Məhkəmə qərarları › İş №2(060)-3115/2024

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-3115/2024

10.06.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-3115/2024 10.06.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Atakişiyev Atakişi Nizami oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki 10 iyun 2024-cü il tarixdə Sumqayıt şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 1.400 (bir min dörd yüz) manat pulun və ödənilmiş 34 (otuz dörd) manat dövlət rüsumunun, cəmi 1434 (bir min dörd yüz otuz dörd) manat məbləğində pulun alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, şəxsi işləri ilə əlaqədar özünə qoşqu almaq üçün tanışlarından qoşqu satanın olub-olmadığını soruşmuşdur. Xalası oğlu Ömərəv Möhtərəm ona bildirmişdir ki, bir nəfər var və bu işlərlə məşğul olur. Xalası oğlunun dediyi adamla Feyruz adlı şəxslə görüşmüşdür. Feyruz həmin qoşqunu onun üçün 15.000 manata gətirəcəyini bildirmişdir. Feyruz ondan 350 manat beh istəmiş, o ayrı-ayrı vaxtlarda Feyruza 3500 manat ödəniş etmiş, sonuncuya 500 manat pulu isə yaşadığı mənzildə onlayn ödəmişdir. Lakin cavabdeh üzərinə götürdüyü öhdəliyi pozaraq heç bir iş görməmiş, ödədiyi 3500 manatı da qaytarmamışır. Bu səbəbdən, Yasamal RPİ-nə şikayət ərizəsi ilə müraciət etmişdir. Yasamal RPİ-nə Cavabdeh dəvət edilmiş, sonuncunun izahatı alınmış və ondan 3500 manat pulun alındığını etiraf etmişdir. Lakin Yasamal RPl-nin müstəntiqi tərəfindən xx.xx.2023-cü il tarixində cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. Sözügedən qərarda mübahisənin mülki xarakterli olduğu və məhkəməyə müraciət etməli olduğu qeyd edilmişdir. Onu da qeyd edir ki, Polisə müraciət etdiyi üçün cavabdeh 2100 manat pulunu ayrı-ayrı vaxtlarda qaytarmış, lakin 1400 manat borcu qalmışdr. Cavadeh isə öz növbəsində pulunu qaytara bilmədiyini, lakin tez bir zamanda qaytaracağına söz vermışdır. Həmin vaxtdan xeyli müddət ötməsinə baxmayaraq cavabdeh pulu ona qaytarmamış, hətta telefon zənglərinə belə cavab verməmişdir. Nəticədə Cavabdeh özgənin vəsaitini qanunsuz özündə saxlamaqla ona maddi ziyan vurmuşdur. Buna görə də məcburiyyət qarşısında qalıb hüquqlarının müdafiəsi ilə bağlı məhkəməyə müraciət etmək qərarına gəlib və hesab edir ki, iddia tələbi qanuni və əsaslıdır. Qeyd olunanları ümumiləşdirərək, cavabdeh Feyruz Qəribağa oğlundan ona verdiyi 1.400 (bir min dörd yüz) manat pulun və ödənilmiş 34 (otuz dörd) manat məbləğində dövlət rüsumunun alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılması iddiasındadır. Göstərilənlərə əsasən iddiaçı iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbinə dair izahat verərək iddia tələbini müdafiə etdiyini bildirdi və əlavə olaraq qeyd etdi ki, o, cavabdehə mart ayında ona qoşqu alması üçün 3500 manat beh verib. Razılaşmalarına görə cavabdeh ona qoşqunu aprel ayında təhvil verməli idi. Lakin cavabdeh verdiyi sözə əməl etməmişdir. Bununla bağlı cavabdehə müraciət etdikdə avqust ayında qoşqunu ona təhvil verəcəyini bildirmiş, lakin bu vədinə də əməl etməmiş, müxtəlif bəhanələr gətirmişdir. Daha sonra isə 1-2 ay ərzində pulunu qaytaracağını bildirmişdir. O, cavabdehin verdiyi heç bir sözə əməl etmədiyini görüb polisə müraciət etmiş və cavabdeh orada ondan pul aldığını etiraf etmişdir. Onu da qeyd edir ki, cavabdeh təkcə onu deyil, digər şəxsləri də aldadıb. Hazırda cavabdehin ona 1400 manat borcu qalıb. İddiaçı qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbinə dair izahat verərək bildirdi ki, əslində iddiaçı da ona 25000 manat dəyərində ziyan vurub. Ona ödənilən məbləğ beh məbləği olmuşdur. Belə ki, o, yük maşının hissəsini İrandan sifariş etmiş, lakin iddiaçı sonradan həmin hissəni almaqdan imtina etmişdir. Hazırda iddiaçıya borcu olduğunu etiraf edir. Lakin həmin məbləği birdəfəlik ödəməyə maddi imkanı yoxdur. İddiaçıya olan 1400 manat borcunu hissə-hissə ödəməklə qaytara bilər. Cavabdeh qərar qəbul edilərkən qeyd edilənlərin nəzərə alınmasını məhkəmədən xahiş etdi. Məhkəmə tərəfindən işin halları müəyyən edilərkən aşağıdakı sübutlara istinad edilmişdir: İşdə olan xx.xx.2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, həmin qərarın təsviri hissəsində göstərilənlərə əsasən İddiaçı müarciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, Mülki Məcəllənin öhdəliklərin icra edilməməsi ilə əlaqədar yaranan münasibətləri tənzimləyən normalarına görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür (442). Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır və icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır (445.2.1). Eyni zamanda Azərbaycan Respublikası Mülki Məcəlləsinin beh müqaviləsindən irəli gələn münasibətləri tənzimləyən maddələrinə görə beh müqavilənin bağlanmasını təsdiq etmək və icrasını təmin etmək məqsədilə razılığa gələn tərəflərdən birinin müqavilə üzrə digər tərəfə verəcəyi ödənişlər hesabına verdiyi pul məbləğidir. Həmin Məcəllənin 491.2-ci maddəsinə əsasən, behin məbləğindən asılı olmayaraq beh haqqında razılaşma yazılı formada bağlanmalıdır (491.1). Öhdəliyin icrasına başlanana qədər ona tərəflərin razılaşması üzrə və ya icranın mümkün olmaması nəticəsində xitam verildikdə beh qaytarılmalıdır (492.1). Əgər müqavilənin icra edilməməsi üçün beh vermiş tərəf məsuliyyət daşıyırsa, beh digər tərəfdə qalır. Əgər müqavilənin icra edilməməsi üçün beh almış tərəf məsuliyyət daşıyırsa, o, digər tərəfə behin iki mislini ödəməlidir. Bundan əlavə, müqavilənin icra edilməməsi üçün məsuliyyət daşıyan tərəf, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, beh məbləği hesaba alınmaqla, zərərin əvəzini digər tərəfə ödəməyə borcludur (492.2). Məhkəmə hesab edir ki, iddiaçı iddia tələbinin əsası kimi istinad etdiyi halları sübuta yetirə bilmişdir. Belə ki, Cavabdeh məhkəmə iclasında verdiyi izahatında iddiaçıya 1400 manat borcu qaldığını qəbul etmişdir. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir (Mülki Prosessual Məcəllənin 14.1-ci maddəsi). Həmin Məcəllənin 14.2-ci maddəsində isə qeyd edilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göründüyü kimi, mülki icraatda məhkəmə həqiqətin müəyyən edilməsinə yalnız tərəflərin təqdim etdikləri sübutlar çərçivəsində nail ola bilər. Bu baxımdan tərəflərin təqdim etdikləri sübutların obyektiv, qərəzsiz və hərtərəfli araşdırılması mülki prosessual qanunvericilikdə məhkəmənin üzərinə qoyulmuş əsas vəzifələrdən biridir. İstinad olunan Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 77.1-ci maddəsində sübutetmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən iddiaçı və cavabdeh, yəni tərəflər öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı iddia tələbinin əsası kimi istina etdiyi halları sübuta yetirə bildiyindən iddia tələbi təmin edilməli, Cavabdeh 1400 (bir min dörd yüz) manat pul tutularaq İddiaçı verilməlidir. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd edilən maddəyə istinad edərək hesab edir ki, iddia tələbi təmin edildiyindən ödənilmiş 34 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh 1400 (bir min dörd yüz) manat pul və ödənilmiş 34 (otuz dörd) manat dövlət rüsumu tutularaq İddiaçı verilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Tanrıverdiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar