Məhkəmə qərarları › İş №2(060)-2835/2025

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-2835/2025

19.08.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-2835/2025 19.08.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Şirəliyeva Vəfa Zavrulla qızının sədrliyi, Quliyeva Günay Tahir qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddia tələbi:

1. İddiaçı Cavabdeh qarşı iddia qaldıraraq, beh kimi verdiyi 20000 manatın iki mislinin, yəni 40000 manatın Cavabdeh tutularaq ona ödənilməsi, Cavabdeh tərəfindən ona məlum olmayan ünvanda saxlanılan mebelin geri qaytarılması və ya 4000 manat mebelin dəyərinin ona ödənilməsi, tərəfindən ödənilmiş 210 manat dövlət rüsumunun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək mebellerin geri qaytarılması və ya dəyərinin ödənilməsi hissəsində iddia tələbini dəqiqləşdirərək cavabdeh tərəfindən ona məlum olmayan ünvanda saxlanılan 1 ədəd stol, 12 ədəd stul (dəyəri 1800 manat); 1 ədəd divan, 2 ədəd kreslo (dəyəri 1200 manat); 1 ədəd komutun (dəyəri 1000 manat) geri qaytarılması, bu mümkün olmadıqda dəyərinin ona ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

İddia tələbinin əsaslandırıldığı hallar :

3. İddia onunla əsaslandırılmışdır ki, ev almaq məqsədi ilə 08 may 2024-cü il tarixdə Beylaqan rayonundan Xırdalan şəhərinə gəlmişdir. Həmin tarixdə Xırdalan şəhərində daşınmaz əmlak agentliyində Cavabdeh ilə tanış olmuşdur. Vüsalə ona bildirdi ki, o, evi nağd pula alır, üstünə müyyən məbləğ pul qoyaraq kreditlə uzun müddətə satır. Ona izah etdi ki, pulu verən ayrı adamdır. Bu işi ona həvalə edib. Bir neçə müştəri üçün evlərin sənədləri toplanır, sonra hamısına birlikdə pul buraxılaraq, alqı-satqı edilir. Sonra isə, kreditlə ev alan alıcı müəyyən olunmuş müddətə pulu ödənilmək şərti ilə Vüsalə ilə alqı-satqı müqaviləsi bağlayır. Vüsalə ona Xırdalan şəhərində 1 saylı notariusun yanında, yeni tikilidə, üç otaqlı mənzil göstərdi. Mənzili bəyənmiş və həmin mənzili almaq istədiyini bildirmişdir. Vüsalə bildirdi ki, ondan beh aldıqdan sonra, həmin mənzili nağd pula öz adına alıb, kreditlə ona satacaqdır. Vüsalə qeyd olunan mənzili 115000 manata nağd alaraq, 135000 manata, beh verdiyi 20000 manat çıxıldıqdan sonra ayda 650 manat ödəməklə, 15 il doqquz ay müddətinə kreditlə ona satacağını bildirmişdir. Daşınmaz əmlak agentliyində göstərilən mənzili almaq üçün 20000 manat beh vermişdir. Daşınmaz əmlakın alqı-satqısına dair aralarında beh müqaviləsi bağlamışdırlar. Bütün bunları video çəkiliş etmişdirlər. Müqavilayə əsasən 15 gün müddətində mənzilin alqı-satqısı nəzərdə tutulmuşdu. Vüsalə onu arxayın etdiyinə görə Biləsuvar rayonunda 4000 manata aldığı mebeli Xırdalana gətirmişdir. Alqı-satqı gecikdiyindən mebelləri həmin mənzilə yerləşdirə bilməmişdir. Vüsalə həmin mebelləri müvvəqəti olaraq ona məlum olmayan ünvana yerləşdirdi. Müqavilə bağladıqları vaxtdan on aydan artıq müddət keçməsinə baxmayaraq Vüsalə həmin mənzili ona satmamışdır.

Tərəflərin mövqeləri:

4. Məhkəmə iclaslarında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verərək bildirdi ki, makler ilə danışmış və onun vasitəsilə cavabdehlə tanış olmuşdur. Ona dedi ki, evi 135000 manata satacaq, lakin 20000 manat ilkin ödəniş etməlidir. Evə baxmış və bəyənmişdir. Videoçəkiliş ilə, həyat yoldaşının da iştirakı ilə behi cavabdehə vermişdir. Cavabdeh ona bildirdi ki, aylıq ödənişlə cədvəl şəklində ödəniş edəcəkdir. Bundan sonra cavabdeh müxtəlif bəhanələrlə onunla danışmaqdan imtina edirdi. Cavabdeh ona evə artıq köçəcəyini bildirirdi və ev üçün mebellər aldırdı. Sonradan cavabdehin başqa şəxsləri də bu cür aldatdığını eşitmişdir. Cavabdehə noariusa getməyi təklif etsə də, ona bildirdi ki, tərtib etdiyi sənədlər elə notarial qaydada bağlanmış müqavilə qüvvəsindədir. Cavabdeh bildirdi ki, bir neçə ev yığılır, bundan sonra onlar onu fonda təqdim edir, fonddan pul ayrılır və nəticədə evlər alınıb təhvil verilir.

5. Məhkəmə iclasında iştirakı videokonfrans əlaqə sistemi vasitəsi ilə təmin edilmiş Cavabdeh izahatında bildirdi ki, iddiaçı ilə Xırdalanda, ofisində müqavilə bağlamışdır. Müqavilə şərtlərinin pozulacağı təqdirdə ödənilmiş behin iki mislinin qarşı tərəfə ödənilməsi şərtindən məlumatı yoxdur. İddiaçı övladı ilə əlaqə saxlamış, şikayət etməyəcəyini bildirmişdir. Başqa şəxslər də ona qarşı iddialar qaldırmışlar. 20000 manat pulu almışdır. İddia tələbini 20000 manat hissədə qəbul edir. Bu puldan geri ödəniş etməmişdir. 20000 manatı üç otaqlı mənzilin nağd olaraq alınıb, aybaay ödəniş cədvəlinin tərtib olunması üçün beh kimi almışdır. Bütün bunlar X1 yanında olmuşdur. Həmin şəxs maklerdir. Mənzil başqa şəxsə məxsus idi. 20000 manat behi aldıqdan sonra ev sahibinə vermişdir.

Tədqiq olunan sübutlar:

6. İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, Cavabdeh ilkin mediasiya sessiyasının tarixi, vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq ilkin mediasiya sessiyasında iştirak etməmişdir. İddiaçı ilkin mediasiya sessiyasında iştirak etmiş və ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 50 manat məbləğində mediasiya xərci, 10 manat rabitə xərcini ödəmişdir.

7. İddiaçı tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, aralarında bağlanmış 08 may 2024-cü il tarixli, “Daşınmaz əmlakın alqı-satqısına dair beh müqaviləsi”nə əsasən aldığı 20000 manatın iki mislinin, 40000 manatın ona ödənilməsi tələb edilmiş, əks təqdirdə mübahisənin həll edilməsi üçün məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq olunmuşdur.

8. Cavabdeh (satıcı) ilə İddiaçı (alıcı) arasında bağlanmış xx.xx.2024-cü il tarixli “Daşınmaz əmlakın alqı-satqısına dair beh müqaviləsi”ndən görünür ki, satıcı ona məxsus Xırdalan şəhəri, 1 saylı notarius ünvanında yerləşən bina 8/14, 3 otaqlı mənzili satmaq məqsədilə behləşmiş, daşınmaz əmlakın satış qiyməti 135000 manata razılaşdırılmış, alıcı satıcıya 20000 manat beh vermişdir.

9. Alqı-satqı müqaviləsinə əlavədən görünür ki, mənzilin satış qiymətinin 135000 manat olduğu, ilkin 20000 manat ödənildiyi, həmin məbləğin 9000 manatının xidmət haqqı olaraq çıxıldığı göstərilmişdir.

Məhkəmə baxışının hədləri:

10. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

Tətbiq edilən hüquq:

11. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 491.1-ci maddəsinə görə beh müqavilənin bağlanmasını təsdiq etmək və icrasını təmin etmək məqsədilə razılığa gələn tərəflərdən birinin müqavilə üzrə digər tərəfə verəcəyi ödənişlər hesabına verdiyi pul məbləğidir. 491.2-ci maddəsinə əsasən behin məbləğindən asılı olmayaraq beh haqqında razılaşma yazılı formada bağlanmalıdır. Beh haqqında razılaşma daşınmaz əmlaka sərəncam verilməsi barədə müqavilənin bağlanması ilə bağlı olduqda, notariat qaydasında təsdiq edilməlidir. Daşınmaz əmlaka sərəncam verilməsi barədə müqavilənin bağlanması ilə bağlı beh haqqında razılaşmanın notariat qaydasında təsdiq edilməsi zamanı behi alana münasibətdə bu Məcəllənin 225.6-cı maddəsində nəzərdə tutulmuş qaydalar tətbiq edilir. 491.3-cü maddəsinə görə müqavilə üzrə tərəfin verəcəyi ödənişlər hesabına ödənilmiş məbləğin beh olub-olmadığına şübhə yarandıqda, o cümlədən bu Məcəllənin 491.2-ci maddəsində müəyyənləşdirilmiş qaydaya riayət edilməməsi nəticəsində şübhə yarandıqda həmin məbləğ, əgər əksi sübuta yetirilməsə, avans kimi ödənilmiş sayılır. 492.1-ci maddəsinə əsasən öhdəliyin icrasına başlanana qədər ona tərəflərin razılaşması üzrə və ya icranın mümkün olmaması nəticəsində xitam verildikdə beh qaytarılmalıdır. 492.2-ci maddəsinə görə əgər müqavilənin icra edilməməsi üçün beh vermiş tərəf məsuliyyət daşıyırsa, beh digər tərəfdə qalır. Əgər müqavilənin icra edilməməsi üçün beh almış tərəf məsuliyyət daşıyırsa, o, digər tərəfə behin iki mislini ödəməlidir. Bundan əlavə, müqavilənin icra edilməməsi üçün məsuliyyət daşıyan tərəf, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, beh məbləği hesaba alınmaqla, zərərin əvəzini digər tərəfə ödəməyə borcludur. 337.1-ci maddəsinə əsasən həmin Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər; 337.2-ci maddəsinə görə əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir; 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb, sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir; 337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir; 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin; 1091.2-ci maddəsinə görə əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir; 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır; 1093.1-ci maddəsinə əsasən öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər.

12. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2 aprel 2021-ci il tarixli qərarı: Müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olub-olmadığını təsbit etməkdir. İddia tələbinin əsaslandığı əqdin etibarsız olması, birbaşa həmin əqd üzrə hüquqi nəticənin əmələ gəlmədiyini, yəni müqavilə üzrə iddia olunan subyektiv hüququn yaranmadığını göstərir. Ona görə də, hər hansı bir əqdə əsaslanaraq verilən iddianın düzgün hüquqi həlli üçün, ilk növbədə, istinad olunan həmin əqdin etibarlı olub-olmaması müəyyən edilməlidir. Etibarsız əqdə əsaslanaraq qaldırılan iddia tələblərində iddiaçının tələbinin əqd üzrə hüquqi əsası mövcud olmur. Çünki əqdin etibarsız olması həmin əqdin nəzərdə tutulan hüquqi nəticəni yaratmaması, yəni əqd üzrə mülki hüquq və öhdəliklərin əmələ gəlməməsi deməkdir. Əqdin etibarsızlığı əqdin bağlanması ilə əlaqədar yol verilən hüquqa zidd halların nəticəsi olmaqla, bağlandığı andan etibarən öz təsir və nəticələrini göstərir. ... Mülki Məcəllənin 337.5-ci maddəsi ... etibarsız əqdlər üzrə həyata keçirilmiş icra hərəkətlərinin nəticələrinin aradan qaldırılması məqsədini daşıyır. Mülki Məcəllənin 337.5ci maddəsində nəzərdə tutulmuş qayda (restitusiya qaydası) və Mülki Məcəllənin 354.1-ci maddəsində əhəmiyyətsiz əqdin etibarsızlığının nəticələrinin tətbiqi ilə bağlı müəyyən edilmiş müddət Mülki Məcəllədə belə əqdlərin etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmadığı hallarda tətbiq edilir. Qeyd olunmalıdır ki, əhəmiyyətsiz əqd üzrə yalnız əvəzedilən əşyalar üzərində əldə edənin hüququ yarana və nəticədə əsassız varlanma baş verə bilər. ...Əvəzedilən əşyalar mülki dövriyyədə yalnız say, ölçü, çəki ilə müəyyənləşdirilən əşyalardır ki, bu əşyalar əhəmiyyətsiz əqd üzrə verilmiş olsa belə, əldə edənin əmlakına qarışdığından, sonuncunun həmin əşya üzərində hüququ yaranır. Lakin əldə edənin əşya üzərində hüququ heç bir hüquqi əsas olmadan yarandığından, əsassız varlanmaya səbəb olur. Məhz bu halda əhəmiyyətsiz əqd üzrə şəxs digər tərəfə qarşı tələb hüququnu reallaşdıraraq, Mülki Məcəllənin 354.1-ci maddəsi ilə müəyyən edilmiş bir il müddət ərzində əhəmiyyətsiz əqd üzrə icra edilmişlərin geri qaytarılması ilə bağlı iddia verə bilər. Yəni həmin maddədə müəyyən edilmiş bir illik müddət əhəmiyyətsiz əqdin icrası nəticəsində yaranmış əsassız varlanma halları ilə bağlı tələblər üçün keçərlidir. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

13. Məhkəmə iddia ərizəsini və iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək, qeyd edir ki, iddia tələbi qismən təmin edilməlidir.

14. İş materialarına əlavə edilmiş sənədlərlə müəyyən olunur ki, tərəflər arasında xx.xx.2024-cü il tarixində daşınmaz əmlakın alqı-satqısına dair beh müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən Cavabdeh Xırdalan şəhəri, 1 saylı notarius ünvanında yerləşən bina 8/14, 3 otaqlı mənzili satmaq məqsədilə beh müqaviləsi bağlamış, daşınmaz əmlakın satış qiyməti 135000 manata razılaşdırılmış, İddiaçı Cavabdeh 20000 manat beh vermişdir. İddiaçı hazırda beh kimi verdiyi 20000 manat pul vəsaitinin iki mislini və Cavabdeh tərəfindən ona məlum olmayan ünvanda saxlanılan mebelin dəyərinin ödənilməsini cavabdehdən tələb edir.

15. Məhkəmə iclası zamanı cavabdeh iddiaçı tərəfindən ona mənzilin alqı-satqısı üçün 20000 (iyirmi min) manat məbləğində pul vəsaitinin verildiyini etiraf etmişdir.

16. Məhkəmə ilk növbədə hazırda iddiaçı tərəfindən geri qaytarılması tələb olunan pul mələğinin verilməsinə əsas olmuş müqavilənin etibarlı olub-olmamasına qiymət verilməsini zəruri hesab edir.

17. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2 aprel 2021-ci il tarixli qərarında əks olunmuş mövqeyə görə, müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olub-olmadığını təsbit etməkdir.

18. Hər hansı əqdə istinad edilərək iddia verildiyi təqdirdə, həmin iddianın necə əsaslandırılmasından asılı olmayaraq məhkəmənin ilk vəzifəsi həmin əqdin etibarlılığını müəyyən etməkdir.

19. Hazırki işdə tərəflər arasında bağlanmış müqavilə sadə yazılı müqavilə olmaqla, həmin növ müqavilələr üçün qanunvericilikdə nəzərdə tutulmuş forma və məzmuna dair məcburi şərtə riayət edilməmişdir. Belə ki, yuxarıda qeyd edilən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 491.2-ci maddəsinin məzmunundan göründüyü kimi beh haqqında razılaşma daşınmaz əmlaka sərəncam verilməsi barədə müqavilənin bağlanması ilə bağlı olduğu təqdirdə yazılı formada bağlanmaqla yanaşı, notariat qaydasında təsdiq edilməlidir. Beləliklə sözügedən müqavilə növü üzrə daşınmaz əmlakla bağlı notarial qaydada təsdiq edilmiş əqdin bağlanmalı olması qanunvericiliyin imperativ tələbindən irəli gəlir. Belə olan halda məhkəmə tərəflər arasında bağlanmış müqavilənin etibarsız olması nəticəsinə gəlir.

20. Bundan başqa Azərbaycan Respublikası Mülki Məcəlləsinin 491.3-cü maddəsi baxımından müqavilənin notaial qaydada təsdiq edilməməsi səbəbindən avans kimi qiymətləndirilməli olmasına dair qanunvericiliyin tələbinə münasibətdə məhkəmə qeyd edir ki, hazırki müqavilə subyekt tərkibi baxımından da qüsurlu müqavilə olduğundan ödənilmiş məbləğin avans kimi qiymətləndirilməsi istisna olunur. Belə ki, beh müqaviləsini satıcı olaraq bağlayan şəxs mənzilin mülkiyyətçisi deyildir. Bu halı cavabdeh də öz izahatında təsdiq etmişdir. Sözügedən müqavilədə qeyd edilmiş əmlakın mülkiyyətçisi tərəfindən də hazırki iş üzrə cavabdehə həmin əmlakın üzərində sərəncam verilməsi ilə bağlı etibarnamənin verildiyi müəyyən olunmur.

21. Göründüyü kimi Cavabdeh səlahiyyəti olmayan şəxs kimi əqdin bağlanmasını həyata keçirmişdir ki, bu da həmin əqdin etibarsız əqd kimi qiymətləndirilməsi qənaətinə gəlməyə əsas verir.

22. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, hər hansı əqdin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə ifadəsinin bildirilməsi və vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Müqavilənin qanunvericilikdə müəyyən edilmiş qayda və şərtlərə uyğun bağlanması tələb olunur (Ə.İbrahimovun şikayəti üzrə xx.xx.2004-cü il tarixli Qərar).

23. Etibarsızlıq mülki hüquqda əqdin qanunvericiliyə zidd olması səbəbilə hüquqi nəticə yaratmadığı bütün halları ifadə edən ümumi anlayışdır.

24. Həmçinin, Mülki Məcəllənin 337.5-ci maddəsində etibarsız əqdlər üzrə həyata keçirilmiş icra hərəkətlərinin nəticələrinin aradan qaldırılması qaydası tənzimlənmişdir. Həmin normaya görə, əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir.

25. Qeyd olunmalıdır ki, əhəmiyyətsiz əqd üzrə yalnız əvəzedilən əşyalar üzərində əldə edənin hüququ yarana və nəticədə əsassız varlanma baş verə bilər. Hazırkı mübahisə üzrə də tərəflər arasında yaranmış hüquq münasibətlərinin predmeti pulla, yəni əvəzedilən əşya ilə bağlıdır. Bu baxımdan, Mülki Məcəllənin 337.5-ci maddəsində nəzərdə tutulan restitusiya qaydası belə əqdlərin etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmadığı hallarda tətbiq edilir. Çünki, əvəzedilən əşyalar mülki dövriyyədə yalnız say, ölçü, çəki ilə müəyyənləşdirilən əşyalardır ki, bu əşyalar əhəmiyyətsiz əqd üzrə verilmiş olsa belə, əldə edənin əmlakına qarışdığından, sonuncunun həmin əşya üzərində hüququ yaranır. Lakin əldə edənin əşya üzərində hüququ heç bir hüquqi əsas olmadan yarandığından, əsassız varlanmaya səbəb olur. Məhz bu halda əhəmiyyətsiz əqd üzrə şəxs digər tərəfə qarşı tələb hüququnu reallaşdıraraq, əhəmiyyətsiz əqd üzrə icra edilmişlərin geri qaytarılması ilə bağlı iddia verə bilər. Beləliklə, əhəmiyyətsiz əqd əsasında əsassız varlanma halı baş verdiyi təqdirdə, qarşı tərəfin əhəmiyyətsiz əqd əsasında əldə etdiklərinin geri qaytarılması, bu mümkün olmadıqda onların dəyərinin ödənilməsi ilə bağlı tələb hüququ irəli sürülə bilər.

26. Hazırki işdə də tərəflər arasında qanunvericiliyin imperativ tələbinə uyğun olaraq əmlakın alqı-satqısı ilə bağlı tərəflərin beh adlandırdığı müqavilə həmin növ müqavilələr üçün qanunvericilkdə müəyyən edilmiş imperativ formaya riayət edilmədən tərtib edildiyindən və eyni zamanda həmin müqavilə əmlak üzərində sərəncam vermək hüququ olmayan şəxs tərəfindən bağlandığından, cavabdehin əldə olunmuş pul vəsaiti üzərində hüququ heç bir hüquqi əsas olmadan yarandığından iddiaçı əhəmiyyətsiz əqd üzrə icra edilmişlərin geri qaytarılmasını tələb etməkdə haqlıdır.

27. Bundan əlavə məhkəmə iclasında videokonfrans vaistəsilə iştirakı təmin edilmiş cavabdeh də 20000 manat məbləğində pul vəsaitinin geri qaytarılması hissəsində iddianı qəbul etdiyini bildirmişdir.

28. İddiaçı aralarında bağlanmış müqaviləyə istinad edərək cavabdehdən ödədiyi beh məbləğinin iki mislini tələb edir. Lakin məhkəmə hesab edir ki, iddia tələbi yalnız ödənilmiş 20000 manat beh məbləği həcmində təmin edilməlidir. Belə ki, Mülki Məcəllənin 492.2-ci maddəsinə əsasən əgər müqavilənin icra edilməməsi üçün beh vermiş tərəf məsuliyyət daşıyırsa, beh digər tərəfdə qalır. Əgər müqavilənin icra edilməməsi üçün beh almış tərəf məsuliyyət daşıyırsa, o, digər tərəfə behin iki mislini ödəməlidir. Lakin tərəflər arasında bağlanmış 20000 manat pulun beh kimi verilməsinə dair müqavilə etibarsız olduğundan beh məbləğinin iki mislinin cavabdehdən tutulması da istisna olunur.

29. Məhkəmə iddia ərizəsində qeyd olunan əşyaların (1 ədəd stol, 12 ədəd stul (dəyəri 1800 manat); 1 ədəd divan, 2 ədəd kreslo (dəyəri 1200 manat); 1 ədəd komut (dəyəri 1000 manat)) cavabdehə verilməsinə münasibətdə qeyd edir ki, iddia tələbinin hüquqi əsasını vindikasiya iddiası, yəni mülkiyyətində olan əmlakına sahiblikdən məhrum olmuş iddiaçının cavabdehə qarşı yönəlmiş əmlakının geri qaytarılması tələbi təşkil edir.

30. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

31. Maddənin məzmunundan göründüyü kimi, vindikasiya iddiasının irəli sürülməsi üçün müəyyən şərtlərin eyni vaxtda olması zəruridir. 1. İddiaçının həmin əmlakı tələb etməyə subyektiv hüququ olmalıdır, yəni vindikasiya iddiasına əmlaka sahibliyini itirmiş mülkiyyətçi malikdir. 2. Mülkiyyətçi öz əmlakına faktiki sahiblikdən məhrum olunmalıdır; 3. Mülkiyyətçinin sahibliyindən çıxmış əmlak digər şəxsin faktiki sahibliyində olmalıdır.

32. Məhkəmə qeyd edir ki, sözügedən əşyaların mövcudluğu və cavabehə təqdim edilməsi məhkəməyə təqdim edilmiş video-disk əsasında öz təsdiqini tapır. Belə olan halda, məhkəmə hesab edir ki, iddia həmin hissədə də əsaslı olmaqla təmin edilməli, iddia tələbində qeyd edilən əşyalar iddiaçıya geri qaytarılmalıdır.

33. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, İddiaçı 20000 (iyirmi min) manat məbləğində pul vəsaiti və ödənilmiş dövlət rüsumunun 150 manat hissəsi tutularaq Cavabdeh ödənilməli, Cavabdeh təqdim edilmiş dəyəri 1800 manat olan 1 ədəd stol, dəyəri 1800 manat olan 12 ədəd stul və dəyəri 1200 manat olan 1 ədəd divan, 2 ədəd kreslo, dəyəri 1000 manat olan 1 ədəd komot İddiaçı geri qaytarılmalı, bu mümkün olmadıqda həmin əşyaların dəyəri ona ödənilməlidir.

Nəticə:

34. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏTETDİ:

İddia tələbi qismən təmin edilsin. İddiaçı 20000 (iyirmi min) manat məbləğində pul vəsaiti və ödənilmiş dövlət rüsumunun 150 manat hissəsi tutularaq Cavabdeh ödənilsin; Cavabdeh təqdim edilmiş dəyəri 1800 manat olan 1 ədəd stol, dəyəri 1800 manat olan 12 ədəd stul və dəyəri 1200 manat olan 1 ədəd divan, 2 ədəd kreslo, dəyəri 1000 manat olan 1 ədəd komot İddiaçı geri qaytarılsın, bu mümkün olmadıqda həmin əşyaların dəyəri ona ödənilsin. Qətnamədən, məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Vəfa Şirəliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar