Məhkəmə qərarları › İş №2(060)-2882/2022

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-2882/2022

16.08.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-2882/2022 16.08.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Ələkbərov Əfqan Qəzənfər oğlunun sədrliyi, Məmmədli Rəşad Mehman oğlunun katibliyi ilə, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 770 manat pul və ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, cəmi 800 manat pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, o, 2020-ci ilin mart ayının əvvəllərində xx.xx.2020-ci il tarixdə Türkiyə Respublikasının hava yolları üzərindən Almaniya Federativ Respublikasına getmək üçün ünvan 1 ünvanında yerləşən travel şirkətindən bilet almışdır. Biletin qiyməti 970 manat olmuşdur. Lakin koronovirus pandemiyası ilə əlaqədar olaraq uçuş baş tutmamış, 2020-ci ilin may ayında Türkiyə hava yollarından ona mesaj gələrək uçuş baş tutmadığı üçün onun ödədiyi məbləği geri ala biləcəyi bildirilmişdir. Bundan sonra o, Travel şirkəti ilə əlaqə saxlamışdır. Oradan hələlik pulun tam həcmdə geri qaytarılma prosesinin olmadığını, yalnız hava yolları açıldıqdan sonra bu məsələyə baxılacağı bildirilmişdir. Belə ki, Travel şirkətinin rəsmisi Cavabdeh ödənilən 970 manatdan yalnız 200 manatı qaytarmış, qalan pulu isə qaytaracağına söz versə də bu günə qədər qaytarmamışdır. Bu xüsusatlarla bağlı o, Sumqayıt şəhər Polis idarəsinə ərizə ilə müraciət etsə də ona mülki qaydada məhkəməyə müraciət etmək tövsiyə olunmuş və o, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Hal-hazırda cavabdehin ona borcu 770 manat təşkil edir. Bu barədə öz xətti ilə qəbz yazaraq ona olan borcundan 200 manat qaytardığını öz imzası ilə təsdiq etmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək, iddia ərizəsində göstərilənlərə uyğun eyni məzmunlu izahat verib, məhkəmədən iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında cavabdeh iddianı qəbul etmədiyini, iddiaçının ona qarşı olan iddiasının əsassız olduğunu bildirdi. O, həmçinin qeyd etdi ki, Unikal adlı səyahət şirkətinin subagenti kimi fəaliyyət göstərdiyi zaman iddiaçı Azərbaycan-Türkiyə-Almaniya marşrutu üzrə bilet almaq üçün ofisə yaxınlaşmışdır. İddiaçı “online” ödəniş edərək “online” qaydada Unikal Traveldən bilet əldə etmişdir. Daha sonra pandemiya başladığı üçün bütün yollar bağlandığından uçuş həyata keçirilməmişdir. İddiaçı şirkətə məlumat vermədən X6 müraciət edərək biletini ləğv etmişdir. O, da öz növbəsində iddiaçının iddia etdiyi 970 manat pulu iki dəfə olmaqla 200 və 770 manat ödəmişdir. Həmin pulu ödəyərkən iddiaçıya qəbz yazdırmış və imzalatmışdır. Həmçinin həmin qəbzi o, özü də imzalamışdır. İddiaçı pulu ondan alarkən yanlarında hal şahidi də olmuşdur. Ona görə də hesab edir ki, iddia əsassızdır. Müstəqil tələb irəli sürməyən İİİ şəxs “Unikal Travel” turizm agentliyi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Qanunvericiliyin tələbləri baxımından məhkəmə mülki işə müstəqil tələb irəli sürməyən İİİ şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid X2 ifadə verərək iddiaçının pandemiyadan əvvəl ofisə müraciət etdiyini, Azərbaycan-Türkiyə-Almaniya marşrutu üzrə bilet aldığını, daha sonra pandemiya başladığı üçün bütün yollar bağlandığından uçuşun həyata keçirilmədiyini, iddiaçının şirkətə məlumat vermədən X6 müraciət edərək bileti ləğv etdiyini, iddiaçı pulunu tələb etdikdə cavabdeh tərəfindən pulun “Unikal Travel” turizm agentliyindən alması bildirilmiş, lakin iddiaçı razılaşmadığından cavabdehin öz cibindən ona 970 manat pul verdiyini bildirdi. Məhkəmə, tərəflərin izahatını, şahidin ifadəsini dinləyərək, iş materiallarını araşdıraraq və iş üzrə sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - xx.xx.2021-ci il tarixli Sumqayıt ŞPİ-nin İŞ-nin baş müstəntiqi, polis kapitanı Xanlar Həsənlinin qərarından görünür ki, İddiaçı şikayəti əsasında yoxlama aparılmış, şikayətdə göstərilən xüsusatlar mülki xarakter daşıdığından bununla bağlı olaraq iddiaçıya aidiyyəti üzrə məhkəməyə müraciət etməsi izah olunaraq cinayət işinin başlanması rədd edilmişdir. - Həmin qərardan görünür ki, Cavabdeh izahatı alınmış, o, izahatında göstərmişdir ki, İddiaçı 2020-ci ilin mart ayında Almaniya FR-na getmək üçün onun işlədiyi X7 Yolları vasitəsi ilə aviabilet almış, onun biletini 30 mart tarixinə təyin etmişdir. Sevda bilet üçün ona nağd 970 manat pul vermiş, lakin həmin ərəfələr pandemiya ilə əlaqədar olaraq uçuşlar təxirə salındığından onun uçuşu baş tutmamış, onun pulunu artıq X6 ödəmiş və həmin biletdən qazancı 20 manat olmuşdur. Sonradan Sevda aviabiletin tarixini uzadıb başqa vaxta salmaq istəsə də lakin bugünədək Şengen ölkələrinə olan uçuşlar bərpa olunmadığından onun bileti öz istəyi ilə ləğv edilmişdir. Bundan sonra Sevda onun işlədiyi Travel şirkətinə gələrək aviabiletin ödənişini geri istəməyə başlamış, ona ödənişi Unikal Travel vasitəsi ilə etdiyini bildirib oradan ödənişi almadığını bildirmişdir. Sevda isə bu məsələnin ona aidiyyətinin olmadığını deyib ondan pulu tələb etməyə başlamış, o isə Unikal Travelə gedərək Sevdanın ödənişini tələb etmişdir. Onlar isə biletin təxirə salınmasında olan proseslərin başa çatmadığını bildirib pul sistemə oturduqdan sonra ala biləcəklərini demişdir. X3 200 manat pul aldıqdan sonra həmin pulu Sevdaya qaytarmış, həmin pulun Sevdaya qaytarılması ilə bağlı aralarında yazılı vərəq tərtib edib imzalar atmışlar. Bu məsələ xx.xx.2020-ci ildə baş tutmuşdur. Sonradan dəqiq xatırlamadığı vaxtda 770 manatını da qaytarmışdır. Bundan sonra aralarında pul məsələsi başa çatmışdır. Buna baxmayaraq Sevda arada onunla danışıb uçuşların baş tutub tutmadığını xəbər alaraq bilet almaq istədiyini demiş, o isə uçuşların bərpa olunmadığını demişdir. X4 aviabilet istəmiş, lakin əvvəlki biletin pulu ona gec qaytarıldığı üçün pulunu gec verəcəyini demiş, o isə onunla razılaşmamış, Sevda isə sonradan Travel Şirkətinə gələrək onunla sözlə mübahisə etmiş və onu polisə şikayət edəcəyi ilə hədələmişdir. - Yazılı iltizamın surətindən görünür ki, İddiaçı xx.xx.2020-ci ildə Cavabdeh onun aldığı biletin dəyəri olan 970 manatdan 200 manatını alması və Cavabdeh ona 770 manat borcunun olması barədə razılaşmanı İddiaçı və Cavabdeh imzalamışdırlar. - İddiaçı adına elektron biletdən görünür ki, o, xx.xx.2020-ci il tarixdə Bakı-İstanbul- Hannover marşrutu üzrə təyyarə bileti əldə etmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı subagent (ticarət nümayəndəsi) cavabdehdən 970 manat dəyərində təyyarə bileti almış, lakin pandemiya şəraitində uçuş baş tutmamış, sonra isə ləğv olunmuş və cavabdeh tərəfindən iddiaçıya 200 manat ödənilmişdir. İşin mübahisəli halı təyyarə biletinin kim tərəfindən ləğv olunması və 770 manat pulun qaytarılıb-qaytarılmamasıdır. Məhkəməyə sübut qismində təqdim olunan və tərəflərin həqiqiliyini təsdiqlədiyi və mübahisələndirmədikləri telefon danışıqlarının audioyazısından aydın olur ki, təyyarə biletini cavabdeh ləğv etdirmiş (015, 016 və 023 saylı səs yazıları), eyni zamanda 200 manat iddiaçıya pul qaytarmışdır (026 saylı səs yazısı). Ləğv olunmuş bilet pulunun qalan 770 manatının iddiaçıya qaytarılmasını təsdiqləyən sübut kimi cavabdeh gündəlik dəftərçə (ajanta) səhifəsində tərəflərin yazıb imzaladıqları vərəqin kserosurətini təqdim etmişdir. İddiaçı həmin yazının “970 manatdan 200 manatını aldım. Mənə olan borcu 770 manatdı” hissəsinin həqiqiliyini və həmin mətnin altındakı imzanın onun tərəfindən icra olunmasını məhkəmə iclasında təsdiqlədi. Lakin, imzalardan sonra 770 AZN sözlərinin cavabdeh tərəfindən sonradan əlavə olunduğunu bildirdi. Məhkəmə, sözügedən mətndə sonda yazılmış 770 AZN sözlərindən sonra iddiaçının imzasının olmamasını, bu məbləğdə pulun cavabdehin qaytarmasını təsdiqləyən mötəbər sübutun, habelə həmin yazının əslinin məhkəməyə təqdim edilməməsini, sonuncunun dəlillərinin işin faktiki halları ilə uzlaşmamasını nəzərə alaraq bu qənaətə gəlir ki, Cavabdeh tərəfindən İddiaçı 770 manat pul qaytarılmamışdır. Məhkəmə, şahid X1 ifadəsinə, onun cavabdehlə birlikdə sonuncunun rəhbərliyi altında çalışdığından, eləcə də göstərdiklərinin işin faktiki halları və digər mötəbər sübutlarla təsdiqlənmədiyindən tənqidi yanaşır. Qeyd olunanlar, məhkəməyə, şahidin ifadəsinin tam obyektivliyinə şübhə ilə yanaşmağa əsas verir. Məhkəmə iddia ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Bu Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş diqər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Sözügedən Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 5.3-cü maddəsinə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2- ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1- ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qeyd olunan Məcəllənin 1092.2-ci maddəsinə əsasən əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. Beləliklə, məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək, sadalanan maddi hüquq normalarına əsaslanaraq və həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, cavabdeh hüquqi əsas olmadan iddiaçının hesabına əmlak əldə etmişdir. Məhkəmə hesab edir ki, cavabdehin varlanmasına, yəni iddiaçının 770 manat pulunu əldə etməsinə haqq qazandıran qanuni əsas və ya müqavilə əsası mövcud deyildir. Odur ki, məhkəmə iddianı əsaslı sayır və belə qənaətə gəlir ki, əsassız varlanmış şəxscavabdeh əldə etdiklərini məhrum olana-iddiaçıya qaytarmalıdır. Belə ki, iddiaçı subagent olan cavabdehdən təyyarə bileti almış, pandemiya şəraitində uçuş baş tutmamış, o sonuncu tərəfindən ləğv edildikdən sonra isə artıq birincinin ödənişinin hüquqi əsası aradan qalxmışdır. Çünki, müqavilə xitam edilmiş, artıq digər tərəf xidmət öhdəliyi daşımamış, biletin dəyərinin cavabdehdə qalmasının qanuni əsası aradan qalxmış, bununla belə həmin məbləğ tam şəkildə iddiaçıya qaytarılmamışdır. Məhkəmə, iddianın ödənilmiş dövlət rüsumunun tutulması ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, iddia təmin olunduğundan dövlət rüsumu ilə bağlı tələb də təmin edilməli, cavabdehdən ödənilmiş 30 manat dövlət rüsumu tutularaq iddiaçıya ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 770 manat pul və ödənilmiş 30 manat dövlət rüsumu tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bu Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia təmin edilsin. Cavabdeh 770 manat pul və ödənilmiş 30 manat dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Əfqan Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar