Məhkəmə qərarları › İş №2(060)-3134/2024

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-3134/2024

22.08.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-3134/2024 22.08.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Giriş hissə: Hakim Həxiyeva Şəbnəm Səlim qızının sədrliyi, İbrahimzadə Zəhra Şahverdi qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı "pul tələbi"nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:

1. İddiaçı Cavabdeh qarşı "pul tələbi"nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2014-cü ildə «NBC» bankın Sumqayıt filialından Cavabdeh İddiaçı adına 5000 manat məbləğində kredit götürmüş və iddiaçını həmin vaxt əmin etmişdir ki, bankın kreditini özün qaytaracaqdır. Lakin 2017-ci il tarixdə iddiaçıya işlədiyi iş yerinin mühasibatlığından bildirilmişdir ki, o, krediti ödəmədiyi üçün iddiaçının iş yerinə icra vərəqəsi göndərilmiş və həmin kredit üzrə borcu iddiaçının aylıq əmək haqqından tutulmasına başlanılmışdır. İddiaçı həmin vaxt cavabdehlə əlaqə saxlamış və iddiaçıya bildirmişdir ki, maşını satıb krediti ödəyəcəkdir. Lakin yenə də kredit ödənişi həyata keçirilməmişdir. 2019-cu ildə həmin bankdan götürülmüş kredit borcunun restrukturizasiyası aparılmış və bu borc da sərəncamın təsiri altına düşdüyü üçün onun qaytarılması ilə bağlı 5 illik qrafik tərtib olunmuş və iddiaçı bu barədə cavabdehə bildirsə də, yenə də borc üzrə ödənişlər aparılmamışdır. Nəticədə iddiaçı hazırki vaxta kimi 1704 manat ödəniş etmiş və banka qalan borc 2870 manat təşkil edir. İddiaçı cavabdeh barəsində Sumqayıt şəhər Pİ-nin 4-cü PB-nə şikayət etmiş və həmin araşdırma zamanı cavabdeh izahat verərək borcu hissə-hissə ödəyəcəyini desə də, yenə də tərəfindən ödəmə aparılmamışdır. Buna görə də iddiaçı cavabdehə xəbərdarlıqla müraciət etmiş, xahiş etmişdir ki, banka qalan 2870 manat borcu və iddiaçı tərəfdən ödənilmiş 1704 manat pulu bank faizləri ilə birlikdə həmin bildirişi aldığı vaxtdan 10 gün ərzində tam olaraq qaytarsın, əks təqdirdə iddiaçı həmin pulun tələbi ilə bağlı məhkəməyə müraciət edəcək və bütün məhkəmə xərclərini, ödənilmiş dövlət rüsumlarını və iddiaçıya dəymiş ziyanı ondan tələb edəcək, lakin cavabdeh yenə də heç bir addım atmamışdır. Göstərilənlərə əsasən Cavabdeh 4800 manat məbləğində borcun və dövlət rüsumu kimi ödədiyi vəsaitin alınaraq iddiaçıya qaytarılması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.

a) Məhkəmə icraatı iştirakçılarının izahatları:

3. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, tələbin təmin edilməsini məhkəmədən xahiş etmişdir.

4. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qeydiyyatda olduğu ünvan üzrə bildiriş göndərilmiş (həmçinin məhkəmə elektron SMS vasitəsi ilə məlumatlandırılmış), lakin cavabdeh məhkəmə iclasında iştirak etməmiş, bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.

5. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

6. Məhkəmə iddiaçının izahatını dinləyib, mülki işin materiallarını araşdıraraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir.

Əsaslandırıcı hissə: a) Mülki işin materialları:

7. İş materiallarında olan "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə İddiaçı arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 07/4936/DİK saylı kredit müqaviləsinə əsasən bank tərəfindən İddiaçı illik 30 faizlə, 5000 manat məbləğind kredit verilmişdir.

8. İş materiallarında olan "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə İddiaçı arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 07/6423/RES saylı “güzəştli şərtlərlə kreditin verilməsi barədə” kredit müqaviləsindən görünür ki, xx.xx.2014-cü il tarixli, 07/4936/DİK saylı kredit müqaviləsi üzrə “kredit alan”ın “Bank”a olan borcu illik faiz dərəcəsi 1%, müddəti 60 ay, məbləği isə 2832 manat müəyyən edilmişdir.

9. İş materiallarında olan Sumqayıt ŞPİ-nin 4-cü PB-nin baş təhqiqatçısı, polis mayoru Səyyad Hacəhmədov tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli «cinayət işinin başlanılmasının rədd edilməsi barədə» qərara əsasən vətəndaş İddiaçı müraciəti əsasında Sumqayıt ŞPİ 4-cü PB-də toplanmış NK-1/2311 nömrəli material üzrə cinayət işinin başlanmasının rədd edilməsi qərara alınmışdır.

10. Həmin qərardan görünür ki, Cavabdeh izahatında bildirmişdir ki, İddiaçı 2014-cü ildən etibarən tanıyır. Onunla birlikdə qonşuluqda yaşamışdır. Həmin müddətdə pul lazım olduğu üçün o, həmin qadına öz adına kredit götürüb ona verməyi təklif etmiş, o da razılaşmışdır. xx.xx.2014-cü il tarixdə İddiaçı ilə birlikdə "NBC" bankın Sumqayıt filialına getmiş, orada İddiaçı adına 5000 manat pul krediti rəsmiləşdirilmiş, həmin məbləğdən 200 manat komissiya haqqı tutulmuş və qalan 4800 manat pul İddiaçı verilmişdir. Bankdan çıxdıqdan sonra da Sevda 4800 manat pulu ona vermişdir. O da aylıq ödənişləri vaxtı-vaxtında ödəyəcəyini bildirmişdir. Sevda da razılıq etmişdir. Bir neçə ay krediti ödəmiş, lakin sonradan bank bağlanmış və maddi imkansızlıq səbəbindən də ödəyə bilməmişdir. İddiaçı da ona bir neçə dəfə bu barədə məlumat vermişdir. Ona ödəyəcəyini bildirsə də, maddi imkansızlıq səbəbindən ödəniş edə bilməmişdir. Hazırda bankın borcunu tam olaraq ödəməyə imkanı yoxdur, həmin pulu hissə-hissə ödəməyə hazırdır. Bu barədə İddiaçı ilə danışıb razılaşmışdır. İddiaçı qabaqcadan kreditin öz adına rəsmiləşəcəyini bilmişdir. Onu aldatmamışdır, İddiaçı kredit müqaviləsinə imza çəkdiyi zaman kreditin öz adına rəsmiləşməsi barədə məlumatı var idi.

b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:

11. Beləliklə də məhkəmə iclasında müəyyən olundu ki, iddiaçı ilə cavabdeh arasında borc pulun verilməsinə dair münasibətlər olmuşdur. Cavabdeh tərəfindən iddiaçıdan götürdüyü borc pulun qaytarılmaması səbəbindən iddiaçı hüquq-mühafizə orqanlarına müraciət etmiş, onun şikayəti əsasında Sumqayıt şəhər Polis İdarəsində araşdırma aparılmış, tərəflərin izahatı alınmış, Cavabdeh İddiaçı öz adına kredit götürərək ona 4800 manat pul verdiyini etiraf etmişdir. Mübahisə mülki xarakterli olduğundan cinayət işi başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir.

c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:

12. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

13. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

14. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

15. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

16. Məhkəmə hesab edir ki, tərəflər arasında müqavilə bağlanmadığına görə öhdəlik hüquq münasibətləri yaranmamışdır. Bu baxımdan tərəflər arasında münasibətlərə qanundan əmələ gələn öhdəliklərlə bağlı müddəalar (əsassız varlanma) tətbiq olunmalıdır.

17. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 439.4-cü maddəsinə görə öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər.

18. Göstərilən Məcəllənin 1091-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.

19. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur.

20. Eyni Məcəllənin 1092.1-ci maddəsinə əsasən isə varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır.

21. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

22. Azərbaycan Respublikası Konstitusiyası Məhkəməsi Plenumunun “C.Əzimovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2 aprel 2018-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2018-ci il tarixli Qərarında qeyd edilmişdir ki, borclu şəxsin borcu etiraf etməsini göstərən və təsdiqləyən hərəkətləri müxtəlif formada ifadə oluna bilər. Borcun etiraf olunması hallarına: borcun qismən ödənilməsi; əsas borc üzrə faizin köçürülməsi; kreditora borcun etirafını nəzərdə tutan məktub, teleqram göndərilməsi; öhdəliyin icrası üçün möhlət istənməsi və digər mühüm hallar aid edilə bilər.

23. Mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbi və cavabdehin etirazı bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir.

24. Məhkəmə iddiaçı tərəfindən təqdim edilmiş sübutları – cavabdeh tərəfin Sumqayıt şəhər Polis İdarəsində 4800 manat pulun İddiaçı tərəfindən ona verilməsinə dair etirafına hüquqi qiymət verərək belə nəticəyə gəlmişdir ki, cavabdehdən iddiaçının xeyrinə 4800 manat məbləğində pul tutulmalıdır.

25. Bundan əlavə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

26. İş materiallarında olan qəbzdən göründüyü kimi, iddiaçı tərəfindən dövlət büdcəsinə 71 (yetmiş bir) manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə hesab edir ki, qeyd olunan məbləğ də cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməlidir.

27. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 4800 (dörd min səkkiz yüz) manat məbləğində pul, habelə 71 (yetmiş bir) manat ödənilmiş dövlət rüsumunun əvəzi alınaraq İddiaçı verilməlidir.

28. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

29. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

30. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

31. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

Nəticə hissəsi:

32. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh 4800 (dörd min səkkiz yüz) manat məbləğində pul, habelə 71 (yetmiş bir) manat ödənilmiş dövlət rüsumunun əvəzi alınaraq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən Şəbnəm Həxiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar