Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-3/2021 15.04.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Ələkbərov Əfqan Qəzənfər oğlunun sədrliyi, Mustafayeva Aygün Ələmdar qızının katibliyi, Tərəflərin iştirakı olmadan, İddiaçı ASC-nin cavabdehlər Borclu1 və Borclu2 qarşı pul tələbinə dair iddiası üzrə mülki işə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ASC məhkəməyə müraciət edərək, cavabdehlər Borclu1 və Borclu2 İddiaçı ASC-nin xeyrinə 8763,99 manat əsas, 1085,63 manat faiz borcu olmaqla, cəmi 9849,62 manat məbləğində vəsaitin və 20 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə məhkəmə əmri çıxarılmasını xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-7111/2015 saylı, 25.06.2015-ci il tarixli əmri ilə Borclu1 və Borclu2 İddiaçı ASC-nin xeyrinə əsas kredit borcu 8763,99 manat, 1085,63 manat faiz borcu olmaqla, cəmi 9849,62 manat və ödənilmiş 20 manat məbləğində dövlət rüsumunun tutulması əmr edilmişdir. 03.11.2020-ci il tarixində X1 məhkəməyə etiraz təqdim edərək 30.09.2016-cı il tarixli əmrin ləğv edilərək iddia icraatına keçilməsi xahiş olunmuşdur. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-7111/2015 saylı, 23.10.2020-ci il tarixli qərardadı ilə Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-7111/2015 saylı, 25.06.2015-ci il tarixli məhkəmə əmri ləğv edilmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh Borclu1 ilə kreditor arasında bağlanılmış 21.08.2014-cü il tarixli, 121GTUM142330004 saylı kredit müqaviləsinə əsasən cavabdehə illik 25% faizlə, 36 ay müddətinə 9500 manat kredit verilmişdir. Kredit müqaviləsinin təminatı olaraq Borclu2 ilə zaminlik müqaviləsi bağlanmışdır. Cavabdeh həmin məbləği ödəməyi öhdəsinə götürmüşdür. Lakin Borclu1 kredit müqaviləsinin şərtlərini dəfələrlə yerinə yetirməmiş və kredit üzrə faizlərin ödənilməsi müddətləri pozulmuşdur. Odur ki, məhkəmədən iddia tələbinin təmin olunması xahiş olunur. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişdir. Bundan başqa iddiaçının nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək, iddia tələbini müdafiə etdiyini və məhkəmə iclasını onların nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Azərbaycan Respublikasının MPM-nin 185-ci maddəsinin tələblərinə əsasən məhkəmə hazırki mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş cavabdeh Borclu1 maddi vəziyyətinin aşağı olduğundan ödənişləri edə bilmədiyini, bundan sonra ödənişləri vaxtlı-vaxtında edəcəyini bildirmişdir. Məhkəmə, iş materiallarını araşdıraraq və iş üzrə sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan: - İddiaçı ASC ilə cavabdeh Borclu1 arasında bağlanılmış 21.08.2014-cü il tarixli, 121GTUM142330004 saylı kredit müqaviləsinə əsasən cavabdehə illik 25% faizlə, 36 ay müddətinə 9500 manat kredit verilmişdir və cavabdeh öz öhdəliyini tam şəkildə yerinə yetirməyi öhdəsinə götürmüşdür. - İddiaçı ASC ilə cavabdeh Borclu2 arasında bağlanmış 21.08.2014-cü il tarixli zaminlik müqaviləsindən görünür ki, Borclu2 21.08.2014-cü il tarixli kredit müqaviləsi üzrə Borclu1 zamin olmuşdur. - 01.06.2015-ci il tarixli 143 saylı maliyyə arayışından görünür ki, 01.06.2015-ci il tarixə Borclu1 8763,99 manat əsas, 1085,63 manat faiz borcu olmaqla, cəmi 9849,62 manat borcu yaranmışdır. -İddiaçı ASC-nin cavabdehlərə ünvanlanan xəbərdarlıq məktubunun surətindən görünür ki, cavabdehlər borcun qaytarılmasına dair xəbərdar edilmişlər. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Borclu1 şəxsi məqsədləri üçün 36 ay müddətinə nağd şəkildə istifadə olunmaqla 9500 manat məbləğində kredit verilmiş və bununla bağlı İddiaçı ASC ilə Borclu1 arasında 21.08.2014cü il tarixli kredit müqaviləsi bağlanmışdır. İddiaçı müqavilə ilə üzərinə götürdüyü öhdəliklərini tam icra etsə də, borcalan kredit müqaviləsinin şərtlərini pozaraq kreditin əsas məbləğini və ona hesablanmış faizlərin ödənilməsini kredit ayrılan vaxtdan mütəmadi olaraq gecikdirmişdir. Kredit müqaviləsinin təminatı olaraq Borclu2 ilə zaminlik müqaviləsi bağlanmışdır. Nəticədə cavabdehin iddiaçıya 8763,99 manat əsas borc, 1085,63 manat faiz borcu olmaqla, cəmi 9849,62 manat borcu yaranmışdır. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Bu Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş diqər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Sözügedən Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Azərbaycan Respublikasının MM-nin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 5.3-cü maddəsinə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Beləliklə, məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək, sadalanan maddi hüquq normalarına əsaslanaraq və həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, cavabdeh Borclu1 iddiaçıdan aldığı kredit üzrə əsas borcu və müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair öhdəliklərin daşıyıcısı olmuşdur. Lakin cavabdehlər 21.08.2014cü il tarixli kredit müqaviləsi üzrə öhdəliklərini icra etməyərək, iddiaçı qarşısında pul öhdəliyini yerinə yetirməmişlər. Ona görə də iddiaçının 21.08.2014-cü il tarixli kredit müqaviləsi üzrə əsas və faiz borcunun cavabdehlərdən tutulması hissədə iddia tələbi təmin edilməlidir. Göründüyü kimi Borclu2 zaminlik müqaviləsinə əsasən Borclu1 iddiaçı qarşısında kredit öhdəliyi üzrə zamin olmuşdur. Zaminlik müqaviləsinə əsasən o iddiaçı qarşısında kredit müqaviləsi üzrə Borclu1 ilə birgə məsuliyyət daşıyır. Bu səbəbdən Borclu1 kredit müqaviləsinə əsasən yaranmış borcu onunla birlikdə Borclu2 da müştərək qaydada tutulmalıdır. Məhkəmə iddianın ödənilmiş dövlət rüsumunun tutulması ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, iddia təmin olunduğundan dövlət rüsumu ilə bağlı tələb də təmin edilməlidir. cavabdehlərdən ödənilmiş 20 manat dövlət rüsumu tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə onu da nəzərə alır ki, hazırki iddia tələbi əmr icraatı qaydasında baxıldığına görə ərizəçi tərəfindən 20 manat dövlət rüsumu ödənilmişdir. Lakin, əmr icraatı ləğv olunaraq iddia icraatı qaydasında mülki işə baxıldığına görə iddia tələbinin həcminə görə 30 manat dövlət rüsumu tutulmalı idi. Belə olan halda hesab olunur ki, 30 manat ödənilməli dövlət rüsumu hissəsindən çatışmayan 10 manatı cavabdehlərdən tutularaq dövlət büdcəsinə keçirilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə hesab edir ki, cavabdeh Borclu1 və Borclu2 müştərək qaydada 8763,99 manat əsas, 1085,63 manat faiz borcu olmaqla, cəmi 9849,62 manat borc və ödənilmiş 20 manat dövlət rüsumu İddiaçı ASC-nin xeyrinə tutulmalı, dövlət rüsumunun çatışmayan 10 manatı cavabdehlərdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdehlər Borclu1 və Borclu2 müştərək qaydada 8763,99 manat əsas, 1085,63 manat faiz borcu olmaqla, cəmi 9849,62 manat borc və ödənilmiş 20 manat dövlət rüsumu tutularaq İddiaçı ASC-ə ödənilsin. 30 manat ödənilməli olan dövlət rüsumunun çatışmayan 10 manatı Borclu1 və Borclu2 tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1(bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Əfqan Ələkbərov
Məhkəmə qərarları › İş №2(060)-3/2021
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-3/2021
15.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver