Məhkəmə qərarları › İş №2(060)-2841/2023

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-2841/2023

01.06.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-2841/2023 01.06.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Giriş hissə: Hakim Həxiyeva Şəbnəm Səlim qızının sədrliyi, İbrahimzadə Zəhra Şahverdi qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil və Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı "alimentin tutulma qaydasının dəyişdirilməsi və maddi yardımın artırılması tələbi"nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:

1. İddiaçı Cavabdeh qarşı "alimentin tutulma qaydasının dəyişdirilməsi tələbi"nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh ilə xx.xx.2019-cu il tarixdə rəsmi nikaha daxil olmuşlar. Birgə nikahdan xx.xx.2021-ci il təvəllüdlü X6 adlı bir övladları var. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-6661/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddiaçının iddia tələbi qismən təmin edilmiş, nikahın pozulması, birgə nikahdan olan xx.xx.2021-ci il təvəllüdlü X2 iddiaçının yanında qalması və xx.xx.2021-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanması üçün xx.xx.2022-ci il tarixdən başlayaraq, Cavabdeh hər ay 193 manat sabit pul məbləğində aliment və uşaq üç yaşına çatana qədər hər ay 50 manat maddi yardım qismində alimentin tutularaq iddiaçıya verilməsi qət edilmişdir. İddiaçı məhkəməyə müraciət edərkən sabit pul məbləği xahiş etmişdir və məhkəmə də həmin iddia üzrə işə baxmışdır. Sabit pul məbləğində alimentin miqdarı hər il qanunla tənzimlənir. Cavabdeh isə könüllü şəkildə “Yaşayış minimumu haqqında” Qanuna uyğun aliment ödəmir. Cavabdeh Fövqəladə Hallar Nazirliyində xilasedici vəzifəsində işləyir. Ona görə də alimentin sabit pul məbləğində yox, cavabdehin əmək haqqından tutulması məqsədəmüvafiqdir. Göstərilənlərə əsasən Cavabdeh xx.xx.2021-ci il təvəllüdlü X1 üçün Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-6661/2022 saylı, xx.xx.2022-ci tarixli qətnaməsi ilə müəyyən edilmiş sabit pul məbləğində aliment miqdarının dəyişdirilərək, hər ay iddiaçının xeyrinə cavabdehin qazancının 1/4 hissəsi miqdarında alimentin tutulması barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir.

3. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Cavabdeh xx.xx.2021-ci il təvəllüdlü X1 üçün Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- 6661/2022 saylı, xx.xx.2022-ci tarixli qətnaməsi ilə müəyyən edilmiş sabit pul məbləğində aliment miqdarının dəyişdirilərək, hər ay iddiaçının xeyrinə cavabdehin qazancının 1/4 hissəsi, həmin miqdar yaşayış minimumu səviyyəsindən aşağı düşərsə əlavə olaraq sabit pul məbləğində, yəni 53 manat aliment və uşaq 3 yaşına çatana qədər 100 manat maddi yardımın tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

a) Məhkəmə icraatı iştirakçılarının izahatları:

4. Məhkəmə iclasında İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər.

5. Məhkəmə iclasında Cavabdeh iddia tələbinə etiraz edərək, tələbin təmin edilməməsini məhkəmədən xahiş etmişdir.

6. Məhkəmə, proses iştirakçılarının izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir.

Əsaslandırıcı hissə: a) Mülki işin materialları:

7. İş materiallarında olan Sumqayıt “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İV № 546920 saylı, xx.xx.2021-ci il tarixli doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X6 08 yanvar 2021-ci il tarixdə Sumqayıt şəhərində anadan olmuş, atası Cavabdeh, anası X4r.

8. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(060)-6661/2022 saylı qətnaməsinə əsasən, iddia qismən təmin edilmiş, İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli nikahın pozulması, nikah pozulduqdan sonra xx.xx.2021-ci il təvəllüdlü X2 iddiaçı X3 yanında saxlanılması, xx.xx.2021-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanması üçün Cavabdeh hər ay 193 manat sabit pul məbləğində aliment və uşaq üç yaşına çatana qədər hər ay 50 manat maddi yardım qismində alimentin tutularaq iddiaçı X5 ödənilməsi qət edilmişdir.

9. İş materiallarında 1 saylı regional “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən 14 yanvar 2023-cü il tarixində verilmiş AZ-İ № 440995 saylı nikahın pozulması haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, Cavabdeh ilə X7 arasında arasındakı nikah ləğv edilmiş, bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında xx.xx.2023-cü il tarixdə 15 № ilə qeydiyyat aparılmış, nikah ləğv olunandan sonra qadına Dadaşova soyadı verilmişdir.

10. İşin materiallarında olan ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə xx.xx.2023-cü il tarixli, MŞS/MT030/2023-00490 saylı arayışdan görünür ki, tərəflər ilkin mediasiya sessiyasından sonra prosesi davam etdirmək barədə qərar qəbul etməmişlər. İddiaçı ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 50 manat məbləğində mediasiya xərci ödəmişdir.

11. İş materiallarında olan Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Xüsusi Riskli Xilasetmə Xidmətinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Cavabdeh 11 avqust 2014-cü il tarixdən Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətində həqiqi hərbi xidmətdədir.

12. İş materiallarında olan Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Xüsusi Riskli Xilasetmə Xidməti 9971 saylı Hərbi Hissənin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Cavabdeh Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətində mütəxəssis-desantçı vəzifəsində xidmət edir. Hesablanmış əmək haqqı 820 manatdır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 23 may 2001-ci il 98 nömrəli “Uşaqlar üçün valideynlərinin aliment tutulan, manat və xarici valyuta ilə aldıqları əmək haqqının və ( və ya) başqa gəlirlərinin növlərinin müəyyən edilməsi barəsində” Qərarına əsasən alimentə cəlb ediləcək məbləğ isə 671,68 manat təşkil edir.

b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:

13. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, iddiaçı ilə cavabdehin birgə nikahlarından bir övladları anadan olmuşdur. Sumqayıt Şəhər Məhkəməsinin qətnaməsi ilə tərəflərin nikahları pozulmuş və aliment təyin edilmişdir. Məhkəmənin sözügedən qətnaməsi ilə təyin edilmiş alimentin məbləği hazırda uşağın saxlanılması üçün kifayət etmədiyindən iddiaçı alimentin artırılaraq, hər ay uşaq üçün cavabdehin qazancının 1/4 hissəsi, həmin miqdar minimum yaşayış səviyyəsindən aşağı düşərsə əlavə olaraq 53 manat sabit pul məbləğində aliment və uşaq 3 yaşına çatana qədər 100 manat məbləğində maddi yardım tutulması ilə bağlı məhkəməyə müraciət etmişdir. Cavabdeh isə iddia tələbini qəbul etmir.

c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:

14. Hazırki iddia tələbi ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

15. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin 2-ci hissəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir.

16. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 29.1, 29.2-ci maddələrinə əsasən Azərbaycan Respublikası Konstitusiyasında təsbit edilmiş qadın və kişinin hüquq bərabərliyinə uyğun olaraq ər və arvad ailə münasibətlərində bərabər şəxsi və əmlak hüquqlarına malikdirlər. Analıq, atalıq, uşaqların tərbiyəsi və təhsili, eləcə də ailənin digər məsələləri ər-arvadın hüquq bərabərliyi prinsiplərinə uyğun olaraq birgə həll edilir.

17. Ailə Məcəlləsinin 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər.

18. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin İV bəndinə əsasən ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur.

19. Həmçinin, «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi və BMT-nin «Uşaq hüquqları haqqında» Konvensiyasının 27-ci maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş yaşayış minimumun səviyyəsindən aşağı olmayaraq maddi təminatına hüququ vardır.

20. Həmin Qanununun 19-cu maddəsinə əsasən valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir.

21. «Uşaq hüquqları haqqında» Konvensiyanın müddəalarına əsasən, yetkinlik yaşına çatmayanlarla bağlı məsələlər məhkəmə tərəfindən həll edilərkən ilk növbədə uşaqların layiqli həyat səviyyəsi təmin edilməlidir.

22. Uşağın ailədə saxlanılması onun valideynləri tərəfindən həyata keçirilir. Onlar öz gəlirlərinin bir hissəsini uşağın qidasına, paltarına, müalicəsinə, təhsilinə və digər ehtiyaclarına xərcləyirlər və beləliklə də öz valideynlik borcunu yerinə yetirirlər. Eyni zamanda, valideynlər uşağın əsas və konstitusion əhəmiyyətli (Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsi) hüquqlarından biri olan maddi təminat almaq hüququnu həyata keçirirlər.

23. Həmçinin, nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericilikdə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir.

24. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar.

25. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur.

26. Həmin Məcəllənin 76.2-ci maddəsinə görə isə bu payların miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər.

27. Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər.

28. Məhkəmə iddia tələbinin “alimentin formasının dəyişdirilməsi” hissəsi ilə bağlı qeyd edir ki, iddia tələbi həmin hissədə təmin edilməlidir.

29. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, cavabdehin hal-hazırda rəsmi iş yeri olmaqla, əmək haqqı 671,68 manat təşkil edir. Bu səbəbdən Cavabdeh hər ay qazancının (digər gəlirlərinin) dörddə bir hissəsi həcmində alimentin tutulması mümkündür.

30. Göründüyü kimi Cavabdeh qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən deyildir.

31. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinə görə aliment 2 formada tutula bilər: 1) qazancın (gəlirin) müəyyən hissəsi kimi; 2) sabit pul məbləğində.

32. Bundan əvvəlki qətnamə ilə qət edilmişdir ki, aliment sabit pul məbləğində tutulsun. Ailə Məcəlləsinin 112.1-ci maddəsində qeyd olunub ki, aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. O cümlədən, Mülki Prosessual Məcəllənin 233.4-cü maddəsində qeyd olunub ki, cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır.

33. Göründüyü kimi, bu maddələr alimentin miqdarını dəyişmək səlahiyyəti verir. Həmin maddələrin tələbi baxımından alimentin tutulması formasının da dəyişdirilməsi mümkündür, çünki formanın dəyişdirilməsi nəticə etibarilə miqdarın dəyişməsinə səbəb olur.

34. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.1.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay uşağa görə—qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi miqdarda aliment tutulur.

35. Məhkəmə, hazırda uşağın saxlanılması üçün cavabdeh tərəfindən ödənilən hər ay 193 manat məbləğində alimentin uşağın saxlanmasına kifayət etməməsi ilə bağlı iddiaçının iddiası ilə razılaşıb, cavabdehin işlədiyini, habelə yetkinlik yaşına çatmayanlar üçün 2023-cü il üzrə müəyyən olunmuş yaşayış minimumu haqqında tələbləri nəzərə alıb, uşağın minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququnun təminatı və valideynləri ilə birlikdə yaşadığı vaxtdakı maddi təminatının maksimal dərəcədə saxlanması baxımından belə qənaətə gəlir ki, iddia həmin hissədə təmin edilməli, tərəflərin birgə nikahından doğulmuş uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən qazancının müəyyən hissəsi və eyni zamanda sabit pul məbləğində alimentin iddiaçının xeyrinə tutulması müəyyən edilməlidir.

36. Belə ki, sabit gəliri olan valideyindən alimentin onun qazancının (başqa gəlirlərinin) bir hissəsi kimi tutulması qanunun imperativ göstərişidir. Bununla yanaşı, cavabdehin rəsmi iş yerindən əldə etdiyi gəlirin ¼ hissəsi uşağın saxlanılmasına kifayət etmədiyindən geriyə qalan məbləğ minimum müəyyən edilən limitə qismən çatdırılması baxımından geriyə qalan məbləğ isə hesablanmaqla sabit pul məbləğində tutulmalıdır. (671,68 : 4= 167,92 manat hissəvi, 53 manat sabit məbləğ)

37. Məhkəmə qeyd edir ki, uşaqlardan ayrı yaşayan valideynlərdən birinin üzərinə aliment öhdəliyinin qoyulması birmənalı olaraq həmin tərəfin uşağın əvvəlki təminat səviyyəsini tam təmin etməsi və yaxud digər tərəfin uşağın saxlanması üçün tələb olunan bütün xərclərdən azad edilməsi anlamına gəlmir. Çünki uşağın ləyaqətli şəraitdə yaşaması və böyüməsi üçün tələb olunan bütün digər zəruri xərclər onun himayəsində qaldığı valideyinin üzərinə düşür. Həmçinin, yetkinlik yaşına çatmayan uşaqların anasının himayəsində olması, gündəlik qayğıları ilə ananın təkbaşına məşğul olması, uşaqların atalarının diqqətindən və qayğısından kənar qalması da nəzərə alınmalıdır.

38. Məhkəmə onu da qeyd edir ki, hazırkı iş üzrə aliment artıq qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinə əsasən tutulur. İddiaçı məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinə əsasən müəyyən edilmiş alimentin miqdarının artırılmasını xahiş etmişdir. Belə olan təqdirdə məhkəmə hesab edir ki, artırılmış alimentin məbləğinin tutulması Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən məhkəməyə müraciət edildiyi tarixdən deyil, hazırkı iş üzrə qətnamə qüvvəyə mindiyi tarixdən başlayaraq, hesablanmalıdır.

39. «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli, 8-2/2016 saylı qərarının 8.14-cü bəndində göstərilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir.

40. Məhkəmə iddia tələbinin “Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-6661/2022 saylı, xx.xx.2022-ci tarixli qətnaməsi ilə müəyyən edilmiş 50 manat maddi yardımın artırılaraq uşaq 3 yaşına çatana qədər 100 manat maddi yardımın tutulması” hissəsi ilə bağlı qeyd edir ki, iddia tələbi həmin hissədə təmin edilməməlidir.

41. Belə ki, Ailə Məcəlləsinin 84.1 və 84.2.2-ci maddələrinə görə ər və arvad birbirinə maddi cəhətdən kömək etməlidirlər. Bu köməyin göstərilməsindən imtina edildikdə və ər-arvad arasında alimentin ödənilməsi barədə saziş olmadıqda, hamiləliyi dövründə və ümumi uşaqlarının doğulduğu gündən üç il ərzində arvad buna zəruri vəsaitə malik olan digər tərəfin aliment ödəməsini məhkəmə qaydasında tələb etmək hüququna malikdir.

42. Məhkəmə cavabdehin övladının saxlanılması üçün alimentin ödənilməsinə cəlb olunduğunu nəzərə alaraq, hesab edir ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- 6661/2022 saylı, xx.xx.2022-ci tarixli qətnaməsi ilə müəyyən edilmiş 50 manat maddi yardımın artırılmasına lüzum yoxdur.

43. Beləliklə, məhkəmə tərəflərin ailə və maddi vəziyyətini, bununla yanaşı birgə nikahdan olan uşağın üstün maraqlarını və minimum maddi təminat almaq hüququnu, məhkəmə qətnaməsinin qəbul edildiyi dövrdən müəyyən müddət keçdiyini və bu müddət ərzində uşağın böyüməklə tələbatlarının da artdığını nəzərə alaraq belə qənaətə gəlir ki, iddia tələbi qismən təmin edilməli, tərəflərin birgə nikahlarından anadan olmuş xx.xx.2021ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(060)-6661/2022 saylı qətnaməsi ilə tutulan 193 (bir yüz doxsan üç) manat sabit pul məbləğində aliment dəyişdirilərək, qazancının (başqa gəlirlərinin) ¼ hissəsi miqdarında aliment, eyni zamanda hər ay 53 (əlli üç) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilməli, miqdarı dəyişdirilmiş alimentin tutulması bu barədə qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablanmalı, iddia tələbi “maddi yardımın artırılması” hissəsində təmin edilməməlidir.

44. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

45. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

46. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

47. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

48. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

49. Həmçinin Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

50. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar.

51. Qeyd olunan Qanunun 9.4-cü maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür.

52. Həmin Qanunun 8.1.2-ci maddəsinə əsasən, iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. (220,92 x 12 = 2651,04 manat. 1651 x 1% = 16,51 manat. 30+16,51= 46,51 manat)

53. Məhkəmə qeyd olunan qanunvericilik normalarının tələblərinə əsasən hesab edir ki, iddiaçı dövlət rüsumunu ödəməkdən azad edildiyi üçün və iddianın qiyməti 1000 manatdan çox olduğundan, cavabdehdən 46,51 (qırx altı manat, əlli bir qəpik) manat məbləğində dövlət rüsumu tutulmaqla dövlət gəlirlərinə alınmalıdır.

Nəticə hissəsi:

54. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddia tələbi qismən təmin edilsin. Tərəflərin birgə nikahlarından anadan olmuş xx.xx.2021-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(060)-6661/2022 saylı qətnaməsi ilə tutulan 193 (bir yüz doxsan üç) manat sabit pul məbləğində aliment dəyişdirilərək, qazancının (başqa gəlirlərinin) ¼ hissəsi miqdarında aliment, eyni zamanda hər ay 53 (əlli üç) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilsin. Miqdarı dəyişdirilmiş alimentin tutulması bu barədə qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablansın. İddia tələbi “maddi yardımın artırılması” hissəsində təmin edilməsin. Ödənilməmiş dövlət rüsumu olaraq 46,51 (qırx altı manat, əlli bir qəpik) manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq dövlət gəlirlərinə alınsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən Şəbnəm Həxiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar