Məhkəmə qərarları › İş №2(060)-3000/2021

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-3000/2021

20.05.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-3000/2021 20.05.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Məmmədov Rəsul Yasər oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı (bundan sonra - iddiaçı) Cavabdeh (bundan sonra - cavabdeh) qarşı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, 31.05.2016-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər saxlanması üçün Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- 2146/2019 saylı, 04 aprel 2019-cu il tarixli qətnaməsi ilə müəyyən edilmiş hər ay 160 manat sabit pul məbləğində alimentin miqdarının artırılaraq cavabdehdən hər ay 175 manat alimentin tutulmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- 2146/2019 saylı, 04 aprel 2019-cu il tarixli qətnaməsi ilə 31.05.2016-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdehdən hər ay 160 manat sabit pul məbləğində alimentin tutularaq iddiaçıya ödənilməsi qət olunmuşdur. Lakin, həmin pul hazırkı iqtisadi vəziyyət və qanunla müəyyənləşdirilmiş uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumu ilə uzlaşmır. İddiaçı məhkəmədən 175 manat sabit pul məbləğində aliment tutulmasını istəyir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasında izahat verərək bildirdi ki, iddia tələbi ilə razı deyildir. O, ikinci dəfə ailə həyatı qurmuş və bu nikahdan bir övladı olmuşdur. İkinci uşağın saxlanması da onun öhdəliyində olduğu üçün alimentin miqdarının artırılmamasını istəmir. Belə ki, onun daimi iş yeri və sabit qazancı yoxdur. İddiaçı işə işləyir. Qeyd edilənlərə əsasən cavabdeh iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçının və cavabdehin izahatını dinləyib, iş materiallarını araşdıraraq aşağıdakı nəticəyə gəlir. İş materialları ilə müəyyən edilir ki, iddiaçı xx.xx.1976-cı ildə anadan olmuş, hazırda Masallı rayonu, Sirəbil kəndində qeydiyyatdadır. Cavabdeh xx.xx.1986-cı ildə anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatdadır. 1 saylı Məhəllə Komitəsinin 19.02.2020-ci il tarixli, 12 saylı arayışına əsasən iddiaçı Sumqayıt şəhəri, 53-cü məhəllə məhəllədə yerləşən fərdi evdə yaşayır. 878614 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, 31.05.2016cı il təvəllüdlü X3 atası X6, anası İddiaçıdır. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-2146/2019 saylı, 04 aprel 2019-cu il tarixli qətnaməsi ilə cavabdehin 31.05.2016-cı il təvəllüdlü X3 atası olmasının müəyyən edilməsi və 23 yanvar 2019-cu il tarixdən başlayaraq 31.05.2016-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 160 manat sabit pul məbləğində alimentin cavabdehdən tutularaq iddiaçıya verilməsi qət olunmuşdur. Cavabdeh tərəfindən təqdim olunmuş 293900 saylı nikah haqqında və 311335 saylı doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, cavabdeh 27.08.2018-ci il tarixdə X1 ilə rəsmi nikah qeydiyyatından keçməklə ailə həyatı qurmuş və birgə nikahlarından 04.06.2019-cu il təvəllüdlü X2 adlı övladları dünyaya gəlmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinə (bundan sonra – Ailə Məcəlləsi) əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar (75.1.). Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur (75.4.). Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər (78.1.). Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-2146/2019 saylı, 04 aprel 2019-cu il tarixli qətnaməsində məhkəmə cavabdehdən tutulan alimentin 160 manat sabit pul məbləğində müəyyən edilməsi qənaətinə gəlmişdir. Ailə Məcəlləsində həmçinin nəzərdə tutulmuşdur ki, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər (112.1.). Göründüyü kimi 2(060)-2146/2019 saylı, 04 aprel 2019-cu il tarixli qətnamənin qəbul edilməsindən təxminən 2 il müddət keçmişdir. Bu dövr ərzində uşağın maddi tələbatlarında, eyni zamanda tərəflərin maddi vəziyyətlərində elə bir ciddi dəyişiklik baş verməmişdir. Eyni zamanda cavabdeh tərəfindən təqdim edilmiş sübutlarla müəyyən edilir ki, cavabdehin başqa nikahdan da yetkinlik yaşına çatmayan uşağı vardır. İddiaçı “Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında” Qanunla ölkə üzrə uşaqlar üçün yaşayış minimumunun 175 manat müəyyən edilməsinə əsaslanaraq cavabdehdən həmin məbləğdə aliment tutulmasını xahiş etmişdir. Lakin iddiaçı cavabdehin bunun üçün zəruri vəsaitə malik olduğunu sübut edə bilməmişdir. Məhkəmə hesab edir ki, ölkə üzrə uşaqlar üçün yaşayış minimumu 175 manat müəyyən edilsə də, bu vəsaitin ödənilməsi öhdəliyinin bunun üçün zəruri vəsaitə malik olub-olmaması aydınlaşdırılmadan yalnız bir tərəfin üzərinə qoymaq olmaz. Eyni zamanda bir uşaq üçün yüksək məbləğdə alimentin tutulması digər uşağın hüquqlarının pozulmasına səbəb olmamalıdır. Göstərilənlərə əsasən və MPM-in 119, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı 31.05.2016-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər saxlanması üçün Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-2146/2019 saylı, 04 aprel 2019cu il tarixli qətnaməsi ilə müəyyən edilmiş hər ay 160 manat sabit pul məbləğində alimentin miqdarının artırılaraq cavabdehdən hər ay 175 manat alimentin tutulması barədə iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Emin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar