Məhkəmə qərarları › İş №2(060)-30/2022

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-30/2022

05.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-30/2022 05.04.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Ələkbərov Əfqan Qəzənfər oğlunun sədrliyi, Məmmədli Rəşad Mehman oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı borc və tutmanın ipoteka predmetinə yönəldilməsinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh iddiaçının xeyrinə 1137.10 ABŞ dolları əsas, 610.72 ABŞ dolları faiz, 172.64 ABŞ dolları kredit müqaviləsinin müddəti bitdikdən sonra (AR Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən AR MM-nin 445.7-ci maddəsinə uyğun olaraq) hesablanmış məbləğ, 813.72 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 2733.88 ABŞ dolları kredit borcu və ödənilmiş 30 manat dövlət rüsumunun ödənilməsi, tutmanın “Opel Astra” minik markalı, **-XG-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilə yönəldilməsi, həmin avtomobilin açıq hərracdan satılması, satışdan əldə olunan vəsaitin kredit borcuna yönəldilməsi və satışdan əldə olunmuş vəsait kifayət etmədiyi halda qalan borc məbləğinin Cavabdeh tutularaq ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə Cavabdeh arasında 29.05.2015-ci ildə bağlanmış kredit müqaviləsinə əsasən cavabdehə 24 ay müddətinə, kreditdən istifadəyə görə illik faiz dərəcəsi 22 faiz olmaqla 1.800 ABŞ dolları məbləğində kredit verilmişdir. Borcun təminatı olaraq X2 məxsus “Opel Astra” minik markalı, **-XG-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobil ipoteka müqaviləsi ilə yüklü edilmişdir. Borclu müqavilənin şərtlərini pozmuş, öhdəliklərini yerinə yetirməmişdir. Ona görə də iddianın təmin edilməsi məhkəmədən xahiş olunur. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək, iddianın təmin edilməsini xahiş etdi. Cavabdehə məhkəmə iclası barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmişdir. Qanunvericiliyin tələbləri baxımından məhkəmə mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclasında Cavabdeh izahat verərək, iddianı qəbul etmədiyini, tanışının xarici dövlətdən avtomobili gətirib onun adına qeydiyyatdan keçirdiyini bildirmişdir. 2015-ci ildən sonra onun avtomobillə bağlı heç bir məlumatı yoxdur. Qeyd olunanların nəzərə alınmasını məhkəmədən xahiş etdi. Məhkəmə, iddiaçının nümayəndəsinin və cavabdehin izahatını dinləyib, iş materiallarını araşdıraraq və iş üzrə sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - 29.05.2015-ci il tarixli, 225 nömrəli kredit müqaviləsindən görünür ki, cavabdehə illik 22% dərəcəsi ilə, 24 ay müddətinə 1.800 ABŞ dolları pul verilmişdir, cavabdeh isə krediti və ona hesablanmış faizləri müqavilədə nəzərdə tutulan müddətdə qaytarmağı öhdəsinə götürmüşdür. -29.05.2015-ci il tarixli, 225 nömrəli ipoteka müqaviləsindən görünür ki, borcun təminatı olaraq “Opel Astra” minik markalı, **-XG-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobil ipoteka ilə yüklü edilmişdir. - Həmin ipoteka müqaviləsinin 2.3-cü bəndindən görünür ki, “Opel Astra” minik markalı, **-XG-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin bazar dəyəri tərəflərin razılığı ilə 9.000 ABŞ dolları müəyyən edilmişdir. - 22.05.2020-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh İddiaçı ASC-yə 1137.10 ABŞ dolları əsas, 610.72 ABŞ dolları faiz, 172.64 ABŞ dolları kredit müqaviləsinin müddəti bitdikdən sonra (AR Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən AR MM-nin 445.7-ci maddəsinə uyğun olaraq) hesablanmış məbləğ, 813.72 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 2733.88 ABŞ dolları borcu vardır. - İddiaçının cavabdehə ünvanlanan xəbərdarlıq məktubun surətindən görünür ki, cavabdeh borcun qaytarılmasına dair xəbərdar edilmişdir. - İş materiallarına əlavə olunmuş nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, Cavabdeh adına 29.05.2015-ci ildə “Opel Astra” minik markalı, **- XG-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobil qeydiyyata alınmışdır. - Daşınar Əmlakın Dövlət Reyestr Xidmətinin AN seriyalı, 131881 saylı çıxarışına əsasən “Opel Astra” minik markalı, **-XG-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobil İddiaçı ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. - "xxxx" MMC-nin 29.12.2021-ci il tarixli rəyindən görünür ki, “Opel Astra” minik markalı, **-XG-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilinin bazar qiyməti 7.000 manat, likvid qiyməti 6.200 manat müəyyən edilmişdir. İş üzrə mütəxəssis rəyinə əlavə edilmiş hesab fakturada iş üzrə mütəxəssis rəyinin dəyərinin 150 manat təşkil etdiyi göstərilmişdir. - Həmin rəydən görünür ki, qiymətləndirməyə təqdim olunan “Opel Astra” minik markalı, **-XG-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin hazırda mövcud olan bazar və likvid qiymətinin müəyyən edilməsi üçün, nəqliyyat vasitəsinə baxış keçirilməsi məqsədi ilə mülki iş üzrə Cavabdehla (051)-857-39-91 nömrəli mobil telefonla bir neçə dəfə telefon əlaqəsi saxlanılmasına baxmayaraq, qiymətləndirici ekspertə avtomobilə baxış keçirilməsinə qərəzli şəkildə şərait yaradılmamışdır. Bu səbəbdən hesabatda nəqliyyat vasitəsinin texniki xarakterizəsi qiymətləndirici təşkilat tərəfindən əks olunmamışdır. Bundan sonra məhkəmə qərardadının icrasını təmin etmək məqsədi ilə ekspert tərəfindən internet resurslarına, bu sahədə nəşr edilən qəzet, jurnal və s. daşınar əmlak bazarındakı vəziyyəti xarakterizə edən analoji bazar məlumatlarına, etimad doğuran açıq mənbələrdən alınan məlumatlara istinad edilib qiymətləndirmə həyata keçirilmişdir. - Cavabdehə məxsus bank hesabından çıxarışdan görünür ki, məlum Fərmana əsasən 19.04.2019-cu il tarixdə 620.60 ABŞ dolları ekvivalentində kompensasiya mədaxil edilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı ilə Cavabdeh arasında bağlanmış 29.05.2015-ci il tarixli kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən Cavabdeh 24 ay müddətinə illik 22% ödəmək şərti ilə 1.800 ABŞ dolları kredit verilmişdir. Həmin müqavilədən irəli gələn öhdəliyin icrasının təminat üsulu kimi 29.05.2015-ci il tarixdə tərəflər arasında “İpoteka müqaviləsi” bağlanmış və “Opel Astra” minik markalı, **- XG-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobil bank qarşısında ipoteka ilə yüklü edilmişdir. Kredit müqaviləsinə əsasən borcalan krediti qrafikə əsasən ödəməyi öhdəsinə götürmüşdür. Lakin cavabdeh kredit müqaviləsi üzrə öz üzərinə düşən öhdəlikləri vaxtlı vaxtında yerinə yetirməmiş, ona edilən xəbərdarlıqlara baxmayaraq borcunu gecikdirmiş, ödəniş etməmiş və beləliklə də müqavilənin şərtlərini pozmuşdur. Cavabdehə məxsus bank hesabından çıxarışdan görünür ki, Fərmana əsasən 19.04.2019-cu il tarixdə 620.60 ABŞ dolları ekvivalentində kompensasiya mədaxil edilmişdir. Cavabdehin 22.05.2020-ci il tarixinə banka 1137.10 ABŞ dolları əsas, 610.72 ABŞ dolları məbləğində hesablanmış və ödənilməmiş faiz borcu yaranmışdır. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Bu Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş diqər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Sözügedən Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikasının MM-nin 739.1-ci madəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikasının MM-nin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin 5.3-cü maddəsinə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Beləliklə, məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək, sadalanan maddi hüquq normalarına əsaslanaraq və həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, Cavabdeh iddiaçıdan aldığı kredit üzrə əsas borcu və müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair öhdəliklərin daşıyıcısı olmuşdur. Lakin cavabdeh 29.05.2015-ci il tarixli kredit müqaviləsi üzrə öhdəliklərini icra etməyərək, iddiaçı qarşısında pul öhdəliyini yerinə yetirməmişdir. Ona görə də iddiaçının 29.05.2015-ci il tarixli kredit müqaviləsi üzrə əsas borcun cavabdehdən tutulması hissədə iddia tələbi təmin edilməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Prezidentin 28 fevral 2019-cu il tarixli “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanın preambulasında həmin sənədin qəbul edilməsini zəruri edən hallar qeyd olunur. Orada deyilir ki, qlobal iqtisadi və maliyyə böhranının ölkə iqtisadiyyatına təsirləri əhalinin müəyyən qrupunun ödəmə qabiliyyətinin zəifləməsinə, bunun da nəticəsində, kredit təşkilatlarından xarici valyutada borc almış vətəndaşların bank sistemi qarşısında vaxtı keçmiş kreditlər üzrə öhdəliklərinin artmasına və bu öhdəliklərin yerinə yetirilməsi ilə bağlı məsələlərə məhkəmə müstəvisində baxılma hallarının çoxalmasına rəvac vermişdir. Son dövrdə respublikada makroiqtisadi sabitliyin təmin olunması, iqtisadi inkişaf templərinin bərpa edilərək artması və maliyyə imkanlarının genişlənməsi digər sahələr kimi, əhalinin xarici valyutada olan ödəmə vaxtı keçmiş kredit borclarının ödənilməsinə də dövlət dəstəyi göstərilməsi üçün şərait yaratmışdır. Göründüyü kimi həmin Fərman onun təsir dairəsinə düşən şəxslərin borclarının ödənilməsinə dövlət dəstəyi göstərilməsi məqsədi ilə qəbul edilmişdir. Dəstək göstərməkborcun ödənilməsinə dəstək kimi qəbul edilməlidir. Təsadüfi deyil ki, həmin Fərmanda dövlətin qarşılayacağı borcun əvəzi olaraq banklara külli miqdarda kredit ayrılması bankların valyuta mövqeyinin pisləşməsinin qarşısını almaq məqsədilə ayrılmış kreditin hesabına banklara, onların müraciəti əsasında 215 000 000,0 (iki yüz on beş milyon) ABŞ dolları dəyərinədək xarici valyutada ifadə olunmuş, illik faiz dərəcəsi 0,5 faiz olmaqla qiymətli kağızların verilməsi təmin edilmişdir. Fərmana əsasən banklar bir ay müddətində həmin kreditlərə hesablanmış faizlərin silinməsini və məhkəmədə olan işlərin geri çağırılmasını təmin edən tədbirlər görməli idilər. Fərmanda qeyd olunan faizlər dedikdə, bütün faizlər, əsas, cərimə və.s. faizlər nəzərdə tutulurdu. Qalan əsas məbləğə münasibətdə güzəştli şərtlərlə müqavilə bağlanması təklif olunurdu. Qeyd olunan fərmanda faizlərinin hansısa şərtlərlə silinməsi barədə müddəa nəzərdə tutulmamışdır. Fərmanın qəbul edilməsi ilə dövlət özü güzəşt olunan borcu (bütün faizləri) ödəmiş olur. Məhkəmə göstərilənlərə əsaslanaraq belə qənaətə gəlir ki, iddianın faiz borcu, cərimə, həmçinin müqavilə müddəti bitdikdən sonra əsas borca hesablanmış 5% borc məbləği hissəsində tələb təmin olunmamalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 269.1-ci maddəsinə əsasən, girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. İpoteka haqqında Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinə əsasən, borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. İpoteka haqqında Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsinə əsasən, əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması, əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 319.1-ci maddəsinə əsasən, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. 29.05.2015-ci il tarixli kredit müqaviləsi üzrə Cavabdeh üzərinə düşən öhdəliklərin icrasının təmini məqsədilə iddiaçı ilə onun arasında 29.05.2015-ci ildə “Opel Astra” minik markalı, **-XG-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobili ipoteka ilə yüklü edilmişdir. Tutmanın ipoteka ilə yüklü edilmiş avtomobilə yönəldilməsi barədə tələb AR MM-nin 317 və 319-cu maddələrinin və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğundur. “İpoteka haqqında” Qanunun 39.3.3-cü bəndinə görə məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən, qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir, ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Tərəflər arasında bağlanmış 29.05.2015-ci il tarixli ipoteka müqaviləsinin 2.3-cü bəndindən görünür ki, yüklü edilmiş əmlakın qiyməti 7.000 manat müəyyən edilmişdir. Məhkəmə, iş üzrə keçirilmiş mütəxəssis tədqiqatın nəticəsi olaraq verilmiş rəyi nəzərə alaraq hesab edir ki, ipotekaya qoyulmuş əmlakın ilkin satış (likvid) qiyməti 6.200 manat göstərilməlidir. Məhkəmə iddianın məhkəmə xərclərinin tutulması ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, iddia qismən təmin olunduğundan, tutulmalı məbləğ 500 manatdan yuxarı olduğundan ödənilmiş 30 manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Eyni zamanda mütəxəssis rəyinin dəyərinin əvəzi olaraq iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondundan 87 manat, cavabdehdən 63 manat tutularaq "xxxx" MMC-nin hesabına ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə eyni zamanda pul tələbinin ödənilməsinin üsulunu araşdıraraq hesab edir ki, tərəflər arasında kreditor-debitor hüquq münasibətləri üzrə hesablaşmalar və ödəmələr ABŞ dolları ilə aparılmış olsa da, Azərbaycan Respublikasının ərazisində manatdan başqa pul vahidlərinin ödəniş vasitəsi kimi işlədilməsi qadağan olunduğundan və pul öhdəliyi manatla ifadə edilməli olduğundan, cavabdeh tərəfindən ödənilməli pul vəsaiti manatla ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 19-cu maddəsinin 3-cü hissəsinə əsasən, Azərbaycan Respublikası ərazisində manatdan başqa pul vahidlərinin ödəniş vasitəsi kimi işlədilməsi qadağandır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.1-ci maddəsinə əsasən, pul öhdəliyi manatla ifadə edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yenə də həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 1137.10 ABŞ dolları əsas borc ödəniş gününə Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş manat məzənnəsi ilə və ödənilmiş 30 manat dövlət rüsumu alınaraq iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna ödənilsin. Tələb “Opel Astra” minik markalı, **-XG-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilə yönəldilsin. Avtomobilin ilkin satış qiyməti 6.200 manat müəyyən edilsin. Avtomobil açıq hərracda satılsın, satışdan əldə olunan vəsaitdən hərracın keçirilməsi xərcləri çıxıldıqdan sonra 1137.10 ABŞ dolları əsas borc ödəniş gününə və ödənilmiş 30 manat dövlət rüsumu ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna ödənilsin, qalan vəsait isə Cavabdeh qaytarılsın. Hərracda satışdan əldə edilən vəsaitin borcun ödənilməsinə kifayət etmədiyi təqdirdə qalan məbləğ Cavabdeh tutulsun. İddia qalan hissədə təmin edilməsin. İş üzrə mütəxəssis rəyinin dəyəri olaraq iddiaçı ləğv prosesində olan İddiaçı ASCnin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondundan 87 manat, cavabdehdən 63 manat tutularaq "xxxx" MMC-nin müxbir hesabına köçürülsün. (Kod:502058,VÖEN:**********, SWİFT kod:UBAZAZ22, H/h:AZ46NABZ********************, Benefisiarın adı: "xxxx" MMC, Müştərinin hesab N-si: AZ65UBAZ**********0060AZN001) Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Əfqan Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar