Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-3248/2021 14.04.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Qoşqarlı Rəşad Nizami oğlunun sədrliyi, Hacıyeva Yeganə Müslüm qızının katibliyi, Cavabdeh1 iştirakı ilə İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «borcun tutulması» tələbinə dair iddiası üzrə mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «borcun tutulması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 08.11.2018-ci il tarixli kredit müqaviləsi üzrə 1.477 manat 87 qəpik əsas borc, 722 manat 99 qəpik faiz, 3.953 manat 18 qəpik cərimə, kredit müqaviləsi üzrə 10.11.2020-ci il tarixdən 25.02.2021-ci il tarizədək gecikdirilmiş vaxt üçün illik 5 %-lə hesablanmış 21 manat məbləğində əldən çıxmış fayda olmaqla, cəmi 6.175 manat 04 qəpik pul vəsaiti və ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı ASC iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh1 08 noyabr 2018ci il tarixli kredit müqaviləsinə əsasən «TBC Kredit» BOKT-dən illik 31 faizlə 24 ay müddətinə 2.000 manat kredit götürmüşdür. Borcun təminatı olaraq 08 noyabr 2018-ci il tarixli Cavabdeh2 ilə zaminlik müqaviləsi bağlanmışdır. «TBC Kredit» BOKT ilə «xxxx» İKB ASC arasında bağlanmış «Tələbin güzəşti barədə» 19 fevral 2019-cu il tarixli müqaviləyə 1 №-li əlavə sazişə əsasən Cavabdeh1 ilə «TBC Kredit» BOKT arasında bağlanmış kredit müqaviləsi üzrə borcu tələb etmək hüququ «xxxx» İKB ASC-yə ötürülmüşdür. Lakin borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırır. 2021-ci il fevral ayının 25-dək Cavabdeh1 banka 08 noyabr 2018-ci il tarixli kredit müqaviləsi üzrə 1.477 manat 87 qəpik əsas borc, 722 manat 99 qəpik faiz, 3.953 manat 18 qəpik cərimə olmaqla, ümumilikdə cəmi 6.154 manat 04 qəpik borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən böoyun qaçırır. Bundan, başqa 25 fevral 2021-ci il tarixli maliyyə arayışına əsasən kredit müqaviləsi üzrə 10.11.2020-ci il tarixdən 25.02.2021-ci il tarizədək gecikdirilmiş vaxt üçün illik 5 %-lə hesablanmış 21 manat məbləğində əldən çıxmış fayda mövcuddur və bu məbləği ümumi borcun üzərinə gəldikdə, cavabdehin ümumi borcu 6.175 manat 04 qəpik təşkil edir. 08 noyabr 2018-ci il tarixli kredit müqaviləsi qüvvədə olduğu müddətdə və kredit müqaviləsinin müddətinin bitdiyi tarixdən hazırkı vaxta kimi cavabdeh tərəfindən götürülmüş kreditə görə öhdəliklər lazımi qaydada yerinə yetirilməmişdir. Bu səbəbdən də, cavabdeh tərəfindən götürülmüş kreditə görə hesablanmış faizlər cavabdeh tərəfindən ödənilməlidir. Belə ki, kredit müqaviləsinin 9.3-cü bəndinə əsasən borc alan üzərinə qoyulduğu öhdəlikləri yerinə yetirməməsi və ya lazımınca yerinə yetirməməsi nəticəsində əldə etdiyi gəlir məbləğindən az olmayan miqdarda, kreditorun əldən çıxmış faydası şəklində zərər, qanunvericilikdə nəzərdə tutulmuş digər zərər banka dəymiş və ödənilməli olan zərər kimi göstərilmişdir. Qanunvericiliyin aidiyyatı normalarına istinad edən iddiaçı məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. İddiaçı Məhkəmə Orqanları ilə İş Şöbəsinin hüquqşünası Ramin Abdullayev vasitəsi ilə məhkəməyə ərizə göndərərək, mülki işə nümayəndələrinin iştirakı olmadan baxılması və iddianın təmin edilməsini xahiş etmiş, məhkəməyə nümayəndənin gələ bilməməsinin üzürlü səbəblə bağlı olduğunu bildirmişdir. Məhkəmə qeyd olunan ərizəni nəzərə alaraq, mülki işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh1 məhkəmə iclasında iddianı qismən qəbul etdi və izahatında bildirdi ki, əsas borcu və faizləri qəbul edir. Lakin iddiaçı məhkəməyə müraciət edərkən dəbbə pulunu həddindən artıq dərəcədə çox göstərmişdir. Həqiqətən öhdəlikləri tam və vaxtında icra etməmişdir. Lakin bu, ondan bu dərəcədə çox cərimə tələb edilməsinə əsas vermir. Məhkəmədən iddianın qismən təmin edilməsini, cərimə məbləğinin məqbul, ödənilməsi real olan həddə endirilməsini xahiş etdi. Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən mülki işə Cavabdeh2 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, Cavabdeh1 izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş sənədlərdən görünür ki, Cavabdeh1 08 noyabr 2018-ci il tarixli kredit müqaviləsinə əsasən «TBC Kredit» BOKT-dən illik 31 faizlə 24 ay müddətinə 2.000 manat kredit götürmüşdür. «TBC Kredit» BOKT ilə «xxxx» İKB ASC arasında bağlanmış «Tələbin güzəşti barədə» 19 fevral 2019-cu il tarixli müqaviləyə 1 №-li əlavə sazişə əsasən Cavabdeh1 ilə «TBC Kredit» BOKT arasında bağlanmış kredit müqaviləsi üzrə borcu tələb etmək hüququ «xxxx» İKB ASC-yə ötürülmüşdür. Rebrendinqdən sonra «xxxx» İKB ASC İddiaçı ASC adlanmağa başlamışdır. Maliyyə arayışından görünür ki, Cavabdeh1 25 fevral 2021-ci il tarixə 08.11.2018-ci il tarixli kredit müqaviləsi üzrə 1.477 manat 87 qəpik əsas borc, 722 manat 99 qəpik faiz, 3.953 manat 18 qəpik cərimə, kredit müqaviləsi üzrə 10.11.2020-ci il tarixdən 25.02.2021ci il tarizədək gecikdirilmiş vaxt üçün illik 5 %-lə hesablanmış 21 manat məbləğində əldən çıxmış fayda olmaqla, cəmi 6.175 manat 04 qəpik borcunun olduğu qeyd edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 08 noyabr 2018-ci il tarixli zaminlik müqaviləsindən görünür ki, Cavabdeh2 kredit müqaviləsi üzrə Cavabdeh1 «TBC Kredit» BOKT qarşısında götürdüyü öhdəliyini icra etmədikdə və ya lazımınca icra etmədikdə həmin öhdəliyin icra edilməsini öhdəsinə götürmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. İş materiallarında olan sənədlərdən göründüyü kimi, Cavabdeh1 yuxarıda qeyd olunan müqavilə üzrə borc verəndən kredit almış, ayrılmış kredit məbləğinin ödəniş planına əsasən qaytarılmasını təmin etməsinə dair borc verən qarşısında öhdəlik götürmüş, lakin ödənişləri vaxtıvaxtında və tam həcmdə yerinə yetirməyərək, öhdəliklərini icra etməmişdir. Xəbərdarlıq məktubundan görünür ki, İddiaçı ASC pretenziya qaydasına riayət edərək, Cavabdeh1 borcu ödəməsini tələb etmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə onu və zamini xəbərdar etmişdir. Ödəniş tapşırığından görünür ki, məhkəməyə iddia ərizəsi təqdim edilməsi üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, 08.11.2018-ci il tarixli kredit müqaviləsi üzrə 1.477 manat 87 qəpik əsas borc, 722 manat 99 qəpik faiz, 395 manat cərimə, kredit müqaviləsi üzrə 10.11.2020-ci il tarixdən 25.02.2021-ci il tarizədək gecikdirilmiş vaxt üçün illik 5 %-lə hesablanmış 21 manat məbləğində əldən çıxmış fayda olmaqla, cəmi 2.616 manat 86 qəpik pul vəsaiti və ödənilmiş 30 manat dövlət rüsumu cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı ASC-nin xeyrinə tutulmalıdır. İddia qalan hissədə rədd edilməlidir. Belə ki, iddiaçı dəbbə pulunun tutulmasına dair tələb irəli sürərkən, dəbbə pulunun məbləği tənasübsüz surətdə yüksək hesablanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə hesab edir ki, 395 manat məbləğində dəbbə pulunun tutulması ədalətli olmaqla yanaşı, kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri qorunmuş olur. Digər tərəfdən, əsas borcun və faizin tutulması ilə yanaşı, qeyd olunan məbləğdə dəbbə pulunun tutulması iddiaçıya dəymiş real zərəri kompensasiya edir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 08.11.2018-ci il tarixli kredit müqaviləsi üzrə 1.477 manat 87 qəpik əsas borc, 722 manat 99 qəpik faiz, 395 manat cərimə, kredit müqaviləsi üzrə 10.11.2020-ci il tarixdən 25.02.2021-ci il tarizədək gecikdirilmiş vaxt üçün illik 5 %-lə hesablanmış 21 manat məbləğində əldən çıxmış fayda olmaqla, cəmi 2.616 manat 86 qəpik pul vəsaiti və ödənilmiş 30 manat dövlət rüsumu cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı ASC-nin xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Rəşad Qoşqarlı
Məhkəmə qərarları › İş №2(060)-3248/2021
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-3248/2021
14.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver