Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-3045/2021 21.05.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Məmmədov Rəsul Yasər oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı (bundan sonra - iddiaçı) Cavabdeh (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 1000 manat məbləğində pulun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı Qəbələ şəhərində yaşayır və paltar alqı-satqısı ilə məşğul olur. Təxminən 1 il bundan əvvəl Bakı şəhərindən topdan satış qiyməti 900 manat olan kişi paltarları alaraq Qəbələ şəhərində satmaq istəmişdir. Lakin, həmin vaxt satış zəif olduğu üçün həmin paltarları o, cavabdehə satmışdır. Cavabdeh paltarların pulunu bir həftəyə ödəyəcəyini bildirsə də, paltarların pulunu ödəməmişdir. İddiaçı polisə şikayət etmiş və Qəbələ rayon Polis şöbəsində aparılmış araşdırma zamanı cavabdeh iddiaçıya borcu olduğunu etiraf etmişdir. Lakin, cavabdeh bu günə kimi borcunu ödəməmişdir. Əvvəlki məhkəmə iclasında iddiaçı iddia ərizəsi ilə oxşar məzmunlu izahat verərək iddianın təmin edilməsini xahiş etmişdir. İddiaçı məhkəməyə ünvanladığı teleqramda işə onun iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdehə məhkəmə iclası barədə göndərilmiş məhkəmə bildirişi rabitə orqanı tərəfindən geri qaytarılmışdır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 185-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını və iddia ərizəsinin dəlillərini araşdıraraq aşağıdakı nəticəyə gəlir. İş materialları ilə müəyyən olunur ki, iddiaçı xx.xx.1959-cu ildə anadan olmuşdur. O, ünvan 1 ünvanında qeydiyyatdadır. Cavabdeh isə xx.xx.1983-cü ildə, Sumqayıt şəhərində anadan olmuş, hazırda ünvan 3 ünvanında qeydiyyatdadır. Məhkəmə sorğusuna cavab olaraq Qəbələ rayon Polis şöbəsinin 13.04.2021-ci il tarixli məktubunda göstərilmişdir ki, iddiaçının şikayəti əsasında cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın qəbul edilməsinə əsas olmuş sənədlərin surətləri saxlama müddəti bitdiyi üçün məhv edilmişdir. İşdə olan cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, iddiaçı Qəbələ rayon Polis şöbəsinə ərizə ilə müraciət edərək, cavabdehə satmaq üçün 1000 manat dəyərində geyim əşyaları verdiyini, lakin cavabdehin ona ödəniş etmədiyini bildirmişdir. Aparılmış araşdırma zamanı izahatı alınmış cavabdeh təxminən 6 ay ərzində Qəbələ rayon bazarında paltar alqı satqısı ilə məşğul olduğunu, iddiaçını həmin bazarda işlədiyi müddətdə tanıdığını, həmin şəxslə münasibətlərinin normal vəziyyətdə olduğunu, iddiaçının ona 2017-ci ilin noyabr ayında ona qalıq satılacaq paltarlarının qaldığını və həmin paltarları sata bilmədiyini dediyini, eləcə də həmin paltarları Qəbələ rayon Nic qəsəbəsində satmağını təklif etdiyini, bu zaman sonuncunun təklifi ilə razılaşdığını, bundan sonra həmin şəxsdən satılacaq paltarları siyahıya tutaraq aşağı qiymətə də olsa satmaq şərti ilə aldığını, həmin paltarları Qəbələ rayon Nic qəsəbəsində öz qiymətindən aşağı qiymətə satdığını, daha sonra əldə etdiyi pula yenidən paltar almaq istədiyini, lakin bu zaman maddi ehtiyaclarının çox olduğuna görə hesabatını düzgün apara bilmədiyini və nəticədə iddiaçıya olan pul borcunu ödəyə bilmədiyini bildirmişdir. İşdə olan mədaxil qəbzindən görünür ki, iddiaçı iddia ərizəsinin verilməsi üçün 20 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə (bundan sonra – Mülki Məcəllə) əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürü (567). Satıcı alğı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur (568.1.). Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir (600.1.). Əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur (600.2.). Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər (600.4.). Alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər (600.5.). Göründüyü kimi tərəflər arasında nisyə alqı-satqı müqaviləsi bağlanmış və iddiaçı 900 manat dəyərində olan geyim əşyalarını cavabdehə satmışdır. Cavabdeh isə onların dəyərini 1 həftə ərzində iddiaçıya ödəyəcəyi barədə öhdəlik götürsə də, öz öhdəliyinə əməl etməmişdir. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (385.1). Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür (442). Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır (445.2.1). Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər (449.1.). Göründüyü kimi tərəflər arasında alqı-satqı münasibətləri 2017-ci ildə yaranmış və cavabdeh iddiaçıdan həmin vaxt nisyə geyim əşyaları almışdır. Lakin, hazırkı dövrə qədər həmin əşyaların dəyərini ödəməmişdir. Bu səbəbdən iddiaçı 900 manatlıq malın qiymətinə 100 manat əlavə faiz hesablayaraq cavabdehdən tələb etməkdə haqlı olmuşdur. MPM-ə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (77.1.). İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər (77.3.).Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir (78.1.). Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli 1000 manat pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Göstərilənlərə əsasən və MPM-in 119, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. 1000 (min) manat məbləğində pul və ödənilmiş 30 manat dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Emin Abdullayev
Məhkəmə qərarları › İş №2(060)-3045/2021
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-3045/2021
21.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver