Məhkəmə qərarları › İş №2(060)-2872/2025

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-2872/2025

01.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-2872/2025 01.05.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X2 Behbudovanın sədrliyi ilə, İddiaçı “X1” ASC-nin Cavabdeh qarşı “pul” tələbi barədə kiçik iddiaya dair işə sadələşdirilmiş qaydada baxaraq Müəyyənetdi: İddiaçı “X1” ASC Cavabdeh qarşı “pul” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tələbini onunla əsaslandırmışdır ki, “X1” ASC ilə cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli kredit müqaviləsinə əsasən cavabdehə istehlak məqsədləri üçün 36 ay müddətinə, illik 28,75% ödəmək şərtilə 4000 manat məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin 1.1.-ci maddəsinə görə bu müqaviləyə görə borcverən qeyd olunan məbləğdə və faizlə krediti borcalanın mülkiyyətinə verir və borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürmüşdür. Lakin cavabdeh müqavilənin bu şərtini pozaraq dövri olaraq ödəməli olduğu kreditinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Nəticədə cavabdehin kredit müqaviləsi üzrə 05 mart 2025-ci il, çərşənbə tarixinə “X1” ASC-yə 2360,85 manat əsas, 172,57 manat faiz, 50,74 manat cərimə, 0 manat komisyon haqqı borcu olmaqla, cəmi 2584,16 manat borcu yaranmışdır. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmişdir və kreditor “X1” ASC öz tələbinin məhkəmə yolu ilə həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət edərək bu hüququndan istifadə etmək qərarına gəlmişdir. İddiaçı iddia ərizəsini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 442, 445.1 və 445.2.1-ci maddələri ilə əsaslandıraraq, Cavabdeh iddiaçı "xxxx" KB ASC-nin xeyrinə 2360,85 manat əsas, 172,57 manat faiz, 50,74 manat cərimə, 0 manat komisyon haqqı borcu olmaqla, cəmi 2584,16 manat borcun və dövlət rüsumu olaraq ödənilmiş 46,25 manat məbləğində vəsaitin tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdehin iddiaçının tələbinə dair etirazı məhkəməyə daxil olmamışdır. Məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən əsaslı olduğu üçün qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan "xxxx" KB ASC ilə Cavabdeh arasında bağlanmış 03 fevral 2023-cü il tarixli ərizə və onun ayrılmaz tərkib hissəsi olan Ümumi Oferta müqaviləsinə əsasən məlum olur ki, cavabdehə istehlak məqsədləri üçün 36 ay müddətinə, illik 28,75% ödəmək şərtilə 4000 manat məbləğində kredit xətti açılmışdır. İş materiallarında olan "xxxx" KB ASC tərəfindən verilmiş 05 mart 2025-ci il tarixli Bank/PİKMD/1264279 nömrəli maliyyə arayışından görünür ki, Cavabdeh "xxxx" KB ASCyə 2360,85 manat əsas, 172,57 manat faiz, 50,74 manat cərimə, 0 manat komisyon haqqı borcu olmaqla, cəmi 2584,16 manat borcu vardır. İş materiallarında olan "xxxx" KB ASC-nin Cavabdeh ünvanladığı bildirişə əsasən məlum olur ki, bank, cavabdehə 14 yanvar 2025-ci il tarixinə 2360,85 manat əsas, 75,98 manat faiz borcu, 16,08 manat cərimə borcu olmaqla, cəmi 2452,91 manat məbləğində yaranmış borcun 3 iş günü ərzində ödənilməsini, aralarındakı bağlanan kredit müqaviləsini 3 iş günü müddətində ləğv etməyi təklif etmiş, əks təqdirdə vaxtından əvvəl olaraq borc məbləğinin ödənilməsi ilə əlaqədar məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra bu məcəllənin müddəlarına istinad olunacaq) 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs başqa şəxsin xeyrinə müəyyən hərəkəti etməlidir və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. (maddə 386.1) Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. (maddə 739.1) Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. (maddə 739.2) Öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bü cür dövr ərzində istənilən an icra edilməlidir. (maddə 427.3) Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi başa düşülür. (maddə 442) Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsində daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin maddənin 2-ci bəndinə əsasən isə borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır.(maddə 448.1) Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. (maddə 445.2.1) Özgə vəsaitindən istifadə üçün faizlər, əgər bu Məcəllədə və ya müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. (maddə 449.4) Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə təmin edə bilər. (maddə 449.1) Qeyd edilən maddi hüquq normalarına və işdə olan sübutlara əsaslanaraq, məhkəmə hesab edir ki, iddia tələbi əsas borcun tutulması hissəsində əsaslı olduğundan, Cavabdeh 03 fevral 2023-cü il tarixli ərizə və onun ayrılmaz tərkib hissəsi olan Ümumi Oferta müqaviləsinə əsasən 2360,85 manat əsas borc tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə iddia tələbinin faiz və cərimə hissəsinə münasibətdə qeyd edir ki, iddiaçının iddia tələbində qeyd etdiyi məbləğdə, yəni 172,57 manat faiz, 50,74 manat cərimə borcunun tutulması əsaslı hesab edilə bilməz. Belə ki, iddiaçı cavabdehə 14 yanvar 2025ci il tarixdə pretenziya məktubu göndərərək ondan müqavilə üzrə bütün borcları tələb etmişdir. Bununla da, iddiaçı cəmiyyət tərəfindən müqavilə birtərəfli qaydada ləğv edilmişdir. Həmin tarixdən sonra hesablanan faiz və cərimə borcu cavabdeh tərəfindən öhdəlik kimi qəbul edilə və tutula bilməz. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2023-cü il tarixli qərarından da görünür ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır. Bundan başqa, müqavilənin ləğv edilməsi ilə tərəflərin yalnız həmin müqavilənin ləğv edilməsinədək yaranmış öhdəliklərin icrasını, yaxud müqavilə öhdəliyinin icrasının pozulmasından irəli gələn zərəri, o cümlədən əldən çıxmış faydanı tələb etmək hüququ tanınmalıdır. Həmin qərara əsasən məhkəmə hesab edir ki, iddiaçı 14 yanvar 2025-ci il tarixli bildirişlə müqavilənin ləğv edilməsi üçün məhkəmədən kənar qaydada birtərəfli iradə ifadəsini göstərdiyindən, bununla da iradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə birtərəfli qaydada ləğv edilmiş hesab edilməli və iddiaçının həmin tarixədək yaranmış olan öhdəliklərin cavandehdən icrasını tələb etmək hüququ tanınmalıdır. Beləliklə, məhkəmə yuxarıda qeyd edilən maddi hüquq normalarına əsaslanaraq, mülki işdə olan sübutları qiymətləndirərək, belə qənaətə gəlir ki, Cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirmədiyindən və bu fakt iş materialları ilə sübut olunduğundan, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 03 fevral 2023-cü il tarixli ərizə və onun ayrılmaz tərkib hissəsi olan Ümumi Oferta müqaviləsinə əsasən 2360,85 manat əsas, 75,98 manat faiz borcu, 16,08 manat cərimə borcu olmaqla, cəmi 2452,91 manat məbləğində pul vəsaiti tutularaq, iddiaçıya ödənilməlidir. Hazırki iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdeh 03 fevral 2023-cü il tarixli ərizə və onun ayrılmaz tərkib hissəsi olan Ümumi Oferta müqaviləsinə əsasən 2360,85 manat əsas, 75,98 manat faiz borcu, 16,08 manat cərimə borcu olmaqla, cəmi 2452,91 manat məbləğində pul vəsaiti iddiaçı "xxxx" KB ASCnin xeyrinə tutulsun. İddia qismən təmin edildiyi üçün iddiaçı tərəfindən ödənilmiş 46,25 manat dövlət rüsumunun 95%, yəni 44 manat cavabdehdən tutularaq iddiaçıya ödənilsin, qalan 5 %, yəni 2,25 manat iddiaçıya aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aynur Behbudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar