Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-2897/2020 12.10.2020 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Azər İbrahim oğlunun sədrliyi, Əliyev Orxan Elşən oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili X4, Cavabdeh iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh, X1, X3 və X2 qarşı «mənzilə istifadə hüququnun tanınması tələbinə» dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh, X1, X3 və X2 qarşı «mənzilə istifadə hüququnun tanınması tələbinə» dair iddia ərizəsi ilə Sumqayıt şəhər Məhkəməsinə müraciət edərək, onun Sumqayıt şəhəri, 5-ci mkr., 39/6B saylı evin, 47 nömrəli mənzilinə yaşayış hüququnun tanınması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili X8 məhkəmə iclasında iddia tələbini müdafiə edərək onunla əsaslandırdı ki, iddiaçı cavabdehlərdən Cavabdeh ilə xx xxxx 2012-ci ildə rəsmi dövlət qeydiyyatından keçməklə ailə həyatı qurmuşdur. Birgə nikahdan tərəflərin övladı yoxdur. Digər cavabdeh Balazahir Yusifov iddiaçının həyat yoldaşı Elşən Yusufovun qardaşıdır, mübahisəli mənzildə pasport qeydiyyatında olmasa da, orderdə adı göstərilmişdir. Mübahisəli mənzil ünvan 1 ünvanda yerləşir. Ailə qurduqdan sonra iddiaçı həyat yoldaşı ila birlikdə mübahisəli mənzildə yaşamışdır. Onlardan başqa həmin mənzildə heç kim yaşamayıb. 2012-ci ildən iddiaçı həmin mənzildə yaşasa da mübahisəli mənzilə pasport qeydiyyatına alınmamışdır. Mübahisəli mənzil dövlət mənzil fonduna aid olmaqla order əsasında həyat yoldaşının atası Konto Yusubova məxsusdur. Hazırda da mənzil özəlləşdirilməmişdir. İddiaçı dəfələrlə həyat yoldaşına iddiaçını mübahisəli mənzilə pasport qeydiyyatına alınmağını tələb etsə də, həyat yoldaşı bundan imtina edir, iddiaçını pasport qeydiyyatına almır. Buna görə də, məhkəmə qaydasında mübahisəli mənzilə yaşayış hüququ tanınmalıdır. İddiaçı hazırda da, həmin mənzildə yaşayır və cehiz əşyaları mübahisəli mənzildə yerləşir. Mübahisəli mənzil order əsasında qaynatası Konto Yusubova məxsusdur. K.Yusubov vəfat etmişdir. İddiaçı Cavabdehla birlikdə mübahisəli mənzildə yaşamış, birgə təsərrüfat aparmış və hazırda da həmin mənzildə yaşayır. İddiaçı 2012-ci ildə mübahisəii mənzilə köçürülərək yaşadığına görə, 2009-cu ilə qədər qüvvədə olan tarixli Mənzil Məcəlləsinə əsasən hüquq münasibətləri yaranmışdır. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasında iddia tələbini qəbul etməyərək, göstərdi ki, onunla iddiaçı arasında olan nikah artıq məhkəmə qətnaməsi ilə pozulmuşdur. Onların birgə nikahlarıdan uşaqları yoxdur və onların münasibətləri çox pisdir. Mübahisəli mənzil iki otaqdan ibarətdir və onların mənzildə bir yerdə yaşamaları mümkün deyildir. Belə ki, iddiaçı ona şər atır və şərləyib tutduracağı ilə hədələyir. Ona görə də, iddianın rədd edilməsini məhkəmədən xahiş edir. Digər cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Belə olan halda məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, proses iştirakçılarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 184.2. maddəsinin mahiyyətindən görünür ki, hakim işə əlavə edilmiş sübutlar və işdə olan mövcud materiallar əsasında işə baxmağa haqlıdır. İş materiallarında olan Azərbaycan Respublikası Sumqayıt şəhər Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İ 752264 nikah şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, xx.xx.2012-ci il tarixdə Cavabdeh ilə İddiaçı arasında akt qeydləri kitabında 301 nömrə ilə qeyd edilmiş nikah bağlanmışdır. Nikah bağlandıqdan sonra arvada “Yusubova” soyadı verilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.1967-ci il tarixli,06/961 saylı orderin surətindən görünür ki,Sumqayıt şəhəri, 5-ci mkr., 39/6B saylı evin, 47 saylı mənzili həmin order əsasında X5istifadəsinə verilmişdir. İş materiallarında olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X9 xx.xx.1992-ci il tarixdə vəfat etmişdir. İş materiallarına əlavə edilmiş 7 saylı MKS tərəfindən verilmiş 706 nömrəli, xx.xx.2020-ci il tarixli arayışdan görünür ki, Cavabdeh, X7 və X6 rəsmi olaraq Sumqayıt şəhəri, 5-ci mkr., 39/6B saylı evin, 47 saylı mənzilində qeydiyyatdadırlar. İşin araşdırılan halları ilə müəyyən edilmişdir ki, iddiaçı Cavabdeh ilə xx.xx.2012-ci ildə rəsmi nikahla ilə qurduqdan sonra münahisəli mənzilə gəlin köçmüş, mənzilin icarədarının ailə üzvü kimi mənzildə yaşamış və hal-hazırda da mübahisəli mənzildə yaşayır.. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 68.1-ci maddəsinə əsasən sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvlərinə kirayəçi ilə birgə yaşayan əri (arvadı), habelə onun uşaqları və valideynləri aiddir. Digər qohumlar, əmək qabiliyyəti olmayan himayədə olanlar o halda sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilir ki, onlar kirayəçi tərəfindən yaşayış sahəsinə köçürülmüşlər və onunla birgə təsərrüfat aparırlar. Müstəsna hallarda digər şəxslər məhkəmə qaydasında sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri kirayəçi ilə bərabər hüquq və vəzifələrə malikdirlər. Sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin mülki hüquqi fəaliyyət qabiliyyətli ailə üzvləri sosial kirayə müqaviləsindən irəli gələn öhdəliklər üzrə kirayəçi ilə birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 68.4-cü maddəsinə əsasən vətəndaş sosial kirayə müqaviləsi ilə yaşayış sahəsinin kirayəçisinin ailə üzvləri tərkibindən çıxıb, lakin qanuni əsaslarla həmin yaşayış sahəsində yaşayışını davam etdirdikdə o, kirayəçi və onun ailə üzvlərinə məxsus olan eyni hüquqlara malikdir. Həmin vətəndaş özünün müvafiq sosial kirayə müqaviləsindən irəli gələn öhdəlikləri üzrə müstəqil məsuliyyət daşıyır. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilərək, İddiaçı Sumqayıt şəhəri, 5-ci mkr., 39/6B saylı evin, 47 saylı mənzilinə istifadə hüququ tanınmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. İddiaçı Sumqayıt şəhəri, 5-ci mkr., 39/6B saylı evin, 47 saylı mənzilinə istifadə hüququ tanınsın. Qətnamədən rəsmi qaydada təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: AZƏR İSMAYİLOV
Məhkəmə qərarları › İş №2(060)-2897/2020
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-2897/2020
12.10.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver