Məhkəmə qərarları › İş №2(060)-3046/2021

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-3046/2021

04.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr - Torpaq icarə müqaviləsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-3046/2021 04.05.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Süleymanova Almaz Məhərrəm qızının sədrliyi, Əsədov Naib Abdulhüseyn oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “icarə haqqı, dəymiş ziyan və digər borcların tutulması” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “icarə haqqı, dəymiş ziyan və digər borcların tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Abşeron rayonu, Mehdiabad qəsəbəsi ünvanında yerləşən ümumi sahəsi 0,119272 ha olan torpaq sahəsi barədə 18 aprel 2018-ci il tarixdə onunla Cavabdeh arasında bağlanmış icarə müqaviləsi əsasında yaranmış 1,950 manat ödənilməmiş icarə haqqının, 1,444.34 manat ödənilməmiş kommunal xidmət borcunun və cavabdehin sex avadanlıqlarına vurduğu və təmir xərclərinə görə çəkdiyi 2,387 manat, ümumilikdə 5,781.34 manat və 30 manat dövlət rüsumunun Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 18 aprel 2018-ci il tarixdə Abşeron rayonu, Mehdiabad qəsəbəsi ünvanında yerləşən ümumi sahəsi 0,119272 ha olan torpaq sahəsinin Cavabdeh icarəyə verilməsi barədə müqavilə imzalamışlar. Həmin icarə müqaviləsinə əssasən cavabdeh ona aylıq 150 manat icarə haqqı və kommunal xidmətlərdən istifadə edilməsi xərclərini ödəməyi öz öhdəsinə götürmüşdür. Aralarında icarə müqaviləsi bağlanan gün torpaq sahəsi və torpaq sahəsində olan ona məxsus daş sexi cavabdehin istifadəsinə verilmişdir. Cavabdeh 2019-cu ilin avqust ayından 2020-ci ilin sentyabr ayınadək, 13 ay müddətində icarə haqqını ödəməmişdir. Ödənişi tələb etdikdə onunla mübahisə etmiş və ödəniş etməkdən imtina etmişdir. Cavabdeh müqavilə öhdəliklərini yerinə yetirmir, buna görə də, məcbur qalaraq məhkəməyə müraciət edir. Cavabdeh icarə haqqını ödəməməklə yanaşı ona icarəyə verdiyi ona məxsus Abşeron rayonu, Mehdiabad qəsəbəsi ünvanında yerləşən ümumi sahəsi 0.110272 ha olan torpaq sahəsində tikdiyi və müvafiq avadanlıqlarla təchiz etdiyi daş sexindən istifadə edərkən onun avadanlıqlarını da xarab etmişdir. Hansı ki, onların düzəldilməsi və yenidən işlək hala salınması xərclərini - 150 manat dəyərində quyu qazma xərcini, 110 manat dəyərində su xərcini, 80 manat dəyərində telfir əyləci xərcini, 30 manat dəyərində telfir kulqatır xərcini, 60 manat dəyərində telfirin elektrik işlərinin xərcini, 90 manat dəyərində telfirin parenniyi və elektriki xərcini, 150 manat dəyərində kantovka mişarı xərcini, 80 manat dəyərində fəhlə pulu xərcini, 400 manat dəyərində fıryez xərcini, 150 manat dəyərində transformator xərcini, 150 manat dəyərində şitin alınması və quraşdırılması xərcini, 50 manat dəyərində remen xərcini, 32 manat dəyərində mişarın paqenniyi xərcini, 30 manat dəyərində kantovkanın paqenniyi xərcini, 70 manat dəyərində avtomat alınması və quraşdırılması xərcini, 55 manat dəyərində mis-aliminium kabel quraşdırılması xərcini, 150 manat dəyərində transformatorun quraşdırılması və 550 manat dəyərində təmir xərcini, ümumilikdə 2387 manat dəyərində ümumi xərci məcbur olaraq o, ödəmişdir. Cavabdehin öhdəliklərindən yayınması yalnız icarə haqqını ödəməməklə bitməmiş, müqavilə öhdəliyi olan kommunal ödəniş olan işıq pulunu ödəməkdən də boyun qaçırmışdır. Belə ki, xxxx ASC-nin təqdim etdiyi ********* nömrəli 05.11.2020-ci il tarixli hesab ödəniş vərəqəsinə əsasən 1444.34 manat borc ödənilməmiş olaraq qalmışdır. Cavabdehə uzun müddətdir ki, bildirir ki, borcunu ödəsin, lakin o, heç bir halla razılaşmır və konkret olaraq borcunu da ödəmir. Bununla bağlı Polis idarəsinə də şikayət etmişdir. Polis tərəfindən ona yazılı olaraq bildirilmişdir ki, məhkəməyə müraciət etməlidir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək eyni məzmunlu izahat verdi və iddianın təmin edilməsini xahiş etdi. Əlavə olaraq göstərdi ki, tərəflər arasında icarə müqaviləsi bir il müddətinə bağlansa da cavabdeh müddət bitdikdən sonra da sexdən istifadə etmişdir. Hətta müqavilə müddətindən sonra bir-neçə aya görə, 2019cu ilin avqust ayınadək icarə haqqını ödəmişdir. Sonra o, Naxçıvana getmiş, ölkədə olan karantin rejimi ilə bağlı Naxçıvandan qayıda bilməmiş, 2020-ci ilin iyul ayında qayıtmış və cavabdehdən icarə haqqını tələb etmiş, lakin cavabdeh ödəməmiş, 2020-ci ilin sentyabr ayında sexi tərk edib getmişdir. Cavabdeh getdikdən sonra o, müəyyən etmişdir ki, kommunal xidmətlər ödənilməmiş, sexdə olan avadanlıq yarasız vəziyyətə salınmışdır. O, həmin avadanlıqların təmirinə 2387 manat vəsait sərf etmişdir. Cavabdehin sexdən müqavilə müddəti bitdikdən sonra istifadə etməsini vergilər idarəsi tərəfindən verilmiş arayışda olan məlumatlar da təsdiq edir. Cavabdeh sex üzrə vergi uçotundan 2021-ci ilin yanvar ayında çıxmışdır. Bu səbəbdən də o, sexi digər şəxslərə icarəyə verə bilməmişdir. Lakin faktiki olaraq isə 2020-ci ilin sentyabr ayından sexdən istifadə etməmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh etiraz ərizəsi təqdim edərək izahatında göstərdi ki, iddia tələbini qəbul etmir. Belə ki, o, icarə müddətində sexdən istifadə etmiş və hər ay icarə haqqını ödəmişdir. O, icarə haqqı olaraq hər ay 800 manat ödəniş etmişdir. Həmin ödənişə həm icra haqqı, həm də digər xərclər daxil idi ki, iddiaçı özü həmin ödəniş hesabına xərcləri qarşılamalı idi. Odur ki, kommunal xidmətlərə görə, təmir xərcinə görə tələbi əsassız hesab edir və bununla razılaşmır. Cavabdeh həmçinin bildirdi ki, 2019-cu ilin iyul ayında sexdən istifadə etməmişdir, həmin vaxt elektrik enerjisindən istifadəyə görə 560 manat borc qalmışdır. O, həmin vaxt transfarmatoru təmir etdirmiş, iddiaçıya elektrik enerjisindən istifadəyə görə yaranmış borcun həmin təmir xərcinin əvəzinə nəzərə alınmasını demişdir. Cavabdeh eləcə də bildirdi ki, sexdə olan avadanlıqdan istifadə etməsi nəticəsində avadanlıq yararsız vəziyyətə düşmüş, təmir xərci olaraq 500 manat tələb olunmuşdur. Lakin avadanlığı təmir etdirməmişdir. Avadanlıq iddiaçıya məxsus olmuşdur. Hesab edir ki, iddiaçı özə təmir etdirməli idi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Mülki iş materiallarında olan: İddiaçı ilə Cavabdeh arasında bağlanmış 18.04.2018-ci ildə bağlanmış icarə müqaviləsindən görünür ki, İddiaçı (icarəyə verən) mülkiyyətində olan Abşeron rayonu, Mehdiabad qəsəbəsi ünvanında yerləşən ümumi sahəsi 0,119272 ha olan torpaq sahəsini 18.04.2019-cu il tarixədək hər ay 150 manat ödəməklə Cavabdeh (icarəçi) icarəyə verməyi, icarəçi də eyni zamanda göstərilən müddət ərzində həmin torpaq sahəsindən istifadə etməklə icarə haqqını ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 3-cü bəndinə əsasən müqavilə müddətinin bitməsinə 1 ay qalmış tərəflər həmin müqavilənin pozulmasına dair heç bir təklif irəli sürməzlərsə icarə müddəti daha bir il müddətinə uzadılmış olur. 10-cu bəndinə əsasən icarə obyektində texniki təhlükəsizlik qaydalarına əməl olunması vəzifələri icarəçi tərəfindən həyata keçirilir. 11-ci bəndinə əsasən kommunal xidmətlərdən istifadə edilməsinə görə haqlar, habelə şəhərlərarası və ödənişli telefon danışıqları haqqı, o cümlədən əlavə vergi haqları icarəçi tərəfindən ödənilir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş RX seriyalı, ******* saylı Çıxarışın təsdiq edilmiş surətindən görünür ki, Abşeron rayonu, Mehdiabad qəsəbəsi ünvanında yerləşən ümumi sahəsi 0,119272 ha olan torpaq sahəsi xüsusi mülkiyyət hüququ ilə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 15.10.2012-ci il tarixdə qeydə alınmışdır. Beləliklə, işin hallarından göründüyü kimi, tərəflər arasında icarə müqaviləsindən irəli gələn münasibətlər olmuş, iddiaçı özünə məxsus qeyri yaşayış sahəsini 2018-ci ilin aprel ayında hər ay üçün 150 manat icarə haqqı ödənilməsi, o cümlədən kommunal xidmətlərdən istifadə edilməsinə haqq ödənilməsi və texniki təhlükəsizlik qaydalarına əməl olunması şərti ilə cavabdehə icarəyə vermiş, müqavilə müddəti 2019-cu ilin aprel yaında bitmişdir. Bunlar işin mübahisəsiz hallarıdır. İşin mübahisə doğuran halları –icarə müqaviləsinin müddətinin bitməsinə baxmayaraq, icarəçi tərəfindən qeyri-yaşayış sahəsindən bir ildən artıq müddətdə istifadə edilməsi və həmin müddət üçün icarə haqqının ödənilməməsi, eləcə də icarəçi tərəfindən kommunal xidmətlərdən istifadə haqqının ödənilməməsi, qeyri-yaşayış sahəsində olan avadanlıqdan istifadə nəticəsində maddi zərərin vurulması ilə bağlıdır. Göründüyü kimi iddia üç tələbdən ibarətdir: 1) İcarə haqqına görə 1950 manat pul tələbi; 2) kommunal xidmətlərdən istifadə haqqının görə 1444,34 manat; 3) təmir xərci ilə bağlı maddi zərərə görə 2387 manat; Birinci tələb üzrə iddianı məhkəmə əsaslı hesab edir. Belə ki, iddiaçı tələbin əsası olaraq 2 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən təqdim edilmiş arayışa istiad etmişdir. Həmin arayışdan görünür ki, fiziki şəxs Cavabdeh İddiaçı məxsus təsərrüfat subyektini 02.11.2018-ci il tarixdə icarəyə götürmüşdür və 28.01.2021-ci il tarixdə həmin təsərrüfat subyektini ləğv etmişdir. İddiaçı qeyd etdi ki, səlahiyyətli qurumun arayışından göründüyü kimi cavabdeh ona məxsus qeyri-yaşayış sahəsi üzrə vergi ödəyicisi kimi qeyd alınmış və vergi uçotundan yalnız 28.01.2021-ci il tarixdə çıxmışdır. Qeyd olunan müddət ərzində cavabdeh həmin qeyri-yaşayış sahəsi üzrə vergi ödəyicisi kimi qeyd olduğundan iddiaçı həmin qeyriyaşayış sahəsini digər şəxslərə icarəyə verə bilməmişdir. Bununla yanaşı iddiaçı qeyd etdi ki, cavabdeh faktiki olaraq həmin icarə sahəsindən 2020-ci ilin sentyabr ayınadək istifadə etmir. Müqavilə şərtlərindən görünüdüyü kimi müqavilə müddətinin bitməsinə 1 ay qalmış tərəflər həmin müqavilənin pozulmasına dair heç bir təklif irəli sürməzlərsə icarə müddəti daha bir il müddətinə uzadılmış olur. Məhkəmə araşdırması zamanı cavabdeh etiraz edərək 2019-cu ilin iyul ayından qeyri-yaşayış sahəsindən çıxdığını və icarə münasibətlərinə son qoyduğunu bildirsə də etirazını əsaslandığı hallara dair heç bir sübut məhkəməyə təqdim etmədi. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: Mülki Məcəllənin 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. 700.2. İcarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. 700.3. Əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. Mülki Məcəllənin 675-ci maddəsinə əsasən əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür. Mülki Məcəllənin 684.1-ci maddəsinə əsasən əmlak kirayəsi haqqı, əgər kirayə müddəti bir aydan qısadırsa, həmin müddətin sonunda ödənilməlidir. Əgər kirayə müddəti bir aydan çoxdursa, əmlak kirayəsi haqqı zərurət olduqda müvafiq surətdə hər ayın sonunda hissə-hissə ödənilməlidir. Əgər əmlak kirayəsi haqqı zaman hissələri üzrə hesablanmışdırsa, ayrı-ayrı zaman hissələrinin sonunda ödənilir. Məşkəmə işin müəyyən iedilmiş faktiki hallarına hüquq normalarına istinadən qiymət verərək hesab edir ki, icarə haqqının tutulması hissədə iddia əsaslı olduğundan təmin edilməli, 1950 manat icarə haqqı cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. İkinci və üçüncü tələbini məhkəmə qismən əsaslı hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakın zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəyə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. 443.2-ci maddəyə əsasən zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. İcarə müqaviləninin şərtlərindən göründüyü kimi kommunal xidmətlərdən istifadə edilməsinə görə haqlar icarəçi tərəfindən ödənilir. Cavabdeh məhkəmədə verdiyi izahatında elektrik enerjisindən istifadəyə görə 560 manat borcu qaldığını etiraf etdi. İş materiallarına əlavə edilmiş “xxxx” ASC tərəfindən verilmiş X2 görünür ki, Abşeron rayonu, Mehdiabad qəsəbəsi ünvanında yerləşən qapı-pəncərə sexi qeyri-yaşayış sahəsinə elektrik enerjisindən istifadəyə görə 13 may 2018-ci il tarixdən 11 avqust 2020-ci il tarixədək olan borc (4752,18-3518) 1234,18 manat təşkil edir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, cavabdeh müqavilə şərtlərini pozaraq kommunal xidmətlərdən istifadə edilməsinə görə haqqın ödənilməsi öhdəliyi götürsə də bu öhdəliyini icra etməmişdir. Odur ki, kommunal xidmətlərdən istifadə edilməsinə görə haqqın əvəzi olaraq 1234,18 manat cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, təmir xərclərinin ödənilməsi hissədə tələb 500 manat həcmində təmin edilməlidir. Belə ki, cavabdeh məhkəmə iclasında verdiyi izahatında göstərdi ki, iddiaçıya məxsus avadanlıqdan istifadə nəticəsində xarab olumş, təmir xərci olaraq 500 manat tələb olunmuş, lakin avadanlığı təmir etdirməmişdir. Azərbaycan Respublikası MPM-nin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Məhkəmə cavabdehin izahatında göstərdiyi məlumatları sübut növü olaraq qəbul edərək hesab edir ki, icarə obyektində texniki təhlükəsizlik qaydalarına əməl olunması vəzifələri icarəçi tərəfindən həyata keçirilir. Bu baxımdan məhkəmə hesab edir ki, cavabdehdən iddiaçının xeyrinə vurulmuş zərərin əvəzi olaraq 500 manat tutulmalıdır. MPM-in 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə işin şərh olunan hallarına hüquq normalarının göstərişlərinə əsasən qiymət verərək bu nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, Cavabdeh icarə haqqının əvəzi olaraq 1950 manat, kommunal xidmətlərə görə 1234,18 manat, təmir xərclərinə görə 500 manat İddiaçı xeyrinə tutulmalıdır. İddia qalan hissədə sübuta yetirilmədiyindən rədd edilməlidir. MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia qismən təmin edildiyindən 11 manat iddiaçıya aid edilməli, 19 manat cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh icarə haqqının əvəzi olaraq 1950 manat, kommunal xidmətlərə görə 1234,18 manat, təmir xərclərinə görə 500 manat, cəmi 3684,18 (üç min altı yüz səksən dörd manat on səkkiz qəpik) manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 19 (on doqquz) manat İddiaçı xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Almaz Süleymanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar