Məhkəmə qərarları › İş №2(060)-3136/2024

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-3136/2024

10.06.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-3136/2024 10.06.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Atakişiyev Atakişi Nizami oğlunun katibliyi, İddiaçı, Cavabdeh etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı Cavabdeh qarşı alimentin məbləğinin artırılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı alimentin məbləğinin artırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2011-ci il təvəllüdlü X2, xx.xx.2013-cü il təvəllüdlü X3 və xx.xx.2013-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanması üçün Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(105)-2885/2016 saylı qətnaməsi ilə təyin edilmiş alimentin artırılaraq, hər uşağa 235 manat olmaqla, cəmi 705 manat alimentin və mediasiya üçün ödənmiş 60 manat mediasiya və kargüzarlıq xərcinin cavabdehdən tutularaq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2016-cı il tarixli qətnaməsinə əsasən, cavabdehlə aralarında olan nikah qeydi ləğv edilmiş, 3 azyaşlı uşaq onda saxlanmış və hər uşağa 70 manat olmaqla, cəmi 210 manat aliment tutulması qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2016-cı il tarixli qətnaməsinə əsasən,alimentin miqdarı hər uşağa 100 manat olmaqla, cəmi 300 manat təyin edilmişdir. Bu illər ərzində uşaqların saxlama xərcləri, Respublika üzrə yaşayış minimumu dəfələrlə artırılmışdır. Lakin cavabdeh hələ də 8 il bundan əvvəl təyin edilmiş alimenti ödəyir və özü könüllü olaraq alimenti artırmaq istəmir. O, bu barədə cavabdehə mediasiya təklifı göndərmiş, cavab olmamış, sonra mediasiya təşkilatına müraciət etmiş, mediator mediasiya prosesi təyin etmiş, cavabdehlə əlaqə saxlanılaraq dəvət edilmiş, lakin cavabdeh mediasiya prosesində alimenti artırmağa razılaşmamışdır, mediator bu barədə arayış tərtib etmiş, mediasiya xərci olaraq 50 manat onun tərəfindən ödənilmişdir. Hazırda Respublika üzrə uşaqların yaşayış minimumu 235 manat təyin edilmişdir. Uşaqlar artıq çox böyüyüblər və tələbatları, məktəb və saxlanma xərcləri artıb. O, təkbaşına bunun öhdəsindən gələ bilmir, cavabdeh isə uşaqları saxlamağa borclu olmasına baxmayaraq, bunu könüllü surətdə etmək istəmir, ona görə də məhkəmə qaydasında alimentin artırılması barədə qətnamə qəbul edilməlidir. İddiaçı qeyd etdiklərinə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbini müdafiə etdiyini bildirdi və əlavə olaraq qeyd etdi ki, uşaqların yaşayışı üçün müəyyən edilmiş məbləğ dəfələrlə artmışdır. O, təyin edilmiş alimentlə uşaqlarını saxlamaqda çətinlik çəkir. Özü heç bir yerdə işləmir. Cavabdeh qaçqın olsa da, Almaniyada yaşayır, maddi vəziyyəti yaxşıdır və 3 övladı olduğu üçün vergidən də azaddır. Belə ki, o vergidən azad olması uşaqların sənədini ona göndərmişdir. Cavabdeh özü ona məhkəməyə müraciət etməyi təklif etmiş və müəyyən ediləcək alimenti ödəyəcəyini bildirmişdir. İddaçı qeyd etdiklərinə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Nümayəndə iddia tələbinə dair izahat verərək bildirmişdir ki, oğlu halhazırda Almaniyada yaşayır. Oğlu uşaqları üçün 400-450 manat aliment ödəyə bilər. Bundan başqa oğlu uşaqların bəzi xərclərini də qarşılayır, həmçinin uşaqların ad günlərində də onlara hədiyyələr alır. Nümayəndə qərar qəbul edilərkən qeyd edilənlərin nəzərə alınmasını və alimentin maksimun 500 manat məbləğində müəyyən edilməsini xahiş etdi. Məhkəmə tərəfindən işin halları müəyyən edilərkən aşağıdakı sübutlara istinad olunmuşdur. İşdə olan Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)- 2885/2016 saylı, xx.xx.2016-ci il tarixli qətnaməsindən görünür ki, həmin qətnamə ilə cavabdeh V.B.Əliyevin apelyasiya şikayəti qismən təmin edilmiş, Qubadlı Rayon Məhkəməsinin 02 dekabr 2015-ci il tarixli, 2(028)-823/2015 saylı qətnaməsi qismən - “07 yanvar 2011-ci il təvəllüdlü X2, 31 yanvar 2013-cli il təvəllüdlü X3 və 29 dekabr 2013-cü təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün Cavabdeh 06 may 2016-cı ıl tarixdən başlayaraq hər ay hər uşağa 70 manat olmaqla, ümumilikdə 210 manat məbləğində sabit pul məbləğində aliment tutularaq iddiaçı X1 verilsin” hissəsində ləğv edilmiş, 07 yanvar 2011-ci il təvəllüdlü X2, 31 yanvar 2013-cli il təvəllüdlü X3 və 29 dekabr 2013-cü təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün Cavabdeh 06 may 2016-cı il tarixdən b aşlayaraq hər ay hər uşağa 100 (bir yüz) manat olmaqla, ümumilikdə 300(üç yüz) manat sabit pul məbləğində alimentin tutularaq iddiaçı X1 verilməsi qət edilmişdir. İşdə olan ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, ilkin məcburi mediasiya sessiyası üçün 50 (əlli) manat məbləğində mediasiya xərci İddiaçı tərəfindən ödənilmişdir. Elektron məhkəmə informasiya sistemindən əldə edilmiş qohumluq məlumatlarından görünür ki, Cavabdeh 05 sentyabr 2005-ci il təvəllüdlü X6, 07 yanvar 2011-ci il təvəllüdlü X5, 31 yanvar 2013-cü il təvəllüdlü X7, 29 dekabr 2013-cü il təvəllüdlü X8 adlı dörd uşağı doğulmuşdur. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, “Uşaq hüquqları haqqında” Konvensiyanın 18-ci maddəsinin 1-ci bəndinə görə, iştirakçı dövlətlər uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideynin ümumi və eyni məsuliyyət daşıması prinsipinin tanınmasını təmin etməkdən ötrü mümkün olan bütün səyləri göstərirlər. Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşağın ən yaxşı mənafeyi onların əsas qayğı obyektidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: - 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. - 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. - 78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa…habelə alimentin valideynin qazancından müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edə bilər. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə əsasən uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifəsidir. Göründüyü kimi, qanunverici uşaqların saxlanmasını, onların maddi-məişət tələbatının ödənilməsini uşaqla birgə yaşayıb-yaşamamasından asılı olmayaraq uşağın hər iki valideyninin üzərinə bir vəzifə olaraq qoymuşdur. Uşaqların saxlanılmasından boyun qaçıran valideynlər bu vəzifəni həyata keçirməyə məhkəmə qaydasında məcbur edilə bilərlər. Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. Qanunverici bu maddədə alimentin miqdarı müəyyən olunarkən məhkəmənin üzərinə bir sıra məsələlərin araşdırılması vəzifəsini qoymuşdur: tərəflərin maddi və ailə vəziyyəti; diqqətəlayiq digər hallar; uşağın əvvəlki təminatının səviyyəsi. Məhkəmə tərəfindən tərəflərin maddi vəziyyətinin araşdırılması zamanı, onların gəlirləri (məsələn, vergi ödəyicisi kimi ödənilən verginin məbləği və s.), digər qazanc mənbəyi, təhsili, hansı peşəyə sahib olması, əvvəlki iş yeri, yaşayış səviyyəsi (hansı şəraitdə yaşaması və s.), əmlak vəziyyəti (daşınar və daşınmaz əmlaklarının olubolmaması), özünün saxlanılması üçün minimum tələbatını ödəyə bilməsi və s. qanunvericiliyə müvafiq olaraq müəyyən edilməlidir (“Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 27 iyul 2016-cı il tarixli qərarı). “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli qərarında göstərilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minumumu haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən, 2024-cü il üçün yaşayış minumumu ölkə üzrə uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(105)-2885/2016 saylı qətnaməsi ilə alimentin miqdarı müəyyən edildikdən sonra yaşayış minimumu haqqında qanunvericiliyin tələbləri bir neçə dəfə dəyişmiş və uşaqların saxlanılması üçün tələb olunan məbləğ artmışdır. Lakin məhkəmə uşaqları saxlamaq vəzifəsinin hər iki valideynin üzərinə düşdüyünü və uşaqların sayını nəzərə alaraq hesab edir ki, Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(105)-2885/2016 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləği dəyişdirilərək, hər ay hər uşağa 190 manat olmaqla, 570 manat məbləğində müəyyən edilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə görə aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda qeyd edilən qərarında həmçinin göstərilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Bu səbəbdən məhkəmə hesab edir ki, hazırki iş üzrə alimentin artırılmış məbləğinin tutulmasının əvvəli qətnamə qanuni qüvvəsini aldığı gündən hesablanmalıdır. Azərbaycan Respublikası MPM-nin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Hazırda iddiaçı cavabdehdən alimentin məbləğinin artırılaraq 300 manatdan 705 manata dəyişdirilməsini xahiş etmişdir. Beləliklə iddianın qiyməti ən çoxu 4860 ((705-300) x 12 ay) manatdır. Belə iddiaya görə isə dövlət büdcəsinə 68,6 manat dövlət rüsumu ödənilməli idi. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə görə aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası MPM-nin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-1-ci maddəsinə görə “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 36.5-ci maddəsinə əsasən “mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. İş materiallarında olan ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, İddiaçı ilkin mediasiya sessiyasında iştirak etmiş və ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 50 manat məbləğində mediasiya xərci ödəmişdir. Cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməmişdir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 50 manat mediasiya xərci Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. Eyni zamanda məhkəmə hesab edir ki, Cavabdeh hazırki iddianın verilməsinə görə ödənilməli olan dövlət rüsumunun mediasiya xərci ilə əhatə olunmayan hissəsi – 18.6 (on səkkiz manat altmış qəpik) manat dövlət rüsumu da tutularaq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında təqdim olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(105)-2885/2016 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək, 07 yanvar 2011-ci il təvəllüdlü X5, 31 yanvar 2013-cü il təvəllüdlü X7 və 29 dekabr 2013-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatana qədər saxlanması üçün Cavabdeh hər ay hər uşağa 190 (bir yüz doxsan) manat olmaqla, ümumilikdə 570 (beş yüzyetmiş) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. Miqdarı dəyişdirilmiş alimentin tutulması qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablansın. Cavabdeh 50 (əlli) manat mediasiya xərci tutularaq İddiaçı ödənilsin. Cavabdeh 18,6 (on səkkiz manat altmış qəpik) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Tanrıverdiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar