Məhkəmə qərarları › İş №2(060)-3050/2021

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-3050/2021

23.04.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-3050/2021 23.04.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Qoşqarlı Rəşad Nizami oğlunun sədrliyi, Hacıyeva Yeganə Müslüm qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı «uşaqların saxlanılması üçün təyin edilmiş alimentin məbləğinin artırılması» tələbinə dair iddiası üzrə mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «uşaqların saxlanılması üçün təyin edilmiş alimentin məbləğinin artırılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Sumqayıt Şəhər Məhkəməsinin 10 aprel 2017-ci il tarixli 2(060)-5233/2017 saylı qətnaməsinə əsasən 26.10.2006-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh tutulması qət edilmiş 136 manat alimentin məbləğinin artırılaraq ayda 300 manat məbləğində müəyyən edilməsi və həmin məbləğin hər ay cavabdehdən tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə 2005-ci ildə qeyrirəsmi nikaha daxil olmaqla ailə qurmuşlar. Birgə nikahlarından 26 oktyabr 2006-cı il tarixdə qızları X5 doğulmuşdur, uşaq onun himayəsində qalmışdır. Sumqayıt Şəhər Məhkəməsinin 10 aprel 2017-ci il tarixli 2(060)-5233/2017 saylı qətnaməsinə əsasən uşaqlarının saxlanılması üçün hər ay cavabdehdən 136 manat alimentin alınıb ona verilməsi qət edilmişdir. Cavabdeh uşağı ilə maraqlanmır, 136 manat alimenti ödəməklə valideynlik borcunu yerinə yetirməsini hesab edir. Təəssüflər olsun ki, Cavabdeh öz uşağı ilə maraqlanmır, ona mənəvi dəstək göstərmir. Uşağı tək böyüdür. Hazırda uşaq böyüdükcə maddi ehtiyacları da artır. Hazırkı şəraitdə 136 manat pula uşağa bir ay baxmaq mümkün deyil. O, günü-gündən böyüyür və ehtiyacları da daim artır. Hazırda Ayşənin 14 yaşı tamam olub, 15 yaşına keçir. Artıq o, övladını hazırlığa qoymuşdur. Uşağın kitabı, dəftəri, qələmi, geyimi və gündəlik tələbi ayda belə heç 300 manat görmür. Özü heç bir yerdə işləmir, ona ailə üzvləri maddi cəhətdən köməklik edirlər. Cavabdeh Gədəbəy rayonunda müxtəlif hissələrdən ibarət kənd təsərrüfat təyinatıyla məşğul olur, hektarlarla torpaq sahələri, heyvandarlıq, yük maşını, minik avtomobili vardır, o kifayət qədər gəlir əldə edir. Düşünür ki, məhkəmə bunları nəzərə almalıdır. Cavabdehin gəliri və yaşayışı çox yaxşıdır, alimenti vaxtı-vaxtında ödəmir, sadəcə olaraq uşağına baxmaq istəmir. Yuxarıda göstərilənlərə əsasən hesab edir ki, cavabdehin qazancı qeyrimüntəzəm olduğundan ondan ayda sabit pul məbləğində 300 manat pul tutulub, uşağın saxlanılması üçün ona ödənilməlidir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasında iddianı qəbul etmədi və izahatında bildirdi ki, iddianı əsassız və qanunsuz hesab edir. İşin mahiyyəti ilə əlaqədar olaraq bildirir ki, o, iddiaçı ilə 2005-ci ildə faktiki nikaha daxil olmaqla ailə qurmuşdur. Həmin nikahdan 26.10.2006-cı il təvəllüdlü X5 dünyaya gəlmişdir. İddiaçı ilə xasiyyətləri düz gəlmədiyindən faktiki olaraq ayrılmışlar. Sumqayıt Şəhər Məhkəməsinin 10 aprel 2017-ci il tarixli 2(060)-5233/2017 saylı qətnaməsi ilə 26.10.2006-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanılması üçün 136 manat sabit pul məbləğində alimentin tutularaq iddiaçıya verilməsi qət olunmuşdur. Özü İİİ qrup əlildir, ağır xəstəliklər keçirmişdir. O, X4 ilə faktiki nikaha daxil olmaqla ailə qurmuşdur. Həmin nikahdan 3 uşaqları var: - 13.12.2011-ci il təvəllüdlü X3, 29.10.2014-cü il təvəllüdlü X6, 03.04.2019-cu il təvəllüdlü X7. İddiaçı tələbində 300 manat məbləğində aliment tələb edir. O, təyin olunmuş 136 manat sabit pul məbləğində alimenti hər ay birtəhər ödəyir. Özü hal-hazırda heç yerdə işləmir. Onun əlavə vəsaiti olsa idi uşağının saxlanılması üçün daha çox aliment ödəyərdi. Lakin, bu günki vaxtda, o, yalnız sabit pul məbləğində təyin olunmuş 136 manat alimenti ödəyə bilər. Ailə Məcəlləsinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar. Göründüyü kimi, uşağı saxlamaq tək atanın yox, hər iki valideynin borcudur. Bildirir ki, analoji işlərdə məhkəmə alimentin məbləğini müəyyən edərkən, «Yaşayış minimumu haqqında» Qanunun tələbini əsas götürərək alimentin məbləğini müəyyən edir. Hesab edir ki, uşağın saxlanılması üçün aliment tutulması barədə iddiaya baxarkən, məhkəmə «Yaşayış minimumu haqqında» Qanunun yox, Ailə Məcəlləsinin tələblərinə əsasən mülki prosessual qanunvericiliyin normalarına müvafiq olaraq alimentin miqdarını müəyyən etməlidir. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2016-cı il tarixli qərarında Konstitusiya Məhkəməsinin Plenumu belə qənaətə gəlmişdir ki, alimentin miqdarı müəyyən olunarkən məhkəmə, ilk növbədə, Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə əsasən tərəflərin maddi və ailə vəziyyətini, diqqətəlayiq digər halları və uşağın əvvəlki təminatının səviyyəsini nəzərə almalıdır. «Yaşayış minimumu haqqında» Qanunun Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrində nəzərdə tutulmuş aliment münasibətlərinə aid edilməsinin mümkünlüyünə gəldikdə isə Konstitusiya Məhkəməsinin Plenumu aşağıdakıları qeyd etmişdir: Ailə Məcəlləsinin 1.1-ci maddəsinə müvafiq olaraq, Azərbaycan Respublikasının ailə qanunvericiliyi Konstitusiyadan, bu Məcəllədən, bu Məcəlləyə uyğun olaraq qəbul edilmiş digər müvafiq qanunvericilik aktlarından və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən ibarətdir. Həmin Məcəllənin 4-cü maddəsinə görə isə bu Məcəllənin 2-ci maddəsində göstərilən ailə üzvləri arasında ailə qanunvericiliyi ilə tənzimlənməyən əmlak və şəxsi qeyri-əmlak münasibətlərinə mülki qanunvericiliyin ailə münasibətlərinin mahiyyətinə zidd olmayan normaları tətbiq edilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2016-cı il tarixli qərarından aydın olur ki, məhkəmə alimentin miqdarını, «Yaşayış minimumu haqqında» Qanunun normalarına yox, ilk növbədə, Ailə Məcəlləsinin yuxarıda qeyd edilən münasibətləri tənzimləyən normalarının tələbləri əsasında araşdıraraq müəyyən etməlidir. Yəni, yaşayış minimumu əsas götürülməli deyil. Hazırkı iş üzrə qətnamədə isə məhkəmə «Yaşayış minimumu haqqında» Qanunun tələbinə əsaslanmışdır. Ümumiyyətlə yaşayış minimumunun aliment münasibətlərinə aid edilməsi təcrübədə qeyri-müəyyənliklər yaradır, bu isə aliment ödəyən şəxsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinin təmin edilməsini çətinləşdirir. Belə ki, məhkəmələr tərəfindən alimentin təyin edilməsi ilə bağlı işlərə baxılarkən ailə qanunvericiliyinin tələbinə görə alimentin miqdarının müəyyən edilməsi üçün tərəflərin maddi və ailə vəziyyəti deyil, məhz «Yaşayış minimumu haqqında» Qanunun normaları əsas götürülür. Yaşayış minimumu isə ildən ilə müəyyən məbləğdə artır. Bütün bunlar isə aliment ödəməli olan şəxsi artıq qazanc əldə etməyə məcbur edir və bu da bir sıra neqativ halların baş verməsinə səbəb olur. Belə ki, məhkəmə təcrübəsində aliment ödəmək imkanı olmayan valideynlər barəsində məhkəmə qətnaməsini icra etməməyə görə inzibati və cinayət məsuliyyətinə cəlb edilməsi hallarına kifayət qədər rast gəlinir. O, iddia tələbini qəbul etmir. Çünki, onun həmin pulu ödəməyə maddi imkanı yoxdur. Bu səbəbdən, iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iddiaçının və cavabdehin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş Sumqayıt Şəhər Məhkəməsinin 10 aprel 2017-ci il tarixli 2(060)-5233/2017 saylı qətnaməsinin surətindən görünür ki, İddiaçı Cavabdeh qarşı «alimentin miqdarının artırılması» tələbinə dair iddiası təmin edilmiş, Cavabdeh hər ay 136 manat sabit pul məbləğində alimentin qətnamənin qanuni qüvvəyə mindiyi gündən başlayaraq tutulub 26.10.2006-cı il təvəllüdlü X1 üçün İddiaçı verilməsi qət edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN—nin Maps şöbəsinin 08.02.2021-ci il tarixli arayışından görünür ki, Rəhimov X8 rayonu, Qurudərə kəndində qeydiyyatdadır. İş materiallarında olan AZE seriyalı, № ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı Sumqayıt şəhəri, YAT-6A, Sülh küçəsi, məhəllə 76-da qeydiyyatdadır. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində DSMF-u publik hüquqi şəxsin 19 saylı RƏF Gədəbəy Rayon qəbul şöbəsinin **********3 saylı, 15.04.2021-ci il tarixli arayışına əsasən Cavabdeh İİİ qrup ümumi səbəbdən əlil kimi 10 manat ömürlük müavinət alır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Tərəflərin əvvəllər faktiki ər-arvad münasibətlərində olmaları, 1 övladlarının olması, uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən iddiaçının xeyrinə alimentin tutulmasına dair hallar aşkar olmaqla, həmin faktların yenidən mübahisələndirilməsinə və sübut edilməsinə yol verilmir. Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli 8-2/2016 saylı Qərarında göstərilmişdir ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. «Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanununa əsasən 2021-ci il üçün yaşayış minimumu uşaqlar üçün 175 manat məbləğində müəyyən edilmişdir. Yuxarıda qeyd edilən Plenum Qərarının 8.14-cü bəndində qeyd olunmuşdur ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Məhkəmə hesab edir ki, ölkə üzrə yaşayış minimumunun uşaqlar üçün 175 manat olduğu halda, hazırda yetkinlik yaşına çatmamış 1 uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən yuxarıda qeyd olunan qətnamə ilə təyin edilmiş miqdarda aliment tutulması uşağın günün tələblərinə uyğun təmin edilməsinə, yəni hər il daha da böyüyən və tələbatları artan uşağın normal saxlanılması üçün kifayət deyildir, uşağın sağlam böyüməsinə, normal qidalanmasına, geyim və sair tələbatının ödənilməsinə imkan vermir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, 26.10.2006-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Sumqayıt Şəhər Məhkəməsinin 10 aprel 2017-ci il tarixli 2(060)-5233/2017 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək, Cavabdeh İddiaçı xeyrinə qətnamə qanuni qüvvəyə mindiyi gündən başlayaraq hər ay 175 manat sabit pul məbləğində aliment tutulmalıdır. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən iddiaçının aliment tələbi ilə bağlı ödəməkdən azad olduğu dövlət rüsumu Mülki-Prosessual Məcəllənin 112.1.3 və 119.2 maddələrinə uyğun olaraq cavabdehdən tutulmalı və dövlət nəfinə keçirilməlidir. 30 manat dövlət rüsumu Cavabdeh tutularaq Dövlət büdcəsinə ödənilməlidir. İddianın qalan hissəsi rədd edilməlidir. Belə ki, iddiaçı cavabdehdən hər ay 300 manat sabit pul məbləğində alimentin tutulmasını tələb etsə də, cavabdehin qeyd olunan məbləğdə aliment ödəməyə maddi imkanının olmasına dair sübutları məhkəməyə təqdim etməmişdir. Bundan başqa, uşağa baxmaq, maddi tələbatlarını ödəmək, qayğısına qalmaq hər iki valideynin vəzifəsidir və uşağın bütün maddi qayğılarının yalnız bir nəfərin üzərinə qoyulması ədalətsizdir. Eyni zamanda da, cavabdehin İİİ qrup ümumi səbəbdən əlil olmaqla, 110 manat ömürlük müavinət alması, hazırda faktiki olaraq ər-arvad münasibətində olduğu şəxslə 3 yetkinlik yaşına çatmamış uşağa baxdığı və kifayət qədər qayğıları olmaqla, iddiaçının təbii maraqları nəzərə alındığı kimi, cavabdehin də təbii maraqları (ailə vəziyyəti, himayəsində digər övladlarının olması) nəzərə alınmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 26.10.2006-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Sumqayıt Şəhər Məhkəməsinin 10 aprel 2017-ci il tarixli 2(060)-5233/2017 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək, Cavabdeh İddiaçı xeyrinə qətnamə qanuni qüvvəyə mindiyi gündən başlayaraq hər ay 175 manat sabit pul məbləğində aliment tutulsun. 30 manat dövlət rüsumu Cavabdeh tutularaq Dövlət büdcəsinə ödənilsin. İddianın qalan hissəsi rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Rəşad Qoşqarlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar