Məhkəmə qərarları › İş №2(060)-3107/2023

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-3107/2023

18.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-3107/2023 18.08.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X1 Behbudovanın sədrliyi, Mehriban Hüseyn qızı Həsənlinin katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı borcun qaytarılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı borcun qaytarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək tələbini onunla əsaslandırmışdır ki, onunla Cavabdeh arasında xx.xx.2018-ci il tarixdə 13.629 manat vəsaitin xx.xx.2019-cu il tarixə kimi qaytarılmasına dair kredit müqaviləsi imzalanmışdır. Qarşılıqlı razılaşmaya əsasən borc götürülmüş məbləğ müqavilədə göstərilən müddətlərdə qaytarılmalı idi. Həmin müqavilələrin şərtlərinə uyğun olaraq kredit götürülən məbləğin sonuncu ödəmə tarixi artıq bir neçə ildir ki, keçmişdir. Cavabdeh tərəfindən hər hansı bir ödəniş aparılmamışdır. Ödənişlərin aparılması ilə əlaqədar Cavabdeh rəsmi pretenziya məktubu göndərməsinə baxmayaraq borclu olduğu məbləğləri qaytarmamışdır. Bundan öncə hazırki borcun ödənilməsi ilə əlaqədar Sumqayıt Şəhər məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi olmuş, lakin bu qətnamə Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə pretenziya qaydasına əməl edilmədiyi üçün ləğv edilmiş və iddiası baxılmamış saxlanılmışdır. Cavabdeh hər dəfə yeni bəhanə gətirərək ona borclu olduğu məbləği ödəməkdən yayınır. Ona görə də məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Qeyd olunanlara əsasən məhkəmədən Cavabdeh onun xeyrinə 13.629 (on üç min altı yüz iyirmi doqquz) manat pulun, həmçinin dövlət rüsumu olaraq ödənilmiş 131 (bir yüz otuz bir) manat pulun alınaraq ona verilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil1 izahatında məhkəmə iclasının təxirə salınmasına münasibətdə bildirmişdir ki, heç bir üzrlü səbəb olmadan işin lüzumsuz uzadılmasına səbəb olur. Artıq uzun müddətdir ki, məhkəmə iclasları keçirilmişdir. Cavabdehin iştirak etməməsi barədə ciddi məsələ yoxdur. Əgər olsa idi onunla bağlı sənəd əlavə olunmalı idi. Borcun götürülməsi və onun ödənilməsi barədə öhdəlik götürülsə də, bu günə kimi hər hansı şəkildə borc geri qaytarılmamışdır. Ona görə də iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Təqdim etdiyi sənədlərdən də görünür ki, cavabdeh hansısa şirkət ilə işləyir. Borcların ödənilməsi ilə bağlı qəbz, qaimə və yaxud hər hansı bir əlaqələndirici sənəd əlavə edilməmişdir. Təqdim olunmuş sənədlərin tərəflər arasında olan borc öhdəliyi ilə bağlı hər hansı bir əlaqəsi yoxdur. Tərəflər tanış olmuşlar. Tanışları firmanın işçisi olmuşdur. Məsələni onunla əlaqələndirmək istəyirlər. İddiaçı ilə tanışlıq münasibətləri az bir zaman kəsiyini əhatə etsə də, tərəf özünü sığortalamaq üçün borcu notarial qaydada vermişdir. Ona görə də məhkəmədən iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. 31 may 2023-cü il tarixdə məhkəmənin hazırlıq iclasında iştirak edən cavabdehin nümayəndəsi Vəkil2 izahatında bildirmişdir ki, iddia tələbini qəbul etmir. Raul Rövşəni tanımır. Tərəflər arasında bağlanmış müqavilə formaldır. Cavabdeh iddiaçı ilə birlikdə işləmişdir. Cavabdehin iş yerində borcu yaranmış, müqavilə formal bağlanmışdır. Müqavilə üzrə olan məbləğ cavabdeh tərəfindən ödənilmiş, ona görə də məhkəməyə şifahi vəsatət vermişlər. Həm iddiaçının, həm də cavabdehin iştirakının təmin edilməsi məqsədilə məhkəmə hazırlıq iclasının təxirə salınmasını xahiş etmişdir. İcra qeydi yoxdur. Ödəniş qəbzlərini təqdim edəcəkdirlər. Cavabdeh İddiaçı tanımır. Pullar şirkətə ödənilmiş, 2008-ci ildən yaranmış borcdur. İddiaçı hazırda hüququndan istifadə etmiş, iddia qaldırmışdır. Cavabdeh pulu Namiq adlı şəxsə ödəmişdir. Rövşən - müqaviləni bağlayan formal şəxsdir. Ona görə də tələb etmişlər ki, məhkəmə iclasına gəlsin və bildirsin ki, cavabdehi tanıyır ki, ona borc versin? Kredit müqaviləsi bağlanarkən notarius cavabdehin fəaliyyət qabiliyyətini yoxlamışdır. Borc tam bağlandığı halda cavabdehin kredit müqaviləsinin ləğvi ilə bağlı məhkəməyə müraciət etmək hüququ var idi. Lakin cavabdeh ödənişləri Namiq adlı şəxsə ödəmiş, iddiaçı isə hüququndan sui istifadə etmiş, məhkəməyə müraciət etməsini gözləmişdir. Ona görə də xahiş etmişlər ki, iddiaçı özü məhkəməyə gəlsin və sübut etsin ki, pulu cavabdehə vermiş, 13629 manatı kredit verərkən depozitə köçürmüşdür. 09 avqust 2023-cü il tarixdə məhkəmənin hazırlıq iclasında iştirak edən cavabdehin nümayəndəsi Vəkil2 izahatında bildirmişdir ki, cavabdeh iddiaçını tanımır. Təbii ki, notariusa getmişlər, notarial qaydada müqavilə bağlanılmışdır. Lakin bu müqavilə formal bağlanmışdır. Cavabdeh "xxxx"-də ekspediter işləmişdir. Əgər iddiaçıdan borc pul alınıbsa həmin məbləğin depozitə qoyulması və çıxarılması sübut edilməlidir. Onlar əqdi mübahisələndirməsələr də məhkəmə bu halı aydınlaşdırılmalıdır. Məhkəməyə təqdim etdiyi sübutlardan da müəyyən olunur ki, alış-satış Cavabdehla "xxxx" arasında olmuşdur. Cavabdeh notariusda borc müqaviləsinə imza etmişdir. Bu barədə Konstitusiya Məhkəməsinin qərarı vardır. Tərəflər arasında bağlanmış əqdi onlar mübahisələndirməli deyillər. Məhkəmə tərəfindən əqdin əsaslılığı müəyyən edilməlidir. Onlar Babaşovu tanımırlar. Münasibət "xxxx" ilə cavabdeh arasında yaranmış və cavabdehin borcu da "xxxx"-yə olmuşdur. Cavabdehin nümayəndəsi Vəkil2 xx.xx.2023-cü il tarixdə məhkəməyə ərizə ilə müraciət edərək bildirmişdir ki, cavabdeh şəxsən özü məhkəmə iclasında iştirak etmək istəyir. Lakin üzrlü səbəbdən təyin olunmuş məhkəmə iclasında iştirak edə bilməyəcəkdir. Ona görə də təyin olunmuş məhkəmə iclasının cavabdehin iştirakını təmin etmək üçün başqa bir vaxta təxirə salınmasını xahiş etmişdir. Məhkəmə MPM-nin tələblərinə uyğun olaraq cavabdehin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab etdi. Məhkəmə iş üzrə İddiaçı nümayəndəsi və vəkili Vəkil1 izahatını dinləyib, iş materiallarını araşdırıb, tədqiq edilən sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, mülki iş materiallarında olan: Borcverən İddiaçı ilə borcalan Cavabdeh arasında bağlanmış 17 dekabr 2018-ci il tarixli kredit müqaviləsinin notarial qaydada təsdiq olunmuş əslindən görünür ki, borcverən borcalana 13629 manat məbləğində borc verməyi, borcalan krediti xx/xx/2019-cu il tarixədək borcverənə qaytarmağı öhdəsinə götürmüşdür. Tərəflər kreditin verilməsini faizssiz şərtləşdirmişlər. Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1979-cu il tarixdə anadan olmuşdur. Azərbaycan Respublikası DİN BPQMİ MAPS şöbəsi tərəfindən verilmiş arayışdan görünür ki, Cavabdeh xx.xx.1964-cü il tarixdə Azərbaycan Respublikası, ünvan 1 ünvanında qeydiyyatdadır. İddiaçı tərəfindən cavabdehə ünvanlanmış pretenziya məktubundan görünür ki, 10 gün müddətində borcun ödənilməsi barədə xəbərdarlıq edilmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 03 avqust 2021-ci il tarixli, 2(060)-5921/2021 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh xx.xx.2018-ci il tarixli kredit müqaviləsi üzrə 13629 (on üç min altı yüz iyirmi doqquz) manat borc və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu, cəmi 13659 (on üç min altı yüz əlli doqquz) manat məbləğində pulun tutularaq İddiaçı ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir (hakim Günel Tanrıverdiyeva). Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-576/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə Cavabdeh apellyasiya şikayətinin qismən təmin edilməsi, Sumqayıt Şəhər Məhkəməsinin 03 avqust 2021-ci il tarixli, 2(060)-5921/2021 saylı qətnaməsinin ləğv edilməsi, İddiaçı Cavabdeh qarşı kredit müqaviləsi üzrə borc tələbinə dair iddia ərizəsinin baxılmamış saxlanılması qərara alınmışdır. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin xx.xx.2023-cü il tarixli, 3-16-5/2-/3- 52-6/2023 nömrəli İddiaçı ünvanlanmış müraciətə cavab olaraq bildirilmişdir ki, tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda, icra qeydinin aparılacağı barədə müəyyən edilmiş formada bildiriş göndərilməlidir. “Elektron notariat” informasiya sistemində saxlanılan məlumatlara müraciət əsasında borcluya dair icra qeydinin aparılması barədə məlumat aşkar edilməmişdir. Cavabdeh tərəfindən məhkəməyə təqdim olunmuş sənədlərdən müəyyən olunur ki, "xxxx" MMC şirkətinin “Anbar” siyahısında olan “Raid Sumqayıt”-ın borcundan 206.12 manat silnmişdir. Səbəb isə o olmuşdur ki, xx.xx.2016-cı il tarixdə alınan 1000 manat dəyərində və xx.xx.2016-cı il tarixdə alınan 1061.20 manat dəyərində mallara 10% endirim verilmişdir. Göründüyü kimi İddiaçı ilə Cavabdeh arasında kredit müqaviləsi bağlanmış, iddiaçı tərəfindən cavabdehə müqavilədə nəzərdə tutulmuş qaydada pul vəsaitinin verilməsinə baxmayaraq, cavabdeh tərəfindən müqavilənin şərtləri pozularaq nəzərdə tutulan həmin məbləğ ödənilməmişdir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən təqdim olunmuş sübutların iddianın əsasını sübuta yetirmək məqsədi daşıdığından, məhkəmə bu qənaətə gəlir ki, onların təqzibi ilə bağlı heç bir sübut məhkəməyə təqdim olunmamışdır. Cavabdeh tərəfindən təqdim edilmiş sübutların iddia tələbinin əsaslı olmasını şübhə altına alan dəlillər məhkəmə tərəfindən müəyyən edilməyək, iddia tələbinin əsaslı olması qənaətinə gəlməsinə əsas vermişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 425.1-ci maddəsində göstərilir ki, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 560.3.2-ci maddəsinə əsasən şəxsin öz vəzifələrini kobudcasına pozmasına baxmayaraq hüquqlarının həyata keçirməsi hüquqdan sui-istifadə hesab edilməlidir. Həmin maddəyə əsasən hüquqdan sui-istifadə yolverilməzdir. 739.1.-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 740-cı maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. (740.1.) Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. (740.2.) Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Konstitusiya Məhkəməsinin Plenumu qərarlarında xüsusi qeyd edilmişdir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli Konstitusiya məhkəməsi Plenumunun Qərarında qeyd edilmişdir ki, sübutetmənin son mərhələsi məhkəmə tərəfindən bütün sübutların yoxlanılması əsasında verilən yekun hüquqi qiymətdir. İş üzrə qərarın əsasında yalnız obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar dayana bilər. Sübutların bu cür qiymətləndirilməsi məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqi əsasında və yalnız qanuna əsaslanaraq hakim tərəfindən həyata keçirilir. Hər bir sübut aidiyyət, mümkünlük, mötəbərlik nöqteyinəzərindən, bütün sübutların məcmusu isə iş üzrə sübut edilməli olan faktların yetərliliyi baxımından qiymətləndirilir. Heç bir sübut məhkəmə üçün əvvəlcədən müəyyən edilmiş qüvvəyə malik deyil. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, «affirmanti, non neganti incumbit probation» (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 02 aprel 2021-ci il tarixli Konstitusiya Məhkəməsi Plenumunun Qərarında vurğulanır ki, istər mübahisə edilən, istərsə də əhəmiyyətsiz əqdlərin etibarsızlığı məhkəmə qərarı nəticəsində yaranmır. Mübahisə edilən əqdlərdə tərəfin mübahisələndirmə ilə bağlı digər tərəfə yönəlmiş iradə ifadəsi, əhəmiyyətsiz əqdlərdə isə əqdin bağlandığı andan zəruri etibarlılıq şərtlərinə uyğunsuzluğu əqdi etibarsız edir. Maraqlı tərəflər arasında əqdin etibarsızlığı və ya onun nəticələri ilə bağlı yaranan mübahisələrə dair məhkəmə tərəfindən verilən qərar əqdin etibarsızlığı faktının mövcud olub-olmadığını təsdiq etməklə tərəflər arasındakı hüquqi mübahisəni həll edir. Mülki Məcəllənin 339.6-cı maddəsi məhz bu cür başa düşülməlidir. Belə ki, qeyd edilən maddəyə əsasən, bu Məcəllənin 339.1-339.4-cü maddələrdə göstərilən əsaslar üzrə əqd zərərçəkənin iddiası ilə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Həmin əsaslar zərərçəkənin iradə ifadəsinin zədələnmiş olduğu hallardır və bu zaman Mülki Məcəllənin 337.2-ci maddəsinə əsasən şəxsin əqdi mübahisələndirməsini qarşı tərəfə bildirməsi ilə əqd bağlandığı andan etibarsız hesab olunur. Qarşı tərəf əqdin etibarsızlığı faktının mövcudluğu ilə razılaşmadığı təqdirdə Mülki Məcəllənin 339.6-cı maddəsi zərərçəkənə məhkəmədə iddia irəli sürməklə mübahisəni həll etmək imkanını verir. Beləliklə, məhkəmə işin məhkəmə iclasında tədqiq edilən sübutlarla müəyyən edilən hallarını qiymətləndirərək hesab edir ki, iddia tələbi təmin edilərək, Cavabdeh 13.629 manat məbləğində pul və 131 manat dövlət rüsumu alınıb İddiaçı ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə cavabdehdən dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, iddia tələbi təmin edildiyindən ödənilmiş 131 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh 13.629 (on üç min altı yüz iyirmi doqquz) manat məbləğində pul və 131 (bir yüz otuz bir) manat məbləğində dövlət rüsumu alınaraq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (MPM-nin 361-363-cü maddələrinə və əlavə 2 uyğun olaraq) elektron qaydada apellyasiya şikayəti verilə bilər. Hakim Aynur Behbudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar