Məhkəmə qərarları › İş №2(060)-2962/2022

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-2962/2022

04.07.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-2962/2022 04.07.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Əsədli İlahə Yusif qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul və dəymiş ziyan tələbinə dair mülki işə 04 iyul 2022-ci il tarixdə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı pul və dəymiş ziyan tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 3000 (üç min) manat məbləğində pulun və 36 manat dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, 2017-ildə cavabdehdən 3000 manata Sumqayıt şəhər Yaşıl Dərə yaşayış massivindən 3 sot torpaq sahəsi almış və həmin vaxt cavabdeh ona həmin sahəni göstərərək torpağa dair öz adına olan sənədlərin surətini vermiş və həmin ərazidən yüksək gərginlikli işıq xəttinin keçdiyini gizlətmişdir. O, maddi vəziyyətlə bağlı bu ərazidə ev tikə bilməmiş və pula ehtiyacının olduğu üçün təxminən 6 ay bundan qabaq Arzu adında xanıma 3500 manata bu torpaq sahəsini satmışdır. Lakin həmin şəxs orada tikinti işləri aparmaq istəyərkən ona məlum olmuşdur ki, bu ərazidə tikinti aparılmasına icazə verilmir, belə ki, yüksək gərginlikli elektrik xətti keçir. Həmin qadın bundan sonra ona verdiyi pulu ondan geri tələb etmişdir. Göründüyü kimi cavabdeh bu torpağı ona satarkən onu aldatmış o, hətta torpaq sahəsinin yerini ona düzgün göstərməmişdir. Bu səbəbdən də o onun verdiyi pulu mənimsəmiş, hazırda isə geri qaytarmaq istəmir. O, bununla bağlı Sumqayıt şəhər Pİ-nin 5-ci PB-nə müraciət etmiş, lakin ona bildirilmişdir ki, bu məsələ ilə bağlı mülki qaydada məhkəməyə müraciət etməlidir. Qeyd etdiklərinə əsasən, iddiaçı iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbini müdafiə etdiyini bildirdi və əlavə olaraq qeyd etdi ki, İlkindən sözügedən torpaq sahəsini 3000 manata almışdır. Lakin maddi vəziyyəti ilə əlaqədar həmin torpaq sahəsində ev tikə bilməmişdir. Bundan başqa həmin ərazidə də ev tikilməsinə Bələdiyyə də razılıq vermir. Həmin torpaq sahəsi təhlükəli ərazidə yerləşir. Qeyd edilən səbəblərlə əlaqədar o, torpaq sahəsini 3500 manata başqa şəxsə satmış, lakin sonradan həmin torpaq sahəsi ona qaytarılmış, eyni zamanda torpaq sahəsinə görə ona ödənilən 3500 manat pulun da geri qaytarılması barədə məhkəmə qərarı da mövcuddur. Hazırda qətnamə icra mərhələsindədir. Onu icra şöbəsindən qətnaməni icra etməyə məcbur edirlər. Cavabdeh ona pulu qaytarmalıdır ki, o da torpağı satdığı adamın pulunu qaytarsın. Əlavə olaraq qeyd edir ki, mübahisəli torpaq sahəsinə dair cavabdehlə aralarında alqı-satqı müqaviləsi bağlanmamış, torpaq sahəsi ona etibarnamə əsasında satılmışdır. Bundan başqa cavabdehin torpaq sahəsi onun adına olduğundan imza atmaq məcburiyyətində olması ilə bağlı dediyi fikirlə də razı deyil. Belə ki, torpağın satılmasına razı deyildisə, həmin sənədi də imzalamazdı. İddiaçı qeyd edilənlərə əsasən, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbinə dair izahat verərək bildirdi ki, iddia tələbini qəbul etmir. Belə ki, onun adına ümumilikdə 6 sot torpaq sahəsi olmuşdur. 3 sot torpaq sahəsini mərhum atası iddiaçıya satmışdır. Pul atasına ödənilmiş, atasının həmin torpaq sahəsindən aldığı puldan o, heç nə götürməmişdir. Torpaq sahəsi onun adına olduğundan məcburiyyət qarşısında qalaraq torpağın satılmasına dair etibarnaməyə imza atmış, nəticədə iddiaçıya 3 sot torpaq sahəsinə dair etibarnamə vermişdir. Qeyd edilənlərə əsasən cavabdeh iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq (SS780867710AZ saylı poçt göndərişinin təqdim edilməsi barədə xəbərnaməyə əsasən) iş üzrə üçüncü şəxs Sumqayıt şəhər Bələdiyyəsi məhkəmə iclasında təmsil olunmamış və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən məhkəmə işə üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə tərəfindən işin halları müəyyən edilərkən aşağıdakı sübutlara istinad edilmişdir: İşdə olan xx.xx.2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan göürünür ki, İddiaçı müraciəti əsasında toplanmış materialda cinayət tərkibi olmadığı üçün aparılmış araşdırmanın nəticələri üzrə cinayət işinin başlanmasının rədd edilməsi qərara alınmışdır. İşdə olan xx.xx.2016-cı il tarixli etibarnamənin surətindən görünür ki, X4 onun adına olan Sumqayıt şəhəri, “Yaşıl Dərə” ərazisində yerləşən 0.10 ha torpaq sahəsindən 0.06 ha hissəsinin AR Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin Ərazi idarəsində qeydiyyata alınmasını, torpaq sahəsinə dair sərəncam verməyi, üzərində tikinti işləri aparmağı, özəlləşdirməyi, satmağı, bağışlamağı, dəyişməyi, ipoteka (girov) qoymağı, pulunu almağı, AR Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin Ərazi İdarəsindən Çıxarışı, Forma N 1 Arayışını və almağı, digər zəruri olan sənədləri almağı, aldığına dair imza etməyi, bu işlə əlaqədar notariat kontorunda adından bütün əqdləri bağlamağı, imza etməyi, digər səlahiyyətli orqanlarda nümayəndəsi olmağı, bütün məhkəmə orqanlarında adından çıxış etməyi və bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədar digər hərəkətləri etməyi Cavabdeh etibar etmişdir. İş materiallarına əlavə edilmiş Sumqayıt Şəhər Bələdiyyəsinin xx.xx.2005-ci il tarixli qərarından görünür ki, “Yaşıl dərə” bağları ərazisində sahəsi 0.10 ha olan bağ torpaq sahəsinin Sumqayıt şəhəri, 6-cı mkr, ev 38, mənzil 7-də yaşayan vətəndaş X1 icarəsinə verilməsi qərara alınmışdır. İşdə olan “Bağ sahəsinin qısamüddətli icarəyə verilməsinə dair” 141 nömrəli müqavilədən görünür ki, Sumqayıt Şəhər Bələdiyyəsi Şurasının xx.xx.2005-ci il tarixli qərarı əsasında “Yaşıl dərə” bağları ərazisində sahəsi 0.10 ha olan bağ torpaq sahəsi X1 icarəsinə verilmişdir. İşdə olan Sumqayıt Bələdiyyəsi Bağ Təsərrüfatı Şöbəsi tərəfindən verilmiş vətəndaşların istifadəsində olan bağ təsərrüfatının texniki pasportundan görünür ki, 141 nömrəli müqavilə əsasında X1 icarəsinə verilmiş “Yaşıl dərə” bağları ərazisində sahəsi 0.10 ha olan bağ torpaq sahəsi 894 nömrə ilə qeydə alınmışdır. İşdə olan Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1266/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən görünür ki, həmin qətnamə ilə iddiaçı X2 cavabdeh İddiaçı qarşı pul tələbinə dair iddiası təmin edilmiş, cavabdeh İddiaçı 3500 manat pul və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 40 manat pulun iddiaçı X2 xeyrinə tutulması qət edilmişdir. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, iddiaçı torpaq almaq məqsədi ilə cavabdehə 3000 manat ödəmişdir. Lakin tərəflər arasında torpaq sahəsinin alqı-satqısına dair alıq-satqı müqaviləsi bağlanılmamışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Məhkəmə hesab edir ki, tərəflər arasında müqavilə bağlanmadığından onlar arasında olan münasibətlərə qanundan əmələ gələn öhdəliklərlə bağlı müddəalar (əsassız varlanma) tətbiq olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 14.2.7-ci maddəsinə əsasən əsassız varlanma mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir; - 439.4-cü maddəsinə əsasən öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər. - 1091-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. - 1092-ci maddəsinə əsasən varlanmış şəxsəldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. Məhkəmə iclasında toplanmış və tədqiq edilmiş sübutlardan göründüyü kimi, cavabdeh iddiaçıya məxsus 3000 manat məbləğində pulu hər hansı qanuni əsas olmadan əldə edib özündə saxlamaqla əsassız varlanmışdır, bu səbəbdən o, əsassız varlanma nəticəsində əldə etdiklərini iddiaçıya geri qaytarmalıdır. Məhkəmə cavabdehin sözügedən pul məbləğinin cavabdeh tərəfindən ona deyil, mərhum atasına ödənilməsi barədə etirazının dəlilləri ilə razılaşmır. Belə ki, cavabdeh məhkəmə iclasında verdiyi izahatında mübahisəli torpaq sahəsinin onun adına olduğunu və iddiaçının adına etibarnamənin onun tərəfindən verildiyini etiraf etmişdir. Məhkəmə onu da qeyd edir ki, İddiaçı 3500 manat pulun alınaraq X3 (torpaq sahəsinin etibarnamə əsasında satıldığı növbəti şəxsə) ödənilməsi barədə Sumqayıt Şəhər Məhkəməsi tərəfindən 2(060)-1266/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnamə də qəbul olunmuşdur. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir (Mülki Prosessual Məcəllənin 14.1-ci maddəsi). Həmin Məcəllənin 14.2-ci maddəsində isə qeyd edilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göründüyü kimi, mülki icraatda məhkəmə həqiqətin müəyyən edilməsinə yalnız tərəflərin təqdim etdikləri sübutlar çərçivəsində nail ola bilər. Bu baxımdan tərəflərin təqdim etdikləri sübutların obyektiv, qərəzsiz və hərtərəfli araşdırılması mülki prosessual qanunvericilikdə məhkəmənin üzərinə qoyulmuş əsas vəzifələrdən biridir. İstinad olunan Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 77.1-ci maddəsində sübutetmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən iddiaçı və cavabdeh, yəni tərəflər öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli qərarında qeyd edilmişdir ki, çəkişmə və dispozitivlik prinsiplərinin üstünlüyündən irəli gələrək mülki prosessual qanunvericilik məhkəmənin heç bir halda öz təşəbbüsü ilə sübut toplamaq vəzifəsini nəzərdə tutmur, əskinə bunu məhkəməyə qadağan edir. Belə ki, işdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər (Mülki Prosessual Məcəllənin 77.3-cü maddəsi). Lakin işdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər (Mülki Prosessual Məcəllənin 78.2-ci maddəsi). Göründüyü kimi, məhkəmə iş üzrə sübutları yalnız tərəflərin vəsatəti əsasında və onlar həmin sübutları müstəqil qaydada əldə edə bilmədikdə tələb edə bilər. Bu zaman zəruri sübutu müstəqil qaydada əldə edə bilmədiyini sübut etmək yükü də müvafiq tərəfin üzərinə düşür. Əks yanaşma məhkəmənin tərəflərin prosessual səlahiyyətlərini öz üzərinə götürərək, onlardan hər hansı birinin tərəfində dayanması, yaxud onları əvəz etməsi görüntüsü yarada bilər. Halbuki məhkəmə (hakim) bütün proses boyu obyektiv və qərəzsiz arbitr olaraq qalmalıdır. Yuxarıda qeyd edildiyi kimi, hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır. Məhkəmə hesab edir ki, hazırkı iş üzrə iddiaçı iddia tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı iddiası təmin edilməli, Cavabdeh 3000 manat məbləğində pul tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddiaçının məhkəməyə müraciət etmək üçün ödədiyi 36 (otuz altı) manat dövlət rüsumu da cavabdehdən alınmalı və İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası MPM-in 113-cü maddəsinə əsasən iddia verilən zaman qiymət qoyulması çətinlik törədən iddialar üzrə, habelə iddianın qiyməti düzgün göstərilmədiyi hallarda dövlət rüsumunun miqdarı hakim tərəfindən müəyyən edilən iddia qiymətinə müvafiq hesablanır, sonradan isə rüsumun kəsiri məhkəmə tərəfindən iş həll olunarkən müəyyən edilmiş iddia qiymətinə müvafiq olaraq alınır (113.1). İddia tələbləri artırıldıqda, rüsumun kəsir məbləği artırılmış iddia qiymətinə müvafiq olaraq ödənilir (113.2). Məhkəmə onu da qeyd edir ki, iddia ərizəsinin verilməsinə görə 50 manat dövlət rüsumu ödənilməli olduğu halda 36 manat dövlət rüsumu ödənildiyindən cavabdehdən 14 (on dörd) manat rüsumun kəsir məbləği alınaraq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında təqdim olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 360cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh İddiaçı xeyrinə 3000 (üç min) manat pul və iddia ərizəsinin verilməsinə görə ödənilmiş 36 (otuz altı) manat dövlət rüsumu tutulsun. Cavabdeh 14 (on dörd) manat dövlət rüsumunun kəsir məbləği tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Tanrıverdiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar