Məhkəmə qərarları › İş №2(060)-3220/2022

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-3220/2022

13.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-3220/2022 13.05.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Elmir Xoşbəxt oğlu, Tərəflərin iştirakı olmadan, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borcun tutulmasına dair iddiası üzrə mülki işə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında, kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kiçik iddialara dair sadələşdirilmiş qaydada ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 İnşalah oğlundan müştərək qaydada İddiaçı ASC-nin xeyrinə 11.06.2021-ci il tarixli kredit müqaviləsi üzrə 991,64 manat əsas, 116,73 manat faiz, 21,62 manat cərimə borcu olmaqla ümumilikdə cəmi 1129,99 manat borcun və 31,30 manat ödənilmiş dövlət rüsumunun əvəzinin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 ilə İddiaçı ASC arasında bağlanmış 11.06.2021-ci il tarixli müqaviləyə əsasən borcluya 15 ay müddətinə, illik 25 % olmaqla 1300 manat kredit verilmişdir. Borcun təminatı olaraq Cavabdeh2 ilə 11.06.2021ci il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Lakin borclu müqavilə üzrə öhdəliklərini vaxtlı vaxtında yerinə yetirməmiş,ona edilən xəbərdarlıqlara baxmayaraq borcunu gecikdirmiş, ödəniş etməmiş və beləliklə, müqavilənin şərtlərini pozmuşdur. Hazırda cavabdehin banka 991,64 manat əsas, 116,73 manat faiz, 43,23 manat cərimə borcu vardır. Cavabdeh1 11.06.2021-ci il tarixli kredit müqaviləsi üzrə cərimə borcunun 43,23 manat təşkil etməsinə baxmayaraq cərimə məbləği kredit müqaviləsində nəzərdə tutulmuş və təqdim olunmuş maliyyə arayışı üzrə ümumi cərimə məbləğinin 50 %-i miqdarında olmaqla, yəni 21,62 manat məbləğində tələb olunur. Odur ki, İddiaçı ASC məhkəmədən iddia tələbinin təmin olunmasına dair qətnamə çıxarılmasını xahiş edir. Cavabdehlərə iddia tələbi barədə bildiriş göndərilmiş, lakin onlar tərəfindən həmin tələblə bağlı nəzərdə tutulmuş müddət ərzində etiraz daxil olmamışdır. Məhkəmə təqdim edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Belə ki, iş materiallarında olan - İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 11.06.2021-ci il tarixli sazişdən görünür ki, borcluya 15 ay müddətinə, 25 % olmaqla 1300 manat kredit verilmişdir. - İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış 11.06.2021-ci il tarixli zaminlik müqaviləsinə əsasən zamin kreditor qarşısında öz öhdəliklərinin tamamilə və ya hissəhissə icra edilməsi üçün məsuliyyəti üzərinə götürür. - İddiaçı ASC-nin 31.03.2022-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 991,64 manat əsas, 116,73 manat faiz, 21,62 manat cərimə borcu olmaqla ümumilikdə cəmi 1129,99 manat borcu vardır. Beləliklə, məhkəmə araşdırılması zamanı müəyyən olundu ki, İddiaçı ASC ilə borclu Cavabdeh1 arasında bağlanmış 11.06.2021-ci il tarixli kredit müqaviləsinə əsasən borclu götürdüyü kredit borcunu, faiz dərəcələri ilə birlikdə 15 ay müddətinə ödəməyi öhdəsinə götürmüş, lakin nəzərdə tutulan öhdəliyin yerinə yetirilməsinə dair borcluya xəbərdarlıq məktubunun göndərilməsinə baxmayaraq, öhdəlik cavabdeh tərəfindən yerinə yetirilməmişdir. Cavabdehin 991,64 manat əsas, 116,73 manat faiz, 21,62 manat cərimə borcu olmaqla ümumilikdə cəmi 1129,99 manat borcu yaranmışdır. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Bu Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş diqər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Sözügedən Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəlləsinin 5.3-cü maddəsinə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Beləliklə, məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək, sadalanan maddi hüquq normalarına əsaslanaraq və həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, Cavabdeh1 iddiaçıdan aldığı kredit üzrə əsas borcu və müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair öhdəliklərin daşıyıcısı olmuşdur. Lakin cavabdeh 11.06.2021-ci il tarixli kredit müqaviləsi üzrə öhdəliklərini icra etməyərək kredit müqaviləsinin tələblərini pozmuş və iddiaçı qarşısında pul öhdəliyini yerinə yetirməmişdir. Ona görə də iddiaçının 11.06.2021-ci il tarixli kredit müqaviləsi üzrə əsas və faiz borcunun cavabdehlərdən tutulması hissədə iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 77.1.-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2.-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4.-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İddia tələbindən göründüyü kimi cavabdehdən eyni zamanda hesablanmış 21,62 manat məbləğində dəbbə pulunun tutulması tələb olunur. Məhkəmə hesab edir ki, cavabdehdən 21,62 manat məbləğində dəbbə pulunun tutulması tərəflərin maraqlarına uyğun hesab edilməlidir. Məhkəmə iddianın ödənilmiş dövlət rüsumunun tutulması ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, iddia bu hissədə də təmin edilməli, iddianın qiyməti 1000 manatdan 10000 manatadək olduqda məhkəməyə ödənilməli olan dövlət rüsumunun məbləği 30 manat + 1000 manatdan yuxarı olan iddia qiymətinin 1 %-i qədər olmalıdır.(“Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsi) Hazırda iddia tələbinin təmin edilən hissəsi 1129,99 manat olduğundan (991,64 manat əsas+116,73 manat faiz+21,62 manat cərimə=1129,99) iddiaçı tərəfindən ödənilmiş 31,30 manat dövlət rüsumunun əvəzi cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməlidir. MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək bu nəticəyə gəlir ki, iddia tələbi təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 İnşalah oğlundan müştərək qaydada İddiaçı ASC-nin xeyrinə 11.06.2021-ci il tarixli kredit müqaviləsi üzrə 991,64 manat əsas, 116,73 manat faiz, 21,62 manat cərimə borcu olmaqla ümumilikdə cəmi 1129,99 manat borcun və 31,30 manat ödənilmiş dövlət rüsumunun əvəzi tutulmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci, 233, 284-6 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia tələbi təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 İnşalah oğlundan müştərək qaydada 11.06.2021-ci il tarixli kredit müqaviləsi üzrə 991,64 manat əsas, 116,73 manat faiz, 21,62 manat cərimə borcu olmaqla, ümumilikdə 1129,99 manat borc və 31,30 manat ödənilmiş dövlət rüsumunun əvəzi İddiaçı ASC-nin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elmir Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar