Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-3059/2021 29.03.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Məmmədov Rəsul Yasər oğlunun katibliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit borcunun tutulması tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti (bundan sonra - iddiaçı) Cavabdeh1 və Cavabdeh2 (bundan sonra – cavabdehlər) qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, xx.xx.2019-cu il tarixli kredit müqaviləsi üzrə cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə 1641,25 manat əsas borc, 135,57 manat faiz borcu olmaqla, cəmi 1776,82 manatın və ödənilmiş 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, “xxxx” İKB ASC ilə cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli kredit müqaviləsinə əsasən cavabdehə 18 ay müddətinə illik 28 faizlə 3000 manat məbləğində kredit verilmişdir. Lakin, borclu müqavilənin şərtlərini pozaraq borc öhdəliyini yerinə yetirmir. Həmin tarixli zaminlik müqaviləsinə əsasən digər borclu Cavabdeh2 Cavabdeh1 müqavilə üzrə öhdəliklərinə zamin olmuşdur. Bu səbəbdən onunla birgə məsuliyyət daşıyır. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdehlər borcu ödəməkdən yayınırlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə (bundan sonra - MPM) əsasən mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir (284-1). Ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir (284-5.1.). Cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər (284-5.2.). Ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır (284-5.3.). İddia ərizəsi xx xxxxxx 2021-ci il tarixində məhkəməyə daxil olmuşdur. Ərizə məhkəməyə daxil olduqdan sonra icraata qəbul edilmiş, cavabdehə bildiriş göndərilmiş və iddiaya dair yazılı etirazını və əlavə edilmiş sənədləri 10 iş günü müddətində məhkəməyə təqdim etməsi təklif edilmişdir. Cavabdeh1 iş materiallarında olan ünvanına göndərilmiş məhkəmə bildirişi rabitə orqanı tərəfindən geri qaytarılmışdır. Məhkəmə iş materiallarını araşdıraraq aşağıdakı nəticəyə gəlir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BPQMİ-nin MAPS şöbəsinin arayışından və şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh1 xx.xx.1980-ci ildə, Sumqayıt şəhərində anadan olmuş, hazırda ünvan 1 ünvanında qeydiyyatdadır. Cavabdeh2 xx.xx.1981-ci ildə, Abşeron rayonu, Xırdalan şəhərində anadan olmuş, Abşeron rayonu, Xırdalan şəhəri, məhəllə 27, ev 6, mənzil 80 ünvanında qeydiyyatdadır. İş materialları ilə müəyyən edilir ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 4-MZ-1-0-501-19 nömrəli kredit müqaviləsinə əsasən cavabdehə 18 ay müddətinə, illik 28% ödəmək şərtilə 3000 manat məbləğində kredit verilmişdir. İşdə olan məxaric orderi bunu təsdiq edir. İş materiallarında olan iddiaçı ilə aralarında bağlanmış xx.xx.2019-cu il tarixli zaminlik müqaviləsinin şərtlərinə görə Cavabdeh1 öhdəliklərinin yerinə yetirilməsinə görə Cavabdeh2 iddiaçı qarşısında cavabdehlik daşımağı öhdəsinə götürmüşdür. xx.xx.2021-ci il tarixli maliyyə arayışına əsasən cavabdehin banka kredit müqaviləsi üzrə 1641,25 manat əsas borc, 135,57 manat faiz borcu olmaqla, cəmi 1776,82 manat borcu vardır. xx.xx.2019-cu il tarixli 24-MZ-1-0-394-19 nömrəli kredit müqaviləsinə 1 saylı əlavəyə əsasən cavabdeh hər ay 206,02 manat, sonuncu ay isə 206 manat ödəniş etməli idi. xx.xx.2020-ci il tarixli 24-MZ-1-0-394-19 nömrəli kredit və zaminlik müqaviləsinə 1 saylı əlavə Sazişə əsasən müqavilə üzrə kreditin müddəti xx.xx.2021-ci il tarixədək uzadılmışdır, müqavilə üzrə əsas borc məbləğinin ödənilməsi üçün güzəşt müddəti 1 ay təşkil edir. Bu Sazişə uyğun tərtib olunan ödəniş cədvəlinə əsasən cavabdeh 1-ci ay 10,21 manat, qalan aylarda 204,29 manat ödəniş etməli idi. İşdə olan mədaxil qəbzindən görünür ki, iddiaçı iddia ərizəsinin verilməsi üçün 30 manat dövlət rüsumu ödəmişdir. İşə əlavə edilmiş bildirişdən görünür ki, iddiaçı cavabdehə 5 iş günü müddətində borcun ödənilməsi ilə bağlı xəbərdarlıq etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə (bundan sonra – Mülki Məcəllə) əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür (739.1). Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər (739.2). Göründüyü kimi iddiaçı ilə cavabdeh arasında kredit müqaviləsi bağlanmışdır. Mülki Məcəllədə qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (385.1). Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür (442). Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır (445.2.1). Göründüyü kimi cavabdeh kredit müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəlikləri lazımınca yerinə yetirməmiş və banka 1641,25 manat əsas borc, 135,57 manat faiz borcu qalmışdır. Cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərini lazımınca yerinə yetirmədiyi üçün iddiaçı müqavilə üzrə əsas və faiz borcunun tutulması tələbi ilə çıxış etməkdə haqlı olmuşdur. Mülki Məcəlləyə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür (470.1.). Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar (472.1.). Göründüyü kimi Cavabdeh2 zaminlik müqavilələrinə əsasən Cavabdeh1 iddiaçı qarşısında kredit öhdəliyi üzrə zamin olmuşdur. Bu səbəbdən kredit borcu ilə bağlı iddiaçı qarşısında Cavabdeh1 ilə birgə məsuliyyət daşıyır. MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, iddia təmin edildiyindən iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 30 manat dövlət rüsumu cavabdehə aid edilməlidir. Yuxarıdakılara əsasən və MPM-in 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Əsas borc üzrə 1641,25 manat, faiz borcu üzrə 135,57 manat olmaqla, cəmi 1776 (min yeddi yüz yetmiş altı) manat 82 (səksən iki) qəpik və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu Cavabdeh1 və X1 müştərək qaydada tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Emin Abdullayev
Məhkəmə qərarları › İş №2(060)-3059/2021
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-3059/2021
29.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver