Məhkəmə qərarları › İş №2(060)-3121/2021

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-3121/2021

18.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-3121/2021 18.05.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Məmmədov Rəsul Yasər oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh Bəhmən qızına qarşı pul tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı (bundan sonra - iddiaçı) Cavabdeh Bəhmən qızına (bundan sonra cavabdeh) qarşı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, cavabdehdən 270 manat pulun və ödənilmiş 15 manat dövlət rüsumunun tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh 31 mart 2020-ci il tarixdən iddiaçıdan onu işə düzəldəcəyi vədi ilə 270 manat məbləğində pul almışdır. Sonradan iddiaçı aldadıldığını anlamışdır. İddiaçı cavabdehdən pulunu tələb etdikdə cavabdeh pulu qaytarmaqdan imtina edib. Cavabdeh tərəfindən məhkəməyə 31.03.2021-ci il tarixində yazılı etiraz ərizəsi daxil olmuşdur. Ərizə onunla əsasıandırılmışdır ki, iddia tələbi əsassızdır. Cavabdeh “LNS” firmasında işləyir. Həmin firma Azərbaycan Respublikasında rəsmi fəaliyyət göstərən şirkətdir və vergi ödəyicisi kimi qeydiyyatdadır. Cavabdeh iddiaçıya həmin şirkət barəsində məlumat vermiş və iddiaçı özü həmin şirkətə üzv olmaq istəmişdir. 31.03.2020-ci ildə iddiaçı həmin şirkətə müstəqil təmsilçi kimi üzv qəbul olunmuşdur. Daha sonra həmin firma tərəfindən yarı pulu qabacadan ödənilmək şərti ilə Nabrana iki nəfərlik səyahət bileti verilmişdir ki, həmin bilet hazırda da qüvvədədir. Daha sonra şirkətin üzvü olduğundan iddiaçıya dəyəri 70 manatdan çox olan samovar öz dəyərinə satılmışdır. Bunun üzərindən bir müddət keçdikdən sonra iddiaçı həmin səyahət biletini istəmədiyini və pulunu geri istədiyini bildirsə də bilet artıq sifariş verildiyindən və pul köçürüldüyündən onun pulunu qaytarmaq mümkün olmamışdır. İddiaçının maddi vəziyyəti yaxşı olmadığından cavabdeh ona maddi yardım kimi 100 manat pul vermişdir. İddiaçının səyahət bileti isə hazırda şirkətdədir. Cavabdehin iddiaçıya heç bir borcu yoxdur. O, əsassız olaraq pul tələb edir. Hətta o, bu barədə polisə də şikayət etmişdir. Ona görə də barəsində protokol tərtib olunmuşdur. Lakin Sumqayıt Şəhər Məhkəməsinin 3(060)-2977/2020 saylı, 02.12.2020-ci il tarixli qərarı ilə iş üzrə icraata xitam verilmişdir. İddiaçı məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verdi və həmçinin bildirdi ki, cavabdehin etiraz ərizəsində qeyd etdiyi məsələ doğru deyil. Cavabdeh ondan borca pul istəmiş, lakin o, bundan imtina etmişdir. Bunun əvəzində cavabdeh bildirib ki, onu şəbəkə biznesinə qoşacaq və o, bundan gəlir əldə edəcək. İddiaçı bununla razılaşıb və 270 manat pulu cavabdehə verib. Lakin, sonradan fikirləşib ki, həmin biznesə adam cəlb eləməyi bacarmayacaq. Çünki o, müəllimədir və belə işlərdən anlayışı yoxdur. Bu səbəbdən iddiaçıdan pulu tələb edib. İddiaçı ona istirahət bileti təklif edib. Lakin o, bundan imtina edib. İddiaçı həmçinin ona 40 manatlıq samovar verib. Qeyd edilənlərə əsasən iddiaçı iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxnayaraq məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 185-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümükün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını və iddia ərizəsinin dəlillərini araşdıraraq aşağıdakı nəticəyə gəlir. İş materialları ilə müəyyən edilir ki, iddiaçı xx.xx.1964-cü ildə, Sumqayıt şəhərində anadan olmuş, hazırda Sumqayıt şəhəri, Köhnə Kotec qəsəbəsi, M.F.Axundov küçəsi, ev 2-də qeydiyyatdadır. Sumqayıt şəhər İcra Hakimiyyəti Corat qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 21.01.2021-ci il tarixli, 129 saylı arayışında göstərilmişdir ki, cavabeh Sumqayıt şəhəri, Corat qəsəbəsi, 79-cu məhəllə, ev 241-də yaşayır. İş materiallarına əlavə edilmiş “LNS” firmasının qeydiyyatın məlumatı ilə müəyyən edilir ki, iddiaçıya 31.03.2020-ci il tarixində Nabrana səyahətlə bağlı qeydiyyatdan keçmişdir. İşdə olan səyahət biletindən görünür ki, “LNS İnternational LTD” tətəfindən iddiaçı 270 manat ödəniş müqabilində Nabranda 3 gün 2 gecəlik turizm paketi verilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 02.12.2020-ci il tarixli, 3(060)-2977/2020 saylı qərarı ilə cavabdeh barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata əməldə inzibati xəta tərkibi olmadığından xitam verilmişdir. İş materiallarına əlavə edilmiş ödəniş qəbzlərindən görünür ki, iddiaçı iddia ərizəsinin verilməsi üçün 20 manat dövlət rüsumu ödəmişdir. Hazırkı halda tərəflər arasında hansı hüquqi münasibətin olması aydınlaşdırılmalı və iddiaçının tələbinin qanuni əsası müəyyən edilməlidir. Mülki Məcəllədə göstərilmişdir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (385.1). Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır (386.1.). Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır (389.1.). Müqavilələrə iki və çoxtərəfli əqdlərə dair qaydalar tətbiq edilir (389.2.). Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər (390.1.). İddiaçı cavabdehlə aralarında cavabdeh tərəfindən iddiaçının işə düzəldilməsi ilə bağlı razılaşma olduğunu, bununla bağlı cavabdehə 270 manat məblğində pul verdiyini və cavabdehin bu məbləği ödəməkdən imtina etdiyini bildirmişdir. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş sübutlardan görünür ki, “LNS” İnternational LTD şirkəti tərəfindən iddiaçıya Nabrana səyahət üçün turizm paketi verilmişdir. Həmin turizm paketi müqaviləsində bu paketin satış və ya ticari məqsədlər üçün olmadığı qeyd olunmuşdur. Belə ki, iddiaçıya verilmiş turizm paketi ona həmin şirkətə üzv olduğu üçün verilmişdir. Bundan əlavə sözügedən şirkətin qeydiyyatın təsdiqi sənədindən görünür ki, iddiaçı şirkətə üzv olmuş və ona müstəqil təmsilçilik hüququ verilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (77.1.). İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər (77.3.).Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir (78.1.). İddiaçı cavabdehə 270 manat pul verdiyini, lakin cavabdehin onu aldatdığılnı və pulunu geri qaytarmadığını bildirsə də, qeyd edilən halları təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmiş, öz tələbinin əsası kimi göstərdiyi halları sübut edə bilməmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia əsaslı sayıla və təmin edilə bilməz. Göstərilənlərə əsasən və MPM-in 119, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh Bəhmən qızına qarşı cavabdehdən 270 manat pulun və ödənilmiş 15 manat dövlət rüsumunun tutularaq ona verilməsi barədə iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Emin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar