Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-3015/2024 27.06.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Behbudova Aynur Mirzalı qızının sədrliyi, Həsənli Mehriban Hüseyn qızının katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “aliment məbləğinin artırılması” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı “aliment məbləğinin artırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək tələbini onunla əsaslandırmışdır ki, o, cavabdehlə xx.xx.2021-ci ildə rəsmi nikahla ailə qurmuş və birgə nikahdan 24 aprel 2022-ci il təvəllüdlü X3 adında bir övladları anadan olmuşdur. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(060)-5393/2022 saylı qətnaməsi ilə onun cavabdehlə aralarında bağlanmış nikah pozulmuş və 24 aprel 2022-ci il təvəllüdlü X1 üçün hər ay cavabdehin aylıq əmək haqqısının ¼ hissəsi miqdarında alimentin, uşağın 3 yaşı tamam olana qədər 30 manat maddi yardımın tutulması qət edilmişdir. (hakim G.Tanrıverdiyeva) Qətnamədən sonra Respublika üzrə bir uşağın saxlanılması minimumunda artımlar olmuş, məhkəmə qətnaməsi ilə qət edilmiş aliment uşağın maddi tələbatlarını qətiyyən ödəmir, o, uşağın maddi təminatında əziyyət çəkir. Qeyd olunanlara əsasən məhkəmədən, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(060)-5393/2022 saylı qətnaməsi ilə qət edilmiş alimentin artırılması və Cavabdeh 24 aprel 2022-ci il təvəllüdlü oğlu X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 250 manat sabit pul məbləğində alimentin tutulması və 50 manat mediasiya xərcinin cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı izahatında bildirdi ki, alimentin artırılmasını və 250 manat məbləğində müəyyən edilməsini xahiş edir. İstəyir ki, tələbi təmin olunsun. Uşağın ürək qüsuru vardır. Aliment onun qidasını təmin etmir. Uşaq allergikdir. Ayrı-ayrı müddətlərdə iki dəfə xəstəxanada yatmışlar. Hazırda vəziyyəti yaxşıdır. Lakin 3 və yaxud 4 aydan bir həkimdən yoxlanışdan keçir. İlk aliment məbləğində ¼ hissədə və 30 manat maddi yardım kəsilmişdir. Cavabdehin əmək haqqından 263 manat tutulma olmuşdur. Həmin məbləği ödəyən 250 manatı da ödəməyə qadir olar. Özü işləyir və əmək haqqı 820 manat təşkil edir. Uşaq 3 ay olarkən evdən çıxmışlar. Məhkəmə iclasında Cavabdeh izahatında bildirdi ki, onun əmək haqqından hər ay 280 manat tutulma olmuşdur. Övlad hər ikisinin övladıdır. Heç zaman nəsə balasından əsirgəməz. Əmək haqqının ¼ hissəsi ilə razıdır. 200 manat miqdarında aliment ödəməyə razıdır. Məhkəmə iddiaçının və cavabdehin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq və sübutları tədqiq edərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan: Sumqayıt “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İV seriyalı, 737762 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X3 xx.xx.2022-ci il tarixdə Sumqayıt şəhərində anadan olmuşdur. Uşağın atası Cavabdeh, anası isə İddiaçıdır. 01 aprel 2024-cü il tarixli MŞS/MT030/2024-00621 nömrəli “ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” arayışdan görünür ki, Cavabdeh mediasiyada iştirak etməmişdir. İddiaçı mediasiya sessiyasında iştirak etmiş və 50 manat mediasiyaya dair xərci ödəmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-5392/2022 saylı, 03 oktyabr 2022-ci il tarixli qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, İddiaçı ilə Cavabdeh arasında 18 iyul 2021-ci il tarixdə bağlanmış 1622 saylı nikah qeydinin pozulması, nikah pozulduqdan sonra 24 aprel 2022-ci il təvəllüdlü X2 anası İddiaçı yanında qalmaları, xx.xx.2022-ci il tarixdən başlayaraq Cavabdeh 24 aprel 2022-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanılması üçün Cavabdeh əmək haqqının ¼ (dörddə bir) hissəsi miqdarında və əlavə olaraq 30 (otuz) manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında olan nikah Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən pozulmuşdur. Nikaha xx.xx.2022-ci il tarixində xitam verilmişdir. Bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 2023-cü ilin 02-ci ayının, 21-ci günündə 53 nömrə ilə qeyd edilmişdir. Nikah pozulduqdan sonra qadına Qurbanova soyadı verilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin İV bəndinə əsasən uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 75.1 və 75.4-cü maddələrinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 78.1-ci maddəsinin tələbində göstərilir ki, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa və ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. 112.1-ci maddəsinin tələbində göstərilir ki, aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya alimenti ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 77.1-ci maddəsinin tələbinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.3-cü maddəsində göstərilir ki, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. 233.4-cü maddəsinə əsasən cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair 27 iyul 2016-cı il tarixli qərarı ilə müəyyən edilmişdir ki, məhkəmə tərəfindən tərəflərin maddi vəziyyətinin araşdırılması zamanı, onların gəlirləri (məsələn, vergi ödəyicisi kimi ödənilən verginin məbləği və s.), digər qazanc mənbəyi, təhsili, hansı peşəyə sahib olması, əvvəlki iş yeri, yaşayış səviyyəsi (hansı şəraitdə yaşaması və s.), əmlak vəziyyəti (daşınar və daşınmaz əmlaklarının olub-olmaması), özünün saxlanılması üçün minimum tələbatını ödəyə bilməsi və sair qanunvericiliyə müvafiq olaraq müəyyən edilməlidir. Konstitusiya Məhkəməsi yuxarıda qeyd olunan qərarına əsasən müəyyən edilmişdir ki, ailə vəziyyətinin araşdırılması zamanı, tərəflərin yenidən ailə qurub-qurmaması, yeni ailədə uşaqların olub-olmaması, başqa aliment ödəmələrinin olub-olmaması, tutulacaq alimentin miqdarının digər uşaqların təminatının əsaslı dərəcədə aşağı düşməsinə səbəb ola biləcəyinə və sair məsələlərə diqqət yetirilməlidir. Həmin qərarla diqqətəlayiq digər halların araşdırılması zamanı məhkəmə, tərəflərin əmək qabiliyyətini və sağlamlıq vəziyyətini, öhdəsində digər şəxslərin (əmək qabiliyyəti olmayan valideynlər və sair) olub-olmamasını və sair məsələlərin nəzərə alması zərurəti göstərilmişdir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideyndən hansının yanında qalması və uşaqlar üçün valideyndən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli 8-2/2016 №-li qərarının 8.14-cü bəndinə əsasən məhkəmənin müəyyən etdiyi alimentin məbləği dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Azərbaycan Respublikası Milli Məclisinin 21 iyul 1992-ci il tarixli 236 saylı qərarı ilə Azərbaycan Respublikasının qoşulduğu, BMT-nin Baş Məclisinin 20 noyabr 1989-cu il tarixdə qəbul etdiyi “Uşaq hüquqları haqqında” Konvensiyanın 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. «Uşaq Hüquqları Haqqında» Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. «Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanununa əsasən ölkə üzrə uşaqlar üçün 2024-cü ildə yaşayış minimumu 235 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə işdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Məhkəmə iclasında müəyyən olundu ki, hazırda İddiaçı uşağa görə ödənilən Cavabdeh əmək haqqının ¼ (dörddə bir) hissəsi miqdarında və əlavə olaraq 30 (otuz) manat sabit pul məbləğində aliment uşağın saxlanılması üçün zəruri xərclərini və ehtiyaclarını təmin etmir. Uşağın əsaslı mənafeyi baxımından tərəflərin maddi vəziyyəti ədalətli şəkildə balanslaşdırılmaqla iddia tələbinin qismən təmin edilməsi yetkinlik yaşına çatmayan uşağın əsaslı mənafeyinə xidmət edir. Bundan əlavə cavabdeh olaraq Cavabdeh valideynlik vəzifəsini yerinə yetirmək baxımından da onun əsas öhdəliyidir. Məhkəmə hesab edir ki, iddia tələbinin əsaslı olması baxımından cavabdehin tələb olunan məbləği ödəmək iqtidarında olmasına dair sübutlar MPM-nin 77.1-ci maddəsinə əsasən iddiaçı tərəfindən sübut olunmamış, həmçinin onun təqzibi ilə bağlı dəlillər isə məhkəmə araşdırması gedişatında öz təsdiqini tapmamışdır. Məhkəmə qanunun qeyd edilən tələbini rəhbər tutub məhkəmə iclasında tədqiq edilən sübutları qiymətləndirərək, yetkinlik yaşına çatmayan uşağın mənafeyinin müdafiəsi baxımından, müəyyən olunmuş aliment məbləğinin artırılmasından xeyli müddət keçməsi ilə bağlı halları, iddiaçının bildirdiklərinə əsasən tərəflərin maddi vəziyyətlərini nəzərə alaraq hesab edir ki, iddia tələbi qismən təmin edilərək, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-5392/2022 saylı, 03 oktyabr 2022-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılaraq Cavabdeh İddiaçı xeyrinə xx.xx.2022-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 235 manat sabit pul məbləğində aliment tutulmalı, qalan hissədə iddia tələbi təmin edilməməlidir. Eyni zamanda, məhkəmə hesab edir ki, artırılmış məbləğdə aliment hazırkı qətnamənin qanuni qüvvəyə mindiyi gündən başlayaraq tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 108.1-ci və 108.1.1-ci maddəsinə əsasən iddia ərizəsi verildikdə dövlət rüsumu ödənilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci və 9.1.2-ci maddəsinə əsasən məhkəmələrə verilən alimentin verilməsi baradə iddia ərizəsi üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112.1 və 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Həmin Məcəllənin 112.1.6-ci maddəsinə əsasən ödəmənin azaldılması, yaxud artırılması haqqındakı iddialarda—ödəmənin azaldıldığı və ya artırıldığı məbləğdə, lakin bir ildən artıq olmamaq şərti ilə iddianın qiyməti müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Belə olan halda, iddiaçı dövlət rüsumunu ödəməkdən azad edildiyindən, iddia tələbi qismən təmin olunduğuna görə məhkəmə hesab edir ki, 30 manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə keçirilməlidir. Bundan başqa “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Beləliklə, məhkəmə hesab edir ki, 50 (əlli) manat məbləğində mediasiya xərci Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia tələbi qismən təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-5392/2022 saylı, 03 oktyabr 2022-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilsin və qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablanmaqla Cavabdeh İddiaçı xeyrinə xx.xx.2022-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 235 (iki yüz otuz beş) manat sabit pul məbləğində aliment tutulsun. Cavabdeh 50 (əlli) manat mediasiya xərci alınaraq İddiaçı ödənilsin. Cavabdeh 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə keçirilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (MPM-nin 361-363-cü maddələrinə və əlavə 2 uyğun olaraq) elektron qaydada apellyasiya şikayəti verilə bilər. Hakim Aynur Behbudova
Məhkəmə qərarları › İş №2(060)-3015/2024
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-3015/2024
27.06.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver