Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-3128/2024 24.06.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Behbudova Aynur Mirzalı qızının sədrliyi, Həsənli Mehriban Hüseyn qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ona vurulmuş olan 5000 (beş min) manat məbləğində maddi ziyanın və ödənilmiş olan 70 (yetmiş) manat məbləğində dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Sumqayıt Şəhər Məhkəməsinin 12 yanvar 2024cü il tarixli, 2(060)-1293/2024 nömrəli qərardadında göstərilən nöqsan aradan qaldırılmış Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsinə sorğu verilmiş və həmin idarə sorğuya cavab olaraq xx.xx.2024-cü il tarixdə qeydiyyat ünvanını göstərilməklə cavablandırmışdır. Cavabdehin qeydiyyat ünvanı ünvan 1 iddia ərizəsinə qeyd edilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin arayışını iddia ərizəsinə əlavə etmişdir. Cavabdeh təxminən iki ildən çoxdur ki, tanıyır. Belə ki, onun ilə Sumqayıt Şəhəri Avtovağzalında sürücü kimi fəaliyyət göstərirlər. Cavabdeh ilə onun yaxın münasibəti olmuşdur. 2021-ci ilin iyul ayının axırlarında cavabdeh ilə söhbət zamanı o, övladının ödənişli əsaslarla ali məktəbə daxil olduğunu, onun illik təhsil haqqının verilməli olduğunu demiş, buna görə də ondan 2500 (iki min beş yüz) manat məbləğində pul vəsaitini istəmişdir. O da həmin dövrdə evini satdığı üçün həmin məbləğdə pulu olmuşdur. Aralarında olan yaxın münasibətə görə həmin məbləği o, Sumqayıt şəhəri, 2-ci mikrorayon ərazisində yerləşən “Nizami” kinoteatrının qarşısında həmin müddətdə idarə etdiyi **-HS- *** dövlət qeydiyyat nişanlı “Hyundai County” markalı avtomaşının içərisində ona verilmişdir. Həmin ilin sentyabr ayında Hafiz övladına kompüterin lazım olduğunu, lakin onu almaq üçün maddi imkanının olmadığı üçün yenidən ondan 2500 (iki min beş yüz) manat məbləğində pul vəsaitini istəmişdir. Aralarında olan yaxın münasibətə görə həmin məbləği o, yenə də həmin yerdə ona vermişdir. Lakin cavabdeh indiyə qədər ona heç bir ödəniş etməmişdir. Bu əməli ilə cavabdeh ona 5000 (beş min) manat məbləğində maddi ziyan vurmuşdur. Məhkəmə iclasında İddiaçı izahatında iddia tələbini müdafiə edərək, onun təmin edilməsini xahiş etdi. Əlavə olaraq qeyd etdi ki, cavabdehin övladı ali məktəbə daxil olduğu üçün ona müraciət etmiş və demişdir ki, illik təhsil haqqını ödəmək üçün banka müraciət edəcəkdir. Ona 2500 manat miqdarında köməklik etsin. İllik təhsil haqqını ödədikdən sonar onun pulunu qaytaracaqdır. Banka müraciət ilə bağlı sənədləri də ona göstərmişdir. Daha sonar bir daha gəlmiş və demişdir ki, uşağa kompüter almışdır. Ona köməklik etsin, onun pulunu da versin. Həmin pulları iki ay ərzində qaytarmaq şərti ilə vermişdir. Cavadeh də bu gün, sabah deyə-deyə onu aldatmışdır. Ailəsi dağıldıqdan sonar pulu da verməmişdir. Avtomobil də cavabdehin qaynatasının olmuşdur. Ona düşən 10 min manatdan 5 manat olan borcunu qaytaracağına söz vermişdir. Onu da qaytarmamışdır. Hətta ona yaxınlaşmış və hər ay 200 manat verilməsini xahiş etmişdir. And içərək verəcəyini demişdir. Bir yerdə işləyirlər. Hər kəsin yanında deməsinə baxmayaraq, cavabdeh deyir ki, getməyəcəkdir, ona heç kim heç nə edə bilməz. 2500 manatı birinci dəfə iki il öncə vermişdir. Lakin tarixi tam dəqiq olaraq bildirə bilmir. Daha sonra 1500 və 1000 manat məbləğlərində pul bir daha vermişdir. 1500 manat məbləği kompüter üçün almışdır. Hər iki məbləği verdiyi vaxt təxminən ay yarım içərisində olmuşdur. Bu razılaşmalaraq şifahi şəkildə olmuşdur. Cavabdeh demişdir ki, səkkiz min manat bankdan pul götürəcəkdir. 5 min manatın üzərində min manat ona pul verəcəkdir. O da pulu ailəsinin dağılmaması və işin düzəlməsi üçün vermişdir. Qarşı tərəfin bütün qohumları bilir ki, o, pulu cavabdehə vermişdir. 2500 manatı Russiya klubunun yanında vermişdir. Digər məbləğləri isə 15 gün çəkməmişdir ki, vermişdir. 2500, 1500 və 1000 manat məbləğləri cəmi bir ay yarım içərisində vermişdir. Cavabdeh demişdir ki, onun evinə qadın borcu istəmək üçün gəlmişdir. O da pis vəziyyətə qalır. Ona kömək etməsini xahiş etmişdir. Borc məbləğlərinin ikisini şahidlərin yanında vermişdir. Digər 1000 manatı isə avtovağzalda vermişdir. Digər telefonunda səs yazıları vardır. Lakin o telefonu da yanmışdır. İki aydan sonra isə demişdir ki, bank alınmamışdır. Maşını satıb pulunu verəcəkdir. Daha sonra isə ailəsi dağılmışdır. Polis İdarəsinə müraciət edərkən, iddiaçının izahatı alınmış, lakin cavabdeh idarəyə gəlməmişdir. Cavabdehin ailə üzvləri demişdir ki, hara lazımdır müraciət etsin və pulunu alsın. Cavabdeh işləyir və qazancı vardır. 1000 manat borc pulu avtovağzalda vermişdir. Digər şəxslərə də demişdir ki, üç il tamam olduqdan sonra ondan pul ala bilməcəkdir. Cavabdeh demişdir ki, polisə getməmişdir. Məhkəməyə də getməcəyəkdir. Bu pul söhbətlərindən öncə cavabdehin qardaşına borc pul vermişdir. Qardaşı o pulu qaytarmışdır. Cavabdeh ilə eyni kənddəndirlər. Bildirmişdir ki, qardaşına maşın almaqda köməklik etmişdir. Ona görə də ona da kömək etsin. Ailəsinin dağılmaması üçün ona köməklik edilməsini xahiş etmişdir. O da evini satmış və əlində pul olduğu üçün ona köməklik etmişdir. Cavabdeh həmin məbləği iki ay ərzində qaytaracağına dair söz vermişdir. Polis orqanlarında ona bildirmişlər ki, onu çağırmış və ərizəsini almışlar. İddiaçı da demişdir ki, cavabdeh gəlməmişdir. Gəlmədiyi təqdirdə ərizə necə alına bilər? Daha sonra isə tapılmadığını və məhkəməyə müraciət etməyini demişlər. Cavabdehə məhkəmə iclası barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmişdir. Qanunvericiliyin tələbləri baxımından məhkəmə mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əsasən həmçinin müəyyən olunur ki, Cavabdeh iddia ərizəsinin surətini xx.xx.2024-cü il tarixdə əldə etmiş, lakin iddia ərizəsinə münasibət bildirməmiş, etiraz və mülahizələrini məhkəməyə təqdim etməmiş, məhkəmə iclaslarında iştirak etməmişdir. Həmçinin iş materiallarına əsasən müəyyən olunur ki, cavabdehin istifadəsində olan telefon nömrəsinə məhkəmə iclaslarının vaxtı və yeri barədə məlumat verilmiş və SMS bildirişlər onun telefon nömrəsinə çatdırılmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iclasında şahid qismində ifadə vermiş X2 izahatında bildirdi ki, Cavabdeh tanıyır. Belə ki, Ruslan pul verdikdə onu görmüşdür. Özü bir gün işləyir, digər gün isə işləmir. İddiaçı onun dostudur. Uzun müddətdir ki, tanıyır. Russiya klubunun yanında cavabdehə borc pul vermişdir. Lakin məbləği dəqiq deyə bilmir. O, bir dəfə pul verdiyini görmüş, ikinci dəfəni görməmişdir. Məhkəmə iclasında şahid qismində ifadə vermiş X4 izahatında bildirdi ki, iddiaçı və cavabdehi tanıyır. Ruslan ilə uzun müddət avtomobildə işləmişdir. 1-ci mikrorayon, Russiya klubunun yanında onlar aşağı düşərkən iddiaçı cavabdeh ilə pul haqq-hesabı etmişdir. Məbləği tam deyə bilmir. Lakin pul haqq-hesabı etdiklərini maşında olarkən görmüşdür. Cavabdehi də tanıyır. Hal-hazırda Bakı-Sumqayıt yolunda sərnişindaşıma fəaliyyəti ilə məşğul olur. Onun yanında pul verilməsi hadisəsi isə iki dəfə olmuşdur. Məhkəmə, iddiaçının izahatını dinləyərək, iş materiallarını araşdıraraq və iş üzrə sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan:
1. - xx.xx.2023-cü il tarixli Sumqayıt şəhəri, ŞPİ-nin 4-cü PB-nin baş təhqiqatçısı, polis mayoru X1 qərarından görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən aparılmış yoxlamanın nəticələri üzrə cinayət işinin başlanmasının rədd edilməsi, müraciət müəllifi İddiaçı mülki qaydada məhkəməyə müraciət etmək hüququnun olmasının izah edilməsi, qərarın surətinin maraqlı şəxslərə və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Sumqayıt Şəhər Prokuroruna göndərilməsi, toplanmış təhqiqat materialının saxlanılması üçün Sumqayıt ŞPİ-nin 4-cü PB-nin dəftərxanasına təhvil verilməsi qərara alınmışdır.
2. - Həmin qərardan görünür ki, ünvan 2 ünvanında yaşayan İddiaçı Hafiz adlı tanışına 5000 manat pul verməsi, lakin sonununcun onu aldadaraq pulunu geri qaytarmaması ilə bağlı Sumqayıt ŞPİ-nə etdiyi müraciəti aidiyyəti üzrə göndərilərək xx.xx.2023-cü il tarixdə Sumqayıt ŞPİ-nin 4-cü PB-nin "Törədilmiş və hazırlanan cinayətlər haqqında məlumatların" 1 saylı qeydiyyatı kitabında 2456 sayla qeydə alınaraq araşdırma aparılması üçün icraatına verilmişdir. Araşdırma zamanı izahatı alınmış İddiaçı bildirmişdir ki, Hafiz adlı şəxsi təxminən 2 ildən çoxdur ki, Sumqayıt şəhəri, Avtovağzalından Bakı şəhərinə idarə etdiyi avtobusla sürücü kimi fəaliyyət göstərdiyi müddətdən tanımışdır. 2021-ci ilin iyul ayında Hafizlə söhbəti zamanı o, övladının ali məktəbə daxil olduğunu, onun illik ödəniş pulunu verilməli olduğunu demiş, buna görə də ondan 2500 manat borc pul istəmişdir. O da həmin müddətdə evini satdığı üçün əlində pulu olmuş və onunla razılaşmışdır. Hafiz də 2 aya pulu ödəyəcəyini bildirmişdir. O da Sumqayıt şəhəri, 2-ci mkr ərazisində yerləşən "Nizami" kinoteatrının qarşısında həmin müddətdə idarə etdiyi **-SH- *** dövlət qeydiyyat nişanlı "Hyundai County" markalı avtomaşının içərisində 2500 manat pulu borc kimi vermişdir. Lakin Hafiz həmin iki ay ərzində ödəniş etməmiş, ondan soruşduqda da o, maddi imkanı olmadığını bildirmişdir. Həmin ilin sentyabr ayında Hafiz yenidən ondan borc istəmiş, övladına kompüter lazım olduğunu, lakin onu almaq üçün pulunun olmadığını bildirmişdir. Yenidən ondan 2500 manat borc pul istəmiş, o da yenə də həmin yerdə 2500 manat pulu ona vermişdir. Həmin vaxtdan da Hafiz ona heç bir məbləğ ödəməmişdir. Ona bu barədə dedikdə də, Hafiz ödəyəcəyini bildirmişdir. Lakin maddi imkanı olmadığı üçün hazırki vaxta qədər ödəyə bilməmişdir. Hafizə ümumilikdə 5000 manat borc pul vermiş, lakin Hafiz həmin vaxtdan ona heç bir məbləğ ödəməmişdir. Araşdırma zamanı Hafiz adlı şəxsin şəxsiyyətinin müəyyən edilərək izahatının alınması məqsədi ilə bölməyə təmin edilməsi üçün AR CPM-nin 86.4.5-ci maddəsinə əsasən aidiyyəti xidmət əməkdaşına tapşırıq verilsə də, araşdırma zamanı hər hansı müsbət nəticə əldə edilməmişdir.
3. – xx.xx.2023-cü il tarixli, **********77 nömrəli ödəniş qəbzindən görünür ki, İddiaçı məhkəmədə iddia qaldırmaq üçün Sumqayıt Şəhər Məhkəməsinin hesabına 100 manat məbləğində dövlət rüsumu ödəmişdir.
4. – Azərbaycan Respublikası DİN-in BPQMİ-nin MAPS şöbəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, Cavabdeh ünvan 3 ünvanında xx.xx.2023-cü il tarixdə qeydiyyatdan çıxmışdır. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, cavabdeh İddiaçı 2500+1500+1000=5000 manat pul İddiaçı almış, iki ay ərzində qaytaracağına dair öhdəlik götürmüş, lakin aldığı məbləği qaytarmamışdır. Məhkəmə qeyd edir ki, məhkəmə iclasında şahidlər də iddiaçının cavabdehə pul verdiyini təsdiq etmişdir. Belə ki, cavabdeh iddia ərizəsinin surətini almış və borc məbləği ilə bağlı mübahisə etməmiş, ümummiyətlə iddiaya dair etiraz etməmişdir. Cavabdehin iddia tələbindən məlumatlı olub,verilmiş iddia etiraz və mülahizələrinin təqdim etməməsi, iddia tələbinin əsaslı olması qənaətinə gəlməyə imkan verir. Ona görə də iddiaçı tərəfindən cavabdehə verilmiş 5000 manat məbləğində pul iddianın mübahisəssiz halı kimi qiymətləndirilməlidir. Məhkəmə iddia ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Avropa Məhkəməsi “Hakansson və Sturesson İsveçə qarşı” iş üzrə 1990-cı il 21 fevral tarixli Qərarında qeyd etmişdir ki, Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsi tətbiq olunan vasitələrlə qarşıya qoyulan məqsədin ağlabatan mütənasibliyini tələb edir. Əgər müvafiq şəxs xüsusi və həddən artıq məhrumiyyətə məruz qalıbsa, mütənasibliyin müəyyən edilməsindən söhbət gedə bilməz. Konstitusiya Məhkəməsi Plenumunun X6 şikayəti üzrə 2017-ci il 26 may tarixli Qərarında mütənasiblik prinsipinə kifayət qədər aydınlıq gətirilmiş, məhdudiyyətlər tətbiq edilərkən nəzərə alınmalı olan qanunvericilik normaları açıqlanmış və belə məhdudiyyətlərin tətbiq edilməsi zamanı mütənasiblik, qanuni məqsədə uyğunluq prinsiplərinə riayət edilməsinin vacibliyi vurğulanmışdır. Qərarda göstərilmişdir ki, mütənasiblik prinsipinə riayət olunmasını təmin etmək üçün məhkəmə qanunvericiliyə uyğun olaraq işə baxarkən, hər bir konkret halda məhdudiyyətin müəyyən olunmasının əsaslarını, borclunun buna qarşı etirazlarını öz daxili inamına görə qiymətləndirməli, işi hərtərəfli, tam və obyektiv araşdırmalı, məsələ ilə bağlı öz nəticələrini müvafiq məhkəmə aktında əsaslandırmalıdır. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenum qərarına əsasən qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin həmin faktlara tətbiq edilən hüquqdan irəli gələn qəti nəticəsi şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli Konstitusiya məhkəməsi Plenumunun Qərarında qeyd edilmişdir ki, sübutetmənin son mərhələsi məhkəmə tərəfindən bütün sübutların yoxlanılması əsasında verilən yekun hüquqi qiymətdir. İş üzrə qərarın əsasında yalnız obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar dayana bilər. Sübutların bu cür qiymətləndirilməsi məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqi əsasında və yalnız qanuna əsaslanaraq hakim tərəfindən həyata keçirilir. Hər bir sübut aidiyyət, mümkünlük, mötəbərlik nöqteyinəzərindən, bütün sübutların məcmusu isə iş üzrə sübut edilməli olan faktların yetərliliyi baxımından qiymətləndirilir. Heç bir sübut məhkəmə üçün əvvəlcədən müəyyən edilmiş qüvvəyə malik deyil. Mülki Prosessual Məcəllənin 76, 77, 88 və 89-cu maddələrinə uyğun olaraq, məhkəmə, işin müəyyən olunmuş hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd və ya qəbul etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunvericilik aktlarını qətnamədə göstərməklə, onu hüquqi cəhətdən əsaslandırmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Bu Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş diqər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Sözügedən Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 5.3-cü maddəsinə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 329.2-ci maddəsinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qeyd olunan Məcəllənin 1092.2-ci maddəsinə əsasən əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. Beləliklə, məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək, sadalanan maddi hüquq normalarına əsaslanaraq və həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, cavabdeh hüquqi əsas olmadan iddiaçının hesabına əmlak əldə etmişdirlər. Belə ki, cavabdehin varlanmasına, yəni iddiaçının 5000 manat pulunu əldə etməsinə haqq qazandıran qanuni əsas və ya müqavilə əsası mövcud deyildir. Odur ki, məhkəmə iddianı əsaslı sayır və belə qənaətə gəlir ki, əsassız varlanmış şəxs-cavabdeh əldə etdiklərini məhrum olana-iddiaçıya qaytarmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Bu Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə, iddianın məhkəmə xərcləri ilə bağlı olan hissəsini araşdıraraq hesab edir ki, iddia bu hissədə də təmin edilməli, cavabdehdən iddiaçı tərəfindən ödənilmiş 70 manat dövlət rüsumu iddiaçının xeyrinə tutulmalıdır. İş materiallarına əlavə edilmiş qəbzdən görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin hesabına 70 manat pul köçürülmüşdür. Belə ki, AR MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Qət etdi:
İddia tələbi təmin edilsin. Cavabdeh 5000 manat pul tutularaq İddiaçı ödənilsin. Cavabdeh 70 manat dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (MPM-nin 361-363-cü maddələrinə və əlavə 2 uyğun olaraq) elektron qaydada apellyasiya şikayəti verilə bilər.
Hakim Aynur Behbudova