Məhkəmə qərarları › İş №2(060)-2923/2022

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-2923/2022

16.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-2923/2022 16.05.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, X1 oğlunun katibliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh1 və qeyrilərinə qarşı kredit borcunun tutulması tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti (bundan sonra - iddiaçı) Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 (bundan sonra – cavabdehlər) qarşı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, 20.09.2019-cu il tarixli kredit müqaviləsi üzrə cavabdehlərdən iddiaçının xeyrinə 388,89 manat əsas borc, 37,08 manat faiz borcu, 35,59 manat cərimə, kredit müqaviləsi üzrə 20.12.2021-ci il tarixdən 11.03.2022-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 4,05 manat məbləğində əldən çıxmış fayda olmaqla, cəmi 465,61 manat borcun və ödənilmiş 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 20 sentyabr 2019-cu il tarixli kredit müqaviləsinə əsasən’"Nikoyl” İKB ASC-dən illik 25 faizlə 24 ay müddətinə 4000 manat məbləğində kredit götürmüş, Cavabdeh2 və Cavabdeh3 ilə 20 sentyabr 2019-cu il tarixli zaminlik müqavilələri bağlanmışdır. 29 aprel 2020-ci il tarixli əlavə sazişə əsasən kreditin müddəti 20.12.2021-ci il tarixədək müəyyən edilmişdir. Lakin borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırır. 2022-ci il martın 11-dək Cavabdeh1 banka 20.09.2019-cu il tarixli kredit müqaviləsi üzrə 388,89 manat əsas borc, 37,08 manat faiz borcu və 35,59 manat cərimə borcu olmaqla ümumilikdə cəmi 461,56 manat borcu vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə (bundan sonra - MPM) əsasən Mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir (284-1). Ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. (284-5.1.). Cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər (284-5.2.). Ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır (284-5.3.). İddia ərizəsi 04.04.2022-ci il tarixində məhkəməyə daxil olmuşdur. Ərizə məhkəməyə daxil olduqdan sonra icraata qəbul edilmiş, cavabdehə bildiriş göndərilmiş və iddiaya dair yazılı etirazını və əlavə edilmiş sənədləri 10 iş günü müddətində məhkəməyə təqdim etməsi təklif edilmişdir. Cavabdehlərin iddia tələbi ilə bağlı etiraz ərizəsi məhkəməyə daxil olmamışdır. Məhkəmə iş materiallarını araşdıraraq aşağıdakı nəticəyə gəlir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BPQMİ-nin MAPS şöbəsinin arayışlarından və şəxsiyyət vəsiqələrinin surətlərindən görünür ki, Cavabdeh1 xx.xx.1987-ci ildə, Lənkəran rayonu, Nərimanabad kəndində anadan olmuş, hazırda ünvan 1 ünvanında qeydiyyatdadır. Digər Cavabdeh2 xx.xx.1985-ci ildə Lənkəran rayonu, Zövlə kəndində anadan olmuş, hazırda ünvan 3 ünvanında qeydiyyatdadır. Digər Cavabdeh3 isə xx.xx.1986-cı ildə Sumqayıt şəhərində anadan olmuş, ünvan 4 ünvanında qeydiyyatdadır. İş materialları ilə müəyyən edilir ki, iddiaçı ilə Cavabdeh1 arasında bağlanmış 20.09.2019-cu il tarixli, 4-MZ2-1-0-941-19 nömrəli kredit müqaviləsinə əsasən cavabdehə 24 ay müddətinə, illik 30% ödəmək şərtilə 4000 manat məbləğində kredit verilmişdir. Bunu 20.09.2019-cu il tarixli məxaric orderi təsdiq edir. İşdə olan maliyyə arayışına əsasən cavabdehin banka 11.03.2022-ci il tarixə kredit müqaviləsi üzrə 388,89 manat əsas borc, 37,08 manat faiz borcu, 35,59 manat cərimə borcu, illik 5 faizlə hesablanmış 4,05 manat məbləğində əldən çıxmış fayda olmaqla, cəmi 465,61 manat borcu vardır. İddiaçı ilə digər cavabdehlər Cavabdeh2 və Cavabdeh3 arasında bağlanmış 20.09.2019-cu il tarixli zaminlik müqavilələrinə əsasən onlar, Cavabdeh1 kredit müqaviləsindən irəli gələn iddiaçı qarşısında öhdəlikləri üzrə zaminliyi öz üzərlərinə götürmüşdürlər. İşdə olan 4-MZ2-1-0-941-19 nömrəli kredit müqaviləsinə 1 saylı əlavəyə əsasən, cavabdeh iddiaçıya 24 ay müddətinə hər ay 166,67 manat, sonuncu ay isə 166,59 manat ödəniş etməli idi. İşdə olan mədaxil qəbzindən görünür ki, iddiaçı iddia ərizəsinin verilməsi üçün 30 manat dövlət rüsumu ödəmişdir. İşə əlavə edilmiş bildirişdən görünür ki, iddiaçı cavabdehlərə 5 iş günü müddətində borcun ödənilməsi ilə bağlı xəbərdarlıq etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə (bundan sonra – Mülki Məcəllə) əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür (739.1). Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər (739.2). Göründüyü kimi iddiaçı ilə cavabdeh arasında kredit müqaviləsi bağlanmışdır. Mülki Məcəllədə qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (385.1). Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür (442). Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır (445.2.1). Göründüyü kimi Cavabdeh1 kredit müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəlikləri lazımınca yerinə yetirməmiş və 11.03.2022-ci il tarixinə onun banka əsas borc üzrə 388,89 manat, faiz borcu üzrə 37,08 manat borcu qalmışdır. Məhkəmə dəbbə pulu ilə bağlı aşağıdakıları qeyd edir. Mülki Məcəlləyə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir (462.1.). Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir (467). Məhkəmə hesab edir ki, 388,89 manat əsas borc məbləğinə 35,59 manat cərimənin hesablanaraq tələb edilməsi məqsədə müvafiqdir. Mülki Məcəllədə həmçinin göstərilir ki, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir (445.7.). Məhkəmə hesab edir ki, kredit müqaviləsi üzrə borcun ödənilməsi müqavilə müddəti bitdiyi dövrdən sonra da həyata keçirilmədiyi üçün iddiaçı həmin məbləğə illik 5 faiz hesablamaqda haqlı olmuşdur. Mülki Məcəlləyə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür (470.1.). Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar (472.1.). Göründüyü kimi Cavabdeh2 və Cavabdeh3 zaminlik müqavilələrinə əsasən Cavabdeh1 iddiaçı qarşısında kredit öhdəliyi üzrə zamin olmuşlar. Bu səbəbdən kredit borcu ilə bağlı iddiaçı qarşısında Cavabdeh1 ilə birgə məsuliyyət daşıyırlar. MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, iddia təmin edildiyindən iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 30 manat dövlət rüsumu cavabdehə aid edilməlidir. Yuxarıdakılara əsasən və MPM-in 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Əsas borc üzrə 388,89 manat, 37,08 manat faiz borcu, 35,59 manat cərimə, 20.12.2021-ci il tarixdən 11.03.2022-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 4,05 manat məbləğində əldən çıxmış fayda olmaqla olmaqla, cəmi 465 (dörd yüz altmış beş) manat 61 (altmış bir) qəpik borc və ödənilmiş 30 manat dövlət rüsumu cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Emin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar