Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-29/2024 16.01.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Ələkbərov Əfqan Qəzənfər oğlunun sədrliyi, Məmmədli Rəşad Mehman oğlunun katibliyi, İddiaçının vəkili Vəkil, Cavabdeh iştirakı ilə, İddiaçı2 Cavabdeh qarşı pul tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı1 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh evin tikintisinə görə ödənilmiş 38030 manat, qiymətləndirmə hesabatına görə ödənilmiş 500 manat, eləcə də 210 manat məbləğində dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi Vəkil İddiaçı1 əsl İddiaçı2 ilə əvəz olunmasını xahiş etmiş, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə vəsatət təmin edilmiş, İddiaçı1 əsl İddiaçı2 ilə əvəz edilmişdir. İddia onunla əsaslandırılmışdır ki, Cavabdeh iddiaçının daha əvvəldən tanıdığı uzaq qohumudur. İddiaçı1 Sumqayıt şəhəri, 76-cı məhəllə ərazisində yerləşən torpaq sahəsində fərdi ev tikdirmək məqsədi ilə cavabdehlə razılaşmışdır. İddiaçı həmin torpaq sahəsinə dair qohumu İddiaçı1 baş etibarnamə vermiş, sonuncu həmin yerdə ev tikməli idi.Belə ki, İddiaçı1 cavabdehin tikinti işləri ilə məşğul olduğunu bilmiş, məhz bu səbəbdən də qohum olduqları üçün ona etibar etmişdir. Tərəflər arasında danışığa əsasan Cavabdeh cari ilin may ayından işə başlayaraq avqustda, yəni 3 ay ərzində evin tikintisini başa çatdırmağı öhdəsinə götürmüşdür. İddiaçı1 isə evin tikintisi üçün 35000 manat, işlərin görülməsinin haqqı olaraq isə 5000 manat verməyi öhdəsinə götürmüşdür. Xidmət haqqı olan pul məbləği məhz işin sonunda ödənilməli idi. Aralarında bağlanmış şifahi müqaviləyə əsasən cavabdehə təxminən may ayının 10-15-i aralığında cavabdehə 25000 manat, daha sonra ayrı-ayrı vaxtlarda 4500, 2500 və 3300 manat məbləğində olmaqla, ümumilikdə 35300 manat məbləğində pul ödənilmişdir. Lakin, cavabdeh evi vaxtında hazır etməmiş, daha sonra əlavə 10000 manat da istəmişdir. Sonuncu istənilən 10000 manat məbləğində pul tərəflər arasında daha əvvəlki razılıqda olmamışdır. Cavabdeh məhz evi 3 ay ərzində 35000 manata tikib hazır etməli idi. Lakin, Cavabdeh istədiyi pul məbləği tərəfindən tam halda ödənilsə də tikili yarımçıq və qəzalı vəziyyətdədir. "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli fərdi yaşayış evinin tikintisinə çəkilmiş xərc haqqında qiymətləndirmə hesabatına əsasən çəkilmiş ümumi xərc 19240 manat müəyyən edilmişdir. Hesabatın nəticə hissəsində hazırki tikilinin istifadəyə yararsız olduğu və göstərilən nöqsanların aradan qaldırılması üçün tikilinin tam sökülərək yenidən tikinti norma və qaydalarına uyğun inşa edilməli olduğu qeyd edilmişdir. Cavabdeh isə bunun əksini, yəni ödənilən 35300 manat məbləğində pulun tam olaraq evə sərf edildiyini bildirmişdir. Cavabdeh özü Sumqayıt şəhərində fəaliyyət göstərən “Daş Bazarı” adlandırılan ərazidə tikinti materiallarının satışı ilə məşğuldur. Həmçinin cavabdeh fərdi evin tikintisi üçün sənədlərin düzəldilməsi adı ilə 2730 manat məbləğində pul alsa da sonradan həmin məbləği də məhz evin tikintisinə sərf etdiyini bildirmişdir. Cavabdehin evin sənədlərinin düzəldilməsi adı ilə aldığı 2730 manat məbləğində pulu da evin tikintisinə sərf etdiyi nəzərə alınsa ümumilikdə 38030 manat məbləğində pul cavabdehə verilmişdir. Lakin, sərf edilmiş xərcin dəyəri 19240 manat müəyyən edilsə də nəticədə göstərilmişdir ki, nöqsanları aradan qaldırmaq üçün tikili sökülməli və yenidən tikinti normalarına riayət edilməklə tikilməlidir. Bu səbəbdən də hesab edir ki, cavabdeh tərəfindən evin tikintisinə ödənilmiş 19240 manat pulun heç bir əhəmiyyəti yoxdur. Qeyd olunan hallar ilə bağlı şahidlər də vardır. Belə ki, cavabdehin özünün və ustalarının iştirakı ilə sərf edilmiş materialların bazar qiymətinə uyğun olaraq dəyəri hesablansa da, cavabdeh bununla razılaşmamış, qiymətləri dəyərindən çox artıq söyləmişdir. Həmçinin cavabdeh “Watsapp” yazışmalarında da qeyd olunan məbləğdə pulun verildiyi faktını təsdiq etmiş, lakin tam şəkildə tikiliyə sərf etdiyini bildirmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili iddianı müdafiə etdiyini bildirərək, onun təmin olunmasını xahiş etdi. O, əlavə olaraq qeyd etdi ki, iddiaçı ilə cavabdeh uzaq qohumdurlar. İddiaçı1 cavabdehin tikinti işi ilə məşğul olduğunu bildiyindən ona pul verərək ev tikməsini xahiş etmişdir. Cavabdeh 3 ay ərzində evi tikəcəyini öhdəsinə götürmüşdür. Bunun üçün o, müxtəlif vaxtlarda müxtəlif məbləğdə olmaqla cəmi 38030 manat pul almışdır. Daha sonra cavabdeh evin sənədləşdirilməsi məqsədilə daha 10000 manat pul istəmişdir. Hazırda tikili yarımçıq və qəzalı vəziyyətdədir. Məhkəmə iclasında cavabdeh izahatında göstərdi ki, cavabdeh aldığı pul müqabilində torpaq sahəsində ev tikib hüquqları rəsmiləşdirərək təhvil verməsi barədə üzərinə öhdəlik götürmüş ona cəmi 35200 manat pul verilmişdir. Həmin məbləğin hamısı evin tikintisinə sərf olunmuşdur. Bundan əlavə ilkin razılaşmada nəzərdə tutulmayan işlər görülmüş, o cümlədən mərtəbələr arasında “kəmər” də inşa edilmişdir. Məhkəmə, cavabdehin izahatını, iddiaçının vəkilini dinləyib, iş materiallarını araşdıraraq və sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - Daşınmaz əmlakın dövlət reyestrinin verdiyi çıxarışın surətindən görünür ki, Sumqayıt şəhəri, 76-cı məhəllədə yerləşən 0.0405 ha torpaq sahəsinin mülkiyyətçisi İddiaçı2dır və daşınmaz əmlak üzərində hüquq daşınmaz əmlakın dövlət reyestrində ********** nömrəsi ilə xx.xx.2019-cu il tarixdə qeydiyyata alınmışdır. - "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli fərdi yaşayış evinin tikintisinə çəkilmiş xərc haqqında qiymətləndirmə hesabatına əsasən çəkilmiş ümumi xərc 19240 manat müəyyən edilmişdir. - İş üzrə xx.xx.2023-cü il tarixli ekspert rəyinə əlavə edilmiş ekspertiza xərclərinə dair bildirişdə iş üzrə ekspertiza tədqiqatının dəyərinin 50 manat təşkil etdiyi göstərilmişdir. - Cavabdeh tərəfindən məhkəməyə təqdim edilərək məhkəmə iclasında tərəflərin iştirakı ilə tədqiq edilən və onların mübahisələndirmədikləri səs yazılarından görünür ki, cavabdeh iddiaçının ona cəmi 35200 manat pul verdiyini bildirmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, tərəflər arasında şifahi razılaşma olmuş, cavabdeh aldığı pul müqabilində torpaq sahəsində ev tikib hüquqları rəsmiləşdirərək təhvil verməsi barədə üzərinə öhdəlik götürmüşdür. Lakin nəzərdə tutulan öhdəlik cavabdeh tərəfindən tam yerinə yetirilməmişdir. Cavabdeh iddiaçıdan cəmi 35200 manat məbləğində pul almışdır. İş üzrə keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx.xx.2023-cü il tarixli rəyindən görünür ki, Sumqayıt şəhəri, 76-cı məhəllə ərazisində yerləşən İddiaçı2 məxsus torpaq sahəsində inşa olunmuş tikilinin Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 80-ci maddəsinin tələblərinə uyğun olmadığı müəyyən edilmişdir. Tədqiq olunan tikilinin inşası tamamlanmadığından, nöqsanın aradan qaldırılması üçün lazım olan vəsaitin müəyyən edilməsinə dair tədqiqat aparılmamışdır. Tədqiq olunan tikilinin "xxxx" MMC tərəfindən tərtib edilmiş və Sumqayıt Memarlıq və Şəhərsalma İdarəsi tərəfindən razılaşdırılmış eskiz layihəyə uyğun olmadığı müəyyən edilmişdir. Sumqayıt şəhəri, 76-cı məhəllə ərazisində yerləşən İddiaçı2 məxsus torpaq sahəsində fərdi yaşayış evi üzrə aparılmış yenidənqurma və təmir işlərinin bazar qiymətlərinə uyğun olaraq ümumi dəyərinin 18053 manat məbləğində olduğu müəyyən olur. Məhkəmə iddia ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 329.2-ci maddəsinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Bu Məcəllənin 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 752.2-ci maddəsinə əsasən əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alğı-satqı qaydaları tətbiq edilir. Bu Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Bu Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. N.Əsədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 5 avqust 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli Qərarında göstərilmişdir ki, şəxs tərəfindən əqdin qarşı tərəfinin bildirdiyi iradə ifadələrini əks etdirən danışıqların həmin münasibət barəsində yaranan hüquqi mübahisənin həllində istifadə olunması öz-özlüyündə şəxsi toxunulmazlıq hüququna qəsd kimi qiymətləndirilə bilməz. Belə ki, həmin danışıq və yazışmalar əqdin tərəfləri üçün sirr deyildir və mahiyyət etibarı ilə aralarındakı hüquqi münasibətlə bağlı bir-birlərinə yazılı mətn halında çatdırdıqları iradə ifadələrindən və bildirişlərindən fərqlənmir. Bu baxımdan başqa şəxslə deyil, birbaşa əlaqədar tərəflər arasında olan danışıqların mülki mübahisənin həlli zamanı istifadə edilməsi Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsi ilə nəzərdə tutulan hallara aid edilə bilməz. Beləliklə, məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək, sadalanan maddi hüquq normalarına əsaslanaraq və həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, tərəflər arasında bağlanmış şifahi podrat müqaviləsinə əsasən cavabdeh 35200 manat pul alaraq bunun müqabilində üzərinə götürdüyü ev tikmək öhdəliyini vaxtında və layiqincə yerinə yetirmədiyindən, həmçinin inşaat işlərinə 18053 manat sərf etdiyindən, iddia 17147 manatın tələbi həcmində əsaslıdır. Məhkəmə cavabdehin özü tərəfindən əlyazma şəklində tərtib olunmuş tikiliyə göstərilən məbləğdən daha artıq xərc çəkilməsinə dair siyahını, onun iş materialları və digər sübutlarla təsdiqini tapmadığından mötəbər dəlil və həqiqətə uyğun hesab etmir. Eyni zamanda, məhkəmə, iddianın tikintidə yol verilmiş pozuntuların düzgün məcraya gətirilməsi üçün pul tələbi hissəsini işin faktiki hallarına, təqdim olunmuş sübutlara və ekspert rəyinə əsasən inşaat işlərinin tamamlanmamasına, nöqsanların aradan qaldırılması üçün lazım olan vəsaitin müəyyənləşdirilməsinin qeyri-mümkünlüyünə görə əsaslı hesab etmir. Məhkəmə iddianın qiymətləndirmə hesabatına görə ödənilmiş pulun və iddianın verilməsi üçün ödənilmiş dövlət rüsumunun tutulması ilə bağlı hisslərini araşdıraraq hesab edir ki, iddia həmin hissələrdə qismən təmin edilməli, cavabdehdən qiymətləndirmə hesabatına görə ödənilmiş 225.50 manat pul və iddianın verilməsi üçün ödənilmiş 141.44 manat dövlət rüsumu tutularaq iddiaçıya ödənilməlidir. Eyni zamanda məhkəmə qeyd edir ki, ekspertizası tədqiqatının dəyərinin əvəzi olaraq Cavabdeh 22.55 manat, İddiaçı2 isə 27.45 manat tutularaq X1 hesabına ödənilməlidir. Belə ki, AR MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 117.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə və mütəxəssislərə verilməli məbləği və iş üzrə digər zəruri xərcləri xahiş etmiş tərəf əvvəlcədən məhkəmənin depozit hesabına keçirir. Həmin xahişi tərəflərin hər ikisi etdikdə, yaxud şahidlərin çağırılması, ekspertlərin təyin edilməsi, mütəxəssislərin cəlb edilməsi və ödənilməli olan digər hərəkətlər məhkəmənin təşəbbüsü ilə edildikdə, tələb olunan məbləği tərəflərin hər ikisi bərabər qaydada məhkəmənin depozitinə keçirirlər. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 17147 manat, qiymətləndirmə hesabatına görə ödənilmiş 225.50 manat pul və ödənilmiş 141.44 manat dövlət rüsumu tutularaq İddiaçı2 ödənilməlidir. AR MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bu Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıdakılara əsasən və AR MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 17147 manat, qiymətləndirmə hesabatına görə ödənilmiş 225.50 manat pul və ödənilmiş 141.44 manat dövlət rüsumu tutularaq İddiaçı2 ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Məhkəmə ekspertizası tədqiqatının dəyəri olaraq İddiaçı2 27.45 manat, Cavabdeh 22.55 manat tutularaq X1 müxbir hesabına köçürülsün. (Kod:210005,VÖEN:**********, Müxbir hesab:AZ41NABZ**********00********) Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi halda, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Əfqan Ələkbərov
Məhkəmə qərarları › İş №2(060)-29/2024
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-29/2024
16.01.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver