Məhkəmə qərarları › İş №2(060)-2879/2024

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-2879/2024

05.06.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-2879/2024 05.06.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Behbudova Aynur Mirzalı qızının sədrliyi, Həsənli Mehriban Hüseyn qızının katibliyi, İddiaçı iştirakları ilə, İddiaçı Cavabdeh qarşı alimentin artırılması və əlavə xərclərin ödənilməsi tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-7161/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə Cavabdeh birgə nikahdan anadan olmuş övladları – xx.xx.2017-ci il təvəllüdlü X6 və xx.xx.2020-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün onun xeyrinə tutulan alimentin məbləği artırılaraq hazırki yaşayış minimumuna uyğun olaraq hər ay hər uşaq üçün 235 manat olmaqla, ümumillikdə 470 manat məbləğində müəyyən edilməsi, cavabdehlə birgə nikahlarından olan övladları – xx.xx.2017-ci il təvəllüdlü X6 və xx.xx.2020-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün 235 manat olmaqla, ümumillikdə 270 manat məbləğində alimentin Cavabdeh tutularaq ona ödənilməsi, cavabdehlə birgə nikahlarından olan xx.xx.2020-ci il təvəllüdlü X1 olan problemlərə və müalicəsinə çəkilən xərcə görə əlavə hər ay 100 manat məbləğində əlavə alimentin tutularaq ona ödənilməsi, bu artırmanın və əlavə alimentin ödənilməsinin məhkəməyə müraciət edildiyi gündən hesablanması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmədən Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-7161/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə Cavabdeh birgə nikahdan anadan olmuş övladları – xx.xx.2017-ci il təvəllüdlü X6 və xx.xx.2020-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün onun xeyrinə tutulan alimentin məbləği artırılaraq hazırki yaşayış minimumuna uyğun olaraq hər ay hər uşaq üçün 235 manat olmaqla, ümumillikdə 470 manat məbləğində müəyyən edilməsi, cavabdehlə birgə nikahlarından olan övladları – xx.xx.2017-ci il təvəllüdlü X6 və xx.xx.2020-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün 235 manat olmaqla, ümumillikdə 470 manat məbləğində alimentin Cavabdeh tutularaq ona ödənilməsi, cavabdehlə birgə nikahlarından olan xx.xx.2020-ci il təvəllüdlü X1 olan problemlərə və müalicəsinə çəkilən xərcə görə əlavə hər ay 100 manat məbləğində əlavə alimentin tutularaq ona ödənilməsi, bu artırmanın və əlavə alimentin ödənilməsinin məhkəməyə müraciət edildiyi gündən hesablanması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, o, İddiaçı xx.xx.1994-cü il tarixdə anadan olmuşdur. O, 16 mart 2017-ci ildə xx.xx.1992-ci il təvəllüdlü Cavabdeh ilə nikaha daxil olmuşdur. Bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 2017-ci ilin mart ayının 16-cı günündə 638 nömrə ilə qeyd edilmişdir. Onların birgə nikahdan olan münasibətlərindən 2 övladları - xx.xx.2017-ci il təvəllüdlü X6 və xx.xx.2020-ci il təvəllüdlü X5 anadan olmuşdur. İlk vaxtlar onların ailə münasibətləri yaxşı olsa da, sonradan münasibətləri pisləşməyə başlamışdır. Hal-hazırda isə aralarındakı bütün münasibətlər çox pisdir. Ayrı yaşayırlar. Övladları isə onun himayəsindədir. Övladlarının bütün xərclərini o, təkbaşına qarşılamışdır. Cavabdeh tərəf onların xərcləri və sairə ilə maraqlanmamışdır. Faktiki olaraq ailə münasibətləri bitmişdir. Ailə münasibətlərinin bərpası imkansızdır. Eyni zamanda qeyd etmək istəyir ki, övladları azyaşlıdır. Ona çox bağlıdırlar. Onlarn ana qayğısı və nəvazişinə ehtiyacları olduğu üçün faktiki münasibətləri bitdikdən sonra da övladları onunla qalmağa davam etmişdir. Hal-hazırda da o, övladları ilə birlikdə yaşayır. Qarşı tərəf onlarla və onunla maraqlanmamışdır. Həmçinin nəzərə çatdırır ki, qarşı tərəfin rəsmi iş yeri vardır. Rəsmi maaşı olmasına baxmayaraq onların xərclərinin qarşılanması üçün heç bir şey etməmişdir. Bu səbəblərdən dolayı o, Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2017-ci il təvəllüdlü X6 və xx.xx.2020-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər birinə 193 manat məbləğində olmaqla, ümumillikdə 386 manat məbləğində alimentin hər ay tutularaq ona ödənilməsi və Cavabdeh xx.xx.2020-ci il təvəllüdlü X2 3 yaşı olanadək, yəni xx.xx.2023-cü il tarixinədək onun saxlanılmağı üçün 100 manat məbləğində alimentin hər ay tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Nəticədə, Şəhər Məhkəməsinin 2(060)-7161/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmişdir. Şəhər Məhkəməsinin 2(060)-7161/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə xx.xx.2022-ci il tarixdən başlayaraq Cavabdeh xx.xx.2017-ci il təvəllüdlü X6 və xx.xx.2020-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə 193 manat olmaqla, cəmi 386 (üç yüz səksən altı) manat sabit pul məbləğində aliment və xx.xx.2020-ci il təvəllüdlü X2 3 yaşına çatanadək ananın yanında saxlanması üçün hər ay 100 (bir yüz) manat məbləğində alimentin onun xeyrinə tutulması qət edilmişdir. Lakin qeyd etmək istəyir ki, müəyyən edilən bu aliment hazırki şəraitdə övladının saxlanması üçün olan ehtiyacı ödəməyə kifayət etmir. Övladı təhsil aldığı üçün onun əlavə xərcləri yaranır. Bu xərcləri hazırda müəyyənləşmiş aliment məbləği ilə ödəmək mümkün olmur. Bundan başqa qeyd etdiyi aliment məbləğinin təyin edilməsindən artıq çox uzun müddət keçmişdir. Bu zaman müddətində isə bir çox məhsulların qiymətində bahalaşmalar olmuşdur. Bu da hazırda uşağın müəyyənləşmiş alimentlə saxlanmasına çətinlik yaradır. Həmçinin qeyd etmək istəyir ki, cavabdeh övladlarının saxlanması üçün əlavə heç bir yardım göstərmir. Buna görə də hazırda aliment məbləğinin artırılmasına ehtiyac yaranmışdır. “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, yaşayış minimumu uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. 2024-cü il üçün müəyyən edilmiş uşaqlar üçün yaşayış minimumuna uyğun olaraq cavabdehdən hər ay hər uşaq üçün 235 manat məbləğində alimentin tutularaq ona ödənilməsinə dair qətnamə qəbul edilməlidir. Bundan başqa qeyd edir ki, 2 övladlarından biri - xx.xx.2020-ci il təvəllüdlü X1 ciddi problemlər olduğu üçün müalicə almaqdadır. Bu müalicə üçün o, hər ay xərc çəkməli olur. Lakin cavabdeh bu xərclərin birgə ödənilməsində iştirak etmir. Ona heç bir köməklik göstərmir. Həmçinin oğlu onun himayəsindədir. Buna görə də onların maddi vəziyyəti daha da ağırlaşır. Qarşı tərəfin yardımının olmamasına görə o, bu barədə də məhkəməyə müraciət etməyi qərarlaşdırmışdır. Övladında olan xəstəliyi xx.xx.2023-cü il tarixli “Parlat nitq və psixoloji İnkişaf mərkəzi”-nin arayışı da tam olaraq sübut edir. Burada övladının müalicə aldığı qeyd edilmişdir. Lakin qarşı tərəf bu müalicə üçün çəkilən xərclərdə ona yardım etmir. Bu məsələ qanunvericilikdə də tənzimlənir. Qanunvericilikdə olan maddələrə əsaslanaraq hesab edir ki, cavabdehdən hər ay xx.xx.2020-ci il təvəllüdlü X1 olan problemlərə və müalicəsinə çəkilən xərcə görə əlavə olaraq 100 manat məbləğində alimentin tutulması ilə bağlı qətnamə qəbul edilməlidir. Düşünür ki, qeyd etdiyi arayış, övladının müalicə alması və çəkilən xərclərdə cavabdehin iştirak etməməsi qeyd edilənlərə əsasdır. Məhkəmə iclasında iddiaçı iddia tələbini müdafiə edərək bildirdi ki, cavabdeh Azərsunda işləyir. 1000 manat əmək haqqı alır. Cavabdehlə ələqəsi yoxdur. O, özü işləmir. Cavabdeh uşaq ilə görüşmür. Əlaqəsi yoxdur. Aliment borcu yoxdur. Hər ay vaxylıvaxtında ödəyir. Əmək haqqından 386 manat tutulma olur. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada məlumatlandırılmışdır. Ona göndərilmiş məhkəmə bildirişi “bu ünvanda yaşamır” qeydi ilə məhkəməyə geri qaytarılmışdır. Eyni zamanda SMS xəbərdarlıq cavabdehə çatdırılmışdır. Lakin Cavabdeh məhkəmə iclasında iştirak etməmiş, etiraz və mülahizələrini məhkəməyə göndərməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən Cavabdeh iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmə, iddiaçının izahatını dinləyərək, iş materiallarını araşdıraraq və iş üzrə sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - Sumqayıt “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİ seriyalı, 179530 nömrəli nikah haqqında şəhadnətnamənin surətindən görünür ki, Cavabdeh ilə X4 arasında xx.xx.2017-ci il tarixdə nikah bağlanmışdır. Bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 2017-ci ilin mart ayının 16-cı günündə 638 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə Mahmudlu, arvada Mahmudlu soyadı verilmişdir. - AZ-İV seriyalı, 046972 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X6 xx.xx.2017-ci il tarixdə Sumqayıt şəhərində anadan olmuş, atası Cavabdeh, anası İddiaçıdır. - AZ-İV seriyalı, 395273 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X5 xx.xx.2020-ci il tarixdə Sumqayıt şəhərində anadan olmuş, atası Cavabdeh, anası İddiaçıdır. - İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, xx.xx.2023-cü il tarixində, saat 09:30-da keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sessiyasında Cavabdeh bildiriş və SMS göndərilmiş, lakin tərəf İMS-də iştirak etməmişdir. İddiaçı ilkin mediasiya sessiyasında iştirak etmiş və ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 50 manat məbləğində mediasiya xərci ödəmişdir. - Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-7161/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən görünür ki, iddianın təmin edilməsi, xx.xx.2022-ci il tarixdən başlayaraq Cavabdeh xx.xx.2017-ci il təvəllüdlü X6 və xx.xx.2020-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə 193 manat olmaqla, cəmi 386 (üç yüz səksən altı) manat sabit pul məbləğində alimentin və xx.xx.2020-ci il təvəllüdlü X2 3 yaşına çatanadək ananın saxlanılması üçün hər ay 100 (bir yüz) manat məbləğində alimentin İddiaçı xeyrinə tutulması, məhkəmə qətnaməsinin dərhal icra olunması, iş üzrə ödənilmiş dövlət rüsumunun nəzərə alınması qət edilmişdir. - xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, X5 “Parlaq Nitq və X3” psixoloq və erqoterapiya seanslarında iştirak edir. - Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilmiş çıxarışdan görünür ki, Cavabdeh «X8 Su Təchizatı Xidməti» X10 “Nəzarət ölçü cihazları və avtomatika üzrə çilingər” vəzifəsində işləyir və əmək haqqı 1043 manat təşkil edir. Beləliklə, araşdırma zamanı müəyyən olunmuşdur ki, tərəflər xx.xx.2017-ci il tarixdə nikah bağlamışlar. Bu nikahdan iki uşaq dünyaya gəlmişdir. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə atadan aliment tutulmuşdur. İddiaçı işləmir, cavabdeh isə X8 Su Təchizatı Xidməti» X10 “Nəzarət ölçü cihazları və avtomatika üzrə çilingər” vəzifəsində işləyir və əmək haqqı 1043 manat təşkil edir. Məhkəmə iddia ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikasının Konstitusiyasının 34-cü maddəsinin İV bəndinə əsasən uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1-ci və 75.4-cü maddələrinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 112.1-ci maddəsinin tələbində göstərilir ki, aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya alimenti ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Həmin Məcəllənin 78.1-ci maddəsinin tələbində göstərilir ki, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa və ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. İşin məhkəmə iclasında araşdırılan hallarına əsasən Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-7161/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən müəyyən olunmuş aliment miqdarı hazırda uşaqların saxlanılması üçün kifayət etmir. Belə ki, uşaqların böyüməsi ilə əlaqədar onların maddi tələbatları getdikcə artır, iddiaçı isə, övladlarını saxlamaqda maddi baxımdan çətinlik çəkir. Bu halda məhkəmə hesab edir ki, iddiaçının marağı əhəmiyyətli dərəcədə pozulur. Məhkəmə hesab edir ki, alimentin məbləği artırılarkən cavabdehin artırılmış məbləğdə aliment ödəmək iqtidarında olub-olmaması, onun davamlı olaraq ödənilməsi nəzərə alınmalıdır. Alimentin məbləğinin yüksək həddə müəyyən edilməsi, aliment məbləğinin hər ay ödənilməsi zəruri olması baxımından, təqdim edilmiş sübutlara mütənasib olmaqla ağlabatan olmalıdır. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə görə, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Uşaq hüquqları haqqında” Konvensiyanın 27-ci maddəsinə görə, hər bir uşaq özünün fiziki, əqli, mənəvi, əxlaqi və sosial inkişafı üçün lazımi həyat səviyyəsi hüququna malikdir. Lazımi həyat səviyyəsinin təmin edilməsi üçün əsas məsuliyyəti valideynlər daşıyır. “Uşaq hüquqları haqqında” Konvensiyanın 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən 2024-cü il uşaqlar üçün yaşayış minimumu 235 manat məbləğində müəyyən edilmişdir. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 27 iyul 2016-cı il tarixli qərarında göstərilmişdir ki, nikahın pozulması ilə əlaqədar uşağın valideynlərindən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi yaşayış minimumunun müəyyən edən qanunvercilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas ola bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatını ödəmək vəzifəsindən azad etmir. Qeyd olunan qərarında məhkəmə sonda belə nəticəyə gəlmişdir ki, aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2-ci və 78.2-ci maddələrinə, bu qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə da qiymət verilməlidir. Bu qərarın birinci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Həmin Qərarda məhkəmələrə izah edilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Beləliklə, məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək, sadalanan maddi hüquq normalarına əsaslanaraq və həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə hesab edir ki, iddia qismən təmin olunmalı, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-7161/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarı dəyişdirilməli, cavabdehdən hazırki qətnamə qanuni qüvvəyə mindiyi gündən başlayaraq hər ay hər uşağa görə 220 manat olmaqla, cəmi 440 manat sabit pul məbləğində aliment tutulub iddiaçıya verilməlidir. Belə ki, məhkəmə, qanunun qeyd edilən tələblərini rəhbər tutub məhkəmə iclasında tədqiq edilən sübutları qiymətləndirərək, yetkinlik yaşına çatmayan uşaqların mənafeyini, həmçinin onların əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanmasının zəruriliyini eləcə də, tərəflərin diqqətəlayiq maraqlarını nəzərə alır. O ki, qaldı iddiaçının digər, yəni “uşağın xəstəliyi ilə bağlı əlavə xərclərə cəlb edilməklə 100 manat pulun tutulması” tələbinə, məhkəmə bildirir ki, tərəf hazırda uşağın hər hansı xəstəlikdən əziyyət çəkməsi, xəstəliyin mövcudluğu halında isə ağırlıq dərəcəsinə görə mütəmadi terapiv müalicələr alması, xəstəliyin davamlı xarakter daşıması, müalicəsinin mütəmadəliyi, müalicələrin aparıldığı təqdirdə xərcləri təsdiq edən hər hansı bir subutu məhkəməyə təqdim edə bilməmişdir. Məhkəməyə təqdim olunan arayış isə müalicələrin mütəmadiliyini, davamlı xarakterli olmaqla konkret məbləğlərdə xərc tələb etməsini sübuta yetirmir. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia bu hissədə təmin oluna bilməz. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 81.1-ci maddəsinə əsasən alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, şikəst olan uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. Həmin Məcəllənin 81.2-ci maddəsinə əsasən valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur. AR MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi dövlət rüsumu ödənilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə - iddiaçılar dövlət rüsumundan azad edilir. Azərbaycan Respublikası MPM-nin 112.1.3-cü maddəsinə əsasən iddianın qiyməti aliment alınması haqqındakı iddialarda—bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Məhkəmə qeyd edir ki, bir il ərzində alimentin artırılmış hissənin ödənilməli məcmu məbləği 648 manat olduğu üçün qanunvericiliyin tələbinə əsasən 30 manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. AR MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bu Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və AR MPM-nin 216-220 maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia tələbi qismən təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-7161/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarı dəyişdirilsin, Cavabdeh hazırki qətnamə qanuni qüvvəyə mindiyi gündən başlayaraq xx.xx.2017-ci il təvəllüdlü X6 və xx.xx.2020-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər bir uşağa görə 220 manat olmaqla, cəmi 440 manat sabit pul məbləğində aliment tutulub İddiaçı verilsin. İddia qalan hissədə təmin olunmasın. İddianın verilməsinə görə 30 manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aynur Behbudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar