Məhkəmə qərarları › İş №2(060)-298/2022

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-298/2022

24.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-298/2022 24.01.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Azər İbrahim oğlunun sədrliyi, Rəhimov Səbuhi Fərəc oğlunun katibliyi, İddiaçı qızının Cavabdeh qızına qarşı «pul» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı qızı Cavabdeh qızına qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, Cavabdeh qızından 7000 ABŞ dolları və 3000 manat məbləğində borcun və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsi və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Əliyev Nail Heydər oğlu ondan 21.01.2016-cı il tarixdə 3000 manat, 01 may 2016-cı il tarixdə 3000 ABŞ dolları, 8.10.2016-cı il tarixdə 1000 ABŞ dolları, 12.02.2018-ci il tarixdə 1000 ABŞ dolları və 10.01.2018-ci il tarixdə isə 2000 ABŞ dolları məbləğində borc pul almışdır. Lakin həmin borc pul Əliyev Nail Heydər oğlu tərəfindən ona geri ödənilməmişdir. Əliyev Nail Heydər oğlu 2019-cu ilin sentyabr ayında vəfat etmişdir. Sumqayıt şəhəri 48-ci məhəllə, ev 1, 49 saylı mənzil Əliyev Nail Heydər oğlunun mülkiyyətində olmuşdur. Onun vəfatından sonra ondan miras qalmış həmin əmlak onun arvadı Cavabdeh tərəfindən vərəsəlik qaydasında qəbul olunmuşdur. Həmin faktı AR ƏMDK yanında DƏDRX-nin 2 saylı Sumqayıt ərazi idarəsinin 11 sentyabr 2020-ci il tarixli, **********72 nömrəli məktubu da təsdiq edir. Hazırda borclu Əliyev Nail Heydər oğlundan miras qalmış Sumqayıt şəhəri, 48-ci məhəllə, 4 saylı evin, 49 saylı mənzili tam pay hüququ ilə Cavabdeh məxsus olduğuna görə miras qoyanın ona borclu olduğu 7000 ABŞ dolları və 3000 manat borca görə cavabdeh Əliyeva Təranə Rizvan qızı məsuliyyət daşıyır və həmin borcu o qaytarmalıdır. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsi barədə qətnamə çıxarılması məhkəmədən xahiş edilir. Cavabdeh məhkəməyə ərizə təqdim edərək göstərmişdir ki, iddiaçı tələbini mərhum həyat yoldaşı Əliyev Nail Heydər oğluna ayrı-ayrı vaxtlarda və müxtəlif məbləğlərdə borc olaraq pul verməsi ilə əsaslandırır və bu barədə məhkəməyə aralarında borc öhdəliklərinin olmasını təsdiq edən qəbz, razılaşmalar təqdim etmişdir. Qeyd olunan yazılı sənədlərdən məlum olur ki, tərəflər arasında sonuncu razılaşma 12 fevral 2018-ci il tarixdə bağlanmışdır. 21.01.2016-cı il tarixli razılaşmadan məlum olur ki, Əliyev Nail Heydər oğlu iddiaçıdan aldığı 3 000 (üç min) AZN borc əvəzində ona hər ay 100 (yüz) AZN ödəməlidir. X1 borcunu qaytarmaması barədə iddiaçının mülahizələri sübutlarla təsdiq edilmir. Əksinə həmin borcun hissə-hissə qaytarılması qeyd edilən qəbzlə, eləcə də iddiaçının uzun müddət iddia verməməsi, borcunu tələb edən hərəkətləri etməməsi ilə təsdiq olunur. Tərəflərin arasında yaranmış öhdəlik münasibətlərindən uzun müddət keçmişdir. Belə ki, Azərbaycan Respublikasının Müki Məcəlləsinin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti 3 ildir. Həmin Məcəllənin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Buna görə də iddia ərizəsinin təmin edilməməsi barədə qətnamə qət edilməsini xahiş edir. Məhkəmə, iş üzrə toplanmış materialları tədqiq edib, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan 21.01.2016-cı il tarixli razılaşmadan görünür ki, Əliyev Nail Heydər oğlu razılaşma əsasında İddiaçı qızından 3000 manat borc pul götürmüşdür. Həmin pulu 21.06.2016-cı il tarixdə İddiaçı qaytaracağına söz vermişdir. İddiaçı ona borc verdiyinə görə hər ay 100 manat pul verəcəyini qeyd etmiş və imzalamışdır. İş materiallarında olan 01.05.2016-cı il və 08.10.2016-cı il, 12.02.2018-ci il və 10.01.2018-ci il tarixli sadə əlyazmalardan görünür ki, Əliyev Nail Heydər oğlu İddiaçı cəmi 7000 ABŞ dolları borc aldığını qeyd etmiş və imzalamışdır. İş materiallarında olan çıxarışdan görünür ki, Əliyev Nail Heydər oğlu 17.09.2019-cu il tarixdə vəfat etmişdir. İş materiallarında olan nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Əliyev Nail Heydər oğlu X3 arasında 02. 08.1988-ci il tarixdə akt qeydləri kitabında 18 nömrəli qeyd aparılmaqla rəsmi nikah bağlanmışdır. Nikah bağlandıqdan sonra arvada “Əliyeva” soyadı verilmişdir. İş materiallarında olan MH seriyalı, ******* nömrəli çıxarışın surətindən görünür ki, Sumqayıt şəhəri, 48-ci məhəllə istifadədə olan 0.3 ha torpaq sahəsində yerləşən 4 nömrəli, 5 mərtəbəli binanın 4-cü girişində, 2-ci mərtəbəsində yerləşən 51.84 kv.m ümumi, 35.2 kv.m yaşayış sahəsindən ibarət 2 otaqlı 49 nömrəli mənzil tam mülkiyyət hüququ üzrə Əliyev Nail Heydər oğlunun adına daşınmaz əmlakın dövlət reyestrində 37 nömrəli reyestr kitabının 78 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan 13.09.2020-ci il tarixli miras payının bağışlanması müqaviləsinin surətindən görünür ki, X6 və Nümayəndə Sumqayıt “Asan xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu tərəfindən 13 sentyabr 2020-ci il tarixli , 2V-689 №-li reyestr nömrəsi ilə təsdiq edilmiş vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən onlara düşən miras payını Cavabdeh qızına bağışlamışlar. İş materiallarında olan AR DƏDRX-in 2 saylı Sumqayıt ərazi idarəsi tərəfindən Azərbaycan Respublikası Vəkillər Kollegiyası ünvan 1 ünvanlanmış 17 sentyabr 2020-ci il tarixli, **********72 nömrəli məktubdan görünür ki, ünvan 2 ünvanda yerləşən 49 saylı mənzilin hüquqi rejiminə dair məlumatın verilməsi barədə 11.09.2020-ci il tarixli, 565 saylı məktuba Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsində baxılmışdır. Bununla əlaqədar bildirilmişdir ki, ünvan 2 ünvanda yerləşən 49 saylı mənzil Sumqayıt “Asan Xidmət” mərkəzində notariat kontorunun xüsusi notariusunun təsdiq etdiyi 2V-689 nömrəli, 13.09.2020-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə və 3M-431 nömrəli, 13.09.2020-ci il tarixli miras payının bağışlanmasına dair müqavilə əsasında Cavabdeh adına qeydiyyata alınaraq, ********** qeydiyyat nömrəli, 13.09.2020-ci il tarixli dövlət reyestrindən çıxarış verilmişdir. Mənzil barədə dövlət reyestrində əlavə məlumat yoxdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 184.2-ci maddəsinin mahiyyətindən görünür ki, hakim işə əlavə edilmiş sübutlar və işdə olan mövcud materiallar əsasında işə baxmağa haqlıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. İşin araşdırılan halları və iş materiallarında olan sadə yazılı qəbzlərlə müəyyən edilir ki, mərhum Əliyev Nail Heydər oğlu İddiaçı qızından 7000 ABŞ dolları və 3000 manat məbləğində borc almış, lakin borcu qaytarmamışdır. Ona görə də, məhkəmə hesab edir ki, həmin borc cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Eyni zamanda, iş materiallarından görünür ki, iddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən 30 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu cavabdehə aid edilməli və ondan alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh qızından 7000 ABŞ dolları (ödəniş gününə Azərbaycan Respublikası Mərkəzi Bankın müəyyən etdiyi manatla məzənnəsi hesablanmaqla) və 3000 manat məbləğində pul və 30 manat ödənilmiş dövlət rüsumu İddiaçı qızının xeyrinə tutulmalıdır. Yuxarıda şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 241-244, 252 və 253-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh qızından 7000 ABŞ dolları (ödəniş gününə Azərbaycan Respublikası Mərkəzi Bankın müəyyən etdiyi manatla məzənnəsi hesablanmaqla) və 3000 manat məbləğində pul və 30 manat ödənilmiş dövlət rüsumu İddiaçı qızının xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. HAKİM: AZƏR İSMAYİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar