Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-322/2022 13.05.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Əsədli İlahə Yusif qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh1 qarşı avtomobilə vurulmuş ziyanın bərpa edilməsi və pul tələbinə dair mülki işə 13 may 2022-ci il tarixdə Sumqayıt şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 vurduğu ziyana görə 3052 manat məbləğində pulun tutulub ona verilməsi və ya avtomobilin təmir olunması və ödənilmiş 30,40 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, idarə etdiyi “Opel-Vectra” markalı ** DU *** saylı dövlət nömrə nişanlı avtomobil Azərbaycan Dövlət Sığorta Şirkətinin Gəncə filialı tərəfindən sığorta olunmuşdur. 12.05.2021-ci il tarixdə adına olan “Opel-Vectra” markalı ** DU *** Dövlət qeydiyyat nişanlı avtomobil ilə təxminən 14-00 radələrində Göygöl-Toğana yolunun sağ hissəsində qanunla müəyyən olunmuş qaydada dayanmış, “Hyundai A-30” markalı ** PZ *** Dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh1 hərəkət zamanı idarəetməni itirərək ona məxsus “Opel-Vectra” markalı avtomobilin arxa hissəsinə gəldiyi surətlə vuraraq ciddi maddi ziyan vurmuşdur. İş halhazırda Göygöl rayon X1 Xidmətinin icraatında olsa da 4 aydır ki, ona dəymiş ziyandan heç bir manat da ödənilməmişdir. Hadisə zamanı xəsarət alan olmamışdır. Polisə müraciəti əsasında avtomobilə viziual baxış keçirilərək Qüsur Aktı tərtib edilmiş və dəymiş maddi ziyanın dəyəri 3052 (üç min əlli iki) manat təyin edilmişdir. O, dəfələrlə Cavabdeh1 müraciət etsə də o, ona hədə qorxu gələrək vurduğu zərəri ödəməkdən dolayı yollarla boyun qaçırmışdır. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbini müdafiə etdiyini bildirdi və əlavə olaraq qeyd etdi ki, maşının təmiri ilə əlaqədar bankdan 2500 manat pul götürmüş, maşınını təmir etdirmişdir və hazırda həmin maşından istifadə edir. Əlavə olaraq qeyd etdi ki, ekspert rəyi ilə razıdır. İddiaçı qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməsini, cavabdeh tərəfindən dəymiş ziyanın ödənilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq (SS780725858AZ saylı poçt göndərişinin təqdim edilməsi barədə xəbərnaməyə və SMS xəbərdarlığın AZEMİS vasitəsi ilə göndərilməsinə dair bildirişə əsasən) iş üzrə Cavabdeh1 məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən məhkəmə işə cavabdehin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə tərəfindən işin halları müəyyən edilərkən aşağıdakı sübutlara istinad olunmuşdur: İş materiallarında olan Avtomotoservis və Ticarət Gəncə Müəssisəsinin 23K nömrəli, 27 may 2021-ci il tarixli qüsur aktından görünür ki, “Opel-Vectra” markalı ** DU *** Dövlət qeydiyyat nişanlı avtomobilə 3052 manat məbləğində ziyan dəymişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 31 mart 2022-ci il tarixli, 9/1006 nömrəli rəyindən görünür ki, nəzəri hesablama yolu ilə, "xxxx" Gəncə Müəssisəsinin 27.05.2021-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 1996-cı il buraxılışlı “Opel Vectra” markalı, ** DU *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 2872,0 manat müəyyən edilmişdir. İş materialında olan Göygöl RPŞ-nin İB-nin 01 iyun 2021-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarından görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən Cavabdeh1 əməlində Azərbaycan Respublikası CM-nin 263-cü maddəsində nəzərdə tutulan cinayət əməlinin tərkibi olmadığından barəsində cinayət işinin başlanması əməldə cinayət tərkibinin olmaması əsası ilə rədd edilmiş, Cavabdeh1 əməlində Azərbaycan Respublikası İXM-nin 469.3-cü maddəsinin tərkib əlamətləri olduğundan barəsində inzibati tənbeh tədbiri görülməsi üçün qərarın sürətinin Göygöl RPŞ-nin DYPB-nə göndərilməsi qərara alınmışdır. İşdə olan AC seriyalı 779968 saylı Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, sedan tipli, buraxılış ili 1996-cı il olan “Opel Vectra” markalı, ** DU *** dövlət qeydiyyat nişanlı avtomobil 24.11.2016-cı il tarixdən İddiaçı mülkiyyətindədir. Göygöl Rayon Prokurorluğunun 03.09.2021-ci il tarixli məktubunda qeyd edilmişdir ki, 12.05.2021-ci il tarixdə Göygöl rayonu Toğanalı kəndi ərazisində İddiaçı məxsus “Opel Vectra” markalı **-DU-*** dövlət qeydiyyat nişanlı avtomobillə Cavabdeh1 idarə etdiyi “Hyundai” markalı **-PZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin toqquşması ilə əlaqədar sonuncu tərəfindən İddiaçı dəymiş maddi ziyanın ödənilməməsi barədə rayon prokurorluğuna daxil olmuş eyni məzmunlu müraciətlərə baxıldığı və aidiyyatı üzrə məhkəməyə müraciət etmək hüquqununun olduğu bildirilmişdir. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, 12.05.2021-ci il tarixdə təxminən 14-00 radələrində Cavabdeh1 idarə etdiyi “Hyundai A-30” markalı ** PZ *** Dövlət qeydiyyat nişanlı avtomobil Göygöl-Toğana yolunun sağ hissəsində İddiaçı istifadəsində olan “Opel-Vectra” markalı ** DU *** dövlət qeydiyyat nişanlı avtomobil ilə toqquşmuş, nəticədə “Opel-Vectra” markalı ** DU *** dövlət qeydiyyat nişanlı avtomobilə ziyan dəymişdir. Məhkəmə iddia tələbinin məzmunu ilə əlaqədar aşağıdakıları qeyd edir: Mülki hüququn ən vacib institutlarından biri olan mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər mülki hüquq öhdəlikləri sistemində əsas yerlərdən birini tutur. Bu öhdəliyin məzmunu hər hansı bir şəxsə ziyan vuran subyektin məsuliyyəti ilə şərtlənir. Delikt öhdəliyi aşağıdakı xüsusiyyətlər ilə səciyyələnir: - qanundan əmələ gəlməsi; - həm əmlak, həm də şəxsi qeyri-əmlak münasibətləri sahəsində tətbiq edilməsi; - zərərçəkənə vurulmuş zərərin əvəzinin tam həcmdə ödənilməsi və s. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər,bu şərtlə ki,qanunda və müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. - 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər,əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. - 21.3-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin ,onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. - 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). - 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. - 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qeyd edilən maddələrin məzmunundan göründüyü kimi, şəxs törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və vurduğu zərərin əvəzini ödəməlidir. Mülki Məcəllənin 1108-ci maddəsi ətrafdakılar üçün yüksək təhlükə yaradan fəaliyyətlə vurulmuş zərərə görə məsuliyyəti müəyyən edir. Bu Məcəllənin 1108.3-cü maddəsində yüksək təhlükə mənbələrinin (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) qarşılıqlı təsiri nəticəsində dəymiş zərərin əvəzinin ümumi əsaslarla onların sahiblərinə ödənilməsi nəzərdə tutulmuşdur. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Göründüyü kimi zərərçəkmişə dəymiş zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə ya mülkiyyət hüququ ilə sahiblik edən şəxsin, ya da nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Göygöl RPŞ-nin İB-nin 01 iyun 2021-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarından görünür ki, Cavabdeh1 öz izahatında "xxxx" MMC-ə məxsus Hyundai İ30 minik markalı **-PZ-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobili etibarnamə ilə idarə etdiyini, 13 may 2021-ci il tarixdə Bakı şəhərindən bacısı Aysel Rrzayeva və onun azyaşlı övladı Kənan Rzayev ilə birlikdə idarə etdiyi avtomobil ilə Göygöl rayonuna istirahət etmək üçün yola düşdüklərini, həmin tarixdə saat 16 radələrində Göygöl rayonu Toğanalı avtomobil yolu ilə saatda 30-40 km saat surətlə hərəkətdə olan zaman avtomobilin sol qabaq təkəri partladığından avtomobil üzərində idarəetməni itirdiyini və avtomobilin qabaq sol hissəsinin yolun sağ kənarında dayanmış vəziyyətdə olan Opel Vectra markalı **-DU-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa hissəsinə çırpılıb daha sonra ağac kollarına dəyib dayandığını bildirmişdir. Həmin qərarda həmçinin qeyd edilmişdir ki, aparılmış araşdırma zamanı müəyyən edilmişdir ki, Cavabdeh1 idarə etdiyi Hyundai İ30 markalı **-PZ-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobil ilə 13 may 2021-ci il tarixdə saat 16 radələrində Göygöl-Toğanalı avtomobil yolunun Göygöl rayonu Toğanalı kəndindən keçən hissəsində hərəkətdə olarkən avtomobilin təkəri partalaması səbəbindən idarəetməni itirmiş və idarə etdiyi avtomobil yolun sağ kənarında dayanmış vəziyyətdə olan Opel Vectra markalı **-DU-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilə 3052 (üç min əlli iki) manat avtomobilə maddi ziyan vurulmasına səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə hesab edir ki, baş vermiş yol nəqliyyat hadisəsi Cavabdeh1 tərəfindən törədildiyindən həmin hadisə nəticəsində “Opel-Vectra” markalı ** DU *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyan Cavabdeh1 tutularaq avtomaşının mülkiyyətçisi olan İddiaçı ödənilməlidir. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir (Mülki Prosessual Məcəllənin 14.1-ci maddəsi). Həmin Məcəllənin 14.2-ci maddəsində isə qeyd edilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göründüyü kimi, mülki icraatda məhkəmə həqiqətin müəyyən edilməsinə yalnız tərəflərin təqdim etdikləri sübutlar çərçivəsində nail ola bilər. Bu baxımdan tərəflərin təqdim etdikləri sübutların obyektiv, qərəzsiz və hərtərəfli araşdırılması mülki prosessual qanunvericilikdə məhkəmənin üzərinə qoyulmuş əsas vəzifələrdən biridir. İstinad olunan Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 77.1-ci maddəsində sübutetmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən iddiaçı və cavabdeh, yəni tərəflər öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır və təmin edilməlidir. Məhkəmə tərəfindən iddiaçıya məxsus “Opel-Vectra” markalı ** DU *** dövlət qeydiyyat nişanlı avtomaşının təmir-bərpa xərci ilə bağlı ekspertiza təyin edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 31 mart 2022ci il tarixli, 9/1006 nömrəli rəyindən görünür ki, "xxxx" Gəncə Müəssisəsinin 27.05.2021 -ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 1996-cı il buraxılışlı “Opel Vectra” markalı, ** DU *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 2872,0 manat müəyyən edilmişdir. Qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh1 tərəfindən yol nəqliyyat hadisəsi nəticəsində İddiaçı məxsus avtomobilə dəymiş zərərə görə 2872 manat məbləğində pul Cavabdeh1 tutularaq İddiaçı ödənilməlidir. Məhkəmə onu da qeyd edir ki, iddiaçı hazırda avtomobilini özü təmir etdirdiyindən iddia tələbi avtomobilin cavabdeh tərəfindən təmir olunması hissəsində təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə dövlət rüsumu ilə bağlı isə hesab edir ki, iddia əsas hissədə təmin edildiyindən iddiaçı tərəfindən ödənilən 30 manat dövlət rusumu da cavabdehdən tutulub iddiaçıya ödənilməlidir. Eyni zamanda məhkəmə hesab edir ki, iş üzrə keçirilmiş ekspertiza xərci təmin edilmiş tələbə münasib olaraq cavabdehə aid edilməlidir. İş materiallarında olan ekspertiza xərclərinə dair bildirişdən görünür ki, hazırki iş üzrə ekspertiza xərci 100 manat təşkil etmişdir. Azərbaycan Respublikası MPM-in 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. İddiaçı məxsus avtomobilə dəymiş zərərə görə 2872 (iki min səkkiz yüz yetmiş iki) manat məbləğində pul və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu Cavabdeh1 tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. İş üzrə təyin edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının xərci olaraq Cavabdeh1 100 (bir yüz) manat tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin AZ41NABZ******************** saylı bank hesabına köçürülsün. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Tanrıverdiyeva
Məhkəmə qərarları › İş №2(060)-322/2022
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-322/2022
13.05.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver