Məhkəmə qərarları › İş №2(060)-3170/2021

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-3170/2021

29.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-3170/2021 29.03.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Məmmədov Rəsul Yasər oğlunun katibliyi ilə, iddiaçı “xxxx” MMC-nin Cavabdeh qarşı pul tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: “xxxx” MMC (bundan sonra - iddiaçı) Cavabdeh (bundan sonra - cavabdeh) qarşı kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, cavabdehdən iddiaçının xeyrinə “NOKİA 2.1” markalı telefon və aksesuar üçün 216 manat ödənilməmiş hissə, “Hoffman” markalı kombi üçün 521 manat ödənilməmiş hissə, ümumilikdə 737 manat borc və 30 manat dövlət rüsumu olmaqla, cəmi 767 manat pulun tutulmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən cavabdeh alqı-satqı qiyməti 324 manat olan “NOKİA 2.1” markalı telefon və aksesuarı 12 ay müddətinə, ilkin ödənişsiz və aylıq 27 manat ödəmək şərtilə iddiaçıdan almışdır. Hazırda ümumilikdə 216 manat ödənilməmiş hissə, 64 manat cərimə hesablanmalı olmasına baxmayaraq, müştəriyə güzəşt olunaraq 0 manat cərimə borcu yaranmışdır. Tərəflər arasında bağlanmış xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən cavabdeh alqı-satqı qiyməti 955 manat olan “Hoffman” markalı kombini 11 ay müddətinə, 196 manat ilkin ödəniş etməklə və aylıq 69 manat ödəmək şərtilə iddiaçıdan almışdır. Hazırda ümumilikdə 521 manat ödənilməmiş hissə, 165 manat cərimə hesablanmalı olmasına baxmayaraq, müştəriyə güzəşt olunaraq 0 manat cərimə borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 542 manat təşkil edir. Cavabdehə borcun qısa müddət ərzində ödənilməsinə dair xəbərdarlıq məktubu göndərilsə də, o, həmin borcu ödəməkdən yayınmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə (bundan sonra - MPM) əsasən mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir (284-1). Ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir (284-5.1.). Cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər (284-5.2.). Ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır (284-5.3.). İddia ərizəsi xx xxxx 2021-ci il tarixində məhkəməyə daxil olmuşdur. Ərizə məhkəməyə daxil olduqdan sonra icraata qəbul edilmiş, cavabdehə bildiriş göndərilmiş və iddiaya dair yazılı etirazını və əlavə edilmiş sənədləri 10 iş günü müddətində məhkəməyə təqdim etməsi təklif edilmişdir. Cavabdehin iş materiallarında olan ünvanına göndərilmiş məhkəmə bildirişi rabitə orqanı tərəfindən geri qaytarılmışdır. Məhkəmə iddia ərizəsini və iş materiallarını araşdıraraq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BPQMİ-nin MAPS şöbəsinin arayışından və şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, cavabdeh xx.xx.1960-cı ildə, ünvan 1 ünvanında qeydiyyatdadır. Tərəflər arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 00579884 nömrəli müqaviləyə əsasən iddiaçı cavabdehə “NOKİA 2.1” markalı telefon və aksesuarı satmış, cavabdeh isə bununla bağlı müvafiq haqqın ödənilməsi barədə öhdəlik götürmüşdür. xx.xx.2019-cu il tarixli, 00645426 nömrəli müqaviləyə əsasən iddiaçı cavabdehə “Hoffman” markalı kombini satmış, cavabdeh isə bununla bağlı müvafiq haqqın ödənilməsi barədə öhdəlik götürmüşdür. xx.xx.2019-cu il tarixli ödəniş cədvəlinə əsasən cavabdeh 12 ay müddətində hər ay 27 manat, xx.xx.2019-cu il tarixli ödəniş cədvəlinə əsasən cavabdeh 11 ay müddətində hər ay 69 manat iddiaçıya ödəməli idi. xx.xx.2021-ci il tarixli maliyyə və ödəniş cədvəlinə əsasən cavabdehin alqı-satqı qiyməti 324 manat olan “NOKİA 2.1” markalı telefon və aksesuar üçün hazırda ümumilikdə 216 manat borcu qalmışdır. Cavabdehin ödədiyi məbləğ 108 manat təşkil edir. Alqı-satqı qiyməti 955 manat olan “Hoffman” markalı kombi üçün hazırda ümumilikdə 521 manat borcu qalmışdır. Cavabdehin ödədiyi məbləğ 434 manat təşkil edir. xx.xx.2019-cu il tarixli əşyaların təhvil-təslim aktına əsasən cavabdeh “NOKİA 2.1” markalı telefon və aksesuarı, xx.xx.2019-cu il tarixli əşyaların təhvil-təslim aktına əsasən “Hoffman” markalı kombini iddiaçıdan tam qüsursuz halda təhvil almışdır. İşdən göründüyü kimi xx.xx.2019-cu il tarixində iddiaçı cavabdehə borcun qısa müddət ərzində ödənilməsinə dair bildiriş göndərmişdir. İşdən göründüyü kimi iddiaçı iddia ərizəsinin verilməsi üçün 30 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə (bundan sonra Mülki Məcəllə ) əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür (567). Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir (600.1.). Əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur (600.2.). İşdən göründüyü kimi tərəflərin arasında nisyə alqı-satqı müqavilələri bağlanmış və iddiaçı həmin müqavilələrdə nəzərdə tutulmuş əşyaları cavabdehə vermişdir. Cavabdeh isə müqavilələrə əsasən öz üzərinə götürdüyü vəzifələri yerinə yetirməmiş, nəticədə iddiaçıya 737 manat borcu qalmışdır. Mülki Məcəllədə göstərilmişdir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (385.1). Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür (442). Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır (445.2.1.). Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı cavabdehin ona borclu qaldığı 737 manatı tələb etməkdə haqlı olmuşdur. İddia təmin edildiyi üçün iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Göstərilənlərə əsasən və MPM-in 216-220 və 360-cı, həmçinin 284-1-284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. “NOKİA 2.1” markalı telefon və aksesuar və “Hoffman” markalı kombi üçün 737 (yeddi yüz otuz yeddi) manat ödənilməmiş hissə və 30 (otuz) manat dövlət rüsumu Cavabdeh tutularaq iddiaçı “xxxx” MMC-yə verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Emin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar