Məhkəmə qərarları › İş №2(060)-2956/2023

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-2956/2023

06.06.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-2956/2023 06.06.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Ələkbərov Əfqan Qəzənfər oğlunun sədrliyi, Məmmədli Rəşad Mehman oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Abşeron Rayon Məhkəməsinin 2(012)-5074/2015 saylı, xx.xx.2015-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş aliment miqdarının dəyişdirilərək cavabdehdən xx.xx.2014-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 250 manat sabit pul məbləğində alimentin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçı dəqiqləşmə verərək, aliment məbləğinin artırılaraq hər ay 200 manat müəyyən edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, o, xx.xx.2013-cü ildə cavabdehlə faktiki nikah münasibətlərinə daxil olaraq ailə həyatı qurmuş, birgə nikahdan xx.xx.2014-cü il təvəllüdlü X3 adlı övladı dünyaya gəlmişdir. 2015-ci ildən cavabdehlə ailə münasibətləri pozulmuş və faktiki ayrılmışlar. Abşeron Rayon Məhkəməsinin 2(012)-5074/2015 saylı, xx.xx.2015-ci il tarixli qətnaməsi ilə cavabdehdən 108 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Cavabdeh məhkəməyə iddia tələbinə etiraz edilməsi barədə yazılı ərizə təqdim edərək, etirazını onunla əsaslandırmışdır ki, hal- hazırda heç bir yerdə işləmir. Sumqayıt daş bazarında fəhləlik edərək özünü, ailəsini saxlamaq üçün çalışır. Hal-hazırda yeni ailə qurmuşdur. Yeni nikahından bir övladı vardır. Bir övladı da 4 aydan sonra dünyaya gələcəkdir. Bundan əlavə keçmiş həyat yoldaşı hal-hazırda da işləyir. Sumqayıt şəhərində yerləşən bağçada tərbiyəçi kimi fəaliyyət göstərir. İddiaçının tələb etdiyi məbləğ onun üçün həddən artıq çoxdur. İddiaçının hal-hazırdakı maddi vəziyyəti ondan yaxşıdır. Bundan əlavə aliment ödəməkdən əlavə o, uşağına maddi və mənəvi formada da qayğı göstərir. Buna misal olaraq “İrşad” electronicsdən oğluna aldığı saatlı telefonu göstərə bilər. Qiyməti 189 manat təşkil edir. Həmçinin iddiaçı tərəfindən onun məhkum olunması ilə nəticələn cinayət işi üzrə yığılmış aliment üzrə borc atası tərəfindən ödənilmişdir. Həmin pul borc olaraq qonşusu və qohumlarının köməyi ilə borc kimi atasına verilmişdir. Həmin borcu da ödəmək onun üzərindədir. Göründüyü kimi aliment müəyyən olunandan sonra onun maddi baxımdan vəziyyəti dəyişmiş, yeni ailə qurmuş və bir uşağı da dünyaya gələcəkdir. Belə olan halda alimentin miqdarının qalxması onun və ailəsinin vəziyyətini xeyli dərəcədə çətinləşdirəcəkdir. O, alimentin məbləğinin 140 manat sabit pul məbləğində müəyyən edilməsini xahiş edir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək, ərizə ilə eyni məzmunlu izahat verdi və onun təmin olunmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasında etiraz ərizəsində göstərdiklərini müdafiə edərək, etiraz ərizəsində göstərilənlərə uyğun eyni məzmunlu izahat verib, məhkəmədən iddianın təmin olunmamasını xahiş etdi. Məhkəmə, tərəflərin izahatını dinləyərək, iş materiallarını araşdıraraq və iş üzrə sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - Abşeron Rayon Məhkəməsinin 2(012)-5074/2015 saylı, xx.xx.2015-ci il tarixli qətnaməsindən görünür ki, Cavabdeh 17 avqust 2014-cü il tarixdə anadan olmuş X1 üçün İddiaçı xeyrinə 108 manat məbləğində alimentin tutulması qət edilmişdir. - İlkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, tərəflər ilkin mediasiya sessiyasından sonra prosesi davam etdirmək barədə qərar qəbul etməmişlər. - Doğum haqqında şəhadətnamənin surətindən və elektron məhkəmə informasiya sistemindən görünür ki, tərəflərin birgə nikahından xx.xx.2014-cü il təvəllüdlü X3 adlı övladları vardır. - Atalığın müəyyən edilməsi haqqında şəhadətnamənin surətindən elektron məhkəmə informasiya sistemindən görünür ki, xx.xx.2014-cü il təvəllüdlü X2 atası Cavabdehdur. - Sumqayıt “Asan xidmət” mərkəzi qeydiyyat şöbəsinin verdiyi nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə Hüseynova Əfsanə Ədalət qızı arasında xx.xx.2019-cu il tarixdə rəsmi nikah bağlanmışdır və bu barədə nikah haqqında akt qeydləri kitabında həmin tarixdə 2758 nömrəsi ilə qeydiyyat aparılmışdır. Nikahdan sonra arvada Əliyeva soyadı verilmişdir. - Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilmiş məlumatlardan və doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə Hüseynova Əfsanə Ədalət qızının birgə nikahından xx.xx.2020-ci il təvəllüdlü X4 adlı övladları vardır. - “Sumqayıt Tibb Mərkəzi” publik hüquqi şəxsi 2 nömrəli Ailə Sağlamlıq Mərkəzinin verdiyi xx.xx.2023-cü il tarixli arayışın surətindən görünür ki, Əliyeva Əfsanə Ədalət qızı Sumqayıt şəhər 2 nömrəli ASM-də xx.xx.2023-cü il tarixdən 16-17 həftə hamiləlik diaqnozu ilə qeydiyyata durmuşdur. Hal-hazırda 21-22 həftə hamilədir. - Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilmiş məlumatlardan görünür ki, iddiaçı Azərbaycan Respublikası Təhsil Nazirliyi Abşeron-Xızı Regional Təhsil İdarəsində işləyir (tərbiyəçi, körpələr evləri/peşəkar), aylıq əmək haqqı 497 manat təşkil edir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, tərəflərin birgə nikahından xx.xx.2014-cü il təvəllüdlü X3 adlı övladları vardır. Abşeron Rayon Məhkəməsinin xx.xx.2015ci il tarixli qətnaməsi ilə alimentin məbləği 108 manat müəyyən edilmişdir. İddiaçı işləyir və aylıq əmək haqqısı 497 manatdır. Cavabdehin Əliyeva Əfsanə Ədalət qızı ilə nikahlarından xx.xx.2020-ci il təvəllüdlü X4 adlı övladı vardır. Məhkəmə iddia ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikasının Konstitusiyasının 34-cü maddəsinin İV bəndinə əsasən uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1-ci və 75.4-cü maddələrinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 112.1-ci maddəsinin tələbində göstərilir ki, aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya alimenti ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Həmin Məcəllənin 78.1-ci maddəsinin tələbində göstərilir ki, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa və ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. İşin məhkəmə iclasında araşdırılan hallarına əsasən Abşeron Rayon Məhkəməsinin 2(012)-5074/2015 saylı, xx.xx.2015-ci il tarixli qətnaməsinə əsasən müəyyən olunmuş aliment miqdarı hazırda uşağın saxlanılması üçün kifayət etmir. Belə ki, uşağın böyüməsi ilə əlaqədar onun maddi tələbatları getdikcə artır, iddiaçı isə, övladını saxlamaqda maddi baxımdan çətinlik çəkir. Bu halda məhkəmə hesab edir ki, iddiaçının marağı əhəmiyyətli dərəcədə pozulur. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə görə, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Uşaq hüquqları haqqında” Konvensiyanın 27-ci maddəsinə görə, hər bir uşaq özünün fiziki, əqli, mənəvi, əxlaqi və sosial inkişafı üçün lazımi həyat səviyyəsi hüququna malikdir. Lazımi həyat səviyyəsinin təmin edilməsi üçün əsas məsuliyyəti valideynlər daşıyır. “Uşaq hüquqları haqqında” Konvensiyanın 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən 2023-cü il uşaqlar üçün yaşayış minimumu 220 manat məbləğində müəyyən edilmişdir. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 27 iyul 2016-cı il tarixli qərarında göstərilmişdir ki, nikahın pozulması ilə əlaqədar uşağın valideynlərindən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi yaşayış minimumunun müəyyən edən qanunvercilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas ola bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatını ödəmək vəzifəsindən azad etmir. Qeyd olunan qərarında məhkəmə sonda belə nəticəyə gəlmişdir ki, aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2-ci və 78.2-ci maddələrinə, bu qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə da qiymət verilməlidir. Bu qərarın birinci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Həmin Qərarda məhkəmələrə izah edilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Beləliklə, məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək, sadalanan maddi hüquq normalarına əsaslanaraq və həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə hesab edir ki, iddia təmin olunmalı, Abşeron Rayon Məhkəməsinin 2(012)-5074/2015 saylı, xx.xx.2015-ci il tarixli qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarı dəyişdirilməli, cavabdehdən hazırki qətnamə qanuni qüvvəyə mindiyi gündən başlayaraq hər ay 200 manat sabit pul məbləğində aliment tutulub uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün iddiaçıya verilməlidir. Belə ki, məhkəmə, qanunun qeyd edilən tələblərini rəhbər tutub məhkəmə iclasında tədqiq edilən sübutları qiymətləndirərək, yetkinlik yaşına çatmayan uşağın mənafeyini, həmçinin onun əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanmasının zəruriliyini eləcə də, iddiaçının işləməsini, tərəflərin diqqətəlayiq maraqlarını nəzərə alır. AR MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi dövlət rüsumu ödənilməlidir. Həmin Qanunun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumundan azad edilir. Azərbaycan Respublikası MPM-nin 112.1.3-cü maddəsinə əsasən iddianın qiyməti aliment alınması haqqındakı iddialarda—bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Məhkəmə qeyd edir ki, bir il ərzində alimentin artırılmış hissənin ödənilməli məcmu məbləği 1104 manat olduğu üçün qanunvericiliyin tələbinə əsasən 31.04 manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. AR MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bu Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və AR MPM-nin 216-220 maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia təmin edilsin. Abşeron Rayon Məhkəməsinin 2(012)-5074/2015 saylı, xx.xx.2015-ci il tarixli qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarı dəyişdirilsin, Cavabdeh hazırki qətnamə qanuni qüvvəyə mindiyi gündən başlayaraq xx.xx.2014-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 200 manat sabit pul məbləğində aliment tutulub İddiaçı verilsin. İddianın verilməsinə görə 31.04 manat dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Əfqan Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar