Məhkəmə qərarları › İş №2(060)-2878/2023

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-2878/2023

16.05.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-2878/2023 16.05.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Elmir Xoşbəxt oğlunun sədrliyi, Rüstəmli Aytən Kamil qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin miqdarının dəyişdirilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, Sumqayıt şəhər məhkəməsinin 26.01,2018-ci il tarixli qətnaməsi ilə qət edilmiş alimentin artırılaraq Cavabdeh xx.xx.2013-cü il təvəllüdlü oğlu X3 və xx.xx.2014-cü il təvəllüdlü qızı X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa 250 manat olmaqla 2 uşağa görə 500 manat sabit pul məbləğində alimentin tutulması barədə qətnamə qət edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(060)-366/2018 saylı qətnaməsi ilə iddiaçının Cavabdeh nikahın pozulması və aliment tələbinə dair iddiası qismən təmin edilərək aralarındakı nikah pozulmuş və borcludan xx.xx.2013-cü il təvəllüdlü oğlu X3 və xx.xx.2014-cü il təvəllüdlü qızı X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa 136 manat olmaqla 2 uşağa görə 272 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Qətnamədən sonra Respublika üzrə 1 uşağın saxlanılması minimumunda artımlar olmuş və məhkəmənin qət etdiyi məbləğ uşağın maddi tələbatlarını ödəmir. Cavabdeh valideyn kimi uşaqların bütün maddi xərclərinin və tələblərinin ödənilməsində iştirak etməlidir. Cavabdeh fərdi işlərdə işləyir,qazanc və gəlirə malikdir, buna görə də alimentin sabit pul məbləğində, hər ay hər uşaq üçün 250 manat olmaqla 2 uşağa görə 500 manat sabit pul məbləğində müəyyən edilməsini məqsədə uyğun bilir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi, iddia tələbinin təmin edilməsi barədə qətnamə qət edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq cavabdeh məhkəmə iclasına gəlməmiş, məhkəmə iclasına gəlməməyinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda məhkəmə MPM-nin 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etməyərək, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(060)-366/2018 saylı qətnaməsi ilə müəyyən edilmiş alimenti çətinliklə ödədiyini bildirmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq və iş üzrə sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-366/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsi ilə Cavabdeh ilə X8 arasında xx.xx.2013-cü il tarixdə Sumqayıt şəhər Qeydiyyat şöbəsində bağlanmış 417 nömrəli nikahın pozulması. xx.xx.2013-cü il təvəllüdlü X3 və xx.xx.2014-cü il təvəllüdlü X2 anaları X4 himayəsinə verilməsi və onların yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa görə 136 manat olmaqla, cəmi 272 manat sabit pul məbləğində alimentin X5 xeyrinə tutulması və alimentin tutulmasının əvvəlinin xx.xx.2017-ci il tarixdən hesablanması qət edilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-724/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsindən görünür ki, İddiaçı Cavabdeh qarşı sabit pul məbləğinədə müəyyən edilmiş aliment miqdarının artırılması tələbinə dair iddia tələbi rədd edilmişdir. Doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, xx.xx.2013-cü il təvəllüdlü X3 və xx.xx.2014-cü il təvəllüdlü X2 atası Cavabdeh, anası İddiaçıdır. xx.xx.2023-cü il tarixli, №- MŞB/MT030/2023-00150 saylı ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayışdan görünür ki, hər iki tərəf mediasiya sessiyasında iştirak etmiş, lakin prosesin davam etdirilməsi barədə qərar qəbl etməmişlər. İddiaçı ilkin mediasiya sessiyasında iştirak edərək ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 50 manat məbləğində mediasiya xərcini ödəmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, Cavabdeh və İddiaçı arasında xx.xx.2013-cü il tarixində nikaha daxil olaraq ailə qurmuşdur. Onların xx.xx.2013cü il təvəllüdlü X7 və xx.xx.2014-cü il təvəllüdlü X6 adlı övladları vardır. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-366/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsi ilə Cavabdeh ilə X8 arasında xx.xx.2013-cü il tarixdə Sumqayıt şəhər Qeydiyyat şöbəsində bağlanmış 417 nömrəli nikahın pozulması. xx.xx.2013-cü il təvəllüdlü X3 və xx.xx.2014-cü il təvəllüdlü X2 anaları X4 himayəsinə verilməsi və onların yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa görə 136 manat olmaqla, cəmi 272 manat sabit pul məbləğində alimentin X5 xeyrinə tutulması və alimentin tutulmasının əvvəlinin xx.xx.2017-ci il tarixdən hesablanması qət edilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-724/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsindən görünür ki, İddiaçı Cavabdeh qarşı sabit pul məbləğinədə müəyyən edilmiş aliment miqdarının artırılması tələbinə dair iddia tələbi rədd edilmişdir. İddiaçı iddia tələbini müdafiə edir, cavabdeh iddia tələbini qəbul etmir. Azərbaycan Respublikasının Konstitusiyasının 34-cü maddəsinin İV bəndinə əsasən uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1. və 75.4. maddələrinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 112.1.-ci maddəsinin tələbində göstərilir ki, aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya alimenti ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Həmin Məcəllənin 78.1. maddəsinin tələbində göstərilir ki, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa və ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. İşin məhkəmə iclasında araşdırılan hallarına əsasən Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-366/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsinə əsasən müəyyən olunmuş aliment miqdarı hazırda xx.xx.2013-cü il təvəllüdlü X3 və xx.xx.2014-cü il təvəllüdlü X1 üçün kifayət etmir. Belə ki, onların böyüməsi ilə əlaqədar maddi tələbatları getdikcə artır, iddiaçı isə, övladlarının saxlanılmasında maddi baxımdan çətinlik çəkir. Bu halda məhkəmə hesab edir ki, iddiaçının marağı əhəmiyyətli dərəcədə pozulur. “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən yaşayış minimumu uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə görə, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Uşaq hüquqları haqqında” Konvensiyanın 27-ci maddəsinə görə, hər bir uşaq özünün fiziki, əqli, mənəvi, əxlaqi və sosial inkişafı üçün lazımi həyat səviyyəsi hüququna malikdir. Lazımi həyat səviyyəsinin təmin edilməsi üçün əsas məsuliyyəti valideynlər daşıyır. “Uşaq hüquqları haqqında” Konvensiyanın 5-ci maddəsinə əsasən, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 78.2.-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Məhkəmə, qanunun qeyd edilən tələblərini rəhbər tutub məhkəmə iclasında tədqiq edilən sübutları qiymətləndirərək, yetkinlik yaşına çatmayan uşaqların mənafeyini, həmçinin onun əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanmasının zəruriliyini, eləcə də, tərəflərin diqqətəlayiq maraqlarını nəzərə alaraq, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- 366/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsi ilə cavabdehdən tutulan alimentin miqdarı dəyişdirilməli, xx.xx.2013-cü il təvəllüdlü X3 və xx.xx.2014-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün 200 manat olmaqla ümumilikdə 400 manat sabit pul məbləğində aliment cavabdehdən alınaraq İddiaçı verilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2.-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4.-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360cı maddələrini rəhbər tutaraq, məhkəmə, qət etdi: İddia tələbi qismən təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-366/2018 saylı, 26 yanvar 2018-ci il tarixli qətnaməsi ilə cavabdehdən tutulan alimentin miqdarı dəyişdirilərək, Cavabdeh xx.xx.2013-cü il təvəllüdlü X3 və xx.xx.2014-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək hər ay hər uşaq üçün 200 manat olmaqla cəmi 400 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elmir Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar