Məhkəmə qərarları › İş №2(060)-2859/2023

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-2859/2023

09.06.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-2859/2023 09.06.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Əsədli İlahə Yusif qızının katibliyi, İddiaçı etibarnamə üzrə səlahiyytli nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Sumqayıt şəhər məhkəməsinin 2(060)-7843/2016 saylı 19 deabr 2016-cı il tarixli qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarını dəyişərək, Cavabdeh hər ay 220 manat sabit pul məbləğində aliment tutulub birgə nikahlarından olan xx.xx.2014-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün ona verilməsi barədə qətnamə çıxarılmasını, həmçinin mediasiya üçün ödədiyi 50 manat dövlət rüsumunun da cavabdehə aid edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.2013-cıi ildə Cavabdeh ilə rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuşdur. Birgə nikahlarından bir övladları var: xx.xx.2014-cü il təvəllüdlü X4. Sumqayıt şəhər məhkəməsinin 2(060)-7843/2016 saylı 19 dekabr 2016-cı il tarixli qətnaməsi ilə aralarında olan rəsmi nikahın pozulması, uşağın onun yanında qalması və onun saxlanması üçün 117 manat aliment və uşaq üç yaşına çatana kimi 20 manat maddi yardım tutulub ona verilməsi qət edilmişdir.Qeyd edir ki, o, 117 manat məbləğində alimentlə uşağını saxlamaqda çətinlik çəkir. Cavabdeh isə ona əlavə olaraq heç bir köməklik etmir. Uşağın böyüməsi ilə əlaqədar olaraq onun təlabatları da günügündən artır. Hesab edir ki, uşağın mənafeyi, onun normal, yəni qida rasionlarına uyğun şəkildə qidalanması, fiziki cəhətdən inkişafı, həmçinin 2023-cü il respublikada uşaqlar üçün yaşayış minimumunun 220 manat olması məhkəmə tərəfindən nəzərə alınmalıdır. Ona görə də hazırkı ərizə ilə məhkəməyə müraciət edir. Hesab edir ki, Sumqayıt şəhər məhkəməsinin 2(060)- 2376/2020 saylı 03 iyun 2020-ci il tarixli qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarı dəyişdirilməli və cavabdehdən hər ay 220 manat sabit pul məbləğində aliment tutulub birgə nikahlarından olan xx.xx.2014-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün ona verilməlidir. İddiaçı qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbini müdafiə etdiyini bildirdi və əlavə olaraq qeyd etdi ki, hazırda iddiaçı heç bir yerdə işləmir. Uşağın böyüdükcə artan tələbatlarını iddiaçı müəyyən edilmiş 117 manat hesabına ödəyə bilmir. Cavabdeh 446 manat pensiya alır. Cavabdeh etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Cavabdeh pensiya ilə yanaşı fərdi əməklə məşğuldur. Onu da məhkəmənin nəzərinə çatdırır ki, iddaçı 2016-cı ildən sonra məhkəməyə müraciət etməmiş və baş vermiş aliment artımlarından yararlanmayıb. Nümayəndə qeyd edilənlərə əsaəsn iddia tələbinin tam təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq (SMS xəbərdarlığın AZEMİS vasitəsilə göndərilməsi barədə bildirişə əsasən) iş üzrə cavabdeh məhkəmə iclasına gəlməmiş, məhkəməyə gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən məhkəmə işə cavabdehin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Cavabdeh məhkəməyə etiraz ünvanlayaraq bildirmişdir ki, o, hazırki dövrün sosialiqtisadi, maddi-məişət problemləri içərisində öz dolanışığını zor-güc çatdırmağa çalışan bir Aprel İştirakçısı hərbi Əlildir. İddiaçı X5 ilə bağlı 2 (060)-2859/2023 saylı işlə bağlı alimentin artırılması tələbinə öz etirazını bildirir. Belə ki, 2013-cii ildə iddiaçı xanımla ailə qurmuş və 2016-cı ilin əvvəlləri onlar ayrılmışdırlar. Bu ailədən bir övladı dünyaya gəlmişdir. İddiaçı ona hərbi xidmət, hərbi qulluqçuluq zamanı vaxtı xəyanət etmişdir. Lakin o, bunu övladının gələcəyinə xatir hər zaman çox açıb-ağartmamış və səbrlə qarşılamışdır. Lakin aprel döyüşlərində aldığı yaralanmalar onu əlil etmiş və o, bugünkü günə kimi Lənkəran Şəhər Ağciyər Xəstəxanasında qeydiyyatda olmaqla mütəmadi, demək olar ki, fasiləsiz müalicədədir və aprel döyüşlərindən bu günə kimi bu müalicələri aramsız aparılmışdır və hətta hazırda da aparılmaqdadır və uzun illər də aparılmalıdır. Ən önəmlisi o, ikinci dəfə ailə qurmuş olsa da, bu dünyada heç bir ev, mülk, qalacaq, sığınacaq yerinə, maddi varlığa sahib olmadığı üçün bu ailəyə heç bir dəstək ola bilməmiş və daim kirayələrdə sürümüş, aldığı pensiya isə alimentin, əlavə müalicə, dolanışıq xərcləri səbəbilə çəkdiyi kredit ödənişinə sərf olunmuş və hələ də sərf olunmaqdadır, baxmayaraq ki, onun müalicə məsrəfləri həmişə olub və olacaqdır. Bu məsrəflər, onun dolanışığını demək olar ki, qohum-əqrəbalarının, tanışların, yaxınların borc-xərc hesabına olan dəstəyilə təmin olunmaqdadır. Yəni o, təqribən 2-3 il daha pensiyasının yarısı həddə olan kredit ödənişləri bitəndən sonra da ömür boyu müalicə-müayinə, kirayə, dolanışıq məsrəflərimi bəlkə də təkrar-təkrar kreditlər hesabına ödəməlidir və bu onu mənəvi olaraq çox yorub. Heç kim bir Aprel yaralısı, iştirakçısı, bir əlil kimi onun bu böyüklükdə məsrəflərin altından necə çıxmalı olacağı ilə maraqlanmır və o, borc-xərclə keçən bu günlərində, bu ömründə, səhhəti ilə bağlı heç yerdə işləyə bilməməyi kimi ağır yük altında da əzilir. Bütün bu yuxarıda göstərdiklərimi nəzərə alaraq da, məhkəmədən bir ali iradə sahibi, hökmverici bir Ali Qüvvə kimi bütün varlığı ilə X7 sığınan bir hərbi əlil kimi rica edir: İddiaçı alimentin artırılması tələbini edirsə, onun yuxarıda göstərdiyi vəziyyəti onu kifayət qədər depressiv duruma saldığından bu acınacaqlı durumunu nəzərə alınmasını və alimentin ona təyin olunmuş həddə qalmasına izin verilməsini xahiş etmişdir. Çünki illərdir heç bir yerdə iş tapa bilmədiyindən bir daha xüsusilə qeyd edir ki, demək olar ki, başqalarının dəstəyi hesabına özünün və ailəsinin dolanışığını təmin etməyə çalışan aztəminatlı atadır, artıq yeni bir ailə başçısıdır və bu ailəsinin məsrəflərini belə özünün müalicə xərcləri, alimenti səbəbilə təmin edə bilmədiyi utancından mənəvi əzablarla, əziyətlərlə çarpışan və artıq həyatından bezmiş durumda olan bir hərbi əlildir. Düzdür onun xoş günlərə inamı çoxdur və pensiyası haçansa artırılarsa, o, da borclardan qurtulacağına, heç olmazsa, öz dolanışığını təmin edə biləcəyini ümidlə gözləyir. Lakin hələ ki, bu bir ümiddir və o, ancaq ümidlə gözləyir. Lakin bu müddət ərzində hansısa bir aliment artımı onun bütün qüvvəsini bitirər və o, nə edəcəyini bilməz, həyatdan bezər. Odur ki, məhkəmədən artıq dərəcədə xahiş edir ki, alimentin hansısa artımına qətiyyən izin verilməsin və onun ağır maddi vəziyyəti nəzərə alınsın. Bir daha qeyd edir ki, o, pensiyasının yarısını alimentə, yarısını da tamamilə kredit borcuna verir və bu istənilən an, yoxlanıla bilər. Müalicə-müayinələri, kirayə və dolanışıq məsrəfləri isə tamamilə başqalarının borc-xərc vəsaiti hesabınadır. Xüsusi qeyd kimi bildirmək istəyir ki, yaxın qohumları da iddiaçı ilə olan ailədən dünyaya gəlmiş övladına ayrı-ayrı vaxtlarda maddi dəstək etmişlərdir və buna mümktın olduqca davam etməyə çalışmaqdadırlar. Yuxarıda qeyd etdikləri X10 təkrarıdır. O, bu Etirazda xüsusi olaraq bir faktın- həqiqətin üstünü açmaq istəyir. O, keçmiş yoldaşı, iddiaçının xəyanətini aşkarladığı vaxt bu haqda onun ailəsinə, valideynlərinə, yaxmlarına bildirdi və övladlarının hansı yolu tutduğuna, onunla olan ailəsinin dağılacağına dair onunla üzləşmələri, onun xəyanəti haqda ümumən maraqlanmaları, onu haqq-hesaba çəkmələri haqda çox çalışdı, çünki onun ailəsi dağılırdı və o, böyüklərin tədbir görmələrini, bu işə qarışmalarını, gələcəkdə onu hamının anlaması, haqsız tərəfin hamı tərəfındən bəlli olmasını və gələcəkdə ailə dağıtmaq ağırlığının məsuliyyətinin ona aid olmaması gərəkliyini hər kəsə, iddiaçını da, onun da yaxınlarının bilinməsini istəyirdi. Lakin təəssüf ki, iddiaçının valideynləri, ailəsi bu halla qətiyyən maraqlanmadılar və hətta hərəkətlərindən, daha doğrusu hərəkətsizlərindən (yəni heç bir problem yoxmuş kimi davranmalarından) belə çıxdı ki, xəyanətdə sanki heç bir problem yoxmuş və bu, adi bir halmış. Odur ki, o, onların bu hərəkətlərinə heç bir məna verə bilmədi və belə bir halın, yəni iddiaçının xəyanətinin daha ən başından onun tərbiyəyetişdirilmə üsulundan qaynaqlandığı qənaətinə gəldi. Lakin alimentin artırılmasına dair ilk məhkəmədən sonra iddiaçı tərəfdən onun yaxınlarına zəng gəlmiş və onlar onun Aprel döyüşçüsü olmadığını bildirərək, əgər bu həqiqətdirsə, onda ona ev növbəsi və sair hüquqların da düşdüyü ehtimalı olduğu və bunu araşdıraraq, gərəkərsə ona düşən bütün hüquqlardan istifadə edə bilmək üçün çalışacaqlarını bildirmişlər. O, pessimist insan deyil. Lakin cəmiyyətdə son zamanlarda boşanmaların sayının artmasının daha çox qızların özlərinə aliment ala biləcəkləri ər tapmaq məqsədilə qurulmuş ailələr səbəbilə olduğuna dair son illərdə gedən müzakirələrə artıq qarşısına çıxan bu gerçəklikdən sonra inanmağa başlamışdır. Belə ki, xəyanət aşkarlanan vaxt iddiaçının ailəsinin, yaxınlarının heç bir əməli tədbir görməmələrinin, belə bir hala adi yanaşmalarının, ona soyuq münasibət bəsləmələrinin məqsədi ona indi agah olur ki, çox güman ki, elə iddiaçının - qızlarının azad yaşamaları üçün, onun həyat tərzinə heç bir ər müdaxiləsinin olmaması və gələcəkdə ona düşən güzəştlər hesabına həyatını keçindirmək, dolanışığını təmin etmək üçün olduğuna dair qənaətə gəlmişdir. Bu qənaətdən belə çıxır ki, onlar xəyanətə daha ən başından, yəni o hərbi xidmətdə olan vaxt qızlarına nəzarət etməmələrinə bu günlərə xatir razı olub, susublar və bu, onun kimi sağlamlığını Vətən yolunda qoyan bir müharibə iştirakçısı, bir hərbi əlil, bir oğul, bir ata, bir vətəndaş üçün əsil mənəvi dəhşətdir, ona qarşı sui-istifadə halıdır, dolandırıcılıqdır, fırıldaqçılıqdır, planlaşdırılmış tələdir, mənəvi zərbədir. O, məhkəmədən belə bir mənəvi zərbənin, planlı qurulmuş tələnin üstünün açılması üçün xüsusi duyarlılıq göstərilməsini rica edir. Bir daha, altından xətt çəkərək, xüsusi vurğulayaraq bildirir ki, onun təqrəbən 3-4 illik pensiyasının yarısı kreditə, yarısı alimentə getdiyi üçün O, dolanışığını, kirayə xərcini, müalicə-müayinə məsrəflərini yenidən əlavə, dost-tanışların, yaxınların borc-xərc vəsaiti hesabına təmin edir və mütəmadi olaraq da bir kredit bitdikdən sonra yığılan, yəni dolanışığı üçün məcburi götürdüyü növbəti borc - xərci təkrar-təkrar çəkməli olduğu növbəti kreditlər hesabına ödəməlidir, qısacası onun kreditləri pensiyası bazar qiymətilə bütün kirayə, dolanışıq, müalicə-müayinə məsrəflərinə yetişincəyədək, təqribən bir 5-10 (beş- on) il müddət ərzində yetərli həcmdə artanadək davam edəcəkdir və o 5- 10 (beş-on) il, bəlkə də daha da çox bu kreditlərə çəkməyə məcburdur. Qısacası, burdan, bu gerçəklikdən göründüyü kimi, o, 5-10 (beş - on) il, bəlkə də daha da çox pensiyasının yarısı alimentə, yarısı kreditə ödəniləcək bunu demək ona ağırdır, lakin həqiqətdir ki, zavallı bir durumdadır. Lütfən, bu gerçəkliyi nəzərə alın və bu durumu daha da ağırlaşdırmayın, alimenti artırmayın. Bir də rica edir ki, hazırda Lənkəran şəhər Ağciyər Xəstəxanasında müalicələrə davam etdiyi üçün məhkəməyə gələ bilmir və məhkəmənin onun iştirakı olmadan keçirilməsini xahiş edir. Məhkəmə tərəfindən işin halları müəyyən edilərkən aşağıdakı sübutlara istinad olunmuşdur. İşdə olan Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-7843/2016 saylı, xx.xx.2016-cı il tarixli qətnaməsindən görünür ki, həmin qətnamə ilə Cavabdeh ilə X6 arasında xx.xx.2013cü il tarixdə Quba rayon Qeydiyyat şöbəsində bağlanmış 339 nömrəli akt qeydli nikahın pozulması, birgə nikahdan anadan olmuş olan xx.xx.2014-cü il təvəllüdlü X1 ananın X3 yanında qalması, Cavabdeh iddiaçı X3 xeyrinə xx.xx.2014-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2016-cı il tarixdən başlayaraq, hər ay 117 (yüz on yeddi) manat və xx.xx.2014-cü il təvəllüdlü X2 03 (üç) yaşı tamam olanadək 20 (iyirmi) manat sabit pul məbləğində aliment tutulması qət edilmişdir. İşdə olan AZ-İ 319045 saylı nikahın pozulması haqqında şəhadətnamənin notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, X6 ilə Cavabdeh arasında olan nikah ləğv edilmişdir və bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında 78 nömrə ilə qeyd edilmişdir. Tərəflərin birgə nikahından xx.xx.2014-cü il təvəllüdlü X4 anadan olmuşdur. (iş materiallarına əlavə olunmuş AZ-İİİ 368702 saylı doğum haqqında şəhadətnamənin surətlərinə əsasən) İşdə olan ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, İddiaçı ilkin məcburi mediasiya sessiyası üçün 50 (əlli) manat məbləğində mediasiya xərci ödəmişdir. Elektron məhkəmə informasiya sistemindən əldə edilmiş gəlir məlumatlarından görünür ki, Cavabdeh 446.63 manat pensiya alır. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: - 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. - 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə əsasən uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifəsidir. Göründüyü kimi, qanunverici uşaqların saxlanmasını, onların maddi-məişət tələbatının ödənilməsini uşaqla birgə yaşayıb-yaşamamasından asılı olmayaraq uşağın hər iki valideyninin üzərinə bir vəzifə olaraq qoymuşdur. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli qərarında göstərilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minumumu haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən, 2023-cü il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-7843/2016 saylı 19 dekabr 2016-cı il tarixli qətnaməsi ilə alimentin miqdarı müəyyən edildikdən sonra, yaşayış minimumu haqqında qanunvericiliyin tələbləri dəyişmiş və uşaqların saxlanılması üçün tələb olunan məbləğ artmışdır. Məhkəmə cavabdehin hazırda subay olmaqla yenidən nikaha daxil olmadığını, himayəsində başqa övladı olmadığını, 2023-cü il üçün yaşayış minimumunu və uşağın tələbatlarını nəzərə alaraq hesab edir ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-7843/2016 saylı 19 dekabr 2016-cı il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləği dəyişdirilərək, hər ay 220 manat məbləğində müəyyən edilməlidir. Məhkəmə onu da qeyd edir ki, cavabdeh iddiaya etiraz ərizəsində daimi olaraq xəstəxanada müalicə aldığını, bununla əlaqədar aylıq xərclərinin çox olduğunu bildirsə də, etirazına bununla bağlı hər hansı sübut əlavə etməmişdir. Eyni zamanda məhkəmə hesab edir ki, cavabdehin hansısa kredit təşkilatlarına borclu olması onun övladının saxlanılması üçün müəyyən edilmiş alimentin məbləğinin artırılmamasına əsas ola bilməz. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə görə aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda qeyd edilən qərarında həmçinin göstərilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Bu səbəbdən məhkəmə hesab edir ki, hazırki iş üzrə alimentin artırılmış məbləğinin tutulmasının əvvəli qətnamə qanuni qüvvəsini aldığı gündən hesablanmalıdır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-1-ci maddəsinə görə “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 36.5-ci maddəsinə əsasən “mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. İş materiallarında olan ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, İddiaçı ilkin mediasiya sessiyasında iştirak etmiş və ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 50 manat məbləğində mediasiya xərci ödəmişdir. Cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməmişdir. Məhkəmə qeyd edir ki, iddia təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş 50 manat mediasiya xərci Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında təqdim olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-7843/2016 saylı 19 dekabr 2016-cı il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək, xx.xx.2014-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanması üçün Cavabdeh hər ay 220 (iki yüz iyirmi) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. Miqdarı dəyişdirilmiş alimentin tutulması qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablansın. Cavabdeh 50 (əlli) manat ödənilmiş mediasiya xərci tutularaq İddiaçı ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Tanrıverdiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar