Məhkəmə qərarları › İş №2(060)-2840/2022

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-2840/2022

08.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-2840/2022 08.06.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Süleymanova Almaz Məhərrəm qızının sədrliyi, İsmayılov Əli Seyran oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbinə dair” iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “pul tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 1000 manat pulun və ödədiyi 30 manat dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddianı onunla əsaslandırmışdır ki, o, 2020-ci ilin sentyabr ayının əvvəllərində Cavabdeh 1000 manat məbləğində pul vermişdir. Cavabdeh usta işləyir. Cavabdeh 1000 manat pulu ondan mənzilinə mətbəx mebeli düzəltmək üçün almışdır. Lakin o, vədinə əməl etməmiş, onun etibarından sui-istifadə edərək, onu aldatmış və nə mətbəx mebelini düzəltmiş, nə də onun pulunu qaytarmışdır. Bununla əlaqədar olaraq dəfələrlə Cavabdeh müraciət etmişdir. Lakin o, ona bildirir ki, hara şikayət edir etsin, pulunu verməyəcək. Sumqayıt şəhər Polis İdarəsinin 2-ci Polis Bölməsinin 10 dekabr 2020-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarı ilə onun Cavabdeh barəsində etdiyi şikayət üzrə cinayət işinin başlanılması rədd olunmuşdur. Ona görə də o, hazırkı iddia ilə məhkəməyə müraciət edir. Hesab edir ki, 1000 manat məbləğində pul cavabdehdən alınıb ona verilməlidir. Həmçinin iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu da cavabdehə aid olunmalıdır. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək eyni məzmunlu izahat verdi və iddianın təmin olunmasını xahiş etdi. Əlavə olaraq göstərdi ki, cavabdehi anasının evini təmir edərkən tanımış, o, anasının evinə hədiyyə olaraq mətbəx mebeli düzəltmək qərarına gəlmiş, Rauf mebel də düzəltdiyini bildirmişdir. O, mətbəx mebeli düzəltməsi üçün anasının evində anasının və gəlinlərinin yanında Raufa 1000 manat vermişdir. Hazırki vaxtadək Rauf nə pulu geri qaytarmamış, nə də mebeli düzəltməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maaddəsinə əsasən məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmədə şahid qismində dindirilmiş X3 ifadəsində göstərdi ki, iddiaçı onun qızıdır. Cavabdeh onun evində təmir işləri görmüşdür. Qızı Fatimə mənzil üçün yeni mətbəx mebeli düzətdirmək istəmiş, Rauf bu işi bacardığını demiş, Fatimə mətbəx mebeli düzəltməsi üçün Raufa 1000 manat məbləğində pul vermişdir. Mübahisələndirilən pul məbləğini qızı onun yanında vermişdir. Lakin cavabeh mebeli düzlətməmişdir, nə də hazırki vaxtadək pulu qaytarmamışdır. Məhkəmə iddiaçının izahatını, şahid ifadəsini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, mülki iş materiallarına əlavə edilmiş Sumqayıt şəhər Pİ-nin 2-ci PB-nin 27.09.2021-ci il tarixli «Cinayət işinin başlanılmasının rədd edilməsi haqqında» Qərardan görünür ki, X1 şikayət ərizəsi əsasında araşdırma aparılmış və araşdırma zamanı dindirilən Cavabdeh izahatında 2005-ci ildən mebel ustası kimi fəaliyyət göstərdiyini, o, X2 məxsus H.Z.Tağıyev qəsəbəsi, C.Cabbarlı küçəsində yerləşən evi 2020-ci ilin sentyabr ayında təmir etdiyini, bunun müqabilində Elmira xanım ona 1800 manat məbləğində material üçün pul verdiyini, bundan sonra Elmira xanımın evinə mətbəx mebeli düzəltmək istədiyini bildirdiyini, 2020-ci ilin sentyabr ayında Elmira xanımın qızı mebel düzəltmək üçün ona anasıgilin yaşadığı evdə 700 manat məbləğində pul verdiyini, lakin 2020-ci ilin sentyabr ayında Elmira xanım ona evinə mebel düzəltmək istəmədiyini, ondan 700 manat pulun qaytarılmasını tələb etdiyini bildirdiyini, Elmira xanıma evin təmirindən qalan 1000 manat pulun ona borclu olduğunu bildirdiyini, o Elmira xanımın yaşadığı evə mebel düzəltmək üçün qızından aldığı 700 manat pulunu evin təmirindən ona borclu olduğuna görə qaytarmadığını, o, Elmira xanımı Elmiranın yoldaşı Əfsərin atası Şairlə dost olduğuna görə tanıdığını, Elmiranın qızının ona 700 manat pulu anasıgilin yaşadığı evdə, anası Elmiranın yanında verdiyini, Elmira evini təmir etmək üçün ona 1800 manat pul verdiyini, o da bunun müqabilində onun evini təmir etdiyini, Elmira ona 2300 manat pul vermədiyini, dediklərinin yalan olduğunu, mebel düzəltmək üçün Elmiranın qızının ona 700 manat pul verdiyini, o, Elmiranın evini təmir etdiyindən sonuncunun ona 1000 manat borcu qaldığını, o da bugünədək Elmiranın qızından aldığı 700 manat pulu qaytarmadığını bildirmişdir. “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarın məzmunundan da göründüyü kimi, X1 şikayəti əsasında aparılmış araşdırma zamanı Cavabdeh verdiyi izahatında Elmiranın qızından mebel düzəlmək üçün aldığı 700 manat pulu qaytarmadığını bildirmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 882.-ci maddəyə əsasən borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir. 882.5. Əgər borc hesablaşmaya (ödənişə) əsasən və ya razılaşma yolu ilə etiraf olunmuşsa, formaya riayət edilməsi məcburi deyildir. Məhkəmə ədalət mühakiməsini təqdim edilmiş sübutlar və faktlar əsasında həyata keçirərək, məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktları hərtərəfli, tam və qərəzsiz məcmuu halda tədqiq edərək bu nəticəyə gəlir ki, cavabdehin iddiaçıya 700 manat pul borclu olması öz təsdiqini tapdığından həmin hissədə iddianın təmin edilməsi qanuni və əsaslıdır. İddia qalan hissədə təmin edilməməlidir. Belə ki, məhkəmə qeyd edir ki, 700 manatdan artıq olan hissədə iddia tələbini iddiaçı məhkəmədə sübuta yetirə bilmədi. Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə, iddiaçının vəsatəti əsasında dindirilmiş şahidin iddiaçının anası olmaqla işin nəticəsində maraqlı şəxs olduğunu hesab edir, bu baxımdan ifadəsini inandırıcı hesab etmir və iddianın təmin edilməsi üçün əsaslı şübhədən kənar mötəbər sübut növü olaraq qəbul etmir. MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia qismən təmin edildiyindən, ödənilmiş dövlət rüsumunun 09 manatı iddiaçıya aid edilməli, 21 manat cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 119, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 700 (yeddi yüz) manat pul və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 21 (iyirmi bir) manat İddiaçı xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Almaz Süleymanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar