Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-2928/2022 26.07.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, X6 oğlunun katibliyi, İddiaçı, cavabdeh X2 nümayəndəsi, Vəkil iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və X3 qarşı pul tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı (bundan sonra - iddiaçı) Cavabdeh1 və X3 (bundan sonra – cavabdehlər) qarşı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, cavabdehlərdən müştərək qaydada 13200 manat pul vəsaitinin onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı X4 ilə sosial şəbəkədə tanış olmuş, sonra görüşmüşdür. İlk olaraq Şəfayə ilə ailə həyatı qurmaq istəmiş, bu səbəbdən himayəsində olan azyaşlı qızı və anası barəsində Şəfayəyə məlumat vermiş və görüşdürmüşdür. Tanışlıqlarının əsas səbəbi ailə qurmaq olmuş və bu səbəbdən tanışlıqlarının ilk vaxtlarında Şəfayə iddiaçıdan pul istəmiş və iddiaçı da ödəmişdir. 2019cu ilin aprel ayından başlanmış münasibətləri həmin ilin sonlarında pozulmuş və bu səbəbdən iddiaçı Yasamal rayon 27-ci Polis Bölməsinə müraciət etmişdir kı, aldatma yolu ilə ondan alınan 5850 manat vəsait geri qaytarılsın. Şəfayə isə yalnız 2810 manatın etiraf etmiş, sonradan Şəfayə onu qardaşı Natiqlə tanış etmiş və Sumqayıt şəhərində görüşmüşlər. İddiaçının Şəfayəyə münasibətindən yenidən istifadə edən bacı-qardaş ondan istifadə etmək qərarına gəlmişlər. Natiq onlara təcili pul lazım olduğunu bildirmiş, özünə məxsus avtonəqliyyat vasitəsinin girovda olmasını əsas tutaraq sata bilmədiyin əsas gətirmiş və iddiaçının avtomaşınının satılmasını təklif etmiş, etibarnamə ilə idarə etdiyi 2107 VAZ markalı 10LK-373 dövlət nömrə nişanlı avtomaşını satmış və Natiqə vermişdir. Nəhayət yeni sex açmaq, birgə işləyib qazanc əldə etmək kimi hərəkətləri ilə iddiaçını yenidən onlar razı salmış, inandırmışdır. Sonda 2021-ci ilin sonlarına kimi Pirşağı qəsəbəsində şirniyyat sexi açmaq üçün əlavə 6150 manat birgə fəaliyyət üçün pul vermiş, cəmi 12000 manat pul aldatma yolu ilə ondan almışlar. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək onunla oxşar məzmunlu izahat verdi və həmçinin bildirdi ki, cavabdehlərə 5850 manat pul verdikdən sonra həmin pulun qaytarılması üçün polisə müraciət edib. Polisdə araşdırma aparılarkən cavabdeh Şəfayə Şıxəliyeva ondan 2810 manat pul aldığını etiraf edib. Polisdə işə xitam verildikdən sonra isə cavabdehlər yenidən onu aldadaraq çörəkbişirmə sexi açmaq adı altında ondan yenə 6150 manat pul alıblar. Lakin, sonradan yenidən pulu qaytarmaqdan imtina ediblər. O, əvvəl verdiyi pulun qaytarılmayacağını gördükdə məcbur olaraq yenidən cavabdehlərə pul verib. Qeyd edilənlərə əsasən iddiaçı iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh X2 nümayəndəsi məhkəmə iclasında izahat verərək bidlirdi ki, iddiaçının cavabdehə borca pul verməsi ilə bağlı hər hansı sübut mövcud deyil. İddia əsassızdır. Qeyd edilənlərə əsasən nümayəndə iddianın rədd edilməsini xahiş etdi. Digər Cavabdeh1 məhkəmə baxış iclasının yeri və vaxtı barədə məumat verilməsinı baxmayaraq cavabdeh məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdirr. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 185-ci maddəsinə əsasən işə Cavabdeh1 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını və iddia ərizəsinin dəlillərini araşdıraraq aşağıdakı nəticəyə gəlir. İş materiallarından görünür ki, iddiaçı xx.xx.1979-cu ildə, anadan olmuş, Balakən rayonu, Şambul kəndində qeydiyyatdadır. Cavabdeh1 xx.xx.1987-ci ildə ünvan 1 ünvanında qeydiyyatdadır. Digər cavabdeh X4 isə xx.xx.1986-cı ildə Sumqayıt şəhərində anadan olmuş, Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, N nömrəli hərbi hissədə qeydiyaytdadır. İş materiallarına əlavə edilmiş xx.xx.2019-cu il tarixli qərara əsasən iddiaçının müraciəti ilə bağlı toplanmış materiallar üzrə cavabdehin əməlində cinayət tərkibi olmadığına görə cinayət işinin başlanması rədd edilmişdir. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 6(004)-48/2020 saylı qərarı ilə cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2019-cu il tarixli qərar qanuni hesab edilmişdir. İş materiallarına tərəflər arasında “Whatsapp” ani mesajlaşma sistemi vasitəsilə yazışmaların disk yazısı əlavə edilmişdir. Sumqayıt şəhər Polis İdarəsi 27-ci Polis Bölməsinə göndərilmiş məhkəmə sorğusuna əsasən cinayət işinin başlanmasının rədd materialları Sumqayıt Şəhər Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinə (bundan sonra – Mülki Məcəllə) əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (385.1). Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür (442). Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır (445.2.1). İddiaçının müraciəti əsasında Sumqayıt şəhər Polis İdarəsi 27-ci Polis Bölməsində toplanmışmaterial araşdırılarkən müəyyən edilmişdir ki, Şəfayə Şıxəliyeva təhqiqat orqanında verdiyi ifadəsində iddiaçının onunla ailə qurmaq fikri olduğunu və pulları ona verərkən ailə qurmayacaqları təqdirdə hissə-hissə qaytarmalı olduğunu bildirdiyini qeyd edib. Buradan da belə qənaətə gəlmək olar ki, tərəflər arasındakı münasibətlər borc münasibətləri olub. Mülki Məcəlləyə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür (739.1.). Borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır (740.1.). Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır (740.2.). İddiaçı tərəfindən cavabdehə verilən məbləğ müxtəlif vaxtlarda və hissə hissə verildiyi üçün bunun üçün yazılı müqavilə bağlanmasına ehtiyac yoxdur. “C.Əzimovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2 aprel 2018-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28 noyabr 2018-ci il tarixli Qərarındakı hüquqi mövqelərdən biri belə olmuşdur ki, sübutların əldə edilməsi zamanı qanunvericiliyin tələblərinin pozulması aşağıdakı formada baş verə bilər: - sübutların qanunla nəzərdə tutulmayan sübutetmə vasitələri ilə əldə edilməsi; - sübutların əldə edilməsinin prosessual qaydalarının pozulması; -qanunsuz yolla əldə edilmiş məlumatların sübut kimi işə cəlb edilməsi. Sübutların mötəbərliyini təmin etmək üçün onların əldə edilməsi, rəsmiləşdirilməsi və işə əlavə olunması ilə bağlı qanunvericiliyin tələblərinə riayət edilməlidir. Bununla yanaşı, Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, mülki prosessual qanunvericiliyə görə, iş üzrə tərəflərin izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Materiallar o zaman sübut kimi qəbul oluna bilər ki, onlar faktları təsdiq edən halları nəzərdə tutsun və yalnız obyektiv təsdiqini tapan həmin hallar əsasında məhkəmə iş üçün əhəmiyyət daşıyan faktiki halları müəyyən etsin. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş video diskdə “Whatsapp” ani mesajlaşma sistemi vasitəsilə aparılmış yazışmalar və səs yazıları qeyd edilmişdir. Həmin səs yazılarından görünür ki, cavabdeh Şəfayə Şıxəliyeva iddiaçıya göndərdiyi səs yazılarında dəfələrlə “sənin pulunu qaytarmayacam”, “nə istəyirsən elə”, “o pulu sənə qaytarmayacam” deyə təkrar edir. Bir səs yazısında isə “on iki min nə puldur ki, o işin qabağında” deyə bildirir. Buradan da iddiaçının həiqətən ümumilikdə cavabdehə 12000 manat məbləğində pul verdiyi təsdiq edilir. Belə olan halda həmin məbləğin iddiaçıya qaytarılmasını sübut etmək cavabdehin üzərinə düşür. Cavabdeh isə bununla bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişdir. İddiaçı iddia ərizəsində cavabdehlərdən 13200 manat pul tələb etsə də, qalan məbləğin nədən ibarət olması iddia ərizəsinin dəlilləri və iş materialları ilə sübuta yetirilmir. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia həmin hissədə təmin edilə bilməz. Eyni zamanda iddiaçı borc məbləğini digər Cavabdeh1 də tələb edir. Lakin, onunla aralarında hər hansı borc və ya digər öhdəlik münasibətlərinin olması ilə bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Bu səbəbdən iddia həmin cavabdehə aid hissədə təmin edilə bilməz. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, 12000 manat pul cavabdeh Şəfayə Şıxəliyevadan iddiaçının xeyrinə tutulmalıdır. İddia qismən təmin edildiyi üçün iddiaçının iddia ərizəsi verilməsi üçün ödədiyi 135 manat dövlət rüsumunun 100 manatı cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Göstərilənlərə əsasən və MPM-in 119, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 12000 (on iki min) manat pul və 100 (yüz) manat dövlət rüsumu cavabdeh X1 tutularaq İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Emin Abdullayev
Məhkəmə qərarları › İş №2(060)-2928/2022
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-2928/2022
26.07.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver