Məhkəmə qərarları › İş №2(060)-3167/2021

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-3167/2021

17.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-3167/2021 17.05.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Azər İbrahim oğlunun sədrliyi, Əliyev Orxan Elşən oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı «xxxx» BOKT MMC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsinin ləğv edilməsi, kredit üzrə borcun tutulması tələbinə” dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı «xxxx» BOKT MMC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsinin ləğv edilməsi, kredit üzrə borcun tutulması tələbinə” dair iddia ərizəsi ilə Sumqayıt şəhər Məhkəməsinə müraciət edərək, iddiaçı «xxxx» BOKT MMC ilə Cavabdeh1 arasında bağlanmış 11.09.2019-cu il tarixli, SUMG1-11188-2041 saylı kredit müqaviləsinin ləğv edilməsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 birgə qaydada kreditor “xxxx” BOKT MMC-nin xeyrinə 1248.96 manat əsas borcu, 5.79 manat faiz borcu olmaqla, cəmi 1254.75 manat məbləğində borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddia tələbini müdafiə edərək göstərdi ki, “xxxx” bank olmayan kredit təşkilatı məhdud məsuliyyətli cəmiyyəti ilə Cavabdeh1 arasında 11 setnyabr 2019-cu il tarixli, SUMG1-11188-2041 saylı kredit müqaviləsinə əsasən borclunun vaxtı keçmiş əsas kredit borcunu ödəməsi məqsədi ilə illik faiz dərəcəsi 1% olmaqla 60 ay müddətinə 1259.40 manat məbləğində güzəşli kredit verilmişdir. Müqavilədən irəli gələn Cavabdeh1 və Cavabdeh2 arasında 11 sentyabr 2019-cu il tarixli, SUMG1-11188-2041+SUMG1-11272 saylı zaminlik müqaviləsi imzalanmışdır. Tərəflər arasında imzalanmış ödəniş qrafiki ilə kreditin qaytarılması günləri və annuitet məbləği müəyyən etmişdir. Borclu ödəniş qrafikinə əsasən ilk 12 ay ərzində hər ay 1.00 manat növbəti 48 ay ərzində isə hər ay 27.00 manat ödəniş etməli idi. Lakin borclu kreditor qarşısında ödəniş qrafikində nəzərdə tutulmuş ödəniş müddətlərini və məbləğlərini pozmuşdur. Həmçinin tərəflər arasında bağlanmış Kredit Müqaviləsinin 2.2-ci maddəsinə əsasən müqavilə üzrə öhdəliklərin pozulması hallarında “Kredit verən” birtərəfli qaydada müqaviləyə vaxtından əvvəl xitam verərək hesablanmış faizi ilə birlikdə geri ödənilməsini tələb edə bilər. Beləliklə, 02 mart 2021-ci il tarixi üçün Cavabdeh1 11 sentyabr 2019-cu il tarixli, SUMG1-11188- 2041 saylı Kredit müqaviləsi üzrə 1248.96 manat əsas borcu, 5.79 manat faiz borcu olmaqla, cəmi 1254.75 manat borcu mövcuddur. Yuxarıda göstərilənləri nəzərə alaraq və mövcud qanunvericiliyin tələblərini rəhbər tutaraq iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehlərin qeydiyyatda olduğu ünvanı üzrə məhkəmə bildirişi göndərilmiş, lakin onların faktiki olduğu yer məlum olmadığından məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 147-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə, iddiaçının nümayəndəsini dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan kredit müqaviləsindən görünür ki, “xxxx” bank olmayan kredit təşkilatı məhdud məsuliyyətli cəmiyyəti ilə Cavabdeh1 arasında 11 sentyabr 2019-cu il tarixli, SUMG1-11188-2041 saylı kredit müqaviləsinə əsasən borclunun vaxtı keçmiş əsas kredit borcunu ödəməsi məqsədi ilə illik faiz dərəcəsi 1% olmaqla 60 ay müddətinə 1259.40 manat məbləğində güzəşli kredit verilmişdir. İş materiallarında olan zaminlik müqaviləsindən görünür ki, eyni zamanda müqavilədən irəli gələn öhdəliklərin lazımi qaydada və vaxtında icrasını təmin etmək məqsədi ilə Cavabdeh1 və Cavabdeh2 arasında 11 sentyabr 2019-cu il tarixli SUMG1- 11188-2041+SUMG1-11272 saylı zaminlik müqaviləsi imzalanmışdır. İş materiallarında olan xəbərdarlıq məktublarının surətlərindən görünür ki, cavabdehlər müqavilə şərtlərini pozmaları barədə xəbərdarlıq olunmuşlar, müqavilə üzrə üzərinə götürdükləri öhdəlikləri yerinə yetirməsi tələb olunmuş, əks təqdirdə borcun məhkəmə qaydasında tələb ediləcəyi və tutmanın ipoteka predmetinə yönəldilməsi bildirilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739.1. və 739.2. maddələrindən görünür ki, kredit müqaviləsinə əsasən borc verən pula mülkiyyət hüququnu borc alana keçirməyi, borc alan isə aldıqlarını müvafiq olaraq pul şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 425.1. maddəsində göstərilir ki, tərəflərdən hər biri öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 741 və 742.1. maddələrinin mənasından görünür ki, əgər tərəflər arasındakı müqavilədə borcun qaytarılmasına dair müddət nəzərdə tutulmuşdursa, borclu aldığı kredit məbləğini faizləri ilə birlikdə həmin müddət bitənədək qaytarmalıdır. Həmin Məcəllənin 448.1. və 448.2. maddələrindən görünür ki, əgər qanunla və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar və öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 443.1. maddəsində göstərilir ki, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Eyni zamanda, iş materiallarından görünür ki, iddiaçı tərəfindən iddia ərizəsi ilə məhkəməyə müraciət edildiyi zaman 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1. maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qanunun qeyd olunan tələbinə əsasən məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində məhkəmə xərci cavabdehlərə aid edilməli və onlardan alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4. maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə, məhkəmə iclasında tədqiq edilən sübutları qiymətləndirərək hesab edir ki, iddia tələbi təmin edilməli, iddiaçı «xxxx» BOKT MMC ilə Cavabdeh1 arasında bağlanmış 11.09.2019-cu il tarixli, SUMG1-11188-2041 saylı kredit müqaviləsi ləğv edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 kredit müqaviləsinə əsasən 1248.96 manat əsas borc, 5.79 manat faiz borcu, cəmi 1254.75 manat məbləğində kredit borcu və 30 manat ödənilmiş dövlət rüsumu iddiaçı «xxxx» BOKT MMC-nin xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. İddiaçı «xxxx» BOKT MMC ilə Cavabdeh1 arasında bağlanmış 11.09.2019-cu il tarixli, SUMG1-11188-2041 saylı kredit müqaviləsi ləğv edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 kredit müqaviləsinə əsasən 1248.96 manat əsas borc, 5.79 manat faiz borcu, cəmi 1254.75 manat məbləğində kredit borcu və 30 manat ödənilmiş dövlət rüsumu iddiaçı «xxxx» BOKT MMC-nin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada təqdim edildikdən sonra bir ay müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: AZƏR İSMAYİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar