Məhkəmə qərarları › İş №2(060)-2984/2021

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-2984/2021

13.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-2984/2021 13.04.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Qoşqarlı Rəşad Nizami oğlunun sədrliyi, Tərəflərin iştirakı olmadan, İddiaçı “xxxx” Məhdud Məsuliyyəti Cəmiyyətinin Cavabdeh qarşı “pul tələbi” iddiasına dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında baxaraq; MÜƏYYƏN E T D İ: İddiaçı “xxxx” Məhdud Məsuliyyəti Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 27.06.2019-cu il tarixli müqaviləsinə əsasən, HOFFMANN markalı kondisioner üçün 912 (doqquz yüz on iki) manat ödənilməmiş hissə, 0 (sıfır) manat cərimə, 06.07.2019-cu il tarixli müqaviləsinə əsasən İMEY kodu **********54229 və **********84793 olan 2 ədəd Samsung galaxy A10 markalı telefon üçün 644 (altı yüz qırx dörd) manat ödənilməmiş hissə, 0 (sıfır) manat cərimə, ümumilikdə 1556 (min beş yüz əlli altı) manat borc, 30 (otuz) manat dövlət rüsumu, cəmi 1586 (min beş yüz səksən altı) manat Cavabdeh alınaraq “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh, “xxxx” MMC ilə 27.06.2019-cu il və 06.07.2019-cu il tarixli müqaviləsinə əsasən Hoffmann markalı kondisioner və İMEY kodu **********54229 və **********84793 olan 2 ədəd Samsung galaxy A10 markalı telefon almış və nəticədə 1556 (min beş yüz əlli altı) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 27.06.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1152 (min yüz əlli iki) manat (24 ay x 48 manat+0 manat ilkin ödəniş) olan, Hoffman markalı kondisioner üçün üçün ümumilikdə 912 (doqquz yüz on iki) manat olmaqla, 912 (doqquz yüz on iki) manat ödənilməmiş hissə, 201 (iki yüz bir) manat (0.48 manat x 420 gün) hesablanmalı olmasına baxmayaraq, güzəşt olunaraq 0 (sıfır) manat cərimə pulu borc yaranmışdır. 06.07.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 920 (doqquz yüz iyirmi) manat (20 ay x 46 manat+0 manat ilkin ödəniş) İMEY kodu **********54229 və **********8793 olan 2 ədəd Samsung galaxy A10 markalı telefon ümumilikdə 644 (altı yüz qırx dörd) manat olmaqla ondan, 644 (altı yüz qırx dörd) manat ödənilməmiş hissə, cərimə 179 (yüz yetmiş doqquz) manat (0,46 manat x 390 gün) hesablanmalı olmasına baxmayaraq, güzəşt olunaraq 0 (sıfır) manat cərimə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 516 (beş yüz on altı) manat təşkil edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təstiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Barəsində sadələşdirilmiş qaydada kiçik iddia daxil olmuş Cavabdeh iddia tələbi barədə bildiriş göndərilmiş, lakin onun tərəfindən həmin iddia ilə bağlı nəzərdə tutulmuş müddət ərzində etiraz daxil olmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə işin materiallarını araşdırıb, sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia təmin olunmalıdır. İş materiallarından görünür ki, “xxxx” MMC ilə Cavabdeh arasında 27.06.2019-cu il tarixdə 00745875 №li müqavilə bağlanmışdır. Müqavilənin 1.1-ci bəndinə əsasən “xxxx” MMC özünə məxsus olan və fərdi əlamətləri bu Müqavilənin 2.1-ci əlavəsində göstərilən şərtlərlə verir. “Alıcı” isə əşyanı göstərilən şərtlərlə qəbul edir. Müqavilənin 4.3-cü bəndinə görə müqavilə imzalandığı andan mal müştərinin mülkiyyətinə keçənə qədər qüvvədədir. İş materiallarından görünür ki, “xxxx” MMC ilə Cavabdeh arasında 06.07.2019-cu il tarixdə 00765100 №li müqavilə bağlanmışdır. Müqavilənin 1.1-ci bəndinə əsasən “xxxx” MMC özünə məxsus olan və fərdi əlamətləri bu Müqavilənin 2.1-ci əlavəsində göstərilən şərtlərlə verir. “Alıcı” isə əşyanı göstərilən şərtlərlə qəbul edir. Müqavilənin 4.3-cü bəndinə görə müqavilə imzalandığı andan mal müştərinin mülkiyyətinə keçənə qədər qüvvədədir. İş materiallarında olan “xxxx” MMC tərəfindən verilmiş 11.02.2021-ci il tarixli “maliyyə və ödəniş cədvəli”ndən görünür ki, Cavabdeh 27.06.2019-cu il tarixli müqaviləsinə əsasən, ümumilikdə ödəniməmiş məbləğ 912 manat, 06.07.2019-cu il tarixli müqaviləsinə əsasən 644 manat, cəmi 1556 manat cəmiyyətə olan borcu var. İş materiallarında olan Seriya AZE № ******** saylı Azərbaycan Respublikası Vətəndaşının şəxsiyyət vəsiqəsindən görünür ki, Cavabdeh, Sumqayıt şəhəri, Nizami küçəsi, 19C, məhəllə 6-da qeydiyyatdadır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirilməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 600.5-ci maddəsinə əsasən alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. Həmin Məcəllənin 385-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. İş materiallarından müəyyən edilir ki, tərəflər arasında qanunvericilklə nəzərdə tutulmuş qaydada nisyə-alqı satqı müqaviləsi bağlanılmış, iddiaçı müqavilə üzrə öhdəliklərini tam yerinə yetirsə də, cavabdeh müqavilənin şərtlərinə əməl etməmişdir. Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də iş üzrə ödənilmiş dövlət rüsumu cavabdehdən tutularaq iddiaçının xeyrinə keçirilməlidir. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda, tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 1556 (min beş yüz əlli altı) manat məbləğində borcun və 30 (otuz) manat dövlət rüsumu, ümumilikdə 1586 (min beş yüz səksən altı) manat məbləğində pulun alınaraq “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5-284-6 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia təmin edilsin. Cavabdeh 1556 (min beş yüz əlli altı) manat məbləğində borcun və 30 (otuz) manat dövlət rüsumu, ümumilikdə 1586 (min beş yüz səksən altı) manat məbləğində pulun alınaraq “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Qətnamədən, qətnamə rəsmi qaydada verildiyi gündən, bir ay müddətinə Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşad Qoşqarlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar