Məhkəmə qərarları › İş №2(060)-2824/2022

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-2824/2022

21.06.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-2824/2022 21.06.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, X12 oğlunun katibliyi, iddiaçı X2, Cavabdeh iştirakları ilə, iddiaçı X2 Cavabdeh qarşı alimentin və əlavə xərclərin artırılması tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X4 (bundan sonra – iddiaçı) Cavabdeh (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, rəsmi nikahlarından anadan olmuş 15 dekabr 2006-cı il təvəllüdlü X6 yetkinlik yaşına çatana kimi saxlanması üçün Sumqayıt şəhər Məhkəməsinin 17 iyul 2019-cu il tarixli, 2(060)-4753/2019 saylı qətnaməsi ilə təyin edilmiş hər ay 160 manat sabit pul məbləğində alimentin artırılaraq hər ay 193 manat sabit pu məbləğində alimentin, 15 dekabr 2006-cı il təvəllüdlü X6 müalicəsi məqsədilə təyin olunmuş 100 manat məbləğində əlavə pulun artırılaraq hər ay 200 manat əlavə pulun və və mediasiya xərcinin əvəzi olaraq 25 manatın cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı cavabdeh ilə 22 sentyabr 2002-ci ildə rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuşlar. Rəsmi nikahlarından 08 oktyabr 2003-cü il təvəllüdlü X8 və 15 dekabr 2006-cı il təvəllüdlü X10 anadan olmuşdur. Sumqayıt şəhər Məhkəməsinin 25 dekabr 2017-ci il tarixli, 2(060)-6976/2017 saylı qətnaməsi ilə rəsmi nikahlarına xitam verilmiş və 08 oktyabr 2003-cü il təvəllüdlü X5 və 15 dekabr 2006-cı il təvəllüdlü X6 yetkinlik yaşma çatana kimi saxlanması üçün hər ay hər uşağa görə 136 manat, cəmi 272 manat sabit pul məbləğində aliment təyin edilmişdir, Müraciətindən sonra Sumqayıt şəhər Məhkəməsinin 17 iyul 2019-cu il tarixli, 2(060)-4753/2019 saylı qətnaməsi ilə uşaqların saxlanması üçün hər ay hər uşağa görə 160 manat, cəmi 320 manat sabit pul məbləğində alimentin artırılması barədə qətnamə qəbul edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin qətnaməsi ilə 15 dekabr 2006-cı il təvəllüdlü X6 müalicəsi üçün cavabdehdən hər ay 100 manat pulun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilmişdir. X1 2007-ci dən “Bronxial astma, ağır gedişli, atopik forma, tez-tez residivləşən tənəffüs çatışmazlığı İİ dərəcə” xəstəliyindən əziyyət çəkir. İldə 8 dəfə Sumqayıt şəhəri 1 saylı Uşaq Poliklinkasında ambulator və stasionar müalicələr alır. Hər müalicə müddəti 10-15 gün çəkir. Müalicəsinə 300-400 manat pul sərf edir. Cavabdeh bir ata kimi oğlunun xəstəliyi ilə bağlı iddiaçıya heç bir maddi yardım göstərmir. Aldığı aliment uşağın müalicəsinə və dava-dərmanına bəs etmir. Uşaq ambulator və stasionar şəraitdə sistematik olaraq müalicə almalıdır. Oğlu Amin hal-hazırda orta məktəbin 9-cu sinif şagirdidir. O, ali məktəbə hazırlaşmaq istəyir. Bunu üçün əlavə repetitor hazırlığı tələb olunur. İddiaçı bir ana kimi övladının ali təhsil almasını istəyir və arzu edir. Lakin maddi imkanı buna imkan vermir. Onun tələbatı günü-gündən artır. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək bildirdi ki, cavabdeh təxminən 1500 manat məbləğində maaş alır. O, ailəsinə laqeyd yanaşır. Bir müddət əvvəl barışsalar da, cavabdeh yenə də ailəsi ilə maraqlanmamışdır. Qeyd edilənlərə əsasən iddiaçı iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasında izahat verərək bildirdi ki, uşağın saxlanması üçün müəyyən edilmiş alimentin artırılmasına etiraz etmir. Lakin müalicə xərcinin artırılmasına razı deyil. Qeyd edilənlərə əsasən cavabdeh iddianın müalicə xərcinin arıtırılması hissəsində təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını və iddia ərizəsinin dəlillərini araşdıraraq aşağıdakı nəticəyə gəlir. İş materiallarından görünür ki, iddiaçı xx.xx.1980-ci ildə, Sumqayıt şəhərində anadan olmuş, hazırda ünvan 1 ünvanında qeydiyyatdadır. Cavabdeh xx.xx.1979-cu ildə ünvan 2 ünvanında qeydiyyatdadır. İşdə olan doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, X10 xx.xx.2006-cı ildə anadan olmuşdur. Uşağın atası Cavabdeh, anası X3r. Nikahın pozulması haqqında şəhadətnaməyə əsasən tərəflər arasındakı nikahın ləğv edilməsi barədə akt qeydi xx.xx.2019-cu ildə qeyd edilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 25 dekabr 2017-ci il tarixli, 2(060)-6976/2017 saylı qətnaməsi ilə tərəflərin rəsmi nikahlarına xitam verilmiş və 08 oktyabr 2003-cü il təvəllüdlü X5 və 15 dekabr 2006-cı il təvəllüdlü X6 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün hər ay hər uşağa görə 136 manat, cəmi 272 manat sabit pul məbləğində alimentin cavabdehdən iddiaçının xeyrinə tutulması qət edilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 17 iyul 2019-cu il tarixli, 2(060)-4753/2019 saylı qətnaməsi ilə cavabdehdən iddiaçının xeyrinə tutulan alimentin artırılaraq hər ay hər uşağa görə 160 manat olmaqla 320 manat məbləğində müəyyən edilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 17 iyul 2019-cu il tarixli, 2(060)-5350/2019 saylı qətnaməsi ilə müəyyən edilir ki, iddiaçının cavabdehə qarşı əlavə xərc tələbinə dair iddiası rədd edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 23 oktyabr 2019-cu il tarixli, 2(105)-3551/2019 saylı qətnaməsi ilə həmin qətnamə ləğv edilmiş, iddiaçının cavabdehə qarşı əlavə xərc tələbinə dair iddiasının qismən təmin edilməsi və cavabdehdən 100 manat əlavə xərcin tutulub iddiaçıya verilməsi qət edilmişdir. “Sumqayıt Tibb Mərkəzi” X14 1 nömrəli Ailə Sağlamlıq Mərkəzinin 177 saylı, xx.xx.2022-ci il tarixli arayışına əsasən 15 dekabr 2006-cı il təvəllüdlü X10 “Bronxial astma, atopik forma, tez-tez residivləşən tənəffüs çatışmazlığı İİ dərəcə” diaqnozu ilə Sumqayıt şəhər 1 nömrəli Ailə Sağlamlıq Mərkəzinin qeydiyyatındadır. Azərbaycan Respublikası Ailə Məcəlləsinə (bundan sonra – Ailə Məcəlləsi) əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar (75.1.). Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur (75.4.). Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər (78.1.). Ailə Məcəlləsində həmçinin nəzərdə tutulmuşdur ki, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər (112.1.). “Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən 2022-ci il üçün yaşayış minimumu uşaqlar üçün 193 manat müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, qanunvericiliyə əsasən uşaqlarını saxlamaq valideynlərin vəzifəsidir. Valideynlərdən aliment uşaqların mənafeyi üçün tutulur. Alimentin tutulmasında məqsəd valideynlərin öz vəzifələrini yerinə yetirməsi və uşaqların normal həyat səviyyəsinin təmin edilməsidir. Məhkəmə iddiaçının qazancını, əmlak vəziyyətini nəzərə alaraq hesab edir ki, Sumqayıt şəhər Məhkəməsinin 17 iyul 2019-cu il tarixli, 2(060)-4753/2019 saylı qətnaməsinin qəbulundan 3 ilə yaxın müddət keçdiyi və ötən bu müddət ərzində insanların maddi tələbatlarında və yaşayış minimumunda dəyişikliklər baş verdiyi üçün həmin qətnamə ilə müəyyən edilmiş alimentin miqdarı artırılmalıdır. Məhkəmə hesab edir ki, Sumqayıt Şəhər Məhkəməsinin 17 iyul 2019-cu il tarixli, 2(060)-4753/2019 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılaraq 2022-ci il üçün uşaqlara müəyyən edilmiş yaşayış minimumuna uyğun olaraq hər ay 193 manat məbləğində müəyyən edilməlidir. Ailə Məcəlləsində həmçinin nəzərdə tutulmuşdur ki, alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, şikəst olan uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər (81.1.). Valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur (81.2.). Məhkəmə valideynləri faktiki çəkilmiş əlavə xərclərə, eləcə də gələcəkdə çəkilməsi zəruri olan xərclərə cəlb edə bilər (81.3.). Məhkəmə hesab edir ki, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 23 oktyabr 2019-cu il tarixli, 2(105)-3551/2019 saylı qətnaməsi ilə cavabdehdən iddiaçının xeyrinə tutulan əlavə xərclərin də miqdarı 50 manat artırılaraq 150 manat məbləğində müəyyən edilməlidir. İddiaçı eyni zamanda mediasiya xərcinin ona qaytarılmasını xahiş etmişdir. Lakin mediasiya xərci mülki prosessual qanunvericilikdə məhkəmə xərclərinə aid edilmədiyindən iddia mediasiya xərcinin iddiaçıya qaytarılması hissəsində təmin edilə bilməz. Göstərilənlərə əsasən və MPM-in 119, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 15 dekabr 2006-cı il təvəllüdlü X6 yetkinlik yaşına çatana qədər saxlanması üçün Sumqayıt Şəhər Məhkəməsinin 17 iyul 2019-cu il tarixli, 2(060)-4753/2019 saylı qətnaməsi ilə Cavabdeh iddiaçı X2 xeyrinə tutulan alimentin miqdarı artırılaraq hər ay 193 manat məbləğində müəyyən edilsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 23 oktyabr 2019-cu il tarixli, 2(105)-3551/2019 saylı qətnaməsi ilə cavabdehdən iddiaçının xeyrinə tutulan əlavə xərclərin miqdarı 50 manat artırılaraq hər ay 150 (yüz əlli) manat məbləğində müəyyən edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Emin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar