Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-3173/2024 13.06.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Şirəliyeva Vəfa Zavrulla qızının sədrliyi, Hüseynzadə Gülçöhrə Kamal qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin məbləğinin dəyişdirilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddia tələbi:
1. İddiaçı Cavabdeh qarşı iddia qaldıraraq, Cavabdeh xx.xx.2011-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 400 manat sabit pul məbləğində alimentin tutularaq ona ödənilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
İddia tələbinin əsaslandırıldığı hallar :
2. İddia onunla əsaslandırılmışdır ki, cavabdehlə birgə nikahlarından xx.xx.2011-ci il təvəllüdlü X2 adlı övladları vardır. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-718/2014 saylı, xx.xx.2014-cü il tarixli qətnaməsi ilə nikahları pozulmuş, X2 onun himayəsinə verilmiş və cavabdehdən hər ay əmək haqqının 1/4 hissəsində alimentin tutulması qət edilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-6888/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay Cavabdeh 195 manat alimentin tutulması qət edilmişdir. Hazırda uşağın maddi ehtiyacları artdığından və əlavə xərclər yarandığından alimentin hazırkı məbləği uşağın maddi təminatını qarşılamaq üçün kifayət etmir. Ona görə də alimentin məbləğinin artırılması zərurəti yaranmışdır. Cavabdeh uşağa qarşı heç bir diqqət və qayğı göstərmir, aliment ödəməkdən başqa uşağa nə maddi, nə də mənəvi heç bir dəstək olmur. Uşağın bütün qayğısını, ehtiyacını tamamilə o çəkir, uşağın təlim-tərbiyəsi ilə məşğul olmaqla yanaşı, həm də maddi tələbatlarını ödəmək tək qadın olaraq ona çox çətindir.
Etiraz ərizəsinin əsaslandırıldığı hallar:
3. Cavabdeh xx.xx.2024-cü il tarixdə etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək İddiaçı ona qarşı irəli sürdüyü “Alimentin artırılması tələbinə dair” iddiasının təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Etiraz ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ona qarşı “Alimentin miqdarının artırılması tələbinə dair” iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət etmişdir. 2(060)-3173/2024 saylı həmin mülki iş hal-hazırda Sumqayıt Şəhər Məhkəməsinin icraatındadır. Mülki iş üzrə şifahi icraat qaydasında hazırlıq iclası Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında keçirilməklə xx.xx.2024-cü il tarixə, saat 12:15-ə təyin edilmişdir. İddiaçı ilə birgə nikahlarından xx.xx.2011 -ci il təvəllüdlü X2 adlı övladları vardır. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-718/2014 saylı, xx.xx.2014-cü il tarixli qətnaməsi ilə nikahları pozulmuş, X2 anasının yanında saxlanmış və ondan hər ay əmək haqqının “dörddə bir” hissəsində alimentin tutulması qət edilmişdir. Lakin sonradan İddiaçı alimentin artırılması tələbi ilə yenidən məhkəməyə müraciət etmiş və Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-6888/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay ondan, yəni Cavabdeh 195 manat alimentin tutulması qət edilmişdir. Məhkəmə tərəfindən təyin edilmiş alimenti təyin edilən vaxtdan gecikdirmədən, lakin çox çətinliklə də olsa ödəyir. İddiaçının yenidən alimentin artırılmasına dair iddia tələbi ilə razı deyil və həmin iddia tələbinə öz etirazını bildirir. Belə ki, məhkəmə uşaqların saxlanması üçün aliment təyin edərkən hər şeydən əvvəl tərəflərə münasibətdə onların maddi, sosial və diqqətəlayiq digər mənafelərini nəzərə almalıdır. Uşağın saxlanması üçün aliment təyin edilən vaxtdan bu günə kimi onun maddi vəziyyətində müsbətə doğru heç bir dəyişiklik olmamışdır. Belə ki, yenə də əvvəlki işində işləyir. Elə də çox olmayan əmək haqqı alır. Aldığı əməkhaqqı bir aydan o biri aya bəs eləmir. Həmin pulu aşağıdakı kimi xərcləyir: 1. Əmək haqqından hər ay aliment kimi ödəyir - 195 manat. 2. Hər ay xx.xx.2022 tarixli, BPM **********88 nömrəli kredit müqaviləsinə əsasən Azərbaycan Respublikası Beynəlxalq Bankına ödəyir – 387,18 manat. 3. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-7667/2014 saylı, xx.xx.2014cü il tarixli icra sənədinə əsasən onun əmək haqqından hər ay 50 faiz tutulur. (Həmin tutulmanın digər tutulmalara görə müvəqqəti dayandırılması barədə Binəqədi rayon İcra şöbəsindən aldığı məktubu iş yerinə təqdim etsə də, hələ də icra etməmişlər və bankın hesabına tutulmalar davam edir). 4. İrşad mağazalar şəbəkəsindən telefon, qulaqcıq və saat kreditə götürmüş və hər ay ora pul ödəyir - 145 manat. 5. Qalan pulu özünə və onunla birlikdə yaşayan, xəstə olan yaşlı atasının dərmanlarına, yeməyinə xərcləyir. Sosial vəziyyətə gəldikdə isə ikinci nikaha girməmişdir. Həmçinin iddiaçı işləyir və yüksək maaş alır. Özünün mülkiyyətində şəxsi evi vardır. Həmçinin onu da bildirmişdir ki, qanunvericiliyin tələbinə görə uşaqları saxlamaq hər iki valideynin borcudur. Yəni ata kimi ana da uşaqların saxlanmasında və tərbiyəsində iştirak etməlidir. Yuxarıda göstərdiyi kimi o, iddiaçının iddia ərizəsində göstərdiyi 400 manat məbləğində alimenti hər ay ödəyə bilməyəcəkdir. Bu, o, demək deyildir ki, o, aliment ödəməkdən imtina edir. Əsla yox. O, uşağının saxlanması üçün Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-6888/2022 saylı, xx.xx.2022-ci il tarixli məhkəmə qətnaməsi ilə müəyyən edilmiş alimenti böyük çətinliklə də olsa, ödəməkdə davam edəcəkdir. Lakin iddia tələbində göstərilən miqdarda, yəni hər ay 400 manat ödəyə bilməyəcəkdir.
4. Cavabdeh nümayəndəsi və vəkili Vəkil xx.xx.2024-cü il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh xx.xx.2011-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün 235 manat sabit pul məbləğində aliment ödəməyə razı olduğunu bildirmişdir.
Tərəflərin mövqeləri:
5. Məhkəmə iclaslarında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verərək əlavə olaraq bildirdi ki, aliment məbləğinin artırılmasını istəyir. Uşaq böyüdükcə maddi vəziyyətləri çətinləşir. Etiraz ərizəsində onun yüksək məbləğdə əmək haqqı aldığı qeyd olunsa da, əmək haqqı 378 manat təşkil edir. Eyni zamanda şəxsi evinin olması onun valideyn borcunun yerinə yetirməsinə aidiyyatı yoxdur. Hal-hazırda övladı ilə birlikdə valideynlərinin yanında qalır. Vəkili iddia ərizəsində 400 manat məbləğində alimentin tutulmasını qeyd etmişdir. Ödəyib-ödəməyəcəyini bilmək istəmişdirlər. 235 manat məbləğində aliment müəyyən edilməsinə razıdır. Sonda məhkəmədən iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi.
6. Məhkəmə hazırlıq iclasında iştirak edən Cavabdeh nümayəndəsi və vəkili Vəkil izahatında bildirdi ki, iddia tələbini qismən qəbul edir. İddiaçının hazırda tələb etdiyi 400 manat çox yüksək məbləğdir. Cavabdeh 700 manata yaxın əmək haqqı alır. İllər ərzində cavabdehin maddi vəziyyətində elə bir dəyişiklik olmamışdır. Cavabdeh yenidən ailə həyatı qurmamışdır. Bank ödənişləri də var, 385 manat məbləğində kredit ödəyir. 145 manat məbləğində "xxxx" ASC-yə ödəniş edir. Eyni zamanda cavabdehin atası da xəstədir. Cavabdeh alimenti vaxtı-vaxtında ödəyir. xx.xx.2024-cü il tarixindən uşaqlar üçün yaşayış minimumu 235 manat məbləğində müəyyən edilmişdir. Cavabdeh də 235 manat məbləğində ödəniş etməyə razıdır.
Tədqiq olunan sübutlar:
7. AZ-İİ 725309 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X2 xx.xx.2011-ci ildə anadan olmuşdur. Uşağın atası Cavabdeh, anası isə İddiaçıdır.
8. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(060)-6888/2022 saylı qətnaməsindən görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(060)- 4960/2019 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının artırılması və qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablanmaqla Cavabdeh İddiaçı xeyrinə xx.xx.2011-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 195 manat sabit pul məbləğində aliment tutulması qət edilmişdir.
9. Mediasiya sessiyasında iştirak edilməməsi barədə xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, Cavabdeh ilkin mediasiya sessiyasının tarixi, vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq ilkin mediasiya sessiyasında iştirak etməmişdir. İddiaçı mediasiya sessiyasında iştirak etmiş etmiş və ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 50 manat məbləğində mediasiyaya dair və 10 manat kargüzarlıq xərci ödəmişdir.
Məhkəmə baxışının hədləri:
10. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. - 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
Tətbiq edilən hüquq:
11. Azərbaycan Respublikası Ailə Məcəlləsinin :
78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.
12. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunu “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli qərarı : Məhkəmə tərəfindən tərəflərin maddi vəziyyətinin araşdırılması zamanı, onların gəlirləri (məsələn, vergi ödəyicisi kimi ödənilən verginin məbləği və s.), digər qazanc mənbəyi, təhsili, hansı peşəyə sahib olması, əvvəlki iş yeri, yaşayış səviyyəsi (hansı şəraitdə yaşaması və s.), əmlak vəziyyəti (daşınar və daşınmaz əmlaklarının olubolmaması), özünün saxlanılması üçün minimum tələbatını ödəyə bilməsi və s. qanunvericiliyə müvafiq olaraq müəyyən edilməlidir.
13. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli, 8-2/2016 saylı qərarı : 8.3-cü bəndinə əsasən məhkəmə tərəfindən alimentin miqdarı müəyyən edilərkən uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas meyar olmalı və yalnız bir tərəfin deyil, hər iki tərəfin ailə və maddi vəziyyəti öyrənilməlidir. Bu zaman məhkəmələr uşağın valideynlərinin birgə yaşadıqları dövrdə ailənin maddi vəziyyəti və yaxud ayrı yaşadıqları dövrdə uşağın saxlanmasına valideynlərdən biri tərəfindən könüllü qaydada vəsait ödənilməsini və uşağın bu ödəmənin dayandırıldığı vaxtadək olan dövrdəki təminat səviyyəsini nəzərə almalıdırlar. 8.13-cü bəndinə əsasən alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. 8.14-cü bəndinə əsasən məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir.
14. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunu: 13-cü maddəsinə görə, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır.
15. “Uşaq hüquqları haqqında” Konvensiya: 27-ci maddəsinə görə, hər bir uşaq özünün fiziki, əqli, mənəvi, əxlaqi və sosial inkişafı üçün lazımi həyat səviyyəsi hüququna malikdir. Lazımi həyat səviyyəsinin təmin edilməsi üçün əsas məsuliyyəti valideynlər daşıyır. “Uşaq hüquqları haqqında” Konvensiyanın 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar.
16. “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanunu : 2024-cü il uşaqlar üçün yaşayış minimumu ölkə üzrə 235 manat məbləğində müəyyən edilmişdir.
Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
17. Məhkəmə iddia ərizəsini və iş materiallarını tədqiq edib, tərəfləri dinləyərək, işdə olan sübutları qiymətləndirərək, qeyd edir ki, iddia qismən təmin edilməlidir.
18. Belə ki, istinad olunan qanunvericilik aktlarından göründüyü kimi həmin aktların əsas istiqaməti ona yönəlmişdir ki, heç bir əsas valideynləri öz uşaqlarını saxlamaq vəzifəsindən azad etmir. Uşaqların saxlanılması valideynlərin hər ikisinin mənəvi borcu olmaqla yanaşı, həm də vacib hüquqi vəzifələridir.
19. Ailə qanunvericiliyi alimentin tutulması zamanı tərəflərin maddi və ailə vəziyyətini, diqqətəlayiq olan digər halları nəzərə alır, lakin bu zaman həlledici amil kimi uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyənləşdirir. Bununla yanaşı, hər il ölkə üzrə bir uşağın saxlanması üçün tələb olunan yaşayış minimumu müəyyən edilir və həmin məbləğ qanunla tənzimlənir.
20. Məhkəmə həmçinin qeyd edir ki, qanunvericiliyə görə aliment 2 formada tutula bilər: qazancın və başqa gəlirlərin müəyyən hissəsi kimi və sabit pul məbləğində. İddiaçının alimentin sabit pul məbləğində tutulmasını nəzərə alaraq məhkəmə alimentin cavabdehin gəlirlərinin müəyyən hissəsi kimi tutulması imkanını araşdırmır. «Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının Qanunu ilə 2024-cü il üçün yaşayış minimumu uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir.
21. Yuxarıda şərh olunanlara əsaslanaraq məhkəmə iddia tələbini qismən əsaslı hesab edir. Belə ki, o, alimentin miqdarının artırılmasını müəyyənləşdirilmiş aliment məbləğlərinin uşaqların tələbatlarının çoxalması və ölkədə uşaqlar üçün müəyyənləşdirilmiş yaşayış minimumunun artırılmasına əsaslanmaqla tələb etmişdir; hansı ki, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(060)-6888/2022-ci il tarixli qətnaməsi ilə uşağa görə tutulan alimentin məbləği müəyyən olunan zaman müvafiq dövrün həyat standartlarını və uşağın ehtiyaclarının səviyyəsini əsas götürmüşdür hazırda isə bu vəziyyət dəyişməklə həm uşaqlar böyümüş və ehtiyacları artmış, həm də uşaq üçün müəyyənləşdirilmiş yaşayış minimumu 2024-cü il üçün artırılaraq 235 manat nəzərdə tutulmuşdur. Məhkəmənin qənaətinə görə, göstərilənlər alimentin məbləğinin müəyyən olunduğu tarixdən bugünədək artmış həyat standartları və istehlak qiymətləri, eləcə də uşağın böyüdüyü də nəzərə alınmaqla, tərəflərin vəziyyətlərində yaranmış dəyişiklik kimi qəbul edilməlidir.
22. Qeyd olunanlara əsasən məhkəmə uşağın saxlanılması üçün tutulan aliment məbləğinin artırılmasına dair iddiasını qanuni və əsaslı hesab edir. Artırılan alimentin məbləğinə münasibətdə isə məhkəmə qeyd edir ki, cavabdehin nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında cavabdehin hər ay 235 manat məbləğində aliment ödəməyə razı olduğunu bildirmişdir. Eyni zamanda məhkəmə iclasında iştirak edən iddiaçı da alimentin məbləğinin cavabdehin tələb etdiyi miqdarda, yəni 235 manat məbləğində müəyyən edilməsinə etirazı olmadığını bildirmişdir.
23. Beləliklə, məhkəmə hər iki tərəfin razılığını nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli, X1 yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay 235 manat sabit pul məbləğində aliment cavabdehdən tutularaq iddiaçıya verilməlidir.
24. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 36.5-ci maddəsinə əsasən “mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir.
25. İş materiallarında olan “Mediasiya sessiyasında iştirak edilməməsi” barədə xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, İddiaçı mediasiya sessiyasında iştirak etmiş etmiş və ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 50 manat məbləğində mediasiyaya dair xərci ödəmişdir.
26. Bundan əlavə məhkəmə qeyd edir ki, “Dövlət rüsumu haqqında” Qanunun 8-ci maddəsinə əsasən, aliment tələbi üzrə iddiaçıları dövlət rüsumu ödəməkdən azad edilsə də, Mülki Prosessual Məcəllənin 119-cu maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır.
27. Bu səbəbdən məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 50 manat məbləğində mediasiya xərci və 10 manat kargüzarlıq xərci cavabdehdən alınaraq ona ödənilməlidir.
28. Mülki Prosessual Məcəllənin 112.1.3-cü maddəsinə görə iddianın qiyməti aliment alınması haqqındakı iddialarda - bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Bu səbəbdən məhkəmə hesab edir ki, cavabdehdən dövlət rüsumu qismində bir il ərzində ödənilməli olan alimentin məbləği nəzərə alınmaqla 48 (qırx səkkiz) manat, 20 (iyirmi) qəpik məbləğində pul vəsaiti tutulmalıdır.
Nəticə:
29. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏTETDİ: İddia tələbi qismən təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(060)-6888/2022 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək, xx.xx.2011-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanılması üçün Cavabdeh hər ay 235 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. Miqdarı dəyişdirilmiş alimentin tutulması qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablansın. Cavabdeh dövlət rüsumu qismində 48 (qırx səkkiz) manat, 20 (iyirmi) qəpik məbləğində pul vəsaiti tutularaq dövlət büdcəsinə ödənilsin. Cavabdeh ödənilmiş 50 (əlli) manat məbləğində mediasiya xərci alınaraq İddiaçı verilsin. Qətnamədən, məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Vəfa Şirəliyeva