Məhkəmə qərarları › İş №2(060)-3/2022

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-3/2022

21.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-3/2022 21.01.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X2 Behbudovanın sədrliyi, Mehriban Hüseyn qızı Həsənlinin katibliyi ilə İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Sumqayıt Şəhər Məhkəməsinin 06.10.2017-ci il tarixli məhkəmə əmri ilə Cavabdeh 801 manat məbləğində borc və 20 manat məbləğində ödənilmiş dövlət rüsumu, ümumilikdə 821 manat məbləğində pul tutularaq "xxxx" MMC-yə verilməlidir. Sumqayıt Şəhər Məhkəməsinin 23.11.2021-ci il tarixli qərardadı ilə "xxxx" MMCnin Cavabdeh qarşı pul tələbi barədə məhkəmə əmri verilməsinə dair 06.10.2017-ci il tarixli məhkəmə əmri ləğv olunmuş və materiallar ümumi müddəalara uyğun olaraq iddia icraatına keçirilmişdir. İddiaçı "xxxx" MMC Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh "xxxx" MMC ilə 31.05.2015-ci il və 01.08.2015-ci il tarixli müqavilələrinə əsasən Samsung LED markalı televizor və LG LS126 markalı kondisioner almış və nəticədə 801 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə alqı-satqı qiyməti 389 manat olan Samsung LED markalı televizor, alqı-satqı qiyməti 768 manat olan LG LS126 markalı kondisioner üçün ümumilikdə 801 manat ödənilməmiş məbləğ hesablanmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 356 manat təşkil etmişdir. Qeyd olunanlara əsasən məhkəmədən borclu Cavabdeh "xxxx" MMC-nin xeyrinə 801 manat borc və 20 manat məbləğində ödənilmiş dövlət rüsumunun, cəmi 821 manat məbləğində pulun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunla nəzərdə tutulmuş qaydada xəbərdar edilmələrinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmiş və gəlməmə səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. 13.12.2021-ci il tarixdə keçirilən məhkəmə iclasında iştirak edən iddiaçı "xxxx" MMC-nin nümayəndəsi X1 iddia tələbini müdafiə edərək izahatında cavabdehin faktiki yaşayış yerinin 47-ci məhəllə olduğunu və onun 7 saylı marşrutda sürücü kimi işlədiyini bildirdi. Əlavə olaraq qeyd etdi ki, tələbin əmək haqqına yönəldilməsi ilə bağlı müraciət etdikdə onlara cavabdehin başqa banka borc olduğu üçün əmək haqqından ödəmələrin tutulduğu bildirilmişdir. Məhkəmə iş materiallarını araşdırıb, məhkəmə baxışında tədqiq edilən sübutlara məcmu halda qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. İş materiallarında olan 25.08.2017-ci il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh 31.05.2015-ci il tarixli müqaviləyə əsasən ilkin ödəniş 2 manat olmaqla, qalan məbləği 09 ay müddətində, hər ay 43 manat ödəmək şərti ilə aldığı, alqı-satqı qiyməti 389 manat təşkil edən Samsung LED markalı televizora görə 200 manat məbləğində ödəniş etmiş, 189 manat borcu, 01.08.2015-ci il tarixli müqaviləyə 12 ay müddətində, hər ay 64 manat ödəmək şərti ilə aldığı, alqı-satqı qiyməti 768 manat təşkil edən LG LS126 markalı kondisionera görə 156 manat məbləğində ödəniş etmiş, 612 manat borcu yaranmışdır. İş materiallarında olan Cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış 31.05.2015-ci il tarixli müqavilədən görünür ki, Cavabdeh "xxxx" MMC-dən Samsung LED markalı televizor almış, həmin tarixli bildiriş və əşyaların təhvil-təslim aktına əsasən Samsung LED markalı televizoru tam qüsursuz halda təhvil almış və 09 ay müddətində hər ay 43 manat ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan Cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış 01.08.2015-ci il tarixli müqavilədən görünür ki, Cavabdeh "xxxx" MMC-dən LG LS126 markalı kondisioner almış, həmin tarixli bildiriş və əşyaların təhvil-təslim aktına əsasən LG LS126 markalı kondisioneru tam qüsursuz halda təhvil almış və 12 ay müddətində hər ay 64 manat ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə edilmiş "xxxx" MMC-nin 08.04.2016-cı il tarixli xəbərdarlıq məktubundan görünür ki, iddiaçı "xxxx" MMC tərəfindən Cavabdeh ilə 31.05.2015-ci il və 01.08.2015-ci il tarixlərində bağlanmış müqavilələrə əsasən yaranmış borcun ödənilməsi tələb edilmiş, cavabdehə müqavilələrin şərtlərini pozması barədə xəbərdarlıq olunaraq qısa müddət ərzində müqavilələr üzrə üzərinə götürdükləri öhdəlikləri yerinə yetirmələri tələb olunmuş, əks təqdirdə borcun məhkəmə qaydasında tələb ediləcəyi barədə xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 184.2-ci maddəsinin mahiyyətinə əsasən hakim işə əlavə edilmiş sübutlar və işdə olan mövcud materiallar əsasında işə baxmağa haqlıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsində göstərilir ki, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 462.1-ci maddəsinə görə, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Tərəflər arasında bağlanmış müqavilənin şərtlərindən və iş materiallarına əlavə olunmuş sənədlərdən görünür ki, Cavabdeh ilə iddiaçı "xxxx" MMC arasında 31.05.2015-ci il və 01.08.2015-ci il tarixlərində bağlanmış müqavilə ilə üzərlərinə götürdüyü öhdəliyi lazımi qaydada icra etməmiş, nəticədə Cavabdeh iddiaçıya 31.05.2015-ci il tarixli müqavilə üzrə 189 manat, 01.08.2015-ci il tarixli müqavilə üzrə isə 612 borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsində göstərilir ki, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsini tələbinə görə əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 600.5-ci maddəsinə əsasən alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alqısatqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə işin məhkəmə iclasında tədqiq edilən sübutlarla müəyyən edilən hallarını qiymətləndirərək hesab edir ki, iddia tələbi təmin edilərək Cavabdeh 31.05.2015-ci il tarixli müqavilə üzrə 189 manat, 01.08.2015-ci il tarixli müqavilə üzrə isə 612 manat borc olmaqla, ümumilikdə 801 manat məbləğində pul və 20 manat məbləğində ödənilmiş dövlət rüsumu tutulub iddiaçı "xxxx" MMC-yə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərinə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh 31.05.2015-ci il tarixli müqavilə üzrə 189 (yüz səksən doqquz) manat, 01.08.2015-ci il tarixli müqavilə üzrə isə 612 (altı yüz on iki) manat borc olmaqla, ümumilikdə 801 (səkkiz yüz bir) manat məbləğində pul və 20 (iyirmi) manat məbləğində ödənilmiş dövlət rüsumu tutulub iddiaçı "xxxx" MMC-yə ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Aynur Behbudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar