Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-3189/2024 15.08.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Şirəliyeva Vəfa Zavrulla qızının sədrliyi, İsmayılov Əli Seyran oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı maddi ziyanın ödənilməsi tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddia tələbi:
1. İddiaçı Cavabdeh qarşı iddia qaldıraraq Cavabdeh 1100 manat məbləğində maddi zərərin - pulun, iddia ərizəsinin məhkəməyə verilməsi üçün dövlət rüsumu olaraq ödənilmiş 36 manatın, cəmi 1136 manatın tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
İddia tələbinin əsaslandırıldığı hallar :
2. İddia onunla əsaslandırılmışdır ki, ailəsinin ehtiyaclarını qarşılamaq məqsədilə onlayn sifariş verərək ev şəraitində qarışıq ticarətlə məşğul olur. Oğlu Ömərcan Sumqayıt şəhəri 32 nömrəli tam orta məktəbin 3-cü sinif şagirdidir. Cavabdeh oğlunun məktəb qrupundan onun sinif yoldaşının anası kimi tanımışdır. Məktəbə gedib-gələrkən Rüfunə ilə aralarında səmimiyyət, inam və etibar yaranmışdır. O da onun ev şəraitində qarışıq ticarətlə məşğul olduğunu bilmişdir. 2023-cü ilin yanvar ayında özünə və ailə üzvlərinə nisyə mal almışdır. Daha sonra o, üç uşağının olduğunu, maddi vəziyyətlərinin ağır olduğunu və nisyə mal alıb, satmaq istədiyini, həm aldığı malların, həm də satdığı malların pulunu verəcəyini bildirmişdir. Ona kömək olmaq məqsədilə onunla razılaşmışdır. Rüfunə ondan mal alaraq, üstünə müəyyən məbləğdə pul qoyaraq satıb onun pulunu verməyə razılaşmışdır. İlkin olaraq özünə, yoldaşına, uşaqlarına, sonradan satmaq üçün, cəmi 1100 manat məbləğində nisyə müxtəlif mallar (ətirlər, reksonalar, kurtkalar, kapşonlar və müxtəlif koftalar) almış və həmin malların pulunu sosial yardım alandan alana ödəməyə söz vermişdir. Lakin cavabdeh aldığı malların pulunu söz verdiyi vaxtda ödəməmişdir. Cavabdeh aldığı malların pulunu ödəmədiyi üçün dəfələrlə evlərinə gedib pulunu tələb etmək məcburiyyətində qalmışdır. Hər dəfə Rüfunə müxtəlif bəhanələr gətirərək pulu sosial yardımı alanda verəcəyinə, atası pul verəndə ödəyəcəyinə söz versə də, ödəməmişdir. Rüfunə pulu ödəmədiyi üçün o, yenə də Rüfunənin evlərinə gedib, pulu tələb edəndə Rüfunə ona «evə gəlmə, ərim bilmir, bilsə məni öldürəcək, özümü öldürəcəm» deyə onu qorxuzmağa, hədələməyə başlamışdır. O, qadın olaraq onun sözlərinə inanıb əvvəl evinə getməmişdir. Rüfunəyə acısa da, daha sonra onun telefon zənglərini belə açmadığından, sifariş edib gətirdiyi malların pulu ondan tələb olunduğu, malların pulunu başqa yolla ala bilmədiyi üçün məcbur qalıb Rüfunənin əri X1 müraciət etmişdir. O, malların pulunu ödəmək əvəzinə onu «köhnə işlənmiş mal satmısan» deyə şantaj edərək, həmin malları ona geri qaytaracağını bildirmişdir. Hətta Rüfunə və əri Məhəmməd Rüfunənin yanvar, fevral və may aylarında satmaq üçün aldığı artıq istifadə edilmiş malları, işlənmiş yarımçıq ətirləri, geyilmiş, süzülmüş, cırılmış geyim əşyalarını, ətirləri yaşadığı həyətə atıb qaçmışdırlar. O, qaytarılan mallara baxanda, ona məlum olmuşdur ki, Rüfunə onu aldadıb, malları satmayıb, hətta onları özü, ailə üzvləri geyib, istifadə edib. Həmçinin ona məlum olmuşdur ki, Rüfunə və əri əlbir olaraq yaşadıqları məhəllədə aldatmadıqları adam qalmayıb. Onların da əmlaklarını aldadaraq müxtəlif yolla mənimsəyiblər. Rüfunəyə satdığı malların pulunu ala bilmədiyi üçün məcbur qalıb Polis Bölməsinə müraciət etsə də, nəticəsi olmamış, əksinə ona bu mübahisənin mülki mübahisə olması bildirilərək məhkəməyə müraciət etməyi tövsiyyə edilmişdir. Rüfunə və əri isə «polisə müraciət etdin, mənə nə etdilər, mənə heç kim heç nə edə bilməz» deyə onu hədələmişdirlər. Ondan alınmış 1100 manat dəyərində mallar istifadə edilmişsə, cırılmış və geyilmiş halda həyətinə atıldığı üçün ona vurulmuş maddi zərəri 1100 manat məbləğində qiymətləndirir. Ona vurulmuş maddi zərəri yuxarıda qeyd olunduğu kimi cavabdehdən başqa yolla ala bilmədiyi üçün hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmək və tələb etmək məcburiyyətidədir. Cavabdeh ondan aldığı malların pulunu vermədiyi və onun telefon zənglərini açmadığı üçün cavabdehə ümumi tanışlarından cavabdehə ondan aldığı malların pulunu qaytarması barədə xəbər göndərmişdir. Cavabdeh həmin şəxslərə ondan aldığı malların pulunu qaytaracağını bildirsə də, bu günədək ona vurduğu zərəri ödəməmişdir. Onun göstərdiklərini təsdiq edən sübutları vardır.
Tərəflərin mövqeləri:
3. Məhkəmə iclaslarında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verərək əlavə olaraq bildirdi ki, cavabdeh oğlunun sinif yoldaşının anasıdır. Online şəkildə alverlə məşğul olur. Cavabdeh ondan mal alıb satırdı. 1-2 dəfə alıb vaxtında ödəniş etmişdir. Onu heç vaxt aldatmayacağını düşünmüşdür. Sonradan hamını aldatdığını öyrənmişdir. Ödəniş etdiyi zamanlar da olurdu. Məhkəməyə müraciət edəcəyini bildirəndə heç kimdən və heç nədən qorxmadığını bildirmişdir. Cavabdeh həyat yoldaşı ilə birlikdə iş görür. Yoldaşı onu döydüyü üçün heç kim onlara yaxınlaşmır. Cavabdeh aldığı malı 3 ay sonra geyinilmiş şəkildə geri qaytarmaq istəyir. Öz adına almış, toyda geyinmişdir. Sonda məhkəmədən iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi.
4. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında bildirdi ki, iddiaçı ilə aralarında səmimiyyət olmuşdur. Malı ailəsi üçün almış, ödənişlər də edirmiş. 500-600 manatlıq mal almışdır. 100 manatlıq mal hal-hazırda iddiaçının özündədir. İddiaçının təqdim etdiyi siyahıdakı mallardan 285 manat dəyərində çanta ondadır, 70 manat dəyərində ayaqqabının ödənişini edib,ətirlər onda deyil, iddiaçının özündədir, 25 manat dəyəri olan sarı rəngdə köynək ondadır. Siyahıda qeyd edilən 18 manat dəyərində şalvar onda deyil, ona 30 manat dəyərində bənövşəyi şalvar satılmışdır. Həmin şalvar ondadır. 33 manat dəyəri olan xalat ondadır. Xətli cibli kofta ola bilər ki, ondadır. 20 manat dəyərində qırış üçün maska onda deyil, özündədi, malı almış, lakin sata bilmədiyindən qaytarmışdır. Aralarında belə razılaşma olmuşdur ki, malı alır sata bilmədiyi halda iddiaçıya qaytarırdı. Dəyəri 25 manat olan saç maskası, 25 manat olan kapşon ondadır. 15 manat dəyəri olan lasini özü üçün almış, ödənişini etmişdir. 20 manat dəyərində alt paltarları, uşaq üçün 45 manat dəyərində dəst ondadır. Uşaq üçün 2 ədəd hər birinin dəyəri 8 manat olan köynək, və 2 ədəd hər birinin dəyəri 8 manat olan şalvar almışdır. Uşaq üçün bot almamışdır. 13 manat dəyəri olan şampun iddiaçının özündə qaytardığı malların içindədir. Dəyəri 18 manat olan nakleykalı şalvarı 1 həftə əvvəl özünə qaytarmışdır. Dəyəri 5,50 manat olan alt paltarı ondadır. Hər birinin dəyəri 65 manat olan 2 ədəd ədəd kurtqa ondadır. 40 manat dəyəri olan bot ondadır. Dəyəri 40 manat olan deyil, 30 manat olan bənövşəyi şalvar ondadır. Məhkəmə baxışının hədləri:
5. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
Tətbiq edilən hüquq:
6. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
-567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. -600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. -600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər - 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. - 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. - 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. - 425.1-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. -462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. -467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
7. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iş materiallarını tədqiq edərək, tərəfləri dinləyərək və işdə olan sübutları qiymətləndirərək, qeyd edir ki, iddia tələbi qismən təmin edilməlidir.
8. Belə ki, tərəflərin izahatı əsasında və eyni zamanda məhkəməyə təqdim edilmiş “Whatsap” yazışmaları, səs yazıları və video görüntülər əsasında müəyyən olunur ki, iddiaçı və cavabdeh arasında şifahi qaydada nisyə alqı-satqı müqaviləsi bağlanmışdır. Onlar arasında olan razılaşmaya əsasən İddiaçı Cavabdeh müəyyən malları satılmış, sonuncu isə həmin malların dəyərinin ödənilməsi ilə bağlı üzərinə öhdəlik götürmüşdür.
9. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən cavabdehə satılan mallar daşınar əşyalar olduğundan və eyni zamanda qanunvericiliyə əsasən həmin əşyalar daşınar əşyaların rəsmi reyestrində qeydə alınmalı olan əşyalar olmadığından tərəflər arasında bağlanmış şifahi alqı-satqı müqaviləsi qanunveriliyin tələblərinə zidd olmamışdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin alğı-satqı müqaviləsi ilə bağlı münasibətləri tənzimləyən 29-cu fəslində qeyd edilən əşyaların alqı-satqısı ilə bağlı şifahi müqavilənin bağlanmasını istisna edən hər hansı bir şərt nəzərdə tutulmamışdır. Tərəflərin izahatlarından görünür ki, onlar arasında bağlanmış alqı-satqı müqaviləsi nisyə alqı-satqı müqaviləsi olmaqla əşyaların dəyərinin hissə-hissə ödənilməsi ilə bağlı deyil, alınan əşyanın dəyərinin alıcı tərəfindən müəyyən müddət sonra ödənilməsi ilə bağlı olmuşdur.
10. İddiaçı tərəfindən məhkəməyə videogörüntü təqdim edilmişdir ki, həmin videogörüntü də iddiaçının cavabdehə satdığı və dəyərini tələb etdiyi malların siyahısı öz əksini tapmışdır. Audio və video yazısı həyata keçirilən 13 avqust 2024-cü il tarixli məhkəmə iclasında cavabdeh qeyd edilən malların müəyyən hissəsinin onda olduğunu etiraf etmişdir. Cavabdehin onda olduğunu etiraf etdiyi malların siyahısına aşağıdakılar daxildir: - 285 manat dəyəri olan çanta; -25 manat dəyəri olan sarı rəngdə köynək; -33 manat dəyəri olan xalat; -30 manat dəyəri olan xətli cibli kofta; -25 manat dəyəri olan saç maskası; -25 manat dəyəri olan kapşon; -20 manat dəyərində alt paltarları; - 45 manat dəyərində uşaq üçün dəst; - 2 ədəd hər birinin dəyəri 8 manat, ümumilikdə 16 manat olan köynək; -2 ədəd hər birinin dəyəri, ümumilikdə 16 manat olan şalvar; -5,50 manat dəyəri olan alt paltarı ; -Hər birinin dəyəri 65 manat olan 2 ədəd kurtqa; - 40 manat dəyəri olan bot; -30 manat dəyəri olan bənövşəyi şalvar;
11. Beləliklə cavabdehin məhkəmə iclasında onda olduğunu etiraf etdiyi yuxarıda qeyd etdiyi malların ümumi dəyəri 725,50 manat təşkil edir. Eyni zamanda məhkəmə qeyd edir ki, cavabdeh məhkəmə iclasında onda 500-600 manat dəyərində malın olduğunu bildirsə də, daha sonra siyahı üzrə dəyərləri qeyd edilmiş yuxarıda adları qeyd edilən malların hər birinin onda olduğunu ayrı-ayrılıqda etiraf etmişdir.
12. Cavabdeh müəyyən qisim malların iddiaçı tərəfindən ona verildiyini, lakin ödənişini həyata keçirdiyini bildirmişdir. İddiaçı tərəfindən təqdim edilmiş videogörüntüdə olan siyahıda qeyd edilmiş və cavabdeh tərəfindən ödənişinin həyata keçirildiyi bildirilən mallara adları və dəyəri aşağıda qeyd edilən mallar daxildir: -70 manat dəyərində ayaqqabı; -15 manat dəyəri olan lasin;
13. Cavabdehin ödənişini həyata keçirdiyini bildirdiyi yuxarıda adları qeyd edilən malların ümumi dəyəri 85 manat təşkil edir.
14. Cavabdehin məhkəmə iclasında onda olmadığını bildirdiyi malların siyahısına aşağıdakılar daxildir: -Dəyəri 44 manat olan bir ədəd və dəyəri 40 manat olan iki ədəd ətir; - 18 manat dəyərində şalvar; -20 manat dəyərində qırış üçün maska; -13 manat dəyəri olan şampun; -18 manat dəyəri olan nakleykalı şalvar;
15. Məhkəməyə iddiaçı tərəfindən təqdim edilmiş videogörüntüdə iddiaçı 3 ədəd ətiri, 1 ədəd şampunu və 1 ədəd çantanı göstərərək həmin malların onda olduğunu və iddiaçı tərəfindən geri qaytarıldığını və işlənmiş mallar olduğunu qeyd edir. Həmin malların dəyərində cavabdehdən tələb edir.
16. Məhkəmə ilk növbədə qeyd edir ki, iddia tələbli bilavasitə sübutetmə yükü ilə bağlıdır. Məhkəmə qətnaməsinin əsaslılığı və qanuniliyi baxımından bu institut xüsusi əhəmiyyət kəsb edir.
17. Sübutetmə dedikdə, iddianın əsaslandığı bir hüququn və ya buna qarşı etirazın söykəndiyi halların (hadisələrin) olub-olmadığı haqqında məhkəmənin qənaətə gəlməsi üçün həyata keçirilən prosessual fəaliyyət başa düşülür. Bu baxımdan sübutetmənin predmetini tərəflərin mübahisələndirdikləri hal(lar) təşkil edir. O mübahisəli hallar ki, qanunverici onların mövcud olub-olmamasına hüquqi bir nəticə bağlayır. Başqa sözlə, hansısa halın baş verib-verməməsi şəxsin hüququnun yaranması, itirilməsi və s. kimi hüquqi nəticə yaradır. Məhz bu cür halların sübuta yetirilməsi üçün tərəflərin məhkəməyə dəlil təqdim etmələri zəruridir. Bu baxımdan tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğu və ya olmadığı barədə məhkəmənin əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
18. Məhkəmə hansı halların sübuta yetirilməli olduğunu təsbit etdikdən sonra həmin halların sübut edilməsi yükünün kimin üzərinə düşdüyünü müəyyən etməlidir. Nəzərə alınmalıdır ki, sübutetmə yükü qanunda xüsusi bir qayda nəzərdə tutulmadığı halda iddia edilən halın mövcudluğuna (baş verməsinə) bağlanan hüquqi nəticədən xeyir görən tərəfə aidir.
19. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
20. Məhkəmə qeyd edir ki, hazırki halda tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsi əsasında iddiaçının tələb etdiyi 1100 manat dəyərində malın cavabdehə satıldığını sübut etmək vəzifəsi bunu tələb edən iddiaçının üzərinə düşür. İddiaçı tərəfindən cavabdehə müəyyən məbləğdə malların satıldığı onlar arasında olan “Whatsap” yazışmaları, səs yazıları, videogörüntülər, eyni zamanda cavabdehin məhkəmə iclasında verdiyi izahatlar əsasında sübut olunur.
21. Satılan malların dəyərinə gəldikdə isə məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən məhkəməyə təqdim edilən sənədlərlə cavabdehə konkret olaraq hansı məbləğdə malların satıldığı müəyyən edilməsə də və eyni zamanda onun tərəfindən məhkəməyə təqdim edilmiş iddiaçıya satılmış malların adları və dəyərinin olduğu siyahı yalnız onun özü tərəfindən tərtib edilsə də, cavabdeh qeyd edilən siyahıda olan malların müəyyən hissəsinin onda olduğunu məhkəmə iclasında izahatlarında bildirmişdir. Beləliklə cavabdeh tərəfindən iddiaçının ona satıldığını və dəyərinin ödənilmədiyini iddia etdiyi malların müəyyən bir qisminin onda olması onun izahatları ilə öz təsdiqini tapmışdır.
22. Belə ki, cavabdehin izahatında onda olduğunu bildirdiyi yuxarıda da adları qeyd edilən malların ümumi dəyəri 725,50 manat təşkil edir və o bu məbləğdə malı cavadehdən aldığını öz izahatı ilə təsdiq etmişdir.
23. Cavabdeh 70 manat dəyərində ayaqqabı və 15 manat dəyəri olan lasinin iddiaçı tərəfindən ona satıldığını, lakin dəyərini ödədiyini bildirmişdir. Belə olan halda məhkəmə hesab edir ki, qeyd olunan malların dəyərini ödənildiyini sübutetmə yükü cavabdehin üzərinə düşür. Lakin cavabdeh tərəfindən ödənişlərin həyata keçirildiyini təsdiq edən hər hansı bir sübut məhkəməyə təqdim edilməmişdir. Bununla da cavabdeh tərəfindən qeyd edilən mallara görə ödənişin həyata keçirildiyi sübut edilməmişdir.
24. Cavabdeh məhkəmə iclasında müəyyən qisim malların onda olmadığını (Dəyəri 44 manat olan bir ədəd və hər birinin dəyəri 40 manat olan iki ədəd ətir, 13 manat dəyəri olan şampun) bildirmişdir ki, həmin malların iddiaçıda olduğu, onun məhkəməyə təqdim etdiyi videogörüntülərlə öz təsdiqini tapır. İddiaçı videogörüntülər də həmin malların ona işlənmiş vəziyyətdə qaytarıldığını iddia edir ki, həmin videogörüntüdə qeyd edilənlər məhkəmənin qəti qərara gəlməsi üçün əsas təşkil edə bilməz. Çünki həmin malların istifadə edilib-edilməməsinin videogörüntülər əsasında müəyyən edilməsi mümkün olmamaqla yanaşı, iddiaçının özü tərəfindən də istifadə edilməsi istisna edilmir. Belə olan halda məhkəmə hesab edir ki, həmin hissədə iddia təmin edilməməlidir. Həmin malların cavabdehdə olmadığı halda dəyərinin ondan tələb edilməsini məhkəmə əsaslı hesab etmir.
25. Bundan başqa cavabdeh siyahıda adı qeyd edilən 18 manat dəyərində şalvarın və uşaq üçün botun ona satılmadığını bildirmişdir ki, iddiaçı tərəfindən qeyd edilən halın əksini təsdiq edəcək hər hansı bir sübut məhkəməyə təqdim olunmamışdır.
26. Bundan başqa cavabdeh izahatında 20 manat dəyərində qırış üçün maskanın iddiaçı tərəfindən ona satıldığını, lakin sonra həmin məhsulu geri qaytardığını bildirmişdir ki, həmin malın geri qaytarıldığını təsdiq edən sənədi məhkəməyə təqdim etməmişdir.
27. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.4-cü maddəsinin tələbinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər
28. Beləliklə məhkəmə yuxarıda qeyd edilənlərə əsasən belə nəticəyə gəlir ki, cavabdehdən iddiaçının xeyrinə ümumilikdə 830,50 (725,50+85+20) manat məbləğində pul vəsaiti tutulmalıdır.
Nəticə:
29. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏTETDİ:
İddia tələbi qismən təmin edilsin. Cavabdeh 830,50 manat məbləğində pul vəsaiti və ödənilmiş 36 manat məbləğində dövlət rüsumunun 30 manat hissəsi tutularaq İddiaçı xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Vəfa Şirəliyeva