Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-3241/2022 27.07.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X1 Behbudovanın sədrliyi, Mehriban Hüseyn qızı Həsənlinin katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə uzun illər tanış olmaqla uzaq qohumluqları olmuşdur. O, kommersiya fəaliyyəti ilə məşğul olmuş və 2014-cü ildə cavabdeh bu işlərdə onunla işləməyə razılıq istəmiş, o da razılaşmış, cavabdeh onunla işləməyə başlamışdır. İşin xüsusiyyətlərini mənimsəyəndən sonra cavabdehə öz adından etibarnamə vermiş və cavabdeh bütün işləri artıq özü sərbəst görməyə başlamışdır. Gördüyü işlər - alqı-satqı, alınmış və verilmiş pullar və digər bütün işlər barədə onun elektron poçtuna hesabatlar göndərmiş və o isə bunlara nəzarət etmişdir. Bir qədər sonra o, gəlirin kəskin azaldığını hiss etmiş və bu barədə cavabdehdən soruşanda cavabdeh bunu bəzi borclarına görə pulların ümumi dövriyyədən çıxarılması və bəzi şəxslərin ona çatası pulları verməməsi ilə əlaqələndirmişdir. O, artıq cavabdehdən şübhələnmiş, özünün hesabatı ilə ona verdiyi hesabatlar arasında kəskin fərqlər üzə çıxmışdır. Bundan sonra dəqiq hesablamalar apardıqdan sonra cavabdehin onun 43.000 ABŞ dollarını və şirkətdən alacağı 25.000 manat pulunu mənimsədiyi məlum olmuşdur. Bundan əlavə, anbarda da 50.000 manat dəyərində mal əskikliyi olmuşdur. Bütün bunlar məlum olanda sonra cavabdeh hər şeyi etiraf etmiş və bütün kəsirləri tez zamanda bərpa edəcəyinə dair söz vermişdir. Lakin cavabdeh verdiyi sözə əməl etməmişdir. Son hesablamalara görə cavabdeh tərəfindən onun 150.000 manat pul və malının mənimsənildiyi müəyyən edildiyi üçün və cavabdeh həmin pulları qaytarmaqda imtina etdiyi üçün 2019-cu ildə Sumqayıt şəhər Polis İdarəsinin 4-cü PB-nə müraciət etmiş, araşdırma aparılmış, həmin araşdırma zamanı cavabdeh təqsirini qismən etiraf etmiş, ona cəmi 28.000 manat borcu olduğunu bildirmişdir. Lakin münasibətlərin mülki xarakterli olduğuna istinad edən təhqiqatçı cinayət işin başlanmasının rədd edilməsi barədə qərar qəbul etmişdir. Bundan sonra o cavabdehin könüllü olaraq mənimsədiyi pulları qaytaracağını gözləmiş, lakin qaytarmamışdır. Sonradan isə cavabdeh həbs edilmişdir. Cavabdeh uzun illərdir ki, etibarından istifadə edib mənimsədiyi pull qaytarmır və o da məcbur olaraq hazırki iddia ilə məhkəməyə müraciət edərək öz pulunu cavabdehdən tələb edir. Qeyd olunanlara əsasən Cavabdeh 28000 (iyirmi səkkiz min) manat borc və ödənilmiş 174 (yüz yetmiş dörd) manat dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsində göstərilənlərə uyğun eyni məzmunlu izahat verib, məhkəmədən iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh rəsmi qaydada məhkəmə bildirişi və SMS bildiriş göndərilməklə, məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş gəlməmə səbəbləri haqqında məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən Cavabdeh iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmə iş üzrə İddiaçı izahatını dinləyib, iş materiallarını araşdırıb, məhkəmə baxışında tədqiq edilən sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Həmin qərarın məzmunundan müəyyən edilir ki, Cavabdeh iddiaçıya məxsus 28000 (iyirmi səkkiz min) manat pulu mənimsədiyini etiraf etmişdir. İş materiallarında olan AR DİN Sumqayıt şəhər Polis İdarəsi 4-cü Polis Bölməsi tərəfindən İddiaçı ünvanlanan xx.xx.2019-cu il tarixli məktubdan görünür ki, iddiaçının Sumqayıt ŞPİ-nin 4-cü PB-nə edilmiş şikayətinə baxılmış, ona qeyd etdiyi xüsusatlarla əlaqədar aidiyyatı üzrə məhkəmə orqanına müraciət etməsi tövsiyə olunmuşdur. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı kommersiya fəaliyyəti ilə məşğul olur. O, Cavabdeh adına etibarnamə vermiş, Cavabdeh İddiaçı adından bütün işləri özü sərbəst görməyə başlamışdır. Daha sonra gəlir azaldığından iddiaçıda şübhələr yaranmış, Polis Bölməsində izahat verən cavabdeh iddiaçıya məxsus 28000 manat pulu mənimsədiyini bildirmişdir. İddiaçı cavabdehin borcu ödəyəcəyini düşünsə də, cavabdeh borcu ödəməmişdir. Hal-hazırda iddiaçı Cavabdeh etiraf etdiyi 28000 manat pulun ona qaytarması ilə bağlı məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə müvafiq olaraq öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli,xidmətlər göstərməli, və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsində göstərilir ki, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 462.1-ci maddəsinə görə, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş diqər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Sözügedən Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəlləsinin 5.3-cü maddəsinə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin 1091-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun C.İsmayılzadənin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 30 oktyabr 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 6 iyun 2014-cü il tarixli qərarında qeyd edir ki, qanuni qüvvəyə minmiş məhkəmə aktı özündə mübahisələndirilən maddi hüququn, yaxud belə hüquqa əsaslanan faktın mövcud olub-olmamasını qəti surətdə müəyyənləşdirir və səlahiyyətli şəxsin tələbi ilə hər hansı qeyd-şərt qoyulmadan onların həyata keçirilməsini ehtiva edir. Məhz bu baxımdan prosessual qanunvericilikdə nəzərdə tutulmuş bütün müdafiə vasitələri istifadə edildikdən sonra qanuni qüvvəyə minmiş məhkəmə aktı təkzib olunmazlıq, müstəsnalıq və məcburilik kimi hüquqi xüsusiyyətlərə malikdir. Qanunvericinin məhkəmə qərarlarının (qanuni qüvvəyə minmiş məhkəmə qərarları da daxil olmaqla) müvafiq məhkəmə instansiyalarında mübahisələndirilməsinə yuxarıda qeyd olunan tərzdə yanaşması qüvvəyə minmiş məhkəmə aktlarının sabitliyinin və hüquqi müəyyənlik prinsipinin təmin olunmasına yönəlmişdir. Bu mövqe İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (bundan sonra – Avropa Məhkəməsi) təcrübəsində də öz əksini tapmışdır. Belə ki, Brumaresku Rumıniyaya qarşı iş üzrə 28 oktyabr 1999-cu il tarixli Qərarda göstərilmişdir ki, hüququn aliliyinin əsas aspektlərindən biri olan hüquqi müəyyənlik prinsipi həmçinin tələb edir ki, məhkəmələr tərəfindən tamamilə həll edilmiş iş üzrə qəbul olunan yekun qərar şübhə doğurmamalıdır. Avropa Məhkəməsinin digər qərarında qeyd olunmuşdur ki, hüquqi müəyyənlik prinsipi “res judicata” prinsipinə (bir dəfə həll edilmiş işə təkrar baxılmanın yolverilməzliyi) hörməti nəzərdə tutur. Bu prinsip onu əks etdirir ki, tərəflər yalnız işə təkrar baxılması və yeni qərara nail olmaq məqsədilə, qanuni qüvvəyə minmiş qərara yenidən baxılmasını tələb edə bilməzlər. İşə yenidən baxılması üzrə yuxarı məhkəmə instansiyasının səlahiyyəti işə mahiyyəti üzrə yenidən baxmaq məqsədilə deyil, məhkəmə səhvlərini, ədalət mühakiməsinin qeyri-düzgün aparılmasını aradan qaldırmaq məqsədilə həyata keçirilməlidir. Yenidən baxma şikayətin gizli forması hesab edilə bilməz, eyni zamanda, bir məsələyə dair iki yanaşmanın mövcud olması yenidən baxma üçün əsas ola bilməz. Yalnız əsaslı və qarşısı alınmaz xarakterli hallara görə məcburiyyət qarşısında qalma bu prinsipdən geri çəkilməyə haqq qazandırır. (Ryabıx Rusiyaya qarşı iş üzrə 24 iyul 2003-cü il tarixli Qərar). Məhkəmə iddia tələbinin əsaslı olmasını işdə tərəf olan şəxslərin yaxın münasibətdə olub bir yerdə işləmələri, həmin münasibətdən irəli gələrək ona etibarnamə verməsi, cavabdehin iddiaçının adından işləri görməyə başlaması, bu zaman onun pulunu istifadə etməsi, Sumqayıt ŞPİ-nin 4-cü PB-də veriyi izahatda iddiaçıya 28000 manat borcunun olduğunu etiraf etməsini işin mübahisə edilməyən halı hesab edir. Məhkəmə Cavabdeh qanunla nəzərədə tutulmuş qaydada məlumatlı edib, iddia tələbinə dair etiraz və mülhaizələri barədə məhkəməyə sübut təqdim etməsinə şərait yaratmasına baxmayaraq, iddia tələbini təqzib edən hər hansı mötəbər sübut məhkəməyə təqdim olunmamışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, «affirmanti, non neganti incumbit probation» (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Beləliklə, məhkəmə işin məhkəmə iclasında tədqiq edilən sübutlarla müəyyən edilən hallarını qiymətləndirərək hesab edir ki, iddia tələbi təmin edilərək 28000 (iyirmi səkkiz min) manat borc və ödənilmiş 174 (yüz yetmiş dörd) manat dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.3-cü maddəsində göstərilir ki, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə, qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh 28000 (iyirmi səkkiz min) manat borc və ödənilmiş 174 (yüz yetmiş dörd) manat dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Aynur Behbudova
Məhkəmə qərarları › İş №2(060)-3241/2022
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-3241/2022
27.07.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver