Məhkəmə qərarları › İş №2(060)-3118/2025

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-3118/2025

24.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-3118/2025 24.07.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Behbudova Aynur Mirzalı qızının sədrliyi, Həsənli Mehriban Hüseyn qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, Cavabdeh 1628 (bir min altı yüz iyirmi səkkiz) manatın və ödənilmiş 37 (otuz yeddi) manat dövlət rüsumunun, cəmi 1665 (min altı yüz altmış beş) manatın tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Cavabdeh onun həyat yoldaşı Gülnarə Kərimovanın əmisi oğludur. 2023-cü ilin əvvəlində cavabdeh pul lazım olduğu üçün ona müraciət etmişdir. O, hissə-hissə cavabdehə borc məqsədi ilə 1628 (bir min altı yüz iyirmi səkkiz) manat pul vermişdir. Sonuncu dəfə cavabdehə 2023-cü ilin avqust ayında pul vermişdir. Muradovdan borc verdiyi 1628 (bir min altı yüz iyirmi səkkiz) manatı istədikdə yaxın günlərdə verəcək deyərək onu get-gələ salır. Dəfələrlə borcunu qaytarması üçün ona müraciət etmişdir. Cavabdeh 1628 manat pulu ondan aldığını etiraf edir. Pulu verməyini təsdiq edən video və disk vardır. Pulu cavabdehə verərkən həyat yoldaşı Gülnarə Kərimova telefona çəkmişdir. Lakin əsassız bəhanələrlə aldığı pulu qaytarmır. Bu məqsədlə məhkəməyə müraciət etməli olmuşdur. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək, ərizə ilə eyni məzmunlu izahat verdi və onun təmin olunmasını xahiş etdi. O əlavə olaraq qeyd etdi ki, cavabdeh ona 1628 manat pul borcludur. Əgər pulu qaytarsa idi, məhkəməyə nə üçün gəlirdi. Hissəhissə, 100, 200, 250 manat məbləğlərində pul vermişdir. Cavabdehin girov qoyduğu əşyalara və borclu olduğu məbləğə uyğun 1628 manat tələb edir. 04 iyun 2025-ci il tarixdə məhkəmənin hazırlıq iclasında iştirak edən Cavabdeh izahatında iddia tələbini qəbul etməyərək bildirmişdir ki, iddiaçı onu dəniz qırağına aparmışdır. 1000 manatlıq televizoru və 500 manatlıq telefonu ondadır. Onu dəniz qırağına apararaq, maşının qapılarını bağlamış, həmin sözləri deməli olduğunu demişdir. Onları satmaq istəmiş, iddiaçı da onların pulu verəcəyini demişdir. Sonuncu dəfə iddiaçı ona 100 manat pul vermişdir. Ümumillikdə 100 manat ona pul vermişdir. İddiaçı əşyaları gətirməsini və əvəzində 600 manat pul verəcəyini demişdir. Lakin onu da etməmişdir. Cavabdeh məhkəmə iclası barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmişdir. Qanunvericiliyin tələbləri baxımından məhkəmə mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının izahatını dinləyərək, iş materiallarını araşdıraraq və iş üzrə sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - Video-diskdən görünür ki, cavabdeh iddiaçıya 1150 manat borcu qaldığını etiraf edir. - xx.xx.2025-ci il tarixli, ********** nömrəli dövlət rüsumunun qəbzindən görünür ki, iddiaçı məhkəmədə iddia qaldırmaq üçün Sumqayıt Şəhər Məhkəməsinin hesabına 37 manat məbləğində dövlət rüsumu ödəmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı tərəfindən cavabdehə 1150 manat məbləğində pul vəsaiti verilmiş, cavabdeh də həmin pulu qaytaracağına dair öhdəliyinin təminatı kimi, planşeti, televizoru və telefonu iddiaçıya vermişdir. Lakin iddiaçı tərəfindən 1628 manat məbləğndə pul vəsaiti verilməsinə dair sübutlar məhkəməyə təqdim olunmamışdır. Məhkəmə hesab edir ki, iddia tələbi qismən əsaslı olmaqla 1150 manat pul Cavabdeh alınaraq iddiaçıya ödənilməli, qalan hissədə iddia tələbi öz təsdiqini tapmadığı üçün təmin edilməməlidir.Məhkəmə qeyd edilməsini zəruri hesab edir ki, tələbinin təsdiqi ilə bağlı olamyan hissə üçün hər iki tərəfin inkar etmədikləri hal bir neçə əşyanın cavabdehin iddiaçıya verməsi, iddiaçının isə hazırki vaxtadək həmin əşyaları özündə saxlamasıdır. Məhkəmə iddia ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Sözügedən Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 5.3-cü maddəsinə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qeyd olunan Məcəllənin 1092.2-ci maddəsinə əsasən əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. Beləliklə, məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək, sadalanan maddi hüquq normalarına əsaslanaraq və həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, cavabdeh iddiaçı qarşısında pulu qaytarmaq öhdəliyi daşıyır. Cavabdeh iddiaçıya ondan aldığı pulu qaytarmağı barədə üzərinə öhdəlik götürmüş, lakin nəzərdə tutulan öhdəlik cavabdeh tərəfindən yerinə yetirilməmişdir. Odur ki, iddia tələbi qismən əsaslıdır. Məhkəmə, iddianın ödənilmiş dövlət rüsumunun tutulması ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, iddia qismən təmin olunduğundan dövlət rüsumu ilə bağlı tələb də təmin edilməli, cavabdehdən ödənilmiş 31.50 manat dövlət rüsumu tutularaq iddiaçıya ödənilməlidir. Belə ki, AR MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin olunmalı, cavabdehdən (video disk vasitəsilə etiraf etdiyi məbləğ) 1150 manat borc və ödənilmiş 30 manat dövlət rüsumu iddiaçının xeyrinə tutulmalıdır. AR MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bu Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və AR MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 1150 manat pul və ödənilmiş 31.50 manat dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aynur Behbudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar