235 manat, ümumilikdə 470 manat sabit pul məbləğində alimentin tutulub birgə nikahlarından olan xx.xx.2011-ci il təvəllüdlü X1 və xx.xx.2016-cı il təvəllüdlü X2 yetikinlik yaşına çatanadək saxlanmaları üçün ona verilməsi barədə qətnamə çıxarılmasını, həmçinin mediasiya üçün ödədiyi 50 manat dövlət rüsumunun da cavabdehə aid edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Sumqayıt şəhər Məhkəməsinin 2(060)-3562/2020 saylı xx.xx.2020-ci il qətnaməsi ilə Cavabdeh ilə X3 arasında Sumqayıt nikah evində xx.xx.2012-ci il tarixdə bağlanmış 154 nömrəsi ilə qeydi alınmış nikahın pozulması, birgə nikahdan xx.xx.2011-ci il təvəllüdlü X7 və xx.xx.2016-cı il təvəllüdlü X2 yetinlik yaşına çatana kimi saxlanmsı üçün hər ay hər uşaq 125 manat olmaqla, 250 manat sabit pul məbləğində alimentin Cavabdeh tutularaq İddiaçı verilməsi qət olunmuşdur. Qeyd edir ki, o, uşaqları saxlamağa çətinlik çəkir. Cavabdeh isə ona əlavə olaraq heç bir köməklik etmir. Uşaqların böyüməsi ilə əlaqədar olaraq onun tələbatları da günü-gündən artır. Hesab edir ki, uşaqların menafeyi, onların normal, yəni qida rasionlarına uyğun şəkildə qidalanması, fıziki cəhətdən inkişafı, həmçinin 2024-cu il respublikada uşaqlar üçün yaşayış minimumunun 235 manat olması məhkəmə tərəfindən nəzərə alınmalıdır. Ona görə hazırki ərizə ilə məhkəməyə müraciət edir. xx.xx.2019-cu il tarixli “Mediasiya haqqında” AR Qanununa əsasən, vətəndaşlar mediasiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr məhkəməyə müraciət etməmişdən əvvəl ilkin mediasiya sessiyasından məcburi şəkildə etməlidirlər. Həmin qanun tam olaraq xx.xx.2021-ci il tarixdən qüvvəyə minmişdir. AR MPM-nin 149.2.4-1-ci maddəsinə əsasən, vətəndaş “Mediasiya haqqmda” AR Qanununa uğyun olaraq, məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirak olunduğu halda, həmin tələbə riayət edilməsinə dair sənədi iddia ərizəsinə əlavə edilir. Məhz mediasiya sessiyasında iştirakları məcburi olduğundan ilkin olaraq mediasiya sessiyasında iştirak etmişdir. İlkin mediasiya sessiyasından sonra prasesin davam etdirilə bilməməsı barədə arayış verilmişdir. Ona görə məcbur olub məhkəməyə müraciət etmişdir. İddiaçı qeyd etdiklərinə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbini müdafiə etdiyini bildirdi və əlavə olaraq qeyd etdi ki, cavabdehdən hər ay hər uşağa 125 manat olmaqla aliment alır. Birgə nikahdan 2 oğlu var, hər birinin xərcləri çoxalıb. Ona görə də hazırda alimentin artırılaraq hər ay üçün 235 manat olmasını istəyir. Belə ki, həmin məbləğlə uşaqları saxlaya bilmir. Hazırda cavabdehin aliment borcu var deye o daha çox məbləğdə aliment alır. Cavabdehin əmək haqqı indi 800 manat olsa da, o əvvəlki iş yerində bu maaşdan əlavə 500 manat da əlavə əmək haqqı almışdır. İddaçı qeyd etdiklərinə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbinə dair izahat verərək bildirdi ki, iddia tələbini qəbul etmir. Belə ki, hazırda yüksək gəliri yoxdur, maddi vəziyyəti o qədər də yaxşı deyil. Vergi tutulandan sonra 760 manat maaş alır. Aliment borcu da var. Belə ki, digər nikahdan olan iki övladı üçün də aliment müəyyən olunmuşdur. Onlar üçün müəyyən edilmiş alimenti vaxtında ödəyə bilmədiyi üçün aliment borcu yığılıb. Hazırda həmin borca görə də ayda 100 manat ödəniş edir. İddiaçıya olan aliment borcuna görə isə icra məmuru alimentin tutulmasını onun əmək haqqının 60%-nə yönəldib. İş günlərinin sayı azaldıqca daha aşağı maaş alır. Əvvəl Kəlbəcərdə işləyirdi, gəliri daha yüksək idi. Belə ki, onda gündəlik əlavə olaraq 13 manat da pul alırdı. Hazırda aliment məbləği elə artırılmalıdır ki, tutulmalardan sonra ona da heç olmasa yol pulu və yemək pulu qalsın. Belə ki, maddi vəziyyəti yaxşı deyil, hazırda həm də kirayədə yaşayır. Cavabdeh qərar qəbul edilərkən qeyd edilənlərin nəzərə alınmasını xahiş etdi. Məhkəmə tərəfindən işin halları müəyyən edilərkən aşağıdakı sübutlara istinad olunmuşdur. İşdə olan ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, İddiaçı ilkin mediasiya sessiyasında iştirak etmiş və 50 (əlli) manat məbləğində mediasiya xərci onun tərəfindən ödənilmişdir. İşdə olan Sumqayıt şəhər Məhkəməsinin 2(060)-3562/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsindən görünür ki, həmin qətnamə ilə iddia tələbi təmin edilmiş, Cavabdeh ilə İddiaçı arasında Sumqayıt nikah evində xx.xx.2012-ci il tarixdə bağlanmış, 154 nömrəsi ilə qeydə alınmış nikahın pozulması, birgə nikahdan xx.xx.2011-ci il təvəllüdlü X7 və xx.xx.2016-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər anası İddiaçı yanında qalmaları, 04 iyun 2020-ci il tarixdən etibarən xx.xx.2011-ci il təvəllüdlü X7 və xx.xx.2016cı il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay hər uşaq üçün sabit pul məbləğində 125 manat olmaqla, ümumilikdə 250 manat miqdarında alimentin Cavabdeh tutularaq İddiaçı verilməsi qət edilmişdir. İşdə olan AZ-İİ 833555 saylı və AZ-İİİ 795163 saylı doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, tərəflərin birgə nikahlarından xx.xx.2011-ci il təvəllüdlü X7 və xx.xx.2016-cı il təvəllüdlü X8 adlı iki uşaqları doğulmuşdur. Elektron məhkəmə informasiya sistemindən əldə edilmiş gəlir məlumatlarından görünür ki, Cavabdeh "xxxx" QSC-də çilingər-boru kəmər işçisi işləyir və 888 manat əmək haqqı alır. Elektron məhkəmə informasiya sistemindən əldə edilmiş gəlir məlumatlarından görünür ki, X5 xx.xx.2000-ci il təvəllüdlü X4 və xx.xx.2002-ci il təvəllüdlü X6 adlı yetkinlik yaşına çatmış daha iki övladı var. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, “Uşaq hüquqları haqqında” Konvensiyanın 18-ci maddəsinin 1-ci bəndinə görə, iştirakçı dövlətlər uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideynin ümumi və eyni məsuliyyət daşıması prinsipinin tanınmasını təmin etməkdən ötrü mümkün olan bütün səyləri göstərirlər. Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşağın ən yaxşı mənafeyi onların əsas qayğı obyektidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: - 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. - 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. - 78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa…habelə alimentin valideynin qazancından müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edə bilər. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə əsasən uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifəsidir. Göründüyü kimi, qanunverici uşaqların saxlanmasını, onların maddi-məişət tələbatının ödənilməsini uşaqla birgə yaşayıb-yaşamamasından asılı olmayaraq uşağın hər iki valideyninin üzərinə bir vəzifə olaraq qoymuşdur. Uşaqların saxlanılmasından boyun qaçıran valideynlər bu vəzifəni həyata keçirməyə məhkəmə qaydasında məcbur edilə bilərlər. Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. Qanunverici bu maddədə alimentin miqdarı müəyyən olunarkən məhkəmənin üzərinə bir sıra məsələlərin araşdırılması vəzifəsini qoymuşdur: tərəflərin maddi və ailə vəziyyəti; diqqətəlayiq digər hallar; uşağın əvvəlki təminatının səviyyəsi. Məhkəmə tərəfindən tərəflərin maddi vəziyyətinin araşdırılması zamanı, onların gəlirləri (məsələn, vergi ödəyicisi kimi ödənilən verginin məbləği və s.), digər qazanc mənbəyi, təhsili, hansı peşəyə sahib olması, əvvəlki iş yeri, yaşayış səviyyəsi (hansı şəraitdə yaşaması və s.), əmlak vəziyyəti (daşınar və daşınmaz əmlaklarının olubolmaması), özünün saxlanılması üçün minimum tələbatını ödəyə bilməsi və s. qanunvericiliyə müvafiq olaraq müəyyən edilməlidir (“Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 27 iyul 2016-cı il tarixli qərarı). “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli qərarında göstərilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Məhkəmə qeyd edir ki, Sumqayıt şəhər Məhkəməsinin 2(060)-3562/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə alimentin miqdarı müəyyən edildikdən sonra yaşayış minimumu haqqında qanunvericiliyin tələbləri bir neçə dəfə əsaslı qaydada dəyişmiş və uşaqların saxlanılması üçün tələb olunan məbləğ artmışdır. Lakin məhkəmə uşaqları saxlamaq vəzifəsinin hər iki valideynin üzərinə düşdüyünü və cavabdehin əmək haqqının məbləğini, o cümlədən uşaqların sayını nəzərə alaraq hesab edir ki, Sumqayıt şəhər Məhkəməsinin 2(060)-3562/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləği dəyişdirilərək, hər ay hər uşağa 180 manat olmaqla, 360 manat məbləğində müəyyən edilməlidir. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə görə aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda qeyd edilən qərarında həmçinin göstərilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Bu səbəbdən məhkəmə hesab edir ki, hazırki iş üzrə alimentin artırılmış məbləğinin tutulmasının əvvəli qətnamə qanuni qüvvəsini aldığı gündən hesablanmalıdır. Azərbaycan Respublikası MPM-nin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Hazırda iddiaçı cavabdehdən alimentin məbləğinin artırılaraq 250 manatdan 470 manata dəyişdirilməsini xahiş etmişdir. Beləliklə iddianın qiyməti ən çoxu 2640 ((470-250) x 12 ay) manatdır. Belə iddiaya görə isə dövlət büdcəsinə 46.4 manat dövlət rüsumu ödənilməli idi. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə görə aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası MPM-nin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-1-ci maddəsinə görə “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 36.5-ci maddəsinə əsasən “mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Məhkəmə qeyd edir ki, ödənilmiş mediasiya xərci (50 manat) ödənilməli olan dövlət rüsumundan (46.4 manat) çoxdur. İş materiallarında olan ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, İddiaçı ilkin mediasiya sessiyasında iştirak etmiş və ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 50 manat məbləğində mediasiya xərci ödəmişdir. Cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməmişdir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş mediasiya xərci – 50 manat Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında təqdim olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Sumqayıt şəhər Məhkəməsinin 2(060)-3562/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək, xx.xx.2011-ci il təvəllüdlü X7 və xx.xx.2016-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanması üçün Cavabdeh hər ay hər uşağa 180 (bir yüz səksən) manat olmaqla, 360 (üç yüz altmış) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. Miqdarı dəyişdirilmiş alimentin tutulması qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablansın. Cavabdeh 50 (əlli) manat mediasiya xərci tutularaq İddiaçı ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Tanrıverdiyeva
Məhkəmə qərarları › İş №2(060)-2817/2024
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-2817/2024
27.05.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver