Məhkəmə qərarları › İş №2(060)-3222/2022

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-3222/2022

16.06.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-3222/2022 16.06.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Ələkbərov Əfqan Qəzənfər oğlunun sədrliyi, Məmmədli Rəşad Mehman oğlunun katibliyi, İddiaçı, Cavabdeh Nüşrəvan oğlunun iştirakı ilə, İddiaçı Cavabdeh Nüşrəvan oğluna qarşı pul tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Nüşrəvan oğlundan 600 manat nağd pulun, dostunun vasitəsilə göndərdiyi 300 manatın və birgə qazanclarından 1.300 manat olmaqla, cəmi 2.200 manat pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, o, cavabdehlə dostu Mehdiyev Qaçay vasitəsi ilə tanış olmuşdur. Cavabdeh işbirliyi yaratmaq adı altında dələduzluq yolu ilə ondan ilk olaraq 1.060 manat mənimsəmişdir. Belə ki, 2020-ci din iyun ayında cavabdeh Sumqayıtın çıxacağında X1 ərazisində yerləşən arıçılıq və quşçuluq fermasında inkubatoru avtomatik düzəltməyi ondan xahiş etmişdir. O, iki gün ərzində cavabdehin əldəqayırma inkubatorunu düzəldib işə salmışdır. Cavabdeh zəhmət haqqını sonra verəcəyini bildirmişdir. Cavabdeh təxminən 20 gündən sonra ona zəng edərək yaxşı qazanc əldə etmək üçün imkanı olduğunu bildirmiş və ondan 2.000 manat pul istəyərək hind toyuğu balaları alıb, böyüdüb qazanc əldə edib, qazancı onunla şərikli böləcəyini bildirmişdir. O, dostu Qaçayla məsləhətləşib onun vasitəsi ilə əvvəlcə 300 manat göndərmişdir. Qalan pulları “Rabitəbank” vasitəsi ilə və 160 manat yem almaq üçün nəğd özünə vermişdir. Nəticədə məlum olmuşdur ki, cavabdeh heç bir hind toyuğu balaları və yumurtalarını almamışdır. Həmin pulları özünün əyər-əskiklərinə xərcləmişdir. Cavabdeh sonra ona bildirmişdir ki, ziyanlıq olub hind toyuğu balaları qırılıb, yumurtalar da xarab olmuşdur, amma onun verdiyi pulları tezliklə qaytaracaqdır. 2021-ci ilin yanvar-fevral aylarında çətinliklə verdiyi puldan 550 manat almışdır. Sonra cavabdeh yenidən inkubatoru düzəldib işə salmağı ondan xahiş etmişdir. O, cavabdehdə qalan pullarını almaq xatirinə onun təklifi ilə yenə işbirliyinə girib 750 ədəd xüsusi "xarkov" cins toyuq yumurtası alıb inkubatoru işlətmişdir. Onlar bütün fermadakı çatışmayan işləri görmüş, şəraiti düzəltmişdirlər. Artıq 3 ay ərzində 150 ədəd ördək., 50 ədəd qaz, 650 ədəd cücə inkubatorda çıxardıb böyütmüşdürlər. Nəticə əldə olunandan sonra cavabdeh onu fermadan çıxartmışdır. Cavabdehin əsl dələduz oluğunu başa düşərək Sumqayıt şəhəri 5-ci polis bölməsinə şikayət etmiş, lakin ona bildirilmişdir ki, cavabdehin əməlində cinayət tərkibi yoxdur, odur ki, məsələ mülki xarakterlidir və məhkəməyə müraciət etməlidir. Məhkəmə iclasında iddiaçı iddianı müdafiə etdiyini bildirərək, onun təmin olunmasını xahiş etdi. O, əlavə olaraq bildirdi ki, cavabdeh mənimsədiyi 900 manatın 550 manatını qaytarmışdır. Məhkəmə iclasında cavabdeh iddiaçıdan aldığı 900 manat pulu qurmaq istədikləri ümumi işə sərf etdiyini, lakin alınmış cücələrin ölmələri nəticəsində həmin vəsaitin itirildiyini, bununla belə bu məbləğin 550 manatını iddiaçıya qaytardığını bildirdi. Məhkəmə, iddiaçının və cavabdehin izahatını dinləyərək, iş materiallarını araşdıraraq və iş üzrə sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - xx.xx.2021-ci il tarixli Sumqayıt şəhəri 5-ci polis bölməsinin təhqiqatçısı, polis kapitanı Pərviz Babayevin qərarından görünür ki, İddiaçı şikayəti əsasında yoxlama aparılmış, şikayətdə göstərilən xüsusatlar mülki xarakter daşıdığından bununla bağlı olaraq iddiaçı aidiyyəti üzrə məhkəməyə müraciət etməsi izah olunaraq cinayət işinin başlanması rədd edilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, cavabdeh iddiaçıdan birgə iş qurmaq adı ilə 900 manat pul almış, lakin sonra alınmış yumurtaların bir qisminin xarab olması, cücələrin isə ölməsi nəticəsində həmin vəsaitin itirilməsini əsas gətirmiş, sonra isə bu məbləğin 550 manatını qaytarmışdır. Məhkəmə iddia ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Bu Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş diqər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Sözügedən Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2- ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1- ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qeyd olunan Məcəllənin 1092.2-ci maddəsinə əsasən əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarından görünür ki, AR MM-in 449.1-ci maddəsində əksini tapmış «ondan faydalanmağa görə» müddəası özgəsinin pul vəsaitinin qanunsuz saxlanılması, onu qaytarmaqdan boyun qaçırılması, onun ödənilməsinin digər şəkildə gecikdirilməsi və ya başqa şəxsin hesabına pul vəsaitinin əsassız əldə edilməsi və ya toplanılması nəticəsində MM-in 152.3-cü maddəsində göstərilmiş gəlirin, artımın, bəhərin və ya sair maddi xeyirin əmələ gəlməsini nəzərdə tutur. Beləliklə, məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək, sadalanan maddi hüquq normalarına əsaslanaraq və həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, cavabdeh hüquqi əsas olmadan iddiaçının hesabına əmlak əldə etmişdir. Belə ki, cavabdehin varlanmasına, yəni iddiaçının 350 manat pulunu əldə etməsinə haqq qazandıran qanuni əsas və ya müqavilə əsası mövcud deyildir. Cavabdeh sonradan aldığı pulları şərikli işlərinə sərf etməsini, eləcə də bu vəsaitin ümumi işlərinin özünü doğrultmaması nəticəsində itirilməsini sübuta yetirmədi. Odur ki, məhkəmə iddianı bu hissədə əsaslı sayır və belə qənaətə gəlir ki, əsassız varlanmış şəxs-cavabdeh əldə etdiklərini məhrum olana-iddiaçıya qaytarmalıdır. Eyni zamanda iddianın əldə olunmuş qazancdan 1.300 manat tələb olunması hissəsi əsassızdır. Belə ki, cavabdehin borcun qaytarılmamış hissəsindən faydalanmasına (gəlirin, artımın, bəhərin və ya sair maddi xeyirin əmələ gəlməsi), qazanc əldə etməsinə dair sübutlar, bu halı təsdiqləyən dəlillər məhkəməyə təqdim olunmadı. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin olunmalı, Cavabdeh Nüşrəvan oğlundan 350 manat pul İddiaçı xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bu Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh Nüşrəvan 350 manat pul tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Əfqan Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar