Məhkəmə qərarları › İş №2(060)-2842/2022

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-2842/2022

08.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-2842/2022 08.06.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Süleymanova Almaz Məhərrəm qızının sədrliyi, İsmayılov Əli Seyran oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1 Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakları ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun tutulması” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 və Cavabdeh2 İddiaçı ASC-nin xeyrinə 08 may 2014-cü il tarixli kredit müqaviləsi üzrə 893,08 ABŞ dolları əsas borc, 612,75 ABŞ dolları faiz borcu, 1064,19 ABŞ dolları cərimə borcu və 08.05.2016-cı il tarixdən 11.03.20022-ci il tarixədək illik 5 faiz hesablanmaqla 432,3 ABŞ dolları əldən çıxmış fayda olmaqla, ümumilikdə 3002,32 ABŞ dolları borcun və 71,04 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh1 08 may 2014-cü il tarixli kredit müqaviləsinə əsasən Nikoyl İKB ASC-dən (hazırkı İddiaçı ASC) illik 22 faizlə 24 ay müddətinə 5100 ABŞ dolları məbləğində kredit götürmüşdür. Borcun təminatı olaraq Cavabdeh2 ilə 08 may 2014-cü il tarixli Zaminlik müqaviləsi bağlanmış və Zamin kredit borcunun qaytarılması üzrə məsuliyyəti öz üzərinə götürmüşdür. Lakin borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırır. 2022-ci il martın 11-dək Cavabdeh1 banka 08 may 2014-cü il tarixli kredit müqaviləsi üzrə 893,08 ABŞ dolları əsas borc, 612,75 ABŞ dolları faiz borcu, 2128,37 ABŞ dolları cərimə borcu və 08.05.2016-cı il tarixdən 11.03.2022-ci il tarixədək illik 5 faizlə hesablanmaqla 432,3 ABŞ dolları əldən çıxmış fayda olmaqla, ümumilikdə 4066,5 ABŞ dolları borcu vardır. Cavabdeh1 08 may 2014-cü il tarixli kredit müqaviləsi üzrə banka olan cərimə borcu 2128,37 ABŞ dolları təşkil etməsinə baxmayaraq, cərimə məbləği kredit müqaviləsində nəzərdə tutulmuş və təqdim olunan maliyyə arayışı üzrə ümumi cərimə məbləğinin 50% miqdarında olmaqla, yəni 1064,19 ABŞ dolları məbləğində tələb olunur. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edərək eyni məzmunda izahat verdi və iddia tələbinin təmin olunması barədə qətnamə qəbul olunmasını xahiş etdi. Əlavə olaraq göstərdi ki, mübahisələndirilən kredit müqaviləsi üzrə borc Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli fərmanının təsiri altına düşmüş, lakin borclu müraciət etmədiyinə görə kredit borcu restruktruzasiya olunmamışdır. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 öz izahatında bildirdi ki, iddia tələbini qismən qəbul edir. Əsas borcu qəbul etsə də, faiz və cərimə borcu ilə razı deyil. O cümlədən qeyd edir ki, sözügedən kredit Prezidentin məlum fərmanının təsiri altına düşmüşdür. Lakin ona məlumat verilmədiyi üçün kredit borcunun restruktruzasiya olunmasına dair müqavilə bağlamamışdır. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 öz izahatında digər cavabdeh tərəfindən verilən izahatı müdafiə etdiyini bildirdi. Məhkəmə işdə iştirak edən tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Mülki iş materiallarında olan: "xxxx" ASC ilə Cavabdeh1 arasında bağlanılmış 08 may 2014-cü il tarixli, 4-M-3-0- 419-14 saylı Kredit müqaviləsindən və 1 saylı Əlavədən görünür ki, kreditverən kreditalana 24 ay müddətinə, illik 22% ödəmək şərti ilə 5100 ABŞ dolları məbləğində kredit verməyi, kreditalan həmin krediti qəbul edib təyinatı üzrə istifadə etməyi, ödəniş qrafiki üzrə kredit və hesablanmaş faizləri qaytarmağı öhdəsinə götürmüşdür. 08.05.2014-cü il tarixli kassa məxaric orderinin təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh1 5100 ABŞ dolları məbləğində pulu bankın xəzinəsindən nağd şəkildə qəbul etmişdir. Maliyyə arayışından görünür ki, 11.03.2022-ci il tarixə Cavabdeh1 893,08 ABŞ dolları əsas borc, 612,75 ABŞ dolları faiz borcu, 2128,37 ABŞ dolları cərimə, illik 5% hesablanmış 432,3 ABŞ dolları, cəmi 4066,5 ABŞ dolları borcu vardır. Xəbərdarlıq məktublarından görünür ki, iddiaçı tərəfindən pretenziya qaydasına əməl edilmişdir. Beləliklə, məhkəmədə işin faktiki halları ilə müəyyən olundu ki, "xxxx" ASC ilə Cavabdeh1 arasında kredit müqaviləsi bağlanmaqla öhdəlik hüquq münasibətləri yaranmış, iddiaçı kredit müqaviləsi ilə üzərinə düşən öhdəliyi icra etmiş, borcluya qarşı tələb hüququ iddiaçıya ötürülmüş, cavabdeh kredit və hesablanmış faizlər hər ay ödəniş cədvəlinə uyğun olaraq ödənilməli olduğu halda vaxtında ödəniş etməmiş, bununlada müqavilədə nəzərdə tutulmuş öhdəliklərini lazımi qaydada və vaxtında yerinə yetirməmişdir. Nəticədə cavabdehin iddiaçı qarşısında icra edilməmiş pul öhdəliyi yaranmışdır. Məhkəmə işin hallarına Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 442, 445, 448.1, 739.1, 739.2-ci maddələrinə istinadən qiymət verərək hesab edir ki, iddiaçının tələbi əsaslıdır, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün iddiaçı qarşısında cavabdehdir və mülki məsuliyyət daşıyır. Azərbaycan Respublikası Prezidentin 28 fevral 2019-cu il tarixli “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanın 5-ci bəndinə əsasən fiziki şəxslərin xarici valyutada əsas məbləği 10000 (on min) ABŞ dollarınadək, milli valyutada isə 17 000 (on yeddi min) manatadək olan kreditlər üzrə vaxtı keçmiş kredit borclarının restrukturizasiyası məqsədilə, Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının müraciəti əsasında, banklara 682.000.000 (altı yüz səksən iki milyon) manat məbləğinədək dövlət zəmanəti ilə təmin edilmiş güzəştli kredit verilməsi, eləcə də, bu Fərmanın 5.1-ci bəndində nəzərdə tutulan tədbirlər nəticəsində bankların valyuta mövqeyinin pisləşməsinin qarşısını almaq məqsədilə ayrılmış kreditin hesabına banklara, onların müraciəti əsasında 215.000.000 (iki yüz on beş milyon) ABŞ dolları dəyərinədək xarici valyutada ifadə olunmuş, illik faiz dərəcəsi 0,5 faiz olmaqla qiymətli kağızların verilməsi qərara alınmışdır. Fərmanın təsir dairəsinə (8.6-cı bəndi) fiziki şəxslərlə 2012-ci il yanvarın 1-dən bu Fərman qüvvəyə mindiyi günədək bağlanmış kredit müqavilələri üzrə əsas məbləğin və (və ya) faiz borclarının ödənilməsi 360 gündən çox gecikdirilmiş borclar daxil edilmişdir. Göründüyü kimi məhkəmə araşdırması zamanı araşdırılan mübahisə üzrə kredit müqaviləsinin Fərmanın təsiri altına düşdüyü müəyyən edildi. Buna görə də məhkəmə hesab edir ki, iddia tələbi tam həcmdə təmin edilə bilməz, məhkəmə kredit öhdəliyi üzrə əsas borc tələbi ilə bağlı hisssədə iddianın təmin edilməsini qanuni hesab edir. Belə ki, qeyd olunan Fərmanın 6.2-ci bəndinə əsasən fiziki şəxslərin vaxtı keçmiş kredit borclarının restrukturizasiya olunacağını nəzərə alaraq, banklar bir ay müddətində həmin kreditlərə hesablanmış faizlərin silinməsini və məhkəmədə onlan işlərin geri çağrılmasını təmin edən tədbirlər görülməlidir. 8.9-cu bəndinə əsasən faizlərin silinməsi dedikdə vaxtı keçmiş kredit borcları üzrə hesablanmış faizlərin və dəbbə pulunun (cərimə, penya) silinməsi nəzərdə tutulur. Məhkəmə hesab edir ki, araşdırılan mübahisə üzrə borc Fərmanın təsiri altına düşməklə, həmin kredit öhdəliyi üzrə tələb olunan faiz və cərimə silinmişdir, bu baxımdan iddiaçının qeyd olunan hissədə tələbi təmin oluna bilməz. "xxxx" ASC ilə Cavabdeh2 arasında bağlanmış 08 may 2014-cü il tarixli Zaminlik müqaviləsindən görünür ki, zamin Cavabdeh2 borclu Cavabdeh1 eyni tarixli Kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası ilə bağlı üzərlərinə birgə məsuliyyət götürmüşdür. Məhkəmə hesab edir ki, Mülki Məcəlləsinin 477.0.4-cü maddəsinə əsasən araşdıralan mübahisə üzrə zaminliyə artıq xitam verilmişdir, bu səbəbdən də zamin Cavabdeh2 qarşı yönəlmiş tələb əsassızdır və təmin edilə bilməz. İş materiallarına əlavə edilmiş ödəniş qəbzlərdən görünür ki, iddiaçı məhkəmədə iddia qaldırılması üçün 71,04 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İddia qismən təmin edildiyindən ödənilmiş dövlət rüsumunun 49,92 iddiaçıya aid edilməli, 21,12 manat cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək bu nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, Cavabdeh1 893,08 ABŞ dolları (ödəniş gününə manata məzənnə ilə) əsas kredit borcu və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 21,12 manat tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh1 893,08 (səkkiz yüz doxsan üç ABŞ dolları, səkkiz sent) ABŞ dolları əsas borc (ödəniş gününə manata olan məzənnə ilə) və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 21,12 (iyirmi bir manat, on iki qəpik) manat İddiaçı ASC-nin xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Almaz Süleymanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar