Məhkəmə qərarları › İş №2(060)-3037/2021

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-3037/2021

29.04.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-3037/2021 29.04.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Məmmədov Rəsul Yasər oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi, vəkil X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə, Cavabdeh İddiaçı qarşı alimentin azaldılması tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı (bundan sonra - iddiaçı) Cavabdeh (bundan sonra - cavabdeh) qarşı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-3520/2019 saylı, 27.03.2019-cu il tarixli qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarını dəyişərək, cavabdehdən hər ay hər uşaq üçün 175 manat olmaqla, ümumilikdə iki uşağa görə 350 manat sabit pul məbləğində alimentin tutularaq birgə nikahdan olan 03.10.2008-ci il təvəllüdlü X9 və 04.06.2010-cu il təvəllüdlü X4 yetkinlik yaşlarına çatanadək saxlanmaları üçün iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir . İddia tələbi onunla əsaslandırılmışdır ki, Sumqayıt Şəhər Məhkəməsinin qətnaməsi ilə tərəflər arasında olan nikahın pozulması və birgə nikahdan olan uşaqların iddiaçının yanında saxlanmaları və hər ay hər uşaq üçün 125 manat olmaqla, ümumilikdə 250 manat məbləğində alimentin cavabdehdən iddiaçının xeyrinə tutulması qət edilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-3520/2019 saylı, 27.03.2019-cu il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləği artırılaraq hər ay hər uşaq üçün 140 manat olmaqla, ümumilikdə 280 manat mnüəyyən edilmişdir. İddiaçı 280 manat alimentlə uşaqları saxlamaqda çətinlik çəkir. Cavabdeh iddiaçıya heç bir əlavə köməklik göstərmir. Cavabdeh qarşılıqlı iddia ərizəsi verərək, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- 3520/2019 saylı, 27.03.2019-cu il tarixli qətnaməsi ilə 03.10.2008-ci il təvəllüdlü X9 və 04.06.2010-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanmaları üçün hər ay hər uşaq üçün 140 manat olmaqla, ümumilikdə 280 manat aliment məbləğinin azaldılaraq hər ay hər uşaq üçün 100 manat olmaqla, ümumilikdə 200 manat aliment məbləğinin müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdeh 13.06.2018-ci il tarixdə rəsmi nikah münasibətlərinə daxil olaraq, ikinci dəfə ailə həyatı qurmuşdur. İkinci nikahından 11.11.2019-cu il təvəllüdlü X10 adlı üçüncü övladı dünyaya gəlmişdir. Hazırda “xxxx” MMC-də işləyir və aylıq əmək haqqı 500 manat təşkil edir. Pandemiya ilə əlaqədar ondan tutulan alimenti ödəməkdə çətinlik çəkir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirdi ki, cavabdeh həm “xxxx” MMC-də direktor, həm də “Qərb” şadlıq sarayında müdirdir. Bu səbəbdən onun tələb olunan aliment məbləğini ödəməyə maddi imkanı vardır. Qeyd edilənlərə əsasən iddiaçı ilkin iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi məhkəmə iclasında qarşılıqlı iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, cavabdeh restoran müdiri deyil. Onun bir rəsmi iş yeri var. Belə ki, o “xxxx” MMC-də fəhlə vəzifəsində işləyir. Qeyd edilənlərə əsasən ilkin iddianın rədd edilməsini, qarşılıqlı iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq aşağıdakı nəticəyə gəlir. İş materiallarından görünür ki, iddiaçı xx.xx.1981-ci ildə anadan olmuş, Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon, X11 küçəsi ünvanında qeydiyyatdadır. Cavabdeh isə xx.xx.1979-cu ildə anadan olmuş, hazırda ünvan 2 ünvanında qeydiyyatdadır. Doğum haqqında şəhadətnamələrin və şəxsiyyət vəsiqələrinin surətlərinə əsasən X9 03.10.2008-ci ildə, X6 isə 04.06.2010-cu ildə anadan olmuşlar. Uşaqların atası Cavabdeh, anası isə İddiaçıdır. 338408 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X10 11.11.2019-cu il tarixdə anadan olmuşdur. Uşağın atası Cavabdeh, anası isə X2r. 342317 saylı nikah haqqında şəhadətnamədən görünür ki, cavabdeh 13.06.2018-ci ildə X3 ilə rəsmi nikah münasibətlərinə daxil olmaqla ailə həyatı qurmuşlar. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-3520/2019 saylı, 27.03.2019-cu il tarixli qətnaməsi ilə Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-6480/2017 saylı, 15.05.2017-ci il tarixli qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarının dəyişdirilərək 03.10.2008-ci il təvəllüdlü X9 və 04.06.2010-cu il təvəllüdlü X4 yetkinlik yaşlarına çatanadək saxlanmaları üçün cavabdehdən hər ay hər uşaq üçün 140 manat olmaqla, ümumilikdə 280 manat məbləğində alimentin tutularaq iddiaçıya verilməsi qət edilmişdir. “xxxx” MMC-nin 022 saylı, 10.03.2021-ci il tarixli arayışına əsasən cavabdeh həmin müəssisədə fəhlə işləyir və aylıq gəliri 500 manat təşkil edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinə (bundan sonra – Ailə Məcəlləsi) əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar (75.1.). Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur (75.4.). Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər (78.1). Ailə Məcəlləsində həmçinin nəzərdə tutulmuşdur ki, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər (112.1.). “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28.03.2016-cı il tarixli Qərarının 8.2-ci bəndində göstərilmişdir ki, “məhkəmələrə izah edilsin ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir”. İddiaçı “Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında” Qanunla ölkə üzrə uşaqlar üçün yaşayış minimumunun 175 manat müəyyən edilməsinə əsaslanaraq cavabdehdən hər uşağa görə həmin məbləğdə aliment tutulmasını xahiş etmişdir. Məhkəmə qeyd edir ki, qanunvericiliyə əsasən uşaqlarını saxlamaq valideynlərin vəzifəsidir. Valideynlərdən aliment uşaqların mənafeyi üçün tutulur. Alimentin tutulmasında məqsəd valideynlərin öz vəzifələrini yerinə yetirməsi və uşaqların normal həyat səviyyəsinin təmin edilməsidir. Məhkəmə hesab edir ki, Sumqayıt Şəhər Məhkəməsinin 27.03.2019-cu il tarixli qətnaməsi ilə cavabdehdən iddiaçının xeyrinə tutulan ümumilikdə 280 manat aliment halhazırda iki uşağın saxlanması və onların zəruri minimal ehtiyaclarının ödənilməsi üçün kifayət edə bilməz. Cavabdeh qarşlıqlı iddia ərizəsində fəhlə işlədiyini və 500 manat əmək haqqı aldığını bildirmiş və hər ay hər uşaq üçün 100 manat olmaqla, ümumilikdə 200 manat alimentin ondan iddiaçının xeyrinə tutulmasını xahiş etmişdir. Məhkəmə hesab edir ki, hər ay hər uşaq üçün 100 manat olmaqla, ümumilikdə 200 manat məbləğində pul uşaqların saxlanmaları üçün kifayət deyildir. Bu səbəbdən qarşılıqlı iddia ərizəsi təmin edilə bilməz. Bu səbəbdən məhkəmə tərəflərin qazancını, əmlak vəziyyətini nəzərə alaraq hesab edir ki, ilkin iddia tələbi qismən təmin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- 3520/2019 saylı, 27.03.2019-cu il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılaraq hər ay hər uşağa görə 150 manat olmaqla, 300 manat məbləğində müəyyən edilməlidir. MPM-in 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. “Dövlət rüsumu haqqında” Qanunun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 500 manatdan çox olduqda 30 manat dövlət rüsumu ödənilməlidir. Hazırda iddiaçı alimentin 280 manatdan 350 manata qədər (70 manat) artırılmasını tələb etdiyi üçün tələb üzrə 1 illik ödəmələrin məcmusu 500 manatdan artıqdır. Buna görə iddiaçı 30 manat dövlət rüsumu ödəməli idi. MPM-in 119-cu maddəsinə əsasən iddiaçı aliment tələbi ilə bağlı dövlət rüsumu ödəməkdən azad edildiyindən və iddia qismən təmin edildiyindən cavabdehdən 20 manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməlidir. Göstərilənlərə əsasən və MPM-in 119, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İlkin iddia qismən təmin edilsin. 03.10.2008-ci il təvəllüdlü X9 və 04.06.2010-cu il təvəllüdlü X4 yetkinlik yaşlarına çatana qədər saxlanılmaları üçün Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-3520/2019 saylı, 27.03.2019-cu il tarixli qətnaməsi ilə Cavabdeh İddiaçı xeyrinə tutulmuş alimentin miqdarı artırılaraq hər ay hər uşağa görə 150 manat olmaqla, cəmi 300 (üç yüz) manat məbləğində müəyyən edilsin. Qarşılıqlı iddia təmin edilməsin. Cavabdeh 20 (iyirmi) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Emin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar