Məhkəmə qərarları › İş №2(060)-2949/2021

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-2949/2021

15.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr - Torpaq icarə müqaviləsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-2949/2021 15.07.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X11 Behbudovanın sədrliyi, Mehriban Hüseyn qızı Həsənlinin katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil, Cavabdeh Sumqayıt şəhər Bələdiyyəsinin Təmir Tikinti Müəssisəsinin nümayəndəsi X5 iştirakları ilə İddiaçı cavabdeh Sumqayıt şəhər Bələdiyyəsi Təmir Tikinti Müəssisəsi, üçüncü şəxslər X4, Sumqayıt Şəhər İcra Hakimiyyəti və Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 2 saylı Ərazi İdarəsinə qarşı icarə müqaviləsinin və çıxarışın ləğv edilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Sumqayıt şəhər Bələdiyyəsinin Təmir Tikinti Müəssisəsi, üçüncü şəxs X4, Sumqayıt Şəhər İcra Hakimiyyəti və Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 2 saylı Ərazi İdarəsinə qarşı icarə müqaviləsinin ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddia tələbini onunla əsaslandırmışdır ki, Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının 07.05.1999-cu il tarixli, 295 nömrəli sərəncamı ilə X9 və Şəhid Ailələri Cəmiyyəti Sumqayıt şəhər təşkilatının 29.01.1999-cu il tarixli 151 nömrəli məktubundakı müraciət nəzərə alınaraq şəhid X12 ailəsinə müvəqqəti kommersiya köşkü qoyulması məqsədilə VMƏ və ŞA Cəmiyyətinin Sumqayıt şəhər təşkilatına 22-ci məhəllə ərazisində 6 m2 torpaq sahəsi ayrılmışdır. O, şəhid X12 həyat yoldaşıdır, onlar 14.06.1975-ci ildə rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuşlar və onun həyat yoldaşı 19.04.1993-cü ildə şəhid olmuşdur. Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının 07.05.1999-cu il tarixli, 295 nömrəli sərəncamı ilə şəhid X12 ailəsinə müvəqqəti kommersiya köşkü qoyulması məqsədilə VMƏ və ŞA Cəmiyyətinin Sumqayıt şəhər təşkilatına 22-ci məhəllə ərazisində ayrılmış 6 m2 torpaq sahəsi X4 tərəfindən qanunsuz olaraq zəbt olunmuş və həmin torpaq sahəsində 2 mərtəbəli obyekt inşa edilmişdir. X1 müraciət edərək, həmin torpaq sahəsindən çıxmasını və tikilinin sökülməsini tələb etmişdir. Lakin, Güləhməd Rəcəbov buna məhəl qoymamış və bu səbəbdən də o, iddia tələbi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət etmək qərarına gəlmişdir. Məhkəmə gedişatında müəyyən olunmuşdur ki, X4 cavabdeh Sumqayıt şəhər Bələdiyyəsi ilə həmin torpaq sahəsinə dair 16.10.2017-ci ildə icarə müqaviləsi bağlamışdır. Bundan sonra Güləhməd Rəcəbov həmin icarə müqaviləsi əsasında Azərbaycan Respublikas Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsindən çıxarış götürmüşdür. Həmin torpaq sahəsinin şəhid X12 ailəsinə müvəqqəti kommersiya köşkü qoyulması məqsədilə ayrıldığını nəzərə alaraq X2 bu hərəkətini qanunsuz hesab etdiyini bildirmişdir. Qeyd olunanlara əsasən məhkəmədən cavabdeh Sumqayıt şəhər Bələdiyyəsi ilə üçüncü şəxs X4 arasında bağlanmış 16.10.2017-ci il tarixli icarə müqaviləsinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı 16.04.2021-ci il tarixində iddia tələbinin həcminin artırılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsi tərəfindən üçüncü şəxs X2 adına verilmiş çıxarışın ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə üçüncü şəxs qismində olan X4 iddia ərizəsinə etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək, etirazını onunla əsaslandırmışdır ki, iddiaçı öz iddia ərizəsində Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının 07.05.1999-cu il tarixli, 295 nömrəli sərəncamı ilə Vətən müharibəsi və şəhid ailələri cəmiyyəti Sumqayıt şəhər təşkilatının 29.01.1999-cu il tarixli, 151 nömrəli məktubundakı müraciət nəzərə alınaraq şəhid X12 müvəqqəti kommersiya köşkü qoyulması məqsədi ilə VMƏ və ŞA Cəmiyyətinin Sumqayıt şəhər təşkilatına 22-ci məhəllə ərazisində 6 m2 torpaq sahəsinin ayrılmasını göstərmişdir. Həmin sərəncamdan görünür ki, torpaq sahəsi şəhid X12 ailəsinə müvəqqəti kommersiya köşkü qoyulması məqsədilə ayrılmışdır. Sərəncamın 3-cü bəndinə əsasən, köşk qoyulan ərazidə yaşıllıq və abadlaşdırmaya ziyan vurulacağı təqdirdə hazırki sərəncam öz qüvvəsini itirmiş hesab olunur. Sərəncamın 4-cü bəndinə görə, ayrılmış torpaq sahəsindən bir il müddətinə öz təyinatı üzrə istifadə olunmadığı təqdirdə verilmiş torpaq sahəsi geri alınır. İddiaçı torpaq sahəsindən təyinatı üzrə istifadə etmədiyinə görə ondan geri alınmışdır. Çünki, o, torpaq sahəsinə dair icarə müqaviləsi bağladığı zaman həmin sahə boş olmuş, iddiaçı və ya başqa şəxslər tərəfindən istifadə edilməmişdir. Sumqayıt şəhər Bələdiyyəsi ilə onun arasında 16.10.2017-ci il tarixli, 155 nömrəli torpaq icarəsi müqaviləsi bağlanılmış və həmin torpaq sahəsi 12.10.2017-ci ildən 12.10.2037-ci ilə qədər Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətində adına yüklü edilmiş və bu barədə çıxarış verilmişdir. İcarə müqaviləsinin 1.2-ci maddəsindən görünür ki, Sumqayıt şəhər Bələdiyyəsi ARƏMDK-nın Hərracların Təşkili üzrə Auksion Mərkəzinin 12.10.2017-ci il tarixli seriya AM 003589 nömrəli şəhadətnaməsi əsasında Sumqayıt şəhəri, məhəllə 22, H.Əliyev prospekti ərazisində yerləşən ümumi sahəsi 142 m2 olan torpaq sahəsini müvəqqəti istifadə üçün ona icarəyə verilmişdir. Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının 28.06.2013-cü il tarixli ticarət obyektinin tikintisinin layihələndirilməsinə icazə verilməsi haqqında sərəncamına əsasən Sumqayıt şəhəri, 22-ci məhəllə ərazisində 134 m2 sahədə ticarət obyektinin tikintisinin layihələndirilməsinə icazə verilmişdir. Qeyd olunanlara əsasən məhkəmədən İddiaçı torpaq icarəsi müqaviləsinin ləğv edilməsinə dair iddiasının əsassız olduğundan rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək bildirdi ki, iddiaçının mübahisələndirdiyi torpaq sahəsinə dair X4 ilə Sumqayıt Şəhər Bələdiyyəsi arasında 16.10.2017-ci ildə 155 nömrəli torpaq icarəsi müqaviləsinin bağlanılmasına əsas olan sənədlər X4 tərəfindən məhkəməyə təqdim etdiyi etiraz ərizəsinə əlavə edilməmişdir. Onun tərəfindən Sumqayıt Bələdiyyəsinə sorğu verilməsinə baxmayaraq, qeyd edilən sənədlər onlara təqdim edilməmiş, sorğusu cavablandırılmamışdır. Həmin torpaq sahəsi 12.10.2017-ci ildən 12.10.2037-ci ilə qədər Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətində cavabdehin adına yüklü edilmiş, bu barədə çıxarış və torpaq sahəsinin plan və ölçüsü verilmişdir. Həmin torpaq sahəsində cavabdeh iki mərtəbəli obyekt inşa etmişdir. Mübahisəli torpaq sahəsi cavabdehin sahibliyində və istifadəsindədir. Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 2 saylı Ərazi İdarəsi tərəfindən üçüncü şəxs X2 adına verilmiş çıxarışın ləğv olunmalı olduğu hesab etdiyi üçün məhkəməyə iddia tələbinin həcminin artırılmasına dair ərizə təqdim etmişdir. İddiaçıya ayrılmış torpaq sahəsindəki köşk Sumqayit şəhər İcra Hakimiyyəti tərəfindən götürüldüyünə görə Sumqayıt şəhər İcra Hakimiyyətinin üçüncü şəxs qismində işə cəlb edilməsini və iddia tələbinin təmin edilməsinə dair qətnamə qət edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh Sumqayıt şəhər Bələdiyyəsinin Təmir Tikinti Müəssisəsinin nümayəndəsi X10 izahatında X12 ailəsinə müvəqqəti kommersiya köşkünün qoyulması məqsədilə Sumqayıt şəhəri, 22-ci məhəllə ərazisində 6 m2 torpaq sahəsinin ayrılması barədə Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının 07.05.1999-cu il tarixli, 295 nömrəli sərəncamının ləğv edilib-edilməməsi ilə bağlı Sumqayıt Bələdiyyəsində hər hansı məlumatın mövcud olmamasını, X2 Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının “tikinti obyektinin tikintisinin layihələndirilməsinə icazə verilməsi barədə” 28.06.2013-cü il tarixli, 156 saylı sərəncamına əsaslanaraq 06 sentyabr 2013-cü il tarixdə 134 m2 torpaq sahəsinin sənədləşdirilməsi üçün Sumqayıt Bələdiyyəsinə ərizə ilə müraciət etməsini, müvafiq rəylərin alınmasını və Sumqayıt Bələdiyyəsinin mülkiyyət hüququnun dövlət qeydiyyatından keçməsini bildirmişdir. Məhkəmə tərəflərin izahatının dinləyib, iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməlidir. Məhkəmə tərəfindən işin halları müəyyən edilərkən iş materiallarında olan tərəflərin təqdim etdikləri aşağıdakı sübutlara, məhkəmə iclasında tərəflərin çəkişmə prinsipi əsasında verdiyi izahatlarına istinad edilmişdir: İş materiallarında olan Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının 07.05.1999-cu il tarixli, 295 nömrəli sərəncamından görünür ki, X9 və Şəhid Ailələri Cəmiyyətinin Sumqayıt şəhər təşkilatının 29.01.1999-cu il tarixli, 151 nömrəli müraciətinin nəzərə alınaraq şəhid X12 ailəsinə müvəqqəti kommersiya köşkü qoyulması məqsədilə VMƏ və ŞA Cəmiyyətinin Sumqayıt şəhər təşkilatına 22-ci məhəllə ərazisində 6 m2 sahə ayrılmışdır. İş materiallarında olan 26.02.2019-cu il tarixli, 2V-99 nömrəli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Sumqayıt şəhəri 2 saylı dövlət notariat ofisinin dövlət notariusu tərəfindən 06.04.1993-cü il tarixində vəfat etmiş X14 vərəsəsi ünvan 1 ünvanında yaşayan İddiaçıdır və o, miras əmlakdan 1/5 hissədə pay almalıdır. İş materiallarında olan nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X14 ilə X6 arasında Sumayıt şəhər qeydiyyat şöbəsində bağlanmış 14.06.1975-ci il tarixli nikah akt qeydləri kitabında 466 nömrəsi ilə qeydiyyata alınmışdır. İş materiallarında olan ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X14 06.04.1993-cü il tarixində Azərbaycan Respublikasının müdafiəsi uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. İş materiallarında olan Sumqayıt şəhər Əhalinin Sosial Müdafiəsi Mərkəzindən verilmiş 18.10.2008-ci il tarixli, 014059 nömrəli vəsiqənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, İddiaçı Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş güzəşt və imtiyazlardan istifadə etmək hüququ vardır. İş materiallarında olan Sumqayıt şəhər Bələdiyyəsinin 11.06.2020-ci il tarixli, 1532 nömrəli məktub və əlavə edilmiş 16.10.2017-ci il tarixli, 155 saylı torpaq icarə müqaviləsinin təsdiq olunmuş surətlərindən görünür ki, Sumqayıt şəhəri, 22-ci məhəllə, Heydər Əliyev prospekti ərazisində yerləşən, sahəsi 0,0142 ha olan torpaq sahəsinə dair Sumqayıt şəhər Bələdiyyəsi ilə X4 arasında müqavilə bağlanmışdır. İş materiallarında olan Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının 28.06.2013-cü il tarixli, 156 nömrəli sərəncamının surətindən görünür ki, ünvan 2 ünvanında yaşayan X3 Sumqayıt şəhəri, 22-ci məhəllə ərazisində 134 m2 sahədə ticarət obyektinin tikintisinin layihələndirilməsinə icazə verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daşınmaz Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın surətindən görünür ki, Sumqayıt şəhəri, 22-ci məhəllə, Heydər Əliyev prospektində 0,0142 ha torpaq sahəsi 12.10.2017-12.10.2037-ci illər ərzində X2 adına yüklü edilərək qeydiyyata alınmışdır. İş materiallarına İddiaçı 25.02.2008-ci il tarixdən 29.03.2018-ci il tarixədək olan müddət ərzində kommersiya köşkünün tikilib genişlənməsi ilə bağlı müraciətlərinə Sumqayıt Şəhər Bələdiyyəsi və Sumqayıt Şəhər İcra Hakimiyyəti tərəfindən müxtəlif məzmunlu cavablar verilmiş və həmin müraciətlərə cavab olaraq göndərilmiş məktubların surətləri əlavə olunmuşdur. Məhkəmə sorğusuna cavab olaraq Sumqayıt Şəhər Bələdiyyəsinin 12.07.2021-ci il tarixli, 1895 saylı məktubundan və ona əlavə edilmiş sənədlərin surətlərindən görünür ki, X12 ailəsinə müvəqqəti kommersiya köşkünün qoyulması məqsədilə Sumqayıt şəhəri, 22-ci məhəllə ərazisində 6 m2 torpaq sahəsinin ayrılması barədə Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının 07.05.1999-cu il tarixli, 295 nömrəli sərəncamının ləğv edilib-edilməməsi ilə bağlı Sumqayıt Bələdiyyəsində hər hansı məlumat mövcud deyildir. X2 Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının “tikinti obyektinin tikintisinin layihələndirilməsinə icazə verilməsi barədə” 28.06.2013-cü il tarixli, 156 saylı sərəncamına əsaslanaraq 06 sentyabr 2013-cü il tarixdə 134 m2 torpaq sahəsinin sənədləşdirilməsi üçün Sumqayıt Bələdiyyəsinə ərizə ilə müraciət etmiş, müvafiq rəylər alınmış və Sumqayıt Bələdiyyəsinin mülkiyyət hüququ dövlət qeydiyyatından keçmişdir. Məhkəmə hesab edir ki, iddia tələbinin əsaslı olması iş materiallarında olan Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının 07.05.1999-cu il tarixli, 295 nömrəli sərəncamı əsasında, X9 və Şəhid Ailələri Cəmiyyətinin Sumqayıt şəhər təşkilatının 29.01.1999-cu il tarixli, 151 nömrəli müraciətinin nəzərə alınaraq şəhid X12 ailəsinə müvəqqəti kommersiya köşkü qoyulması məqsədilə VMƏ və ŞA Cəmiyyətinin Sumqayıt şəhər təşkilatına 22-ci məhəllə ərazisində 6 m2 sahə ayrılması, həmin sərancamın hüquqi qüvvəsinin olduğu halda, kommersiya köşkünün qeyri-qanuni şəkildə alınması İddiaçı mübahisə ilə bağlı 3-cü şəxslər Sumqayıt şəhər Bələdiyyəsinə, Sumqayıt Şəhər İcra Hakimiyyətinə müraciətləri ilə öz təsdiqini tapır. Ona görə də sərəncam qüvvədə olduğu halda, üçüncü şəxslə obyektin tikintisi ilə bağlı Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının 28.06.2013-cü il tarixli, 156 nömrəli sərəncamına əsasən ünvan 4 ünvanında yaşayan X3 Sumqayıt şəhəri, 22-ci məhəllə ərazisində 134 m2 sahədə ticarət obyektinin tikintisinin layihələndirilməsinə icazə verilməsi qanunvericiliyin tələbinə zidd olmaqla bərabər, əhəmiyyətsizdir. Bundan əlavə məhkəmə qeyd edir ki, mübahisənin mahiyyətinə təsir göstərən mühüm amillərdən biri də üçüncü şəxs X2 qanunla qorunan hüquqlarıdır. Belə ki, Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının 28.06.2013-cü il tarixli, 156 nömrəli sərəncamının surətindən görünür ki, ünvan 4 ünvanında yaşayan X3 Sumqayıt şəhəri, 22-ci məhəllə ərazisində 134 m2 sahədə ticarət obyektinin tikintisinin layihələndirilməsinə icazə verilmişdir. Göründüyü kimi İddiaçı şəhid ailəsi kimi ayrılmış 6 m2 sahə, öz hüquqi qüvvəsin itirməmiş sərəncam əsasında həmin sahənin (X3 Sumqayıt şəhəri, 22-ci məhəllə ərazisində 134 m2 sahədə olan ticarət obyektinin) daxilindədir. Bu isə nəticədə məhkəmənin o qənaətə gəlməsinə əsas verir ki, iddia tələbi qismən təmin edilərək, cavabdeh Sumqayıt şəhər Bələdiyyəsi ilə üçüncü şəxs X4 arasında bağlanmış 16.10.2017-ci il tarixli icarə müqaviləsi qismən mübahisəli İddiaçı şəhid ailəsi kimi ayrılmış 6 m2 hissədə ləğv edilməli və həmin hissədə Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 2 saylı Ərazi İdarəsi tərəfindən üçüncü şəxs X2 adına verilmiş çıxarış ləğv olunmalıdır. Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində də hər kəsin onun mülki hüquq və vəzifələri müəyyən edilərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə işinin ədalətli araşdırılması hüququna malik olması göstərilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun V.Kiçibəyovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 5 iyul 2017-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 15 yanvar 2018-ci il müvafiq qanunvericiliyin torpaq sahələrinin icarə müqaviləsi əsasında istifadə edilməsinin qaydalarını və əsaslarını, həmçinin icarə müqaviləsi üzrə hüquqların vərəsələrə keçməsi qaydalarını tənzimləyən hüquq normalarının mahiyyətinin açıqlanmasını zəruri hesab etmişdir. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. (Konstitusiyanın 13 və 29-cu maddələri) İnsan Hüquqları üzrə Avropa Məhkəməsi mülkiyyət hüququna müdaxilə ilə bağlı qeyd etmişdir ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin ən mühüm və əsas tələbi ondan ibarətdir ki, dövlət orqanı tərəfindən mülkiyyətə istənilən müdaxilə tam qanuni olmalıdır. Konvensiya baxımından qanunçuluğun tələbi – dövlətdaxili hüquq normalarının qanunun aliliyi prinsipi ilə uzlaşması deməkdir (Kuşoğlu Bolqarıstana qarşı iş üzrə 10 may 2007-ci il tarixli Qərar). Konstitusiya Məhkəməsinin Plenumu vərəsəlik hüququnun hüquqi tənzimlənməsi ilə əlaqədar qeyd etmişdir ki, vərəsəlik institutu müəyyən dərəcədə hər iki normalar qrupunun (ailə və əmlak) spesifik xüsusiyyətlərini özündə əks etdirir. Belə ki, vərəsəlik hüquq institutunun bu xüsusiyyəti həm ona aid olan qaydaların xeyli hissəsinin məcburi xarakter daşımasında, həm də müqavilə azadlığının xüsusi şərtlərlə məhdudlaşdırılmasında özünü göstərir. (“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193-cü maddəsinin, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ və İİ hissələrinə, 29-cu maddəsinin İ, İİ və İİİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair” 20 oktyabr 2011-ci il tarixli və “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1203.1-ci maddəsinin şərh edilməsinə dair” 13 dekabr 2011-ci il tarixli Qərarlar) Vərəsəlik hüququnun yaranması miras qoyanın ölümü ilə şərtləndirilir və onun iradəsi nəzərə alınmaqla, hüquqi varisi kimi vəsiyyətnamədə və ya qanunda nəzərdə tutulan hüquqi varislik formasında hüquq və vəzifələr əldə edən şəxs tərəfindən həyata keçirilir. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. (MM-152.1) İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. (MM-152.3) Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Hüquqdan sui-istifadə mülkiyyətdən başqalarına ziyan vuran şəkildə istifadədir; bu zaman mülkiyyətçinin mənafe üstünlüyü dəqiq ifadə edilməmişdir və onun hərəkətlərinin zəruriliyi əsaslı deyildir. (MM-152.5, 152.6) İcarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. İcarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. (MM-700.1, 700.2) Əgər hər hansı torpaq sahəsinin, hüququn və ya müəssisənin icarəsi müqaviləsi bağlanarkən icarə müddəti müəyyənləşdirilməyibsə, müqavilənin ləğvinə yalnız azı altı aylıq xəbərdarlıq müddətini gözləmək şərti ilə ilin sonunda yol verilir. İcarəçinin bu Məcəllənin 691-ci maddəsinə uyğun olaraq müqaviləni ləğv etmək hüququ yoxdur. (MM-704.1, 704.2) Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337-ci maddəsinə əsasən məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir (Mülki Prosessual Məcəllənin 14.1-ci maddəsi). Həmin Məcəllənin 14.2-ci maddəsində isə qeyd edilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göründüyü kimi, mülki icraatda məhkəmə həqiqətin müəyyən edilməsinə yalnız tərəflərin təqdim etdikləri sübutlar çərçivəsində nail ola bilər. Bu baxımdan tərəflərin təqdim etdikləri sübutların obyektiv, qərəzsiz və hərtərəfli araşdırılması mülki prosessual qanunvericilikdə məhkəmənin üzərinə qoyulmuş əsas vəzifələrdən biridir. İstinad olunan Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 77.1-ci maddəsində sübutetmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən iddiaçı və cavabdeh, yəni tərəflər öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Beləliklə məhkəmə hesab edir ki, hazırkı iş üzrə iddiaçı iddia tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilmiş, cavabdeh isə iddiaya etirazının əsası kimi istinad etdiyi halları əsaslandıra bilməmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233 və 360cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh Sumqayıt şəhər Bələdiyyəsi ilə üçüncü şəxs X4 arasında bağlanmış 16.10.2017-ci il tarixli icarə müqaviləsi qismən mübahisəli İddiaçı şəhid ailəsi kimi ayrılmış 6 m2 hissədə ləğv edilsin və həmin hissədə Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 2 saylı Ərazi İdarəsi tərəfindən üçüncü şəxs X2 adına verilmiş çıxarış ləğv edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Aynur Behbudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar