Məhkəmə qərarları › İş №2(060)-3122/2022

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-3122/2022

13.06.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-3122/2022 13.06.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Əsədli İlahə Yusif qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 01 yanvar 2022-ci il tarixdən Cavabdeh tutulan alimentin məbləğinin 193 (yüz doxsan üç ) manat təyin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhər məhkəməsinin 30 iyul 2020-ci il tarixli 2(060)-1491/2020 saylı qətnaməsinə əsasən Cavabdeh 24 yanvar 2020ci il tarixdən X4 üçün aliment olaraq 3 yaşına qədər hər ay cəmi 220 manat (50 manat maddi yardımdır) məbləğində, sonralar isə yaşayış minimumuna müvafıq olaraq hər ay 170 manat məbləğində vəsait ödəməlidir. Məlum qərara əsasən 01 yanvar 2022-ci il tarixdən hər uşaq üçün yaşayış minimumu artırılaraq 193 manat nıəbləğinə çatdırılmışdır. Yuxarıda qeyd etdiklərinə əsasən, o, iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbinə dair izahat verərək bildirdi ki, məhkəmə tərəfindən müəyyən edilmiş alimentlə uşağı saxlaya bilmir. Hazırda iddiaçı 193 manat aliment tutulmasını istəyir. Belə ki, uşağının böyrəyində olan problemlə əlaqədar onun mütəmadi olaraq müalicəyə ehtiyacı var və o, uşağını müalicə etdirməlidir, əks halda həkimlərin dediyinə görə uşağının böyrəyində daha ciddi problem yarana bilər. Uşağın müalicəsi ilə bağlı bütün reseptləri evdədir. Uşağı doğulandan uşağının müalicəsi ilə əlaqədar borcları yaranmışdır və o həmin borcları ödəyə bilmir. Cavabdeh isə alimenti vaxtında və tam şəkildə ödəmir, hər ay 200-220 manat, bəzən isə 100 manat ödəyir. İddiaçı qeyd etdiklərinə əsasən iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq (məhkəmə bildirişinə imza etməklə) Cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.6-cı maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. 19 may 2022-ci il tarixli məhkəmə hazırlıq iclasında iştirak edən Cavabdeh iddia tələbinə etiraz edərək bildirmişdir ki, iddia tələbini qəbul etmir. Stabil və daimi gəliri yoxdur, gəliri ümumiyyətlə əmək haqqı şəklində deyil, gündəlik qazanc formasındadır. Kommunal xərcləri də ödəyir. Aliment artırılacağı halda heç bir ödəniş edə bilməyəcək. Bundan başqa məhkəmə qərarı çıxarılana qədər yaranmış aliment borcu da var. Məhkəmə tərəfindən işin halları müəyyən edilərkən aşağıdakı sübutlara istinad olunmuşdur. İşdə olan ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, İddiaçı ilkin məcburi mediasiya sessiyası üçün 50 (əlli) manat məbləğində mediasiya xərci ödəməkdən azad edilmişdir. İş materiallarında olan AZ-İ 376524 nömrəli nikahın pozulması şəhadətnamədən görünür ki, X3 ilə Cavabdeh arasında olan nikah Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2020ci il tarixli qətnaməsinə əsasən xx.xx.2020-ci il tarixdə xitam verilmiş və bu barədə nikahın pozulması haqqında akt qeydləri kitabında 265 nömrə ilə qeyd edilmişdir. Nikah pozulduqdan sonra arvada İbrahimova soyadı verilmişdir. Tərəflərin birgə nikahından xx.xx.2019-cu il təvəllüdlü X4 anadan olmuşdur. (iş materiallarına əlavə olunmuş AZ-İV 395176 nömrəli doğum haqqında şəhadətnamənin surətinə əsasən) Sumqayıt şəhər məhkəməsinin 28 iyul 2020-ci il tarixli qətnaməsinin surətindən görünür ki, həmin qətnamə ilə iddia qismən təmin edilərək, Cavabdeh ilə Məmmədova (İbrahimova) Pərvanə Aydın qızı arasında 27 yanvar 2019-cu il tarixli 234 saylı akt qeydi ilə rəsmiləşdirilmiş nikah pozulmuş, nikah pozulduqdan sonra xx.xx.2019-cu il təvəllüdlü X2 anası Məmmədova (İbrahimova) Pərvanə Aydın qızının yanında qalması, Cavabdeh 24 yanvar 2020-ci il tarixdən başlayaraq hər ay xx.xx.2019-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanması üçün 170 (bir yüz yetmiş) manat və X2 3 (üç) yaşına çatanadək hər ay 50 (əlli) manat məbləğində sabit pul məbləğində alimentin tutularaq Məmmədova (İbrahimova) Pərvanə Aydın qızına ödənilməsi qət edilmiş, iddia qalan hissədə təmin edilməmişdir. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin: -75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. -112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə əsasən uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifəsidir. Göründüyü kimi, qanunverici uşaqların saxlanmasını, onların maddi-məişət tələbatının ödənilməsini uşaqla birgə yaşayıb-yaşamamasından asılı olmayaraq uşağın hər iki valideyninin üzərinə bir vəzifə olaraq qoymuşdur. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli qərarında göstərilmişdir ki, Alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. İddiaçı alimentin miqdarının artırılması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etsə də, Cavabdeh maddi vəziyyətində dəyişiklik olması, yəni onun maddi vəziyyətinin yaxşılaşması, əlavə qazanc mənbəyi əldə etməsi, işlə təmin olunması və s. barədə məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Bundan başqa iddiaçı məhkəmə iclasında uşağının mütəmadi müalicə və müayinə olunmasını bildirsə də, bu barədə də məhkəməyə hər hansı sübut təqdim edə bilməmişdir. Ona görə də, məhkəmə hesab edir ki, hal-hazırda Cavabdeh tutulan alimentin miqdarının artırılması üçün qanunvericilikdə nəzərdə tutulan əsaslardan hər hansı biri mövcud deyil. Məhkəmə iddianın təmin edilməməsi nəticəsinə gələrkən hal-hazırda (ən azından xx.xx.2022-ci il tarixədək) cavabdehin xx.xx.2019-cu il təvəllüdlü X1 üçün hər ay 170 və 50 manat olmaqla, ümumilikdə 220 manat sabit pul məbləğində aliment ödəməsini də nəzərə alır. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir (Mülki Prosessual Məcəllənin 14.1-ci maddəsi). Həmin Məcəllənin 14.2-ci maddəsində isə qeyd edilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göründüyü kimi, mülki icraatda məhkəmə həqiqətin müəyyən edilməsinə yalnız tərəflərin təqdim etdikləri sübutlar çərçivəsində nail ola bilər. Bu baxımdan tərəflərin təqdim etdikləri sübutların obyektiv, qərəzsiz və hərtərəfli araşdırılması mülki prosessual qanunvericilikdə məhkəmənin üzərinə qoyulmuş əsas vəzifələrdən biridir. İstinad olunan Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 77.1-ci maddəsində sübutetmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən iddiaçı və cavabdeh, yəni tərəflər öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hazırkı iş üzrə iddiaçı iddia tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilmədiyindən İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair iddiası təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında təqdim olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair iddiası təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Tanrıverdiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar