Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-307/2021 08.04.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Məmmədov Rəsul Yasər oğlunun katibliyi ilə, İddiaçı ASC-nin Cavabdeh1 və Cavabdeh2 qarşı borcun tutulması tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı ASC (bundan sonra - iddiaçı) Cavabdeh1 və Cavabdeh2 (bundan sonra – cavabdehlər) qarşı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, 3410,2 ABŞ dolları məbləğində əsas borc, 3487,47 ABŞ dolları məbləğində faiz borcu, 891,34 ABŞ dolları məbləğində cərimə və kredit müqaviləsi üzrə xx xxxxxx 2019-cu il tarixdən, xx.xx.2020-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 95,95 ABŞ dolları məbləğində əldən çıxmış fayda olmaqla, cəmi 7884,96 ABŞ dolları borc və 30 manat ödənilmiş dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2014-cü il tarixli kredit müqaviləsinə əsasən cavabdehə 24 faizlə, 25 ay müddətinə 12740 ABŞ dolları məbləğində kredit vermişdir. xx.xx.2015-ci il tarixli əlavə sazişə əsasən kreditin müddəti xx.xx.2017-ci il tarixədək uzadılmışdır. İddiaçı ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2014-cü il tarixli zaminlik müqaviləsinə əsasən o, Cavabdeh1 bank qarşısında öhdəliklərinin icra edilməməsinə görə məsuliyyəti öz üzərinə götürmüşdür. Lakin Cavabdeh1 kredit öhdəliklərini vaxtında və lazımi qaydada yerinə yetirməmiş və onun kredit müqaviləsi üzrə iddia ərizəsində qeyd edilən məbləğdə borcu yaranmışdır. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(060)-4312/2020 saylı qərardadı ilə iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş və iş üzrə icraat ekspert rəyi alınanadək dayandırılmışdır. İddiaçının nümayəndəsi xx.xx.2021-ci il tarixdə məhkəməyə daxil olmuş ərizəsində işə onun iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq cavabdehlər məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 185-ci maddəsinə əsasən işə iddiaçının nümayəndəsinin və cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq aşağıdakı nəticəyə gəlir. İş materialları ilə müəyyən edilir ki, Cavabdeh1 xx.xx.1986-cı ildə, Sumqayıt şəhərində anadan olmuş, hazırda ünvan 1 ünvanında qeydiyyatdadır. Cavabdeh2 isə xx.xx.1984-cü ildə, Sumqayıt şəhərində anadan olmuş, hazırda ünvan 3 ünvanında qeydiyyatdadır. İddiaçı ilə cavabdehlər arasında bağlanmış 6-MZ-1-0-1239-14 saylı, xx.xx.2014-cü il tarixli bank hesabı, kredit və zaminlik müqaviləsinə əsasən iddiaçı Cavabdeh1 24 ay müddətinə, illik 28 faizlə 12740 ABŞ dolları kredit vermiş, Cavabdeh2 da Cavabdeh1 borc üzrə öhdəliklərinə zamin durmuşdur. xx.xx.2014-cü il tarixli kassa məxaric orderinə əsasən iddiaçı tərəfindən Cavabdeh1 12740 ABŞ dolları kredit verilmişdir. Müqavilənin 2.3.1-ci bəndinə əsasən kredit mənbəyi, ondan istifadəyə görə hesablanan faizlər, dəbbə pulu, borcalanın borc öhdəliyi ilə bağlı öz vəzifələrini yerinə yetirməməsinə görə və ya lazımi qaydada yerinə yetirməməsinə görə banka dəymiş ziyan və borc tələbi ilə bağlı məhkəmə xərcləri də daxil olmaqla zamin borcalan ilə eyni həcmdə bank qarşısında birgə cavabdehdir. Kredit müqaviləsinə 1 saylı əlavəyə əsasən Cavabdeh1 hər ay 699,28 ABŞ dolları ödəniş etməli idi. xx.xx.2015-ci il tarixində iddiaçı ilə cavabdehlər arasında kredit və zaminlik müqaviləsinə əlavə saziş imzalanmışdır. Həmin əlavəyə əsasən kredit müqaviləsinin müddəti xx.xx.2017-ci il tarixədək uzadılmışdır. Kredit müqaviləsinin xx.xx.2015-ci il tarixli 1 saylı Əlavəsinə əsasən Cavabdeh1 xx.xx.2015-ci il tarixdə 715,49 ABŞ dolları, sonrakı aylarda 538,02 ABŞ dolları, sonuncu ayda isə 537,85 ABŞ dolları ödəniş etməli idi. xx.xx.2015-ci il tarixində iddiaçı ilə cavabdehlər arasında kredit və zaminlik müqaviləsinə daha bir əlavə saziş imzalanmışdır. Həmin əlavəyə əsasən kredit müqaviləsinin müddəti xx.xx.2019-cu il tarixədək uzadılmış, kreditin illik faiz dərəcəsi 24% olaraq razılaşdırılmışdır. Kredit müqaviləsinin 1 saylı Əlavəsinə əsasən Cavabdeh1 xx.xx.2019-cu il tarixinədək hər ay 289,84 ABŞ dolları, sonuncu ayda isə 289,51 ABŞ dolları ödəniş etməli idi. İşdən görünür ki, iddiaçı tərəfindən cavabdehlərə xəbərdarlıq (pretenziya) göndərilmişdir. İşdə olan maliyyə arayışına əsasən kredit müqaviləsi üzrə Cavabdeh1 iddiaçıya xx.xx.2020-ci il tarixinə əsas borc üzrə 3410,2 ABŞ dolları, faiz borcu üzrə 3487,47 ABŞ dolları, 95,95 ABŞ dolları məbləğində əldən çıxmış fayda, 891,34 ABŞ dolları məbləğində cərimə olmaqla, cəmi 7789,01 ABŞ dolları borcu qalmışdır. İşdə olan mədaxil qəbzindən görünür ki, iddiaçı iddia ərizəsinin verilməsi üçün 30 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2021-ci il tarixdə məhkəməyə daxil olmuş xx.xx.2021-ci il tarixli, 9/5953 saylı ekspert rəyində göstərilmişdir ki, Cavabdeh1 kredit müqaviləsi üzrə xx.xx.2019-cu il tarixinə əsas borc üzrə 8395,17 ABŞ dolları, faiz borcu üzrə 3200,83 ABŞ dolları, xx.xx.2020-ci il tarixinə əsas borc üzrə 8395,17 ABŞ dolları, faiz borcu üzrə 1768,68 ABŞ dolları borcu vardır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə (bundan sonra – Mülki Məcəllə) borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür (739.1). Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər (739.2). Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (385.1). Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür (442). Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır (445.2.1). İşdən göründüyü kimi Cavabdeh1 xx.xx.2014-cü il tarixli, 6-MZ-1-0-1239-14 saylı saylı kredit müqaviləsi və həmin kredit müqaviləsinə edilmiş əlavələrə əsasən üzərinə götürdüyü öhdəlikləri lazımınca yerinə yetirməmişdir. Bu səbəbdən onun banka əsas və faiz borcu yaranmışdır. MPM-ə əsasən Ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir (101.7.). Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir (103.1.). İş üzrə təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizasının rəyinə əsasən cavabdehin banka olan borcu son ödəniş tarixinə əsas borc üzrə 8395,17 ABŞ dolları, faiz borcu üzrə 3200,83 ABŞ dolları təşkil etmişdir. Lakin daha sonra, cavabdeh faiz borcu üzrə ödənişlər həyata keçirmişdir və onun xx.xx.2020-ci il tarixinə borcu əsas borc üzrə 8395,17 ABŞ dolları, faiz borcu üzrə 1768,68 ABŞ dolları təşkil etmişdir. İddia ərizəsində iddiaçı cavabdehdən 3410,2 ABŞ dolları əsas borc tələb edir ki, bu ekspert rəyində göstəriləndən azdır. Məhkəmə iddia tələbindən kənara çıxmayaraq cavabdehdən iddia ərizəsində göstərilən məbləğdə əsas borcun tutulmalı olması qənaətinə gəlir. Faiz borcuna gəldikdə isə qeyd edilməlidir ki, ekspert rəyində faiz borcu müqavilənin müddətinin bitdiyi xx.xx.2019-cu il tarixinə 3200,83 ABŞ dolları müəyyən edilmişdir. Lakin, cavabdeh xx.xx.2020-ci il tarixinədək faiz borcu üzrə ödənişlər həyata keçirmiş və onun həmin tarixə faiz borcu 1768,68 ABŞ dolları müəyyən edilmişdir. İddiaçı isə iddia ərizəsində 3410,20 ABŞ dolları əsas borc məbləğinə 3487,47 ABŞ dolları məbləğində faiz borcu hesablayaraq cavabdehdən tələb etmişdir. Məhkəmə hesab edir ki, ekspert rəyi nəzərə alınaraq 1768,68 ABŞ dolları məbləğində faiz borcu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Mülki Məcəllədə həmçinin göstərilir ki, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir (445.7.). “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4,445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 2014-cü il tarixli Qərarında göstərilmişdir ki, kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Məhkəmə hesab edir ki, kredit müqaviləsi üzrə borcun ödənilməsi müqavilə müddəti bitdiyi dövrdən sonra da həyata keçirilmədiyi üçün iddiaçı həmin məbləğə illik 5 faiz hesablamaqda haqlı olmuşdur. Mülki Məcəlləyə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür (470.1.). Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar (472.1.). Göründüyü kimi Cavabdeh2 zaminlik müqaviləsinə əsasən Cavabdeh1 iddiaçı qarşısında kredit öhdəliyi üzrə zamin olmuşdur. Bu səbəbdən kredit borcu ilə bağlı iddiaçı qarşısında Cavabdeh1lə birgə məsuliyyət daşıyır. Məhkəmə dəbbə pulu ilə bağlı aşağıdakıları qeyd edir. Mülki Məcəlləyə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir (462.1.). Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir (467). Məhkəmə hesab edir ki, 3487,47 ABŞ dolları əsas borc məbləğinə 891,34 ABŞ dolları cərimənin hesablanaraq tələb edilməsi zamanı iddiaçı tərəfindən əsas borcla cərimə məbləği arasında tənasüb gözlənməmişdir. Bu səbəbdən məhkəmə cərimə məbləğinin azaldılaraq 300 ABŞ dolları məbləğində müəyyən edilməsini daha ədalətli hesab edir. MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyi üçün iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 30 manat dövlət rüsumunun 15 manatı cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır. Eyni zamanda iş üzrə təyin edilmiş ekspertiza tədqiqatının dəyəri 50 manat təşkil edir ki, iddia qismən təmin edildiyindən həmin məbləğin 25 manatı iddiaçıdan, 25 manatı isə cavabdehlərdən dövlət büdcəsinin xeyrinə tutulmalıdır. Yuxarıdakılara əsasən və MPM-in 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Əsas borc üzrə 3410,2 ABŞ dolları, faiz borcu üzrə 1768,68 ABŞ dolları, cərimə borcu üzrə 300 ABŞ dolları, xx xxxxxx 2019-cu il tarixdən, xx.xx.2020-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 95,95 ABŞ dolları məbləğində əldən çıxmış fayda olmaqla, cəmi 5574 (beş min beş yüz yetmiş dörd) ABŞ dolları 83 (səksən üç) sent məbləğində pul (ödəniş günü ABŞ dollarının Azərbaycan manatına olan ekvivalentində manatla) və ödənilmiş 30 manat dövlət rüsumunun 15 (on beş) manatı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq “xxxx” Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 50 manatın 25 (iyirmi beş) manatı Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada, 25 (iyirmi beş) manatı isə “xxxx” Açıq Səhmdar Cəmiyyətindən tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Emin Abdullayev
Məhkəmə qərarları › İş №2(060)-307/2021
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-307/2021
08.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver