Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-312/2021 11.03.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Ələkbərov Əfqan Qəzənfər oğlunun sədrliyi, Mustafayeva Aygün Ələmdar qızının katibliyi ilə, İddiaçı İB-nin nümayəndəsi X2, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı dəymiş maddi zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi : İddiaçı İB məhkəməyə müraciət edərək, Cavabdeh 3344,75 manat məbləğində dəymiş ziyan və ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, ümumilikdə 3374,75 manat pulun tutularaq İddiaçı İB-nin bank hesabına ödənilməsi barədə məhkəmə qətnaməsinin çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2019-cu il tarixli, 1048 saylı qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilə əsasında cavabdehə məxsus fərdi yaşayış evi təbii qazla təchiz edilir. Həmin ünvana İddiaçı İB-nin Sumqayıt QİS-i tərəfindən **********00030 nömrəli abonent kodu verilmişdir. Qeyd olunan ünvanda fərdi yaşayış evini təbii qazla təchiz edən qaz xəttinin üzərində G-4 markalı, 1602AZ**********62 nömrəli qaz sayğacı quraşdırılmışdır. Lakin cavabdeh qazın alqı-satqısı barədə müqavilənin 2.3.2-ci bəndinin tələblərini pozaraq, istifadəsinə verilmiş qaz sayğacından kənar qanunsuz olaraq qaz xəttinə qoşulmaqla təbii qazı talamışdır. Birliyin əməkdaşları tərəfindən Birliyin balans və istismarında olan küçə qaz xətlərinə, habelə cavabdehin fərdi yaşayış evinə çəkilmiş təbii qaz xətti üzərində quraşdırılmış qaz sayğacına müxtəlif tarixlərdə baxış keçirilərkən cavabdeh tərəfindən qaz xəttinə özbaşına qoşulmaqla onun təbii qazdan qanunsuz olaraq istifadə etməsi, yəni ki qeyri-qanuni şəkildə təbii qazı talaması faktları aşkar olunmuş, aşkar olunmuş faktlar yerindəcə aktlaşdırılmaqla rəsmiləşdirilmişdir. Cavabdehin təqsirli hərəkətləri nəticəsindən irəli gələn hallar və faktlar Birliyin əməkdaşları tərəfindən foto çəkilişlərlə lentə alınmışdır. Belə ki, xx.xx.2018-ci il tarixdən başlayaraq xx.xx.2020-ci il tarixinə qədər tərtib edilmiş aktlara əsasən iddiaçıya 3344,75 manat ziyan dəymişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X3 iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qismən qəbul edərək, bildirdi ki, sayğaca oğlu tərəfindən müdaxilə edilmişdir. Lakin cərimənin məbləği ilə razı deyildir. Ona görə də iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdırıb, mümkün və mötəbər sübutların məcmusuna hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan: - Qaz paylayıcısı (paylayıcı) ilə məişət qaz qurğusu istifadəçisi (istehlakçı) Cavabdeh arasında qazın alqı-satqısı barədə xx.xx.2019-cu il tarixli, 1048 saylı müqavilənin surətindən görünür ki, paylayıcı bu müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin etməyi, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəməyi öhdələrinə götürmüşlər. - “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2018-ci il tarixli, ******* saylı, xx.xx.2019-cu il tarixli ******* saylı, xx.xx.2020-ci il tarixli ******* saylı, xx.xx.2020-ci il tarixli ******* saylı, xx.xx.2020-ci il tarixli, ******* saylı, xx.xx.2020-ci il tarixli, ******* saylı və xx.xx.2020-ci il tarixli, ******* saylı aktlardan görünür ki, İddiaçı İB-nin əməkdaşları Cavabdeh məxsus ünvan 2 ünvanına baxış keçirilərkən sayğacdan kənar xətt aşkar edilmişdir. - Abonentin saldosundan görünür ki, abonent kodu **********00030 olan ünvan 2-ə akta görə 3344,75 manat məbləğində borc hesablanmışdır. - İddiaçı İB-nin əməkdaşları tərəfindən tərtib olunmuş xx.xx.2020-ci il tarixli, ******* saylı qaz sayğacının çıxarılması, quraşdırılması və ististmara qəbulu haqqında aktdan görünür ki, “G-4” markalı, 1602AZ**********62 nömrəli sayğac Natek tipli “G-4” markalı, 40025181 nömrəli sayğacla əvəzlənmişdir. -xx.xx.2021-ci il tarixli aktdan görünür ki, Cavabdeh həqiqətən də 2018-ci ildən Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, 5-ci məhəllə 83 saylı bağ evində qızı X1 ilə birlikdə kirayədə yaşayır. - xx xxxxxx 2020-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Cavabdeh Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 282.1-ci maddəsinə əsasən 100 manat məbləğində inzibati cərimə edilmişdir. - Qaz paylayıcısı (paylayıcı) ilə məişət qaz qurğusu istifadəçisi (istehlakçı) Cavabdeh arasında qazın alqı-satqısı barədə müqavilənin 2.2-ci və 2.2.2-2.2.4-cü bəndlərinə əsasən paylayıcının istehlakçı tərəfindən bu müqavilənin “qazdan istifadə qaydaları”nın tələbləri pozulduğu hallarda həmin halların aradan qaldırımasını ondan tələb etmək, aşkar olunan nöqsanları və digər qanun pozuntuları hallarını müvafiq qaydada rəsmiləşdirmək və baxılmasıüçün aidiyyəti dövlət orqanlarına göndərmək və istehlakçının təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu müqavilə üzrə müəyyən edilmiş vəzifələrinin icra edilməməsi nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsini tələb etmək hüquqları vardır. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən olundu ki, xx.xx.2019-cu il tarixli, 1048 saylı qaz paylayıcı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilə əsasında cavabdehin yaşadığı fərdi yaşayış evini təbii qazla təchiz edir. Həmin ünvana İddiaçı İB-nin Sumqayıt QİS-i tərəfindən **********00030 nömrəli abonent kodu verilmişdir. Qeyd olunan ünvanda fərdi yaşayış evini təbii qazla təchiz edən qaz xəttinin üzərində G-4 markalı, 1602AZ**********62 nömrəli qaz sayğacı quraşdırılmışdır. İddiaçı tərəfindən sayğacdan kənar qaz xəttinin aşkar olunması ilə bağlı müxtəlif vaxtlarda 7 (yeddi) akt tərtib olunmuş, onlardan birincisinin tarixi xx.xx.2018-ci il, sonuncusunun isə xx.xx.2020-ci ildir. Yalnız xx.xx.2020-ci il və xx.xx.2020-ci il tarixdə eyni zamanda qazın verilməsi dayandırılmışdır. Cavabdeh müxtəlif dövrlərdə qaz xəttinə qanunsuz qoşulma olduğunu etiraf edir, lakin cərimə məbləği ilə razı deyildir. O, xx.xx.2020-ci il tarixli qərarla inzibati qaydada məsuliyyətə cəlb edilmişdir. Qaz sayğacına müdaxilə olunduğuna görə 3344,75 manat məbləğində dəymiş ziyan və ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, ümumilikdə 3374,75 manat məbləğində pul abonentdən tələb edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1096.1-ci maddəsin əəsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikasının “Qaz təchizatı haqqında" Qanununun 13-cü maddəsinin 8-ci bəndinə görə qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. "Qazdan istifadə Qaydaları"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxx 2011-ci il tarixli Qərarının 3.1.5 və 3.1.7-ci bəndlərinə əsasən istehlakçının qaz qurğusu dövlət standartlarının tələblərinə cavab vermədiyi, paylayıcının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətinə tam ödənilmədiyi və paylayıcı ilə müvafiq müqavilə bağlanılmadığı hallarda qazın verilməsinin dayandırılacağı barədə istehlakçıya yazılı bildiriş göndərilməlidir. Qaz qurğularına altı ayda bir dəfədən az olmayaraq texniki baxış keçirilməsini təmin etməli, nəticələrini 2 nüsxədən ibarət aktla rəsmiləşdirməli və aktın bir nüsxəsini mütləq istehlakçıya təqdim etməli, istehlakçı bu barədə xüsusi kitabda öz imzası ilə həmin sənədin alınmasını təsdiq etməlidir "Qazdan istifadə Qaydaları"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxx 2011-ci il tarixli Qərarının 6.5-ci bəndinə əsasən qaz paylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakın zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 21.2-ci maddəsində göstərilmişdir ki,zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 385.1-ci maddəsinin tələblərinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məhkəmə iddianın 2017-ci ilin yanvar ayına kimi (təbii qaz xəttinə qeyri-qanuni qoşulmanın ilk gününə kimi) cavabdehin 137,85 manat borcu olması hissəsini araşdıraraq hesab edir ki, tələb əsassızdır. Belə ki, qeyd olunan borc iş materiallarına əlavə olunmuş abonentin saldosunda təsdiqini tapmır. Orada 2016-cı ilin 8-ci ayında (il üzrə saldosunda qeyd olunan axırıncı ay) ayın əvvəlinə 182,90 manat borcun, ay ərzində 6,10 manat sərfiyyatın məbləğinin, 189 manat isə ödənişin olduğu göstərilmiş, il üzrə yekunda isə dövrün əvvəlinə borcun olmadığı, sərfin məbləğinin 6,90 manat, 218 manat isə ödənişin olduğu qeyd edilmişdir. Göründüyü cavabdehin 2017-ci ilin yanvarınadək 137,85 manat borcu olması abonentin saldosunda əks olunmamış, borcun mövcudluğuna dair hər hansı sübut isə məhkəməyə təqdim edilməmişdir. Məhkəmə aktlar üzrə hesablanmış borclara münasibətdə qeyd edir ki, xx.xx.2018-ci il tarixdə tərtib olunmuş ******* saylı akt və ona əsasən 472 manat hesablanmış borc əsaslı deyildir. Belə ki, akt tərtib olunmazdan əvvəl hansı tarixdə axırıncı baxışın keçirilməsi və ya sayğacın göstəricilərinə əsasən hesabın verilməsi barədə iddiaçı məhkəməyə sübut təqdim etməmiş, eyni zamanda pozuntu aşkar olunduqdan sonra qaz dayandırılmamışdır. Belə olduqda həmin akta əsasən borc hesablanarkən hesabat müddətinin yay ayları üçün 48 gün, qış ayları üçün 132 gün götürülməsi əsaslı sayıla bilməz. Çünki, qanunvericiliyə əsasən iddiaçı verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən hesablamalı və hər ay cavabdehə məlumat təqdim etməlidir. Buradan belə nəticə çıxır ki, İddiaçı İB akt tərtib etməzdən bir ay əvvəl sayğaca baxış keçirərkən sayğacdan kənar xətt olmamış, yaxud da hərəkətsizlik göstərilərək borcun artmasına şərait yaradılmışdır. Məhkəmə hesab edir ki, hər bir halda iddiaçı akt üzrə borcu hesablayarkən götürdüyü hesabat müddəti və nəticədə borc məbləği əsaslı deyildir və qanunvericiliyin tələblərinə cavab vermir. Məhkəmə eyni zamanda qeyd edir ki, iddiaçı ərizəsində 2017-ci ilin yanvar ayını cavabdehin qaz xəttinə qeyri-qanuni qoşulmasının ilk günü olmasını göstərir. Lakin bununla bağlı akt tərtib edilməsi, qazın verilişinin dayandırılması, hər hansı tədbir görülməsi sübutlara təsdiq olunmur. Məhkəmə, həmçinin xx.xx.2019-cu il tarixli, ******* saylı akta və ona əsasən hesablanmış 165,60 manat borc məbləğinə, xx.xx.2020-ci il tarixli, ******* saylı akta və ona əsasən hesablanmış 305,70 manat borc məbləğinə eyni mövqedən yanaşır və sadalanan qanunvecilik normalarına əsasən onları əsassız hesab edir. Məhkəmə xx.xx.2020-ci il tarixli, ******* saylı aktı və ona əsasən hesablanmış 193,44 manat borcu, xx.xx.2020-ci il tarixli, ******* saylı aktı və ona əsasən hesablanmış 187,20 manat borcu, habelə xx.xx.2020-ci il tarixli, ******* saylı aktı və ona əsasən hesablanmış 212,16 manat borcu göstərilən qanunvericilik normalarına əsasən əsaslı hesab edir. Belə ki, həmin vaxtlarda kənar xəttin aşkar olunması ilə əlaqədar qazın verilişi dayandırılmış, eləcə də aktların tarixindən aydın olur ki, əvvəlki ayda sayğaca baxış keçirilmiş, habelə borcun hesablanması üçün hesabat dövrü 30-31 gün götürülmüşdür. Məhkəmə xx.xx.2020-ci il tarixli, ******* saylı aktı və onun əsasında hesablanmış 1670,46 manat borcu qanunvericiliyin tələblərinə əsasən əsaslı hesab etmir. Belə ki, bundan əvvəl xx.xx.2020-ci ildə pozuntu aşkar olunduqda müvafiq tədbirlər görülməmiş, borcun şişməsinə şərait yaradılmış, bir ay əvvəl sayğaca baxış keçirilməsi sübutlarla təsdiqini tapmamışdır. Məhkəmə, eyni zamanda, 11 fevral, 11 mart, 14 aprel və xx xxxx 2020-ci il tarixli aktlar üzrə hesablanmış borc məbləğlərini və hesabat müddətlərini qiymətləndirərək belə nəticəyə gəlir ki, sonuncu akt üzrə borc kəskin şəkildə artıq göstərilmişdir. Ona görə ki, qeyd olunan aktlara əsasən bir ay ərzində hesablanmış borc məbləği 193.44, 187.20, 212.16 manat olduğu halda, 14 apreldən 17 iyunadək cəmi 2 ay keçməsinə baxmayaraq, borc təqribən 8 dəfədən də artıq hesablanmışdır. Halbuki, bütün dövrlərdə cavabdehin bir PQ-4 və dəmir soba qaz qurğusu olmuş və bütün hesabatlar onların sərfiyyatına uyğun hesablanmışdır. Beləliklə, məhkəmə hesab edir ki, Cavabdeh xx.xx.2020-ci il tarixli, ******* saylı akta əsasən 193,44 manat, xx.xx.2020-ci il tarixli, ******* saylı akta əsasən 187,20 manat və xx.xx.2020-ci il tarixli, ******* saylı akta əsasən 212,16 manat olmaqla, cəmi 592,8 manat məbləğində dəymiş ziyan tutularaq İddiaçı İB-nə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. AR MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia təmin edildiyindən və tutulmalı məbləğ 500 manatdan yuxarı olduğundan ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2020-ci il tarixli, ******* saylı akta əsasən 193,44 manat, xx.xx.2020ci il tarixli, ******* saylı akta əsasən 187,20 manat və xx.xx.2020-ci il tarixli, ******* saylı akta əsasən 212,16 manat olmaqla, cəmi 592,8 manat məbləğində dəymiş ziyan və ödənilmiş 30 manat dövlət rüsumu tutularaq İddiaçı İB-nə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1(bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Əfqan Ələkbərov
Məhkəmə qərarları › İş №2(060)-312/2021
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-312/2021
11.03.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver