Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-2979/2023 10.08.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Giriş hissə: Hakim Həxiyeva Şəbnəm Səlim qızının sədrliyi, İbrahimzadə Zəhra Şahverdi qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili X2 iştirakı ilə İddiaçı Cavabdeh qarşı "pul tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:
1. İddiaçı Cavabdeh qarşı "pul tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı xx xxxx 1986-cı il tarixdə anadan olmuşdur. Hazırda ünvan 1 ünvanında yaşayır. İddiaçı cavabdeh X3 daha əvvəldən tanımış, cavabdeh ondan bir neçə dəfə qızıl almışdır. Sonuncu dəfə cavabdeh iddiaçıdan borca qızıl istəmiş, o isə əvvəldən tanıdığı üçün ona etibar etmiş və 3554 manat məbləğində borca qızıl satmışdır. Lakin üzərindən uzun müddət keçməsinə baxmayaraq, cavabdeh borcunu ödəməkdən yayınmışdır. Qeyd olunanlar ilə bağlı aralarında vatsap yazışmaları da mövcuddur. Cavabdeh borcunun olduğunu inkar etmir və hər dəfə ödəyəcəyini bildirərək iddiaçını müxtəlif bəhanlər ilə yubadır. Bu səbəbdən də iddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edir. Göstərilənlərə əsasən cavabdeh X1 3554 manat məbləğində pul, eləcə də dövlət rüsumunun əvəzi olaraq 56 manat pulun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.
a) Məhkəmə icraatı iştirakçılarının izahatları:
3. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili X4 iddia tələbini müdafiə edərək, tələbin təmin edilməsini məhkəmədən xahiş etmişdir.
4. Əvvəlki məhkəmə iclasında iştirak etmiş İddiaçı iddia tələbini müdafiə edərək, bildirmişdir ki, Cavabdeh əvvəllər ondan aldığı qızılların pullarını vaxtlı-vaxtında ödəyirdi. Buna səbəb etimadın qazanılması idi. Sonradan özünün, gəlinlərinin, bacısının adına aldığı qızılların pulunu qaytarmamışdır. Qeyd olunanlara əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir.
5. Sonuncu məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasına gəlməmişdir.
6. Məhkəmə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
7. Əvvəlki məhkəmə iclasında iştirak etmiş Cavabdeh iddia tələbinə etiraz edərək, bildirmişdir ki, o, iddiaçıya olan borcunu ödəmişdir.
8. Eyni zamanda, 05 iyul 2023-cü il tarixdə keçirilən iclasda izahat verməkdən imtina edərək, məhkəmə zalını tərk etmişdir.
9. Sonuncu məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.
10. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
11. Məhkəmə, iddiaçının, onun nümayəndəsi və vəkilinin izahatlarını dinləyib, iş materiallarını nəzərdən keçirib hesab edir ki, iddia tələbi təmin edilməlidir.
Əsaslandırıcı hissə: a) Mülki işin materialları:
12. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 öz ifadəsində göstərmişdir ki, o, qida məhsullarının satışı ilə məşğuldur və cavabdeh onun müştərisi olmuşdur. Belə ki, cavabdehin ona borcu var idi və sözügedən qəbzdə göstərilən 200 manat məbləği cavabdeh ona ödəmişdir. Həmçinin, cavabdeh hazırda ona olan borcunu tam şəkildə ödəməmişdir.
b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:
13. Beləliklə də məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı Cavabdeh qızılzinət əşyalarını nisyə olaraq satmış, cavabdeh həmin əşyaların dəyərini hissə-hissə ödəmək barədə öz üzərinə öhdəlik götürmüşdür. Bir müddət aralarında hər hansı mübahisə olmamış, cavabdeh aldığı əşyaların dəyərini əvvəllər vaxtı-vaxtında ödəmişdir. Sonradan tərəflər arasında münasibətlər pozulmuşdur. Belə ki, cavabdeh iddiaçıdan nisyə alqı-satqı müqaviləsi üzrə aldığı malların dəyərini ödəmədiyi üçün iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmişdir.
c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:
14. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.
15. Göründüyü kimi, iddia tələbinin qanuni əsasını nisyə alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik münasibətləri təşkil edir.
16. Belə ki, iş materiallarında olan sübutlardan, tərəflərin izahatlarından, yazışmalardan, şahid ifadəsindən müəyyən olunur ki, tərəflər arasında alqı-satqı münasibətləri mövcud olmuşdur.
17. Belə olan halda hazırkı mübahisəyə alqı-satqı münasibətlərini tənzimləyən normalar tətbiq edilməlidir.
18. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
19. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
20. Qeyd olunan Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
21. Göstərilən Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.
22. Eyni Məcəllənin 600.1-ci maddəsinə əsasən al qı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.
23. Həmin Məcəllənin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun.
24. Eyni Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.
25. İşin hallarından görünür ki, iddiaçı cavabdehə verdiyi qızıllara görə ona 3554 manat borcunun olduğunu qeyd edir. Cavabdeh bu halı təkzib etmir, aralarında borc münasibətinin olduğunu qeyd edir, lakin bütün borcunu qaytardığını bildirir. Belə bir nəticəyə gəlinir ki, iddiaçının iddia etdikləri, yəni cavabdehin ona 3554 manat borcunun olması cavabdehin izahatı ilə təsdiq olunur. MPM-in 106.3-cü maddəsinə əsasən iddiaçı bu halı sübut etmək vəzifəsindən azad olunur, belə ki, cavabdeh bu faktı təsdiq edir.
26. Bundan əlavə, məhkəmə cavabdehin məhkəməyə təqdim etdiyi xx.xx.2021-ci il tarixli (200 manat), xx.xx.2021-ci il tarixli (200 manat) və xx.xx.2022-ci il tarixli (50 manat) qəbzlərlə bağlı qeyd edir ki, həmin qəbzlərdən biri, yəni xx.xx.2021-ci il tarixli qəbz üzrə 200 manat X7 adlı şəxsin hesabına köçürülmüşdür ki, bununla da bağlı həmin şəxs şahid kimi dindirilmiş və ifadəsi alınmışdır. Qalan qəbzlər üzrə məbləğlər (200 manat, 50 manat) iddiaçının hesabına köçürülmüşdür ki, həmin ödənişlər də borc məbləğindən silinmişdir. Bu halı iş materiallarına sübut kimi əlavə edilmiş “whatsapp” yazışmaları təsdiq edir.
27. Məhkəmə qeyd edir ki, hər bir tərəf tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir, bu halda iddiaçının tələb etdikləri sübut olunur, lakin cavabdehin borcu qaytarması barədə bildirdikləri sübut olunmur. Halbuki, sübutetmə yükü cavabdehin iddiaçının bildirdiklərini təsdiq etdiyi andan cavabdehə keçib və borcu qaytarmağını, ona borcunun olmadığını iddiaçı deyil, cavabdeh sübut etməlidir. Yekun nəticə olaraq iddiaçının cavabdehə qızıl verdiyi təsdiq olunur, lakin cavabdehin iddiaçıya qızılı və ya qızılın dəyərini qaytarmağı sübut olunmur.
28. «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublikası Qanununun 100-cu maddəsinə əsasən məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır.
29. Məhkəmə qeyd edir ki, işin hərtərəfli tədqiqi dedikdə, baxılan iş üzrə mövcud olan bütün məsələlərin, onlar daxili əlaqəsi nəzərə alınmaqla mübahisə edən tərəflərin hər birinin həm xeyrinə, həm də mənafeyinin ziddinə olan halların müəyyən edilməsi ilə araşdırılması başa düşülməlidir. Mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən və mübahisənin mahiyyətinə aid olan bütün materialların və faktların tədqiqi ilə təmin olunur. İşin obyekti və qanuni həlli üçün əhəmiyyət kəsb edən digər halların araşdırılması da əhatə olunmalıdır.
30. Qanunvericilik sübutetmə vəzifəsini tərəflərin üzərinə qoyduğu kimi, eyni zamanda tərəflərin tələb və etirazlarının əsası kimi istinad etdiyi halların sübut etmə vəzifəsini də onların üzərinə qoymuşdur. Bununla yanaşı məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır.
31. Azərbaycan Respublikası MPM-nin 76.1-ci madəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir(maddə 76.2). Qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmir (maddə 76.3).
32. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.
33. Avropa Məhkəməsinin Van de Huk Niderlanda qarşı işi üzrə 19 aprel 1994-cü il tarixli qərarında göstərilmişdir ki, sübutların qiymətləndirilməsi və onların aidiyyəti və mümkünlüyü məsələsinin həllində milli məhkəmələrin səlahiyyətini nəzərə alaraq məhkəmə xatırladır ki, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ədalət mühakiməsi orqanının üzərinə tərəflərin təqdim etdiyi mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq vəzifəsini qoyur.
34. Avropa Məhkəməsinin Qavazov Bolqarıstana qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93).
35. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Əsədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 5 avqust 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» xx.xx.2021-ci il tarixli qərarında göstərmişdir ki, «Konstitusiya Məhkəməsinin Plenumu göstərir ki, mülki prosessual hüquq doktrinasında qanunsuz sübut anlayışının iki halı fərqləndirilir. Bunlardan biri sübutların qanuna zidd əməllər nəticəsində əldə olunması, digəri isə əldə olunan sübutların qanuna zidd şəkildə istifadə olunması halıdır. Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsində qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmədiyi müəyyən olunmuşdur. Qanunu pozmaqla əldə edilmiş sübut anlayışı mülki hüquq subyektlərinin şəxsi toxunulmazlıq hüququnun pozulması nəticəsində əldə edilmiş sübut mənasını daşıyır. İnsanın səs, görüntü və s. kimi şəxsiyyəti ilə bağlı olan dəyərlərinin onun iradəsi xaricində istifadə olunmasının yolverilməzliyi prinsipi insan şəxsiyyətinin toxunulmazlığını və ona olan hörməti təmin etmək məqsədi daşıyır. Şəxs tərəfindən əqdin qarşı tərəfinin bildirdiyi iradə ifadələrini əks etdirən danışıqların həmin münasibət barəsində yaranan hüquqi mübahisənin həllində istifadə olunması özözlüyündə şəxsi toxunulmazlıq hüququna qəsd kimi qiymətləndirilə bilməz. Belə ki, həmin danışıq və yazışmalar əqdin tərəfləri üçün sirr deyildir və mahiyyət etibarı ilə aralarındakı hüquqi münasibətlə bağlı bir-birlərinə yazılı mətn halında çatdırdıqları iradə ifadələrindən və bildirişlərindən fərqlənmir. Bu baxımdan başqa şəxslə deyil, birbaşa əlaqədar tərəflər arasında olan danışıqların mülki mübahisənin həlli zamanı istifadə edilməsi Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsi ilə nəzərdə tutulan hallara aid edilə bilməz».
36. Məhkəmə Konsitusiya Məhkəməsinin mövqeyini rəhbər tutaraq, hesab edir ki, iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş “whatsapp” yazışmaları sübut qismində dəyərləndirilə bilər.
37. Məhkəmə qeyd edir ki, hazırkı iş üzrə təqdim edilmiş “whatsapp” yazışmaları şəxsi həyatın toxunulmazlığına, o cümlədən şəxsi və ailə həyatının sirrinə, habelə onun şərəf və ləyaqətinə dair məlumatlarla bağlı deyildir və həmin səs yazısı tərəflər arasında olan borc münasibətləri ilə bağlı olduğundan, sübut növü kimi qəbul edilir. Məhkəmə həmin “whatsapp” yazışmalarının tərəflərə məxsusluğunu müəyyənləşdirmiş, həmin yazışmaların tərəflərə aid olması şübhə doğurmamışdır.
38. İş materiallarında olan “whatsapp” yazışmalarından müəyyən olunur ki, cavabdehin iddiaçıya həqiqətən də qızıllara görə borcu yaranmışdır. Belə ki, həmin yazışmalardan müəyyən olunur ki, iddiaçı cavabdehə borcunun hansı məbləğdə olduğunu təsdiq edən fotoşəkillər (sonuncu dəfə xx.xx.2022-ci il) göndərmişdir ki, həmin fotoşəkildə cavabdehin borcunun 3554 manat (özü-1092-200-50 = 842, gəlin -394, bacısı-430, komplekt – 1888) olduğu qeyd edilmiş, cavabdeh iddiaçıya “qeyd elədim, yaxşı, kartını at, bazar gününə kimi atacam” ifadələrini yazmışdır. Bundan əlavə, cavabdeh bildirir ki, borcu qaytarıb, lakin bu borcu harada, hansı şəraitdə, hansı tarixdə, hissə-hissə və ya birdəfəlik qaytardığını məhkəməyə bildirməmişdir.
39. Məhkəmə qeyd edir ki, iddiaçının tələb etdiyi pulların qaytarılmadığını sübut etməsi mümkünsüzdür və onun üzərinə belə bir vəzifənin qoyulması MPM-nin 77.1-ci maddəsinin tələbinə ziddir. Həmin normanın tələbinə görə cavabdeh etirazının əsasını təşkil edən halları, pulları iddiaçıya qaytarmasını sübut etməlidir. Belə ki, MPM-nin 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göründüyü kimi, cavabdeh pulları iddiaçıya qaytarması ilə bağlı sübutları təqdim etməmiş, qeyd olunan halları sübut edə bilməmişdir. Belə olan sözügedən məbləğ cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir.
40. Beləliklə, məhkəmə iş materiallarını araşdıraraq, hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 3554 (üç min beş yüz əlli dörd) manat məbləğində pul, habelə 56 (əlli altı) manat ödənilmiş dövlət rüsumunun əvəzi alınaraq İddiaçı ödənilməlidir.
41. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
42. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
43. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
44. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
Nəticə hissəsi:
45. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh 3554 (üç min beş yüz əlli dörd) manat məbləğində pul, habelə 56 (əlli altı) manat ödənilmiş dövlət rüsumunun əvəzi alınaraq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən Şəbnəm Həxiyeva